(Əvvəli burada)
Ziba həyat hekayətini danışdıqca fikirləşirdim, görəsən,
neçə belə qadın təsadüfdən, ya zərurətdən məhbəs həyatı yaşayıb,
özünün qadın zərifliyi ilə vidalaşıb? Axı onların cəzalarını daha
yumşaq etmək olardı. Bəs filmlərdə göstərilənlər nədir? Axı o
filmlərdə istintaq elə aparılır ki, haqq qalib gəlir. Bəs bunun
həqiqəti niyə boğulub? Bu fikirlərlə Zibaya həyat hekayətini davam
etdirməsi üçün növbəti sualı verdim:
- Onu niyə şırımladın?
- Özünü yaxşı aparmadı. Mən iki il idi içəridə idim. Dəfələrlə
həbs olunmuş bir qadın yenidən həbs olunub, mən olduğum barakda
yerləşdirildi. Elə ilk gündən mənimlə düz gəlmədi. Əvvəlcə yerimi
istədi, burada mən yatacağam, - dedi. Ürəyimcə olmasa da, bir söz
demədim. Həm yaşı çox idi, həm də bir neçə dəfə "srok" yatmışdı.
Amma o qudurğanlıq etdi. Nəzarətçilərlə, zabitlərlə münasibəti
yaxşı idi, heç bir iş görmürdü, tələbləri isə böyük idi. Haqq
istəyirdi, gələn sovqatların yaxşısını özünə götürürdü, qadınları
aşağılayırdı. Ən çox da özünü müdafiə edib, namusunu qoruyub
cinayət törədənlərə qarşı aqressiv idi.
Bir qadın vardı, kəndli idi. Əri oğraşlıq edib başqa gənc bir
qızla evlənmişdi, bunu isə həmin gənc qadının nökəri kimi
saxlayırmış. İt damına bağlayıb qabağına yal tökürmüş, işgəncə
verirmiş. Çölçü imişlər, mal-heyvanları varmış. Namərd kişi birinci
arvadının gözü qarşısında təzə arvadı ilə yatırmış, mazaqlaşırmış,
bir sözlə, necə bacarırmış, o cür də pis rəftar edirmiş. Kişi çox
güclü, nəhəng adam imiş, təzə arvadı isə qızından yaşca kiçik imiş.
Nə isə, bu qadın ərini güllələyib öldürmüşdü. Nəzarətçilər də,
məhbuslar da bu qadına hörmətlə yanaşardı. Təəssüf ki, bu katerjan
arvad ona göz verib işıq vermirdi. Elə mənə də münasibəti pis idi.
Deyirdi ki, ərinizi öldürmüsünüz, bu yenə də boynuna alır, sən isə
oynaşınla əlbir olmusan, izi itirmək istəmisən. Bir neçə dəfə
xəbərdarlıq etdim, özünə qoyulmadı, elə hey təhqir edirdi.
Ziba yenə də su içmək istədiyini dedi. Təklif etdim ki, çay içsə
yaxşıdır. Razılaşdı:
- De çayniki tünd etsinlər, çifir olsun.
Çayçıya çifir hazırlamasını xahiş etdim. Dinməz, başı ilə olar,
- dedi.
- Ziba, sən də götürüb qadının üzünə bıçaq
çəkdin?
- Yox, bu bir neçə gün sonra oldu. Bütün qızlar barakda olarkən
o, alt paltarlarını gətirib qarşıma tökdü, bunları yu, qurut, ütü
çək, deyib, üzümə irişdi. Ayağımla onun əskilərini kənara itələdim.
Saçımdan tutub döşəməyə çırpdı, əlini ayaqlarımın arasına soxub
baldırımı möhkəm sıxdı, ağrıdan huşumu itirdim, sonra nazik, iti
uclu dəmir parçasını sifətimə dirədi, "cızaram sifətini", - dedi.
Hay-küyə nəzarətçilər gəldi. Onu apardılar, 3 gün karserdə qaldı.
Qayıdandan sonra bu dəfə məni ölümlə hədələdi. Gecədən keçmiş
əlaltısı olan iki qadını üstümə saldırdı, məni döydülər. Hər ay 300
manat verəcəyimi dedilər. İmkan tapıb həmin qadını saçladım,
əvvəlcədən dəstəyini itilədiyim qaşıqla sifətinə şırım çəkdim və
dedim ki, mənim itirəsi heç nəyim qalmayıb, əgər bir də mənə qarşı
hər hansı bir kobudluq etsən, boğazını üzəcəyəm.
Azad olunandan sonra bildim ki...
- Ziba, qadın koloniyasında belə hallar o qədər də
olmur, görünür, xüsusi bir tapşırıq alıbmış ki, səni aradan
götürsün.
- İnanmıram elə bir şey olsun. Bu oğurluq, dələduzluq edən biri
idi. Sadəcə, mənim daima fikirli olmağım, heç kəsə qarışmamağım,
işdən sonra mütaliə etməyim ona xoş gəlmirdi. Özü kimi əliəyriləri
toplamışdı başına.
- Bəs, ərindən, xalan qızından bir xəbər
çıxmadı?
- Ərimi heç görmədim. Amma xalam qızı tapıldı, mənimlə görüşə
gəlmişdi. Dedi, Xabarovskda yaşayırıq, ərim azərbaycanlıdır. Mənə
ürəyi yanırdı, uşağımı da gətirmişdi. Dedi, razılıq ver, aparım
özümlə. Anası kimi baxaram, razılıq vermədim. Dedim, anam saxlayır.
Mən azad olunandan sonra bildim ki, xalam qızı hər ay uşağım üçün,
elə mənim dolanışığım üçün də pul göndərirmiş. Anama deyib ki, Ziba
mənə analıq edib, onu yaddan çıxara bilmərəm.
- Bəs, xalan qızının əri kim idi, tanış ola
bildinizmi?
- Yox, onun əri heç vaxt Azərbaycana gəlmədi. Amma çox zəngin
biri olması bəlli idi. Xalam qızının bütün arzularını həyata
keçirirdi. Mən azadlığa çıxanda qızım böyümüşdü, bu dəfə qızım
onunla getmək istədi, razılıq verdim, amma o razı olmadı.
Ortada qaranlıq nələrsə var...
- Burada bir sirr var. Necə olur ki, qız uşağı evdən
yoxa çıxır, sonra Uzaq Şərqdə azərbaycanlı iş adamı ilə ailə qurur
və bir dəfə də olsun onun əri vətənə gəlmir.
- Mən də elə düşünürəm ki, ortada qaranlıq nələrsə var. Bir dəfə
o mənə dedi ki, ərimlə danışmışam, bizim uşağımız olmadığına görə
sənin qızının bütün xərclərini çəkəcəyik, öz qızımız kimi ərə
gedəndə toyunu edib, cehizini, evini alacağıq.
- Ziba, necə fikirləşirsən, xalan qızının səxavətli əri
sənin ərin ola bilərmi? Bəlkə elə bu Rəhmandır?
- Mən də bu haqda çox fikirləşirəm. Amma onun ərinin adı başqa
idi. Bir neçə dəfə Bakıya pul göndərmişdi, birlikdə gedib almışdıq.
Amma adı dəyişdirməyə, yeni pasport almağa nə var ki?
Ziba çayçının gətirdiyi çaynikdəki çifiri stəkana süzüb, iki
ovcunun arasında möhkəm sıxdı. Dodaqlarına apardı, qurtum-qurtum
içdi, sonra mənə tərəf uzatdı, "götür", - dedi. Aldım, eynən onun
kimi etdim, ovcumda sıxıb iki əlimlə dodağıma yapışdırdım. Acı
çaydan içdim. Qaranlıq məhbəs otağında olduğu kimi...