Axar.az-ın "Cəbhə xətti" layihəsində
Yunus Rza oğlu Hüseynov 1935-ci il sentyabrın 15-də Qarabağın
dilbər guşəsi olan Şuşa şəhərində anadan olub. 1960-cı ildə ali
Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə yüksək nəticə
ilə qəbul olub. 1965-ci ildə universiteti bitirəndə təyinatını Şuşa
şəhərinə alıb və 1992-ci il mayın 8-ə qədər Şuşa şəhərində məktəb
direktoru, tədris işləri üzrə direktor müavini, rayon təhsil
şöbəsində inspektor vəzifələrində çalışıb. 1992-ci il mayın 8-də
Şuşa ermənilər tərəfindən işğal edildikdən sonra Bakıya gəlib.
1997-ci ildə BDU tarix fakültəsinin dissertantı qəbul edilib və
"Qarabağnamələr Azərbaycan tarixini öyrənmək üçün mənbədir" əsərini
işləyib. 2009-cu il dekabrın 25-də AMEA-nın Tarix İnstitutunda
tarix üzrə fəlsəfə doktoru alimlik dərəcəsi alıb.
Bu hadisəyə görə heç bir erməniyə...
- Erməni xisləti olduqca mürəkkəb xislətdir. Bunu tədqiq eləmək,
aydınlaşdırmaq bir qədər çətindir. Ermənilər 50-ci illərdən sonra
azərbaycanlıların Qarabağdan, o cümlədən, Qarabağın xanlıq
dövründən paytaxtı olan Şuşadan ən savadlı ziyalıların ləkələnib,
çıxıb başqa yerə getmələri uğrunda mübarizə apardılar. Dağlıq
Qarabağda, əsas da Şuşada ziyalılara qarşı, Şuşa şəhərinə qarşı
repressiya olub. Şuşada tarixi abidələrin qorunub saxlanılması
uğrunda mübarizə aparan azərbaycanlı ziyalılara divan tutuldu.
1967-ci ildə ermənilər Xankəndində iki
azərbaycanlını yandırdılar. Bu, ermənilərin bizə olan
düşmənçiliyini açıq-aşkar sübut edirdi. Onlar maşında erməni
nəzarətçinin iştirakı ilə yandırılmışdılar. Bu hadisəyə görə heç
bir erməniyə "gözün üstündə qaşın var" deyən də olmadı. Ermənilər
bizim şəhərə gələndə özlərini ağa kimi aparırdılar. Onlar demək
olar ki, azərbaycanlıları saymırdılar. Biz azərbaycanlılar
ermənilərin məkrli siyasətinə qarşı çıxanda o dövrün hakimiyyətinin
başında duranlar bizi ləkələyib, milli münasibətlərin korlanması
pərdəsi altında damğa vururdular. Məsələn, 1968-ci ildən sonra
Şuşada ab-hava xeyli yaxşılaşdı. Çünki ulu öndər Heydər Əliyevin
hakimiyyətə gəlməsi Dağlıq Qarabağ ermənilərinin azğınlığının
qarşısının alınmasında böyük rol oynadı. 1982-ci ildən sonra isə
ermənilər yenidən zəhərli ilan kimi baş qaldırmağa başladılar.
Çünki o dövrdə Heydər Əliyevin Moskvaya rəhbər vəzifəyə getməsi ilə
əlaqədar olaraq Azərbaycanda hakimiyyətə gələnlər ermənilərin
qarşısını ala bilmədilər. Hətta mənim yadımdadır ki, Gevorkov
Azərbaycan Kommunist Partiyasının rəhbərlərinə deyirdi ki,
filankəs, bizim torpağa xoş gəlmisən. Gevorkovla Kamran Bağırovun
bu dialoqunu hamı bilir. 1967-ci ildə akademik Aqambekyan Parisdə
"Maneta" qəzetinə verdiyi müsahibədə Dağlıq Qarabağın iqtisadi
cəhətdən Ermənistana birləşdirilməsi barədə fikir söylədi. Bundan
sonra ermənilər başladılar "Miatsum-miatsum" deyib özlərinin məkrli
siyasətlərini yeritməyə. Tədricən 1988-ci ilin fevralından
başlayaraq ermənilər anti-Azərbaycan qiyamı qaldırdılar. Azərbaycan
bayrağını rayon partiya komitəsinin binasının qabağından
götürdülər, Ermənistan deyilən oyuncaq dövlətin bayrağını ora
sancdılar.
Ayaz Mütəllimova demək istədim ki...
- Deməli, Qarbaçovun bu məsələyə münasibəti erməniləri daha da
qızışdırdı. Xalqımızın qəddar düşməni Zori Balayan, Kaputikyan və
başqaları erməniləri Qarabağa yönəltdi. Ondan sonra Qarabağda
vəziyyət ermənilərin xeyrinə tamamilə dəyişdi. SSRİ-nin tərkibinə
daxil olan müstəqil respublikalar, muxtar vilayətlər və mahallarla
müqayisədə Dağlıq Qarabağ hamısından üstün idi. Küçələr asfalt,
gözəl parklar, binalar, sənayenin və kənd təsərrüfatının inkişafı
və s. bütün bunlar göstərirdi ki, ermənilər yalançı pərdə altında
çıxış edirlər. Məqsəd torpaq məsələsi idi. Bir də bir şeyi də
xatırlatmaq istəyirəm ki, Azərbaycanda aparıcı qüvvə Azərbaycan
türkləri olub. Çünki gürcülərin də, ermənilərin də Cənubi Qafqazda
torpağı yoxdur. Mən həmişə ermənilərin torpaqlarının olmamasından
həm öz, həm də rus alimlərinin, rus diplomatlarının yazdıqlarını
deyəcəm. Məsələn, Şaura imperatora yazır ki: "Cənab imperator,
Cənubi Qafqazda yaşayan bir milyon 300 nəfər erməninin bir milyonu
biz tərəfdən başqa vilayətlərdən köçürülüb gətirilən
ermənilərdir".
Şuşada hava gözəl idi
Şuşa camaatı qətiyyətlə çıxış elədi. Erməniləri tezliklə
susdurulmasını Azərbaycanın mərkəzi hakimiyyətindən tələb
edirdilər. Onlar da bu işə biganə qalırdılar. Ermənilər 1988-ci
ilin sonu 1989-cu ilin yayında Dağlıq Qarabağın xeyli hissəsini ələ
keçirəndən sonra Bakıda yaşayan bir qrup ziyalı Mədəniyyət evindən
Ayaz Mütəllimova zəng elədilər. Dedilər ki, olarmı bircə dəqiqə
Ayaz müəllimlə danışım? Şuşa təhlükə altındadır. O dedi ki,
məşğuldur. Dedi ki, xahiş edirəm, bircə dəqiqə vaxtını mənə sərf
etsin, Şuşa haqqında ona məlumat verim. Tədbir görsün, şəhər əldən
gedir. Dedi yox, mümkün deyil. "Danışmağa vaxtı yoxdur" deyəndə bir
neçə ağır cümlələr eşitdi. Dedim ki, gələcəkdə Azərbaycan xalqının
qarşısında cavab verməli olacaq. Doğrudan da elə oldu. Ara qarışdı,
Yaqub Məmmədov Ali Sovetin sədri seçildi. Erməni bundan daha yaxşı
istifadə etdi. O, İrana hansısa müşavirəyə getdi, erməni hücum
eləyib ayın 8-də Şuşanı götürdü. 1992-ci il may ayının 7-də Şuşada
hava gözəl idi. Ayın 8-ə keçəndə gecə 3-ə işləyəndə ermənilər 4
tərəfdən Şuşanı top, pulemyot və tank atəşinə tutdular. Adam başını
qapıdan çıxarda bilmirdi. Şəhərin üstünü barıt tüstüsü tutmuşdu.
Küçəyə çıxan vurulurdu.
Daşaltı əməliyyatı yersiz idi
Şuşadakı özünümüdafiə batalyonlarından birinə Azərbaycan Milli
Qəhrəmanı, tələbəm Ramiz Qəmbərov, birinə Fəxrəddin Səfərov
başçılıq edirdi. Bunlar hər ikisi cəbhənin, döyüşün ən qızğın
yerində fəaliyyət göstərirdilər. Ramizi Siçanlı dərə deyilən meşədə
ermənilər vurdular. O vurulanda çoxları yaralanmışdı. Ölənlər də
var idi. Artıq unutmuşam. Ramizi döyüş meydanından Fəxrəddin
çıxardıb. Hələ Fəxrəddinin özünün salamat qurtarmağı da möcüzədir.
Ramizi Şuşaya gətirdilər, xəstəxanada əməliyyat olundu, lakin
həkimlər onu qurtara bilmədilər. Çünki ciyəri parçalanmışdı.
Döyüşən batalyon rəhbərləri Şuşanın rayon partiya komitəsinin
akt zalında şuşalıların da iştirakı ilə qoşun nümayəndələrinin
birgə toplantısını keçirtdilər. Ramiz durdu ayağa, dedi ki, əgər
Şuşa əldən getsə, sizin hamınızı güllələyəcəm. Onlar da cavab
verdilər ki, bizi bura göndərən Müdafiə Nazirliyidir, heç kim
Şuşaya girə bilməz, Şuşa alınmaz qaladır. Sözlərlə camaatı
aldatdılar. Şuşanın alınması üçün keçirilən Daşaltı əməliyyatı
tamam yersiz idi. Səhər idi. Mən çıxdım Bazarbaşına, gördüm ki,
nüdafiə naziri və yanında da 15-16 yaşında uşaq. Həmin oğlan
uşağının da çiynində avtomat. Ağsaqqal şuşalı Məhərrəm Quliyev dedi
ki, bu əməliyyatı həyata keçirə bilməyəcəklər, o uşaq da yazıqdır.
Əməliyyat başlayandan 2 saat sonra demək olar ki, ora gedənlərin 80
faizi məhv oldu. Ermənilər yüksəklikdə, bunlar aşağıda. Avtomatın
gülləsinin qabağına verib şuşalıları qırdırdılar. O əməliyyat tamam
alt-üst oldu. Çünki o planı ermənilərə əvvəlcədən vermişdilər. Bəzi
informasiya agentlikləri gəlib Şuşada mövqeyi çəkirdi, erməni
səhəri gün oranı vururdu. Bir deyən yox idi ki, siz niyə belə
edirsiniz? Hərbi sirri vermək olar? Əgər obyekti sən
möhkəmləndirmisənsə, Kis dağının ətəyindən sən səngər qurmusansa və
onu nümayiş etdirirsənsə, bunun nə mənası var?
Təəssüf ki, bunu etmədilər
Şuşa camaatı əlindən gələn köməyi edirdi. Yeməklərindən tutmuş
paltarlarının yuyulmağına qədər hər şeyə kömək edirdilər. Çünki
Şuşa mühasirədə idi. Bakı ilə bircə Laçın, Qubadlı yolu ilə əlaqə
saxlaya bilirdik. O qədər yolu dolanırdıq. Əsgərana keçə bilmirdik.
Hamımız deyirdik ki, bizi silahlandırın, qırılaq, amma Şuşanı
erməniyə verməyək. Təəssüf ki, bunu etmədilər.
Şuşa əlimizdə qalardı
Birinin qolu, birinin qıçı yox idi, birinin sifəti yanmışdı.
Adam baxanda dəhşətə gəlirdi ki, bu cür gözəl oğlan, bu qamətdə
oğlan niyə bu günə düşsün? Düzdür, indi bəziləri deyirlər, Şuşanı
müdafiə eləmək olardı. Amma bir şeyi nəzərə almaq lazımdır ki,
indiki hərbi texnikanın qabağında alınmaz qala yoxdur. Ancaq
Şuşanın müdafiəsini o vaxtkı hərbi nazir kim idisə, o sıradan
çıxartdı. Əlbəttə ki, əvvəlcədən işbilməyənlər ulu öndər Heydər
Əliyevi Bakıya gətirsəydilər, Şuşa əlimizdə qalardı.
Bilmirsən ki, Rəhim Qazıyev Şuşanı verəcək?
Döyüşlər əsasən ermənilərlə Şuşanı müdafiə edənlərin arasında
gedirdi. Bu sahədə Şuşanın özünümüdafiə batalyonu xüsusilə fəallıq
göstərirdi. Çünki o döyüşçülər Şuşanın relyefinə – cığırlarına,
yollarına bələd idilər. Lənkərandan gələn adam Şuşanın
giriş-çıxışını haradan bilə bilərdi? Şuşa nə qədər ki, müdafiə
olundu, bax o yerli özünümüdafiə batalyonunun hesabına oldu. Elə ki
o batalyonların qarşısını almağa başladılar, erməniyə yol
açıldı.
Hadisələr baş verəndə Şuşanın o vaxtkı polisi, İcra hakimiyyəti
ancaq yerli özünümüdafiə batalyonlarına rəhbərlik edə bilirdilər.
Kənardan gələnlər imkan vermirdilər. O dövrdə bir nəfər icra hakimi
var idi. Mən ona zəng elədim ki, niyə oturmusunuz? Rəhimi niyə
buraxmısınız şəhərə? Sən bilmirsən ki, Rəhim Şuşanı verəcək? O mənə
dedi ki, mən neynəyim, məni stoldan götürüb özü oturub. İndi o adam
dünyasını dəyişib, adını çəkmək istəmirəm.
Ermənini sevən ancaq vəhşi heyvan ola bilər
Şuşadan sonra Bakıda məskunlaşdıq. Fəailiyyətinə davam edən Şuşa
şəhər 1 nömrəli məktəbində müəllimlik elədim. Övladlarım ali
məktəbi qurtardılar. 3 övladım var: 2 oğlum, bir qızım. Oğlum
Rüstəm veterandır. Şuşada döyüşüb. Şuşa batalyonunun ən fəal əsgəri
olub. Şəhərin aşağı məhəlləsində təşkil edilən könüllü özünümüdafiə
batalyonunda döyüşürdü. İqtisadiyyat universitetini bitirdi.
Hazırda daşınmaz əmlakla iş üzrə Əmlak Nazirliyində şöbə müdiri
işləyir. Qızım Şuşa musiqi texnikumunda piano müəllimidir. İkinci
oğlum isə 1994-cü ildən sonra Moskvada yaşayır, ailəlidir. Bütün
şuşalıların ata-babadan qalan zəngin nələri var idisə, erməni
faşistlərinin əlinə keçdi, dağıdıb talan elədilər. Tarixi
xronologiyaya da baxsaq, görərik ki, erməni acan kimi qarətə
başlayır. İstər 1905-1906-cı illər olsun, istər 1918-1920-ci
illər.
Erməni alim mənim haqqımda demişdi ki...
Bakıda nə qədər Şuşa məktəbi fəaliyyət göstərirsə, bütün şuşalı
müəllimlər Şuşa haqda, Şuşanın tarixi haqda, xüsusilə Qarabağ
xanlığının tarixi haqda mütəmadi olaraq dərsdə beş dəqiqə də olsa,
vaxt ayırıb danışırdıq. Süleyman Ələsgərova, Üzeyir Hacıbəyli kimi
bəşəri dahilər haqda, Əhməd bəy Ağaoğlu, Firudin bəy Köçərli haqda,
Azərbaycanın qaymağı olan düşünən beyinlər haqda mütəmadi məlumat
verirdik. Uşaqlara inşalar yazdırırdıq. O inşalar rayon təhsil
şöbəsi tərəfindən qiymətləndirilirdi. Uşaqlar həvəsləndirilirdi. O
işlər hazırda davam edir. Mən bütün oxucuları, tələbələrimi
inandıra bilmişəm ki, ermənilər Qafqaza, o cümlədən, Qarabağa
sonradan gəliblər. Mənim xarici ölkələrdə Qarabağ həqiqətlərini
yaymaq üçün onlarla elmi məqaləm dərc olunub. Bu məqalələr
Ukraynada, Rusiyada, Gürcüstanda çıxan elmi jurnallarda dəfələrlə
nəşr edilib. 2010-cu ildə Moskvada "Вопросы
гуманитарных наук" jurnalında "Qarabağ Azərbaycanın ayrılmaz
tərkib hissəsidir" adlı məqaləm dərc olunub. Bu məqalədə mən
ermənilərin tarixini, ermənilərin Cənubi Qafqaza gəlməklərini, o
cümlədən tarixini ciddi araşdırmışam və ermənilər haqqında olan
tarixi məlumatları həmin jurnalda yenidən özləri bildikləri kimi
işləmişdilər. Bu barədə AMEA-nın Tarix İnstitutuna məlumat verildi.
Onlar razılaşmayıb məni dəvət etdilər. Məlumat verdilər ki, sənin
məqalənin başlığı dəyişdirilib və bir neçə abzas ixtisar edilib.
Mən isə dedim ki, həmin məqalə eynilə göndərilsin və onlarla
bağlanan müqavilə pozulsun. Düz 18 dəfə yazışmadan sonra onlar üzr
istədilər ki, jurnal nəşr olunub, müxtəlif ölkələrə göndərilibdir
və dəyişdirmək mümkün deyil. Biz müəllifdən üzr istəyirik. Nəhayət
jurnal gəldi. Mən baxdım ki, ermənilər haqqında olan iki abzası
çıxarılıb. Həmin məqaləni eynilə Gürcüstana – "Kafkaz" jurnalına
göndərdim və orada dəyişdirilmədən çap etdirdim. İndi həmin jurnal
ilə əlaqə saxlamıram. Çünki orada şöbə müdiri Mardakertdən olan
ermənidir. Filologiya elmləri doktorudur. Orada mənim tanışımla
söhbət edərkən demişdi ki, bu adam kimdir? Təkcə Şuşalı budurmu?
Həmişə o bizim haqqımızda belə yazır, bizi biabır edir, hətta
təhqirə keçir. O da cavab verib ki, bu adam əslən şuşalıdır, sizin
tarixinizi araşdırır və sizin özünüzün alimlərinizin yazdığını sizə
göndərir.
Bugünkü Azərbaycan gəncliyindən razıyam. İctimai yerlərdə də
görürəm ki, azərbaycanlı gənclər vətənin bütövlüyü uğrunda canından
keçməyə hazırdır. Bu yaxınlarda bir toplantıda iştirak elədim.
Orada Qarabağ məsələsi müzakirə olunurdu. Bəzi yoldaşlar deyirdilər
ki, Qarabağ uğrunda ölmək lazımdır. Orada olan gənclərin bir qismi
dedi ki, biz Qarabağ uğrunda ölmək yox, Qarabağın alınması uğrunda
mübarizə aparmağa hazırıq. Bizə ölüm yaraşmır, ölüm erməniyə
yaraşır. Bax elə indiki müdafiə naziri əvvəldən nazir olsaydı,
erməninin gözünün odu çoxdan alınmışdı.
Qarabağ qayıdacaq?
Mən inanmıram ki, erməni özxoşuna o torpaqdan çıxa. Amma mənim
inamım Azərbaycan ordusunadır. Ordumuz erməniyə elə bir divan
tutacaq ki, erməni əsrlər boyu öz qəddini düzəldə bilməyəcək.
Almanların günəşi Moskvada sönüb, bel sütunları da Stalinqradda
sındığı kimi ermənilərin də bel sütununu Şuşada, Qarabağda
sındıracağıq.