"İnsan taleyi" layihəsində
Gözlərini əlimə dikmişdi. Saçları qısa, çox səliqəli
idi. Gözləri... gözləri isə xırda, həm də çox məyus görünürdü. Bu
qədər uşağın içində bu qızcığazın diqqətimi çəkməyinə səbəb onun
mənə və sağ əlimin barmaqlarına diqqətlə baxması
olmuşdu.
Yaxın qohumumun uşağından ötrü gəlmişdim bura. Nizami rayonunda
yerləşən uşaq bağçasının direktoru ilə görüşüb, bir xahiş
edəcəkdim. İndi isə bağçanın həyətində pərakəndə halda durmuş
azyaşlıları seyr edirdim. Uşaqlar elə bil bağçada açılan çiçəklər
idilər. Balaca, zərif, səliqəli və həddindən artıq şirin
görünürdülər. Hər birini bağrıma basmaq, nəvəm kimi öpüb, əzizləmək
keçirdi könlümdən. Onlar isə yaz çiçəkləri kimi məktəbəqədər təhsil
müəssisəsinin qarşısında, az qala, ətir saçırdılar...
Bir azdan tərbiyəçi müəllimə uşaqları səslədi:
- Gəlin, sırada durun, əl-ələ tutun, keçin bəri tərəfə... Ay sağ
olun.
Uşaqlar müəllimənin ardınca düşüb, uşaq bağçasının həyətindəki
əyləncə yerinə yığışdı. İki-bir, üç-bir oynamağa başladılar. Dəmir
barmaqlıqlarla toxunmuş bala qapını keçib, tərbiyəçi müəllimdən
direktoru soruşdum.
- Bir azdan gələr, - dedi.
Kənara çəkildim. Gözləməli idim. Bayaqkı qızcığazın mənə tərəf
baxışına gülümsədim, əl eləyib yanıma çağırdım. Müəlliməyə tərəf
baxdı və kiçik addımlarla yaxınlaşdı. Dodaqları da məyus halda
büzülmüşdü, yəqin, dəcəl uşaqlar bunu incidir - düşündüm.
Tərbiyəçi xanım dərhal oturduğum skamyaya yaxınlaşdı.
Uşaq isə yenə də əlimə baxırdı. Müəllimənin gəlişini gördükdə
tələsik soruşdu:
- Dayı, sən müharibədə olmusan? - gözləri hələ də sağ əlimin
köntöy, şişkin, əyri-üyrü barmaqlarında idi.
- Hə, mənim balam, olmuşam, amma əlimə görə soruşursansa, bunlar
döyüşdən qalmayıb, uşaqlıq illərimin nadincliyindəndir.
Uşaq məyus oldu:
- Elə bildim davada sən erməniləri öldürəndə əlini dişləyiblər,
belə olub, - deyib uşaqların yanına qaçdı.
Verəcəyim cavab artıq onun üçün maraqsız olacaqdı. Eləcə
gülümsədim. Söhbətimizə şahidlik edən müəllim balaca qızcığazın
ardınca baxdı:
- Çox istiqanlı uşaqdır, hər şeylə maraqlanır, babası müharibədə
şəhid olub. Ona görə sizin də müharibədə olduğunuzu zənn edib.
Müəllimlə müharibənin acılarından, körpələrin yetim qalmasından
bir neçə dəqiqəlik söhbətimizdən sonra adının Sürmə olduğunu
öyrəndiyim balaca qızla söhbət etmək istədiyimi bildirdim. Müəllim
uşağı yanımıza çağırdı. Barmaqlarını bir-birinə dolaşdıra-dolaşdıra
uşaq müəlliməsinə yaxınlaşdı. Soruşdum:
- Mən sənin adını bilirəm. De görüm, adını nə üçün Sürmə
qoyublar?
- Babamın anasının adı imiş. Anam deyirdi, babam ölməmişdən
deyərmiş ki, nəvəmə anamın adını qoyacam. Sonra da anam böyüyüb,
mənim babama görə öz nənəsinin adını mənə verib.
Xırda, səlis səslə danışırdı Sürmə. Yenə də barmaqları
bir-birinin qəsdinə durmuşdu, ayaqqabılarının burnu ilə bağçanın
asfalt döşəməsini "deşirdi".
- Sənin baban igid adam olub...
- Mənim babamı tanıyırdın? - sualı verib müəlliməyə tərəf baxdı
qızcığaz.
- Mən bütün döyüşən babaları, dayıları, əmiləri tanıyıram. Onlar
əsl qəhrəmandırlar.
- Mənim babam da qəhrəman olub. Anam danışırdı. Anam babamı çox
görməyib ki... Məktəbə təzə gedirmiş babam şəhid olanda. Sonra biz
qaçqın olmuşuq. Mən qaçqın deyiləm ha, anamın anası, dayısı, əmisi
qaçqın olub, anam burda oxuyub, sonra da toyu olub. Mənim böyük
xalamın qızı var, o qaçqındır, mən isə yox. Bilirsən niyə?
Müəllimənin təbəssümü, az qala, qulaqlarındakı sırğalara qədər
dartılmış ağzından sifətinə yayıldı:
- İndi ürəyindəkilərin hər birini danışacaq, sirr
saxlamayacaq.
Mənim fikrim isə uşaqdadır:
- Niyə, quzum, mənim, sən niyə qaçqın deyilsən? Ona görə ki,
adam vətəndə qaçqın olmaz?
- Niyə olmur ki, mənim anam, nənəm, dayılarım, xalam - hamısı
qaçqın deyil? Mənim təkcə babam qaçqın deyil, onu öz kəndimizdə
basdırıblar, qalıb orda.
- Yaxşı, quzum mənim, bəs niyə sən özünü qaçqın hesab
etmirsən?
- Çünkü anam institutda oxuyanda atam onu istəyib, toyları olub,
mənim atam da qaçqın deyil axı, ona görə mən də qaçqın deyiləm.
- Bu, yaxşıdır, yoxsa pis?
- Mən bilmirəm, - çiyinlərini çəkdi, sonra tam sakit səslə,
pıçıldayırmış kimi əlavə etdi: - Deyəsən pisdir. Çünkü nənəm həmişə
atama deyinəndə anam üçün deyir ki, özümüzkülərdən birinə ərə
getsəydin, Sürməyə də çörək pulu verərdilər, bağçada, institutda
pulsuz oxuyardı böyüyəndə.
Müəllimə Sürməyə yüngülcə təpindi:
- Day bəsdi, göyərçin bala, dayını yorma, evdə olan söhbətləri
də yad adama demə.
Uşaq xırda gözlərini qıyıb müəlliməyə baxdı:
- Bəs deyirdiz ki, biz yad deyilik, bir vətənin balalarıyıq,
dayı da yaxşı dayıdır, özü də müharibədə olub, nə olsun onun...
Dinmədi, susub geri - uşaqların yanına qalxdı.
Sürmə yəqin ki, "nə olsun onun əlini erməni dişləməyib", -
deyəcəkdi.