Axar.az-ın
"Sözün güneyi" adlı
layihəsinin budəfəki
qonağı Cənubi
Azərbaycandan gənc yazar Fəhimə Mustafapurdur.
26 yaşlı xanım yazar hazırda Təbrizdə
yaşayır.
Fəhimə Mustafapurun iki hekayəsini oxuculara təqdim
edirik.
Böyükağa nə vaxt
gələcək?
İlməkləri birbəbir salıram. Belim quruyub, amma umurumda deyil.
Bala haşiyənin sonuncu sovunu salırıq. Qırmızı gülün axır gül
ləçəklərini üstün tuturam. Dərindən nəfəs alıram. Elə biləsən,
doğrudan ağacların, güllərin üstündən çıxıb başa yetişmişəm. 17 lay
ləvərdən (xalçanın balaca haşiyəsi. - Red.) sonra fərş qurtaracaq.
Gördüyüm çəkmələrə görə əlim elə qızışıb ki, anam deyir, nə olub,
tələsirsən?
- Həndaa bə! Sabah Böyükağa gəlib həftəliyimizi verəndə 3-4
tümən şayırdana verəcək, bir az da sən versən, bir cüt çəkmə
alaram. Özün deyibsən!
"Ay belim", - anam deyir!.. Dəfənəni tez-tez tapdaya-tapdaya
deyir: "Dədəniz ölsün! Necə cavanlıqda gedib bir iş sahibi olmadı?!
İndi ömrümün son çağında oturmuşam ilmək salıram. 30 il qabaq
Arteşdən çıxanda dedim, çıxma. Heç olmasa, bir yaxşı iş tap, sonra
çıx. Fikrini verdi ətir-odekalona. Şalvarımın ütüsü gərək qarpız
kəsə. İndi də 60 yaşında hələ fəhləliyə gedir".
Dediyimdən peşman oldum. Fərş üstə həmişə bir söz açılsaydı,
anam lay çıxıncan deyinərdi. Hələ çox şükür 17 lay qalır. Nazik
arğacı anam çəkir, tapdalayır. Yetişdik ləvərə. Bir kələf məddi
qırmızıdan açıb başlayıram. Tərbiyətdə gördüyüm çəkmələr yadıma
düşüncə tez-tez ilmək salıram.
Axır ilməyi salıb, təxtəbənddən atılıram yerə. Təxtəbənd o qədər
ucalıqda dayanıb ki, duranda əlim səqfə yetişir. Təxtəbənd altında
uzanıram. Bacardıqca gərnəşirəm, doğrudan elə bil ki, uzanıram.
Əllərimi qoyuram başımın altına. Baxışım lampaya tikilib. Allah, nə
vaxt Böyükağa gələcək bizə? Düzünü istəsən, Böyükağadan zəhləm
gedir. Həmişə bizə gələrdi, tələsərdim getsin. Deyərdim, bəs baxışı
yazığa baxan baxışdı. Amma indi tələsirəm gəlsin. Gedirəm pəncərə
qabağına. Otururam taxçasında.
Eh! Nə soyuqdu! Soyuqdan sancılandım. Çox şükür, gör nə qədər
qar yağıb. Sabah çəkmələrimi geyəndə bu qarda eşiyə çıxsam, hamı
mənə baxacaq. Mən də hamıya fors satacam.
"Qız hardasan? Gəl, bu dəfənəni ver mənə. Əlimdən düşdü", – anam
deyir.
Özümə gəlib dəfənəni verirəm anama.
- Ana? Niyə qoymursan barı xoş xəyala dalam? Yaxşı. İndidən
deyirəm haa, 20 mindən üstə olsa, almayacam.
- Yaxşı, baba!..
- Qapıdı! Qız, dur gör kimdi? – anam deyir.
Çadranı atıram başıma. Həyəti ayaqyalın qaçıram. Ayaqlarım
gizildəyir. Dəmpayılarımı geyməmişəm. Qapını açanda Böyükağa
gözlərimi doldurur. "Anan evdə?" – soruşur.
- Bəli, buyurun.
Elə "buyurun" deyib qaçdım evə. Ayaqlarım donub soyuqdan.
Dəhlizdəki papışları Böyükağa yetişənədək taxıram ayaqlarıma.
Yetişdi! Böyükağa hesab-kitabı bir kağıza yazıb, bir bəstə pulla
birlikdə verir anama.
Yenə elə baxdı haa! Zəhləmgetmiş! Elə bil ki, müftə pul verir
bizə. İl yarımdı bu 12 metrlik fərşin üstündə belim əyilib.
Dəhliz qapısının dalındakı köhnə başmaqlara gözüm sataşır.
Pulları anamdan alıb barmaqlarımın arasında oynadıram. Dodağım
qaçır. Gözaltı Böyükağaya baxıram. Bir tar simləri ki, fərşin
boyların əlinə alaraq tellərində gəzdirir. Ayaq üstə durammıram
daha. Otururam taxtabəndin üstündə. Gözüm pullarda, fikrim də
çəkmələrimin yanındadı. Daha Böyükağanın anama nə dediyini
eşidəmmirəm.
Böyükağa getdikdən sonra corablarımı geyinirəm. Anam gəldiyində
məni geyinmiş şəkildə dəhliz qapısının yanında görərək
"Başmaqlarıvı gey, gəlirəm", – deyir.
Bu gün bu başmaqları geyməyimin sonuncu günüdür. Burunları
cırılıb. Gözləməsəm, içinə su gedər. Ayaqlarıma su getməsin deyə,
qarlı yerə basıram addımlarımı. Uzaqdan baxan naqqışlı oynadığımı
sanar. Qar da məndən acıq çıxır sanki. Maşınların şüşəsilənləri
işdən düşməyənə qədər şıdırğı yağır.
Axeyyy! Xətti-vahid gəldi. Ayaqlarımı çırpıram xətti-vahidin ilk
pilləsinə. Qar tökülür yerə. Bir az isinmək üçün arvadların arasına
soxuluram.
Son duraqda hamı düşür. Bazara yetişdik. Qar hamını elə
karıxdırıb ki, bazarda qaçhaqaçdı. Hər kimi dindirsən, deyir
pulsuzluqdu, mən bilmirəm bəs bu camaat bazarda nə iş görür?
Yetişdik Tərbiyət ağzına. Əvvəl dükanda gördüyüm çəkmələrə sarı
gedirəm.
Hanı bəs? Elə bura qoymuşdu axı! "Qoy soruşum", – anam deyir.
Anamın içəri gedib çıxması heç iki dəqiqə çəkmir. "Deyir satmışıq.
O sayz da, o model də yoxdu". Dedim, bəs Tərbiyət xiyabanı başıma
fırlandı. Az qalmışdı səriləm yerə, yapışdım dükanın şüşəsindən. Nə
poxuydu yedim?! Beh versəydik, saxlayardı.
Anam əlimdən tutub özüylə sürüyür. "O çəkmələrdən Tərbiyətin
bütün dükanlarında var", – deyir... "Mədən də şeyx mədəsidi. Həm
gözəl olsun, həm də ucuz", – anam deyir. Onun sözünə qulaq
vermirəm. Fikrim çəkmələrdədir. Nəhayət, Tərbiyət xiyabanını neçə
dəfə aşağı-yuxarı edəndən sonra mən dediyim çəkmələri tapdıq.
Ölümü saldım evə. İslanmış corablarımı çıxarıb buxarının böyrünə
girirəm. Buxarının istisini qaldırıb, ayaqlarımı yapışdırıram ona.
Heç istini hiss eləmirəm. Sabahın fikri axırda öldürəcək məni.
Varlı olduqlarını bilsəydim, heç dostluq salmazdım. Doğrudan da,
çətindir varlı adamla dostluq qurmaq. Yaxşı hələ bildir palto
aldıq. Bildir qar yağmadı, paltoları hərraca qoydular. Şalvarım da
qalacaq çəkmələrimin altında.
Dərindən nəfəs aldım. Gör nə yağır! Çox şükür. Zivənin üstündə
dörd barmaq boyda qar oturub. Paltar sancaqları da qar altında
itib. Kaş səhərədək qar yağsın. Elə yağsın ki, arvadların qapıya
yığışmaq imkanları olmasın. Bilmirəm, sabahın fikrində olum, yoxsa
bu sözbaz arvadların. Bilmirəm dəə! Sabah şalvarımı çəkmələrimin
içinə qoyduğumu görcək, dalımca söz qoşacaqlar. "Zəhra xanımın qızı
nə moda düşüb, ay bala?! Görəsən, nə olub?" Axı sizə nə?!.
Rəhmətlik böyük nənəm deyərdi: "Bala, öz tay-tuşunuzla olun.
Deyən ola, yazıq arvad, öz tay-tuşumuz yor-yolçudu daa! Qoyun
üç-dörd nəfər başlı-qulaqlı adamla oturub-duraq, bir-iki kəlmə söz
öyrənək.
Sərçələrə bax! Yazıqlar nə oturmağa yer tapırlar, nə yemək. Qoy
dəsmal arasındakı xırda çörəkləri bacadan qarın üstünə
silkələyim.
"Qız, dur get pilətənin xodun al. Şorba qoymuşam, indi suyun
çəkər", - anam deyir. Həyətin çırağın yandırıb, buza dönmüş
dəmpayıları geyərək həyətin o başındakı mətbəxə gedirəm. Ayaqlarımı
qara qoyduqca ayağım batır. Qar tökülür üstünə. Pilətənin xodunu
azaldıb, ayaq izlərimin yolun tutub qayıdıram evə.
Yerimin içində məgər yuxu gələ gözümə! Çəkmələrin fikrindən
yatammıram. Ay-ulduz saymaqdan yoruldum. Böyük nənəmin təsbehini
alıram əlimə, başlayıram salavat çevirməyə.
Dedim, bəs işıq saldılar gözlərimə. Kirpiklərim açılmırdı.
Ova-ova yerimdən durdum. Təsbeh düşmüşdü yerimin içinə.
İşıq deyil. Gündür. Göydə o qədər parıltılı görünür ki,
deyirsən, yaydır. Qaçıram pəncərə qabağına. Daş başıma! Bəs qar
hanı?! Elə bil ki, heç qar yağmayıbmış. İndi hanki qar üstə
çəkmələrimi geyim?! Belə geysəm də, məhəllədə hamı mənə güləcək.
Daş başıma! O birisi başmaqlarımı da eşiyə atdım. Gözüm dikilib
navalçadan süzən suya. Yaman söz qalmır, özümə deyirəm.
"Qız, dur! Saat 11 olub haa! Saraya demisən, on bir yarımda
mədrəsədə olsun axı!" Dik durub oturdum. Hə? Nə olub? "Dur
vaxtdır!" – anam deyir. Tələsik qaçıram pəncərə qabağına. Yarım
metrəcən qar yağıb. Əlimi qoyuram qəlbimin üstünə. Çox şükür.
İndiyə qədər belə qorxulu yuxu görməmişdim. Tələm-tələsik
geyinirəm. Bir dəfə də sandıqxanadakı boş taxtabəndə baxıram.
Çəkmələri taxıram ayağıma. Barmaqlarım üşümür. Arvadlar qapıya
yığışmayıblar. Bu gün daha naqqışlı oynamayacam! Ayaqlarımı hara
sevsəm, qoyacağam.
Soğan
"Qız, soğanın qabığın yerə tökmə, acılıq düşər evə", – anam
deyir. Heç elə bil eşitmirəm. Soğanın acılığı gözlərimi göynədir.
Ancaq göz yaşım təkcə soğana görə deyil. Keçmişin acılığı ürəyimi
də yandırır. Soğanları əlimə götürüb soyduqca, göz yaşlarımı
itirəcək qədər acı olduğunu arzulayıram – anam ağladığımı bilməsin
deyə.
Ayağa dururam. Soğanları suyun altına tutub, boşqaba qoyduqdan
sonra otağa sarı gedirəm. Qapını örtüb, arxasına yapışdırdığım
kiçik pitiklərə baxıram. Sarı-qırmızı pitiklər xəzan yarpaqlarına
bənzəyir. Yazdıqlarımı gözdən keçirirəm. Bu aralar heç nə yadımda
qalmır. Yaşım bir az çox olsaydı, deyərdim, alzeymerə
tutulmuşam. Pitiklərin yazıldığı günlərə baxıram. Şənbə... Bazar
günü... Heç indi hansı gündür?
- Ana?! Sabah neçə şənbədi?
- Cümə.
Əlimi qapıya yapışdırdığım pitiklərə çəkirəm. Cüməni axtarıram.
Bir sarı balaca pitik tapıram.
Cümə! Abanın səkkizinci günüdü. Doğum günüm.
Ayna qabağına qaçıram. Saçlarımın hörüyünü açıb, barmaqlarımı
salıram saçımın arasına.
- Yox, hələ qocalmamışam.
Aynadan anama baxıram. Divanın üstündə oturub, suyun içindəki
sarımsaqları soyur.
- Ana?! Heç bilirsən sabah nə günüdü?
- Yox, bala.
Anama sarı dönüb "sabah mənim doğum günümdü", – deyirəm. Elə bil
ki, anam bir torba barıtdı. Başlayır deyinməyə.
- Bala, qoy oturum. Çox belə xoş günüm var? Sən olan gün ağrı
qarnımı kəsirdi. Aclıq bir tərəfdən, sancı bir tərəfdən dədəmi
yandırırdı. Dədənlə savaşdıq, çıxdı getdi. Gövhər xanım səsimi
eşidib, bimaristana yetirməsəydi, indi heç yoxuydun ki, doğum günün
də olsun!
- Yaxşı. Səndən hədiyyə istəyən oldu ki,
hirslənirsən?
Otağa gedirəm. Qapının dalındakı sarı pitiyi qoparıb,
tikələyirəm. Pəncərə qabağına gedirəm. Eşikdəki çırağın işığında
tökülən qara gözüm dikilib. Pəncərəni açıb, gözlərimi yumuram. Qar
dənələri üzümə çırpıldıqca, sanki iynə batır. Parça-parça pitikləri
ovcumun içinə qoyub, əlimi pəncərədən eşiyə tuturam. Yel pitiyin
tikələrini özüylə uzaqlara götürür.
Bir sərin yel canımın hər bir yerini titrədir. Yavaş-yavaş bir
gözümü açıram.
- Pəncərəni niyə açıbsan, dondum.
- Yaxşı! Dur ayağa. Siqaret tüstüsü hər yeri götürüb.
Yorğanı başıma çəkib yatmaq istəyirəm, ancaq yuxum qaçıb. Saata
baxıram. Saat on birə iyirmi dəqiqə işləyib. Gözlərimi ova-ova
pəncərə qabağına gedirəm. Doğum günümdə ilk dəfədi qar yağır.
Həmişə yağış yağardı. Payız adında yaşayan qüssə ürəyimi, həyatımı,
hər şeyimi özüylə birləşdirib. Carçının səsi sükutumu əlimdən
alır.
- Nə əcəb? Nə olub səhər tezdən car
çəkirsən?
- O gün gələn elçilər vaxt alıblar, bu gün axşam oğlanla
gələcəklər.
Qol-qıçım sustaldı. Dedim, bəs ürəyim bir divar kimi
yıxıldı.
- Bəyəm babiyə deməmisən o oğlanı?
Anam əlində carı dəstəsini o yan, bu yana əsdirərək, qaş-qabaqla
deyir:
- Lazım deyil. Özün bilirsən, qoymaz. Bir dəfə dedim, eşidim.
Eşidib ki, küçədə görüb heç qüvənmir. Başını sal aşağı, işinlə
məşğul ol. Qoy gəlsin, görək nə cür oğlandı.
Elə bil neçə nəfər məni əməllicə tapdalayıb, keçib. Otağa gedib
uzanıram.
- Görəsən, nə cür oğlandı?
- Bunların acığına hər kim olsa gedəcəm!
Ürəyim bir söz deyir, ağlım bir ayrı söz. Əlimi salıram
boynumdakı gül şəklində olan boyunbağıma.
- Mübarəkdi, – Əli deyir.
- Amma Əli, atam deyib, hər kim elçi gəlsə, gərək altı-yeddi yaş
böyük ola. Sən məndən bir yaş böyüksən. Hələ bilsə küçədə görüb
bəyənibsən, qan salar!
Əli dirsəklərin dizlərinə dayayaraq, gözlərini zilləyib. Yerə
baxa-baxa "biz bir-birimizə öyrəşmişik", – deyir.
O gün evə gedəndən sonra, "Səni sevirəm! Ancaq necə desən, elə
edərəm", – deyə bir mesaj göndərdi.
Anam bir gecə atama "Əli ailəsilə gəlsin?" – soruşdu.
Başımı yorğanın altında basdırmışdım. "Lazım deyil. Dur get qoy
yatım!" –dedi atam. Ürəyim titrədi. Divara sarı döndüm. Özümü
yuxuya vurdum.
***
"Qız, dur bu soğanları soy", – anam deyir.
Məcməyidəki soğanlara sarı dönürəm. Soğana əl vurduğumda acılıq
ürəyimə düşdü. Soğanları soyduqdan sonra yel qabıqlarını yerə
saldı. Əyilib yığmaq istədiyimdə peşman olub xalının altına qoydum
qabıqları.
- Mən bu sözlərə inanmaya-inanmaya belə acılıq saldı,
qoy görüm anama neyniyəcək?
Soğanları anama verəndə "qız yerə tökmədin ki?" – soruşdu.
"Yox", – dedim.
Gedirəm otağa sarı. Pəncərə önündən astaca yer üzünə qonan qar
dənələrini seyr edirəm.
- Allah, qoyma haa, elçilər gəlsin. Əlini atamın ürəyinə
sal.
Qəhvəyi rəngdə olan qonaqlıq paltarımı geyib, çadra başımda
divanın üstündə oturmuşam. Anamın qorxudan, yoxsa başqa bir
səbəbdən pəncərə önündən ayrılmadığını bilmirəm. Telefon zəngi həm
məni, həm də anamı elə diksindirdi ki, ikimiz də telefona sarı
qaçdıq.
- Alo! Buyurun!
- Hacıxanım evdə?
Bir xanım səsi idi.
- Bəli.
Telefonu anama verib, geri çəkildim. Sanki anama vay xəbəri
verdilər. Telefon əlində dizləri yerə yamandı.
- Sağ olun! Öz evizdi.
"Hələlik", – deyib telefonu yerə qoyduqdan sonra "Hə? Kimiydi?"
–soruşdum.
Elçilər. Deyir qohumların biri ölüb, gəlməyimiz olmadı.
Ürəyimə su səpdilər sanki. Özümü kanapə üstünə salıram.
Divardakı tabloya sataşır gözlərim. Əli, Fatimə, Allah… "Köpəyin
qızı, demədimmi soğanın qabığın yerə tökmə, acılıq düşər evə?!
Xalının altı bütün zibildi. Elə əvvəl gündən soğan mənə düşməyib
heç". Heç saymıram anam nə deyir. Bir də Allah adına baxıb, "Allah,
soğana acılıq verdiyin üçün sağ ol!" – deyirəm.