"Yağmurun qonaqları" rubrikasının bu dəfəki qonağı
yazıçı Seyran Səxavətdir. Söhbətin belə maraqlı və əhatəli
alınacağını gözləsək də, yazarımızın da razı qalacağını,
yorulmayacağını, əksinə, bu söhbətdən məmnun olacağını gözləmirdik.
Sevindik ki, qonağımızı yormadıq...
Bizim səbr kasamızın altı deşikdir
- Mən sizinlə təxminən iki həftə bundan qabaq danışanda
dediniz ki, Bakıya gəlmirəm. Səhv etmirəmsə, Mərdəkanda yaşayırsız?
Yoxsa Bakını sevmirsiniz?
- Bilirsiniz, böyük şəhərlər adamlar kimidir. Mən də Bakıya elə
bir adam kimi baxıram. Artıq o məni çoxdan bezdirib. Eqoistlik
çıxmasın, daha çox o məni bezdirib, ya mən onu, bilmirəm... Amma
hər halda o daha çox bezdirər. Çünki onun şansı, imkanları daha
genişdir. 1962-ci ildə Bakıya gəlmişəm, bir- iki il İrana tərcüməçi
kimi ezam olunmuşam. 4 ili çıxsaq, 1962-ci ildən bu günə qədər
Bakıda yaşamışam. Bilirəm, dünyanın bütün şəhərləri inkişaf edir,
qurulur. Tərsinə qurulan da var, düzünə də... Amma mənim gördüyüm
Bakı demək olar ki, yoxdur.
- Bakı tərsinə qurulandı, yoxsa düzünə?
- Şəhərsalma var, onlarla da işləmişəm. O başqa bir mövzudur.
İstəsəniz ona da toxunarıq...
Biz yad kişiləri öz yataq otağımıza alırıq
- İnşaat yönünü bir tərəfə qoyaq, mənəvi cəhətdən necə
qurulur?
- Hə, elə mənəvi cəhətdən danışmaq istərdim. O mən gördüyüm
Bakı, o xoşbəxt adamlar yoxdur. Ümumiyyətlə, paytaxt nədir? -
millətin Ali Baş Komandan kimi gördüyü məkan... İstəsək də,
istəməsək də paytaxta baxıb düzlənirik və o zamanların paytaxtı çox
gözəl idi. O böyük-kiçiyi olan paytaxtdıydı. Adam yaxın bildiyi,
doğma bildiyi evə qonaq gedər. Yəni ki, orda onun üçün heç bir
problem yoxdur. İndiki Bakıda nə piyada yolu var, nə maşın yolu, nə
də ümumiyyətlə, sözün böyük mənasında adam yolu var. Mən bu şəhəri
niyə sevməliyəm?! Bakı ilə mənimki tutmur. Bakı məni yola vermir.
İçəri şəhər dağıldı. Universitetdə oxuyan zaman mən İçəri şəhərdə
kirayədə yaşamışam. Mənə görə, Azərbaycanın paytaxtı Bakı, Bakının
paytaxtısa İçəri şəhərdi... İçəri şəhər Azərbaycan xalqının yataq
otağıdır. Biz yad kişiləri öz yataq otağımıza alırıq.
Mən gəncləri qınayıram yenə...
- Mən sizin qədər yaşamamışam Bakıda... Sizin gördüyünüz
o Bakını görməmişəm. Amma mən də Bakını sevə bilmirəm. Üzr
istəyirəm, harınlamış bir halı var... Mənə görə, şəhərlər də
canlıdırlar. Onların da insana verdiyi bir hava var, ora daxil olan
kimi bunu hiss edirsən. Məsələn, yaxında Kiyevdə oldum. Kiyev
köhnədir, tikilməyib, olduğu kimi durur. Amma şəhərin bir ruhu var.
Bakının ruhuna sanki təcavüz olunub.
- İndi məsələn, gənclərin çoxu deyir ki, ağsaqqal nədir, bu,
kimə lazımdır? Amma o Bakıda hər kəsə yer vardı, hamı orda rahat
idi, kimsə də digərinə "sən lazım deyilsən" demirdi. Mən demirəm
tikilməsin, qurulmasın, yox... Amma o özək qalmalı idı.
- Deyəsən gənclərdən narazısınız?! Niyə?
- Narazıyam, çünki onlara böyük imkanlar açılıb, amma
imkanlarından çox-çox iddialıdırlar... Hər yerə və hər kəsə daş
atırlar.
- Bəlkə onlar sizə dağıdıcı görünür? Amma gəlin, bir
şeyi də etiraf edək ki, gənclər bir az ortada, kimsəsiz qalıb. "Ağ
saqqallıların" çoxu sözü deyir, amma birinci o sözündən özü qaçır
və bütün bunlar da gənclərin gözü qarşısında olur. Onlar da bunu
ağsaqqallara şamil edirlər. Sizcə, gəncləri qınamağa dəyər, yoxsa,
sözünə sahib olmayıb ağsaqqallığı gözdən salanları?!
- Mən gəncləri qınayıram yenə... Ağsaqqal deyəndə, vicdanlı,
həqiqəti deyən, heç vaxt yalan danışmayan adam nəzərdə tutulur.
Burda yaşdan söhbət getmir. Ona görə də gənclər bu elementar
məntiqi özləri üçün açıb aydınlaşdırmırlar. Ağıl yaşda deyil axı,
başdadır.
- Amma bizdə hər saqqalı ağ olanda da ağsaqqallıq
iddiası var axı...
- Ola bilər, amma hər kəsə də ağsaqqallıq statusu yükləmək lazım
deyil.
Qoy o nə qədər fikirləşir-fikirləşsin. Məgər tək problem budur?
Elə problem var ki, onun üstünə getmək lazımdı, elə problem də var
ki, o zaman istəyir, vaxt istəyir. Birdən görürsən, Azərbaycan
ədəbiyyatında mövqe, yer uğrunda, elm adamları, cavanlar arasında,
yaşlılar arasında, yaşlılarla cavanlar arasında elə savaş gedir
ki... Məncə, bu, gülməli, havayı zəhmət çəkilən, mənasız
idiotizmdi. Bütün bunlardan qorunmaq istəyirsənsə, özünə
arxayınsansa, yazı-pozunla məşğul ol... Məsələn, indiki cavanların
bir çoxu müxtəlif istiqamətlərdə, marşrutlarda, qrafiklərdə daş
atanlardı. Mən tərəfə ömrümdə bir daş atmayıblar, söhbət ondan
getmir. Mən onları çox istəyirəm, həmişə də müdafiə eləmişəm.
Ümumiyyətlə, nə cür səslənir-səslənsin, hər şeyi zamanın üstünə
yıxmaq olmaz, zəmanədəndi-filandı kimi. Zaman nədir? Mücərrəd,
bizim uydurduğumuz bir şey, insanlar da şeytanın köməkliyi ilə
bütün günahlarını tökürlər o yazıq zamanın üstünə... Bəşəriyyət
yaranandan bu zaman söhbəti var, guya günah zamandadır, insan nə
etsin?
Öz qiyamətim mini qiyamətlər şəklində
- İnsan daşlamağa həmişə kimisə, nəyisə
tapır...
- Təbii, günahını üzərinə qoymağa nəsə axtarır. Biz bu zaman
deyilən şeyi vaxt çərçivəsindən çıxarıb bir anbara çevirmişik. Nə
günahımız var, yığırıq bu anbara... Bir gün bu anbar partlaya bilər
və qəlpələri hamıya, hamıya dəyə bilər – lap yuxarıdan tutmuş, ta
uşaq bağçalarına qədər...
- Gəlin, bir anlığa təsəvvür edək ki, bu anbar bizim yer
kürəmizdir. İndi bilirsiniz də, alimlər hesablayıblar ki, yer
kürəsi mənfi enerji ilə yüklənib. Yer kürəsinin ətrafında bir mənfi
enerji yığılıb. Bu da insanların əməllərinin nəticəsidir. Yeri
gəlmişkən, siz Allaha inanırsınız?
- Bəli, çox...
- Yəqin, qiyamət gününə də inanırsınız?
- Hə, ancaq mənə təqdim olunan şəkildə yox! Heç o qiyamət gününə
ehtiyac da yoxdur. Elə qiyamət bu gün eləmək olar. Ən böyük qiyamət
gələcəkdə təşkil olunacaq qiyamətdən daha dəhşətlidir.
Səmimiyyətimə inanın, kiminsə haqsız yerə qəlbini qırmısansa, özün
də bunu dərk etmisənsə, o, gələcəkdə təşkil olunan ümumbəşəri
qiyamətdən daha dəhşətlidir. O qiyamətlə mənim işim yoxdur, heç
ondan qorxmuram da... Mən öz qiyamətimi mini qiyamətlər şəklində
içimdə yaşamış adamam. Ona görə də mən o təşkil olunacaq qiyamətdə
olmayacağam.
- İnsan bilir ki, əbədi deyil, ölümlüdür. Amma hər kəs
bu dünyadan elə dördəlli yapışıb ki, sanki ölməyəcək. Ölüm həyatın
ən böyük gerçəyidir. Niyə insan ən böyük həqiqəti unudur? Niyə
dünyanın varidatından, dəbdəbəsindən bu qədər bərk yapışıb? Bunları
əldə etmək üçün o içindəki mini qiyamətləri belə görməzdən
gəlir?
- Mən küçədə, şəhərdə, toyda, başqa məkanlarda müxtəlif
vaxtlarda yanımdan körpə uşaq keçəndə reaksiyasız buraxmıram.
Məsələn, göz vururam, onun yaşda ona uyğun hərəkət edirəm, hətta
balaca qəşəngdirsə, onu bir çimdikləyirəm.
İnsan da kəpənək kimidir
- Bəlkə içinizdəki uşaqlığın üzə çıxmasına imkan
verirsiniz?
- Bəlkə də, həmin anda onlar boyda oluram. Uşaqların heç nəyə
iddiası yoxdur. Hətta müharibə zamanı deyirlər ki, dinc uşaqları da
bombaladılar. Halbuki başqa yaşdan olan insanları da öldürürlər.
Amma həmişə uşaqları önə çəkiblər. Ona görə ki, bu uşaqdı, meydana
təzə gəlib. Bu meydan da olsun dünya... Hələ ki, heç bir imkanı
yoxdur günah etməyə, kirlənmə getməyib. İnsan da kəpənək kimidir...
Yeri gəlmişkən, harada kəpənək çoxdursa, bil ki, ora təmiz yerdi...
Hə, elə ki, o körpə başlayır böyüməyə, yavaş-yavaş kirlənir. Yeddi
yaşında məktəbdə görür ki, yoldaşının qəşəng qələmi var, tənəffüsə
çıxan kimi götürüb o qələmi sındırır.
- Artıq insan olmağa başlayır da...
- Elədir, başlayır insan olmağa, artıq proses başlayır. Bu bütün
insanlara aiddir. Amma fərq də var. Bir var qələmi sındırıb "yaxşı
etdim" deyən, bir də var onun ömür boyu peşmançılığını çəkən...
Tutaq ki, birinci qələm sındıran yüzlərlə sındırırsa, ikinci qələm
sındıran bəlkə də ikisini sındırır. Bəlkə də onun ikisində də
haqlıdır?! Son dərəcədə mürəkkəb bir şeydi...
Mənim "Yəhudi əlifbası" adlı romanım var. O roman belə
başlayır,
sanki məhkəmə qurulub, qiymət verilir hər şeyə... Bu qərara
gəlinir ki, bəşəriyyət haqqında həbs-qəti imkan tədbiri seçilsin və
ikinci hissə başlayır.
- Hər kəs insanlıqdan narazıdır. Sanki biz güzgüdə
özümüzə baxırmış kimi söyürük: "bu millət belədir, bu millətdən bir
şey çıxmayacaq"... Amma "bu millət" dediyimiz elə bizik, mən, o,
bir sözlə, deyinənlər. Taksiyə oturursan danışır, avtobusa, metroya
minirsən danışır. Amma o avtobusdakı, metrodakıdır millət... Demək,
özü-özündən narazıdır, amma özünü düzəltməyə qətiyyən cəhd
göstərmir. Özünə həbs-qəti imkan tədbirinin seçilməsinə imkan
yaradır. Hər kəs "bu millətdən heç nə olmaz" deyir. Məncə, sözün də
enerjisi var və o bizə qayıdır.
- Hörmətli Zümrüd xanım, elə bil, sizə deyilib ki, bir
müsahibədə bütün problemlərdən danışaq. Bu özü böyük bir mövzudur.
Bu haqda keçən əsrin əvvəllərində Üzeyir bəy, Cəlil Məmmədquluzadə,
M.Ə. Sabir danışıb.
Bəla ordadır ki, biz oxumuruq, bizim təhsil sistemimiz
bərbaddır. Təsəvvür edin ki, bir kəndi yığıblar uçuq-sökük bir
arabaya, kənardan necə görünür, bax, bizim təhsilimizin vəziyyəti
elədir.
- Seyran müəllim, Qarabağ haqqında əsərlərin
yazılmasının əleyhinəsiniz, niyə? Yoxsa Qarabağ mövzusuna aid
lirizm sizi də yordu? Ya da qorxursunuz ki, Qarabağ məsələsi də
ədəbiyyata sığışıb qalacaq?
- Mən düşünürəm ki, Qarabağ artıq ədəbiyyatın mövzusu deyil.
Məsələn, "26-lar"da (metronun Sahil stansiyası) qatar dayananda
Qarabağ şikəstəsindən kiçik bir parçanı ifa edirlər, hətta bu mənə
təsir edir. Artıq Qarabağ mövzusu mədəniyyət, incəsənət mövzusu
olmaqdan çıxıb. İndi söz Ali Baş Komandan tərəfindən
deyilməlidir.
- Məsələn, bizim Qarabağdan başqa da böyük dərdimiz var
- Güney dərdimiz. Parçalanmış bir ölkəyik. Amma bizim birləşmək
kimi milli hədəfimiz yoxdur. Bütövlüklə bir Azərbaycan idealı
varmı? Toplumda belə bir ideal yoxdur. Ancaq ədəbiyyatda
qalıb.
- Mən yazar dostlarıma da qadağa eləmişəm bunu, öz aramızda
təbii... Artıq neçə illərdir mən bunu deyirəm, Qarabağ haqqında
Müdafiə Nazirliyinin sözü deyilməlidir. Ədəbiyyatın həll edəcəyi
məsələ deyil bu... Tutaq ki, Zümrüd xanım sabah bir roman yazsın,
çox sevilsin o əsər, amma bu məsələni həll edəcəkmi?!
Bizim səbir kasamızın altı deşikdir
- Biz o qədər hər şeyi lirikaya sığışdırırıq, bütün
dərdlərimizi, qəmimizi şeirə, romanlara yükləyirik ki, sanki
ürəyimizi bununla boşaldırıq. Təsəvvür edin ki, qaynayan qazan var,
əgər qapaq möhkəm bağlanıbsa, buxar gec-tez partlayış verəcək. Biz
də o qapağı bir az kənara itələyib buxarı buraxırıq ki, cəmiyyətdə
təlatüm baş verməsin.
- Bir az qəliz məsələdir bu... Xalq arasında bir deyim var,
səbir kasası... Bax bizim səbir kasamızın altı deşikdir, ona görə
bizim səbrimiz daşmır. Qədim filosoflardan biri belə deyir,- adı
yadımdan çıxıb,- "mülkiyyəti olmayanın, vətəni olmaz"... Çox ağıllı
bir fikirdir. Ümumiyyətlə, bizdə sahiblik hissi, vətənə yiyə çıxmaq
cəhdi zəifdir. Çünki savadlı deyilik.
- Vətənə sahib olmaq savadla bağlı ola
bilər?
- Sahiblik hissi bizdə olduğu kimi, ora da, bura da mənim
olmamalıdır. Vətən, bağ, dağ da mənim... Savadlı, normal, vicdanlı
sahiblik hissi olmalıdır. Sahiblik hissi çox möhtəşəm bir hissdir.
Tutaq ki, mən evimin sahibiyəm, kimin nə işinə qalıb mənim evimə
toxunmağa...
- Amma ölkəyə evimiz kimi sahiblik edə bilmədik
biz?
- Birinci, evimizi sevməliyik, sonra qonşuları, kəndimizi,
rayonumuzu, paytaxtımızı, sonra ölkəmizi... Bizim nəfəsimizsə evdən
çıxıb qonşunu sevənə kimi çatır, sonra nəfəsimiz başlayır
daralmağa, bu da savadsızlıqdan irəli gəlir.