Yuxarı

Fətəli şah Büllur çarpayıya Şimali Azərbaycanı qurban verdi

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səfəvi dövlətinin zəifləməsi Xəzər regionunda hərbi-siyasi vəziyyəti gərginləşdirmişdi, bu da Osmanlı və Çar Rusiyasının regionda möhkəmlənmək istəyindən irəli gəlirdi. Qara dənizə çıxışdan məhrum olan Rusiya Xəzər və Xəzəryanı bölgənin üzərində öz hakimiyyətini qurmaq və bütün Avropa-Asiya ticarətini Türk-Aralıq dənizindən Baltik-Volqa-Xəzər yoluna keçirmək arzusunda idi.

Rusiya bu bölgədə möhkəmlənməklə əsas hədəflərindən biri olan Hindistanı da təsir altına almaq niyyətində idi. Rus çarı I Pavel Ataman Platova göstəriş vermişdi ki, paraddan birbaşa cənuba, Hindistanı tutmağa yollansın. Bu da İngiltərədə çox ciddi narahatlıqla qarşılanmışdı. Hətta İngiltərə Qafqaz, Qacarlar və Osmanlıdakı maraqlarından əl çəkməyə belə hazır idi ki, Hindistan onun nəzarətindən çıxmasın. Məhz 1813-cü il oktyabrın 12-də Qarabağda Gülüstan müqaviləsinin imzalanması bu qorxudan irəli gəlirdi.

Qeyd edim ki, İngiltərə indi İran adlandırdığımız coğrafiyadakı Qacarlar dövlətilə müxtəlif müqavilələr imzalamışdı ki, bu müharibədə qalib gəlmək üçün onlara kömək etsinlər. Ancaq müharibə elə bir vəziyyətə gəldi ki, onu davam etdirmək Qacarlar üçün təhlükə yaradırdı.

Gülüstan müqaviləsinə gəldikdə, qısaca desəm, bu müqavilə ilə Naxçıvan və İrəvan xanlıqları istisna olmaqla, Şimali Azərbaycan torpaqları Rusiyaya ilhaq edildi (Bax: 3.A. Dirr. “Gülistan”, İslam Ansiklopedisi (MEB), IV, İstanbul: Milli Egitim Basınevi, 1993 s. 834).

O dövrdə Qacarlar dövlətinin II şahənşahı Fətəli şah Qacar Rusiya ilə müharibə yox, danışıqlar aparmaq istəyirdisə, oğlu Abbas Mirzə müharibə ilə Gülüstan müqaviləsi zamanı itirilən torpaqları geri almaq niyyətindəydi (Bax: Bournoutian, George From the Kur to the Aras: A Military History of Russia's Move into the South Caucasus and the First Russo-Iranian War, 1801–1813. (2020)).

Rusiya Qacar şahı Fətəlinin bütün maraq və zövqlərini öz agentləri vasitəsilə öyrənməyə çalışırdı. Bu işdə isə 1817-ci ildə Fətəli şahla görüşən Qafqazın müsəlman xalqlarının, xüsusilə Azərbaycanın qəddar düşməni olan Yermolov Aleksey Petroviç köməyə gəlir. Məhz o, Şahın Rusiya səfirliyinin hədiyyə etdiyi şüşə və çini qablara xüsusi maraq göstərməsini əsas gətirərək, qeyri-adi bir formada hədiyyə hazırlamaqla onun könlünü almaq təklifi irəli sürür (Bax: Безотосный В. М. Неизвестная биография А. П. Ермолова // Российский Архив: История Отечества в свидетельствах и документах XVIII—XX вв.. — М.: ТРИТЭ, Российский архив, 1996. — Т. 7.).

Beləliklə, qeyri-adi hədiyyə - Büllur çarpayı dəsti hazırlamaq qərarına gəlinir və onu Sankt-Peterburqdakı İmperator Şüşə Zavodunda hazırlayırlar.

Büllur çarpayı əsl sənət əsəri idi. 45 min rubla başa gəlmişdi. 1825-ci ildə çarpayı tam hazır olur. Çarpayının özü demək olar ki, 8,5 ton ağırlığında idi. Çarpayı sadəcə gözəl bir qiymətli əşya deyil, istirahət üçün nəzərdə tutulmuş dəbdəbəli kompleks idi. Çarpayının altına 7 kiçik fəvvarə qurulmuşdu, onlara su verilməsi üçün mis borular quraşdırılmışdı. Çarpayıya pilləkənlərlə qalxmaq olardı.

Çarpayı hazır olan zaman - 1826-cı ildə İmperator I Aleksandr öldü. Şah üçün hədiyyə hazır idi, amma göndərilmir. Bu barədə Rusiyada nəşr edilən “Daxili qeydlər” jurnalının 1825-ci il, 66-cı sayında məlumat da dərc edilir (Aşağıda xəbər dərc edilən jurnalın skrini təqdim edilir).

Qacarlarla əlaqələr hələ də gərgin idi. Taxta çıxan imperator I Nikolay Büllur çarpayı da daxil olmaqla, bütün hədiyyələrin göndərilməsi əmrini verir. İmperator Büllur çarpayıya möhtəşəm tapançalar, dəbdəbəli xəz palto və qırx samur əlavə etməyi tapşırır. Bundan əlavə, Şüşə Zavodunda hazırlanan böyük oval nimçə, mürəbbə və meyvə üçün müxtəlif formalı büllur qablar, iki səkkizguşəli, zəngin oyma stol lövhəsi; on cütə qədər müxtəlif formada əla işlənmiş səbət və gül qabları, büllir qəlyan, şamdanlar, kasa və küplər də hədiyyələrə daxil edilir.

48 möhürlənmiş qutudan ibarət yükü leytenant İvan Noskov aparır. Onu mühafizəçilər və hədiyyəni yerində yığa bilən bir neçə usta müşayiət edir. Noskovun iki əsas missiyası var idi: Qiymətli yükləri çatdırmaq və keçdikləri ərazilərin xəritəsini tərtib etmək. Rus-Qacar müharibəsi başlasa, xəritə əhəmiyyətli kömək ola bilərdi (Bax: Алексеев М.Н. Военная разведка в Российской империи - от Александра I до Александра II. М. Изд-во Вече, 2010).

Arabalarla 4 aya yaxın yol gəlib, Həştərxana, ordan da gəmi ilə Gilana gedirlər (Bax: Посольство поручика Носкова в Персию с хрустальной кроватью // Исторический вестник. Ноябрь 1887 г., т. ХХХ)...

Qacar şahənşahını təkcə möhtəşəm hədiyyə deyil, həm də Noskovun diplomatik bacarıqları heyran edir. Cavab olaraq nəvəsinin başçılıq etdiyi missiya və çoxlu bahalı hədiyyə göndərir. Noskov bir müddət Qarabağda, sonra İrəvanda qalır və buraların xəritələrini çəkir (Bax: Носков И. Заметка о Персии в отношении политическом и военном (составлена (Генерального штаба полковником Носковым, в 1827 году). // Военный сборник. N 6. 1860).

Bu hədiyyələrdən çox məmnun olan Fətəli şah Rusiya ilə razılığa gedir və 1828-ci il fevralın 9-da Təbriz yolunun üç verstliyində yerləşən kiçik Türkmənçay kəndində ikinci sülh sazişinin sonuncu iclası keçirilir. Fevral ayının 10-da “İsanın anadan olmasının 1828-ci ilində” gecə, münəccimin təyin etdiyi vaxtda, saat 00:00-da barışıq paktı imzalanır. Müqaviləni Rusiya tərəfindən İvan Paskeviç, Qacarlar tərəfdən isə Mirzə Əbdül Həsən xan imzalayır. Elə həmin an müqavilənin bağlanması münasibətilə rus toplarından 101 yaylım atəşi açılır (Bax: Второе полн. собр. законов, т. III, № 1794, СПб, 1830; Акты,относящиеся до заключения мира с Персией. Изд. Лазаревского ин-та, Спб, 1828).

Müqavilənin əsas müddəaları Peterburqda hazırlanmışdı. Onun hazırlanmasında Qafqaz ordularının komandanı olmuş Yermolov və Paskeviçin yazışmaları, hesabatları və sənədləri mühüm rol oynamışdı. 1826-cı ildə ilk müddəalar yazılmış, daha sonra Cəlaloğlu lagerində 24 may 1827-ci ildə Qriboyedov və Obresk tərəfindən əlavələr edilmişdi. (Bax: Л.С. Семенов, «О некоторых источниках по истории русско-персидских отношений первой третиXIX в.», «Вестник Ленингр. У-та. 1959).

Məhz “Büllur çarpayı və digər hədiyyələrə görə Fətəli şah Şimalı Azərbaycanı güzəştə gedib” demək nə qədər doğru olar, bilmirəm, amma tarixi sənədlər və tədqiqatlar göstərir ki, bu bahalı hədiyyələr əhəmiyyətli dərəcədə onun Rusiyaya güzəştə getməsinə səbəb olan amillərdəndir.

Son olaraq qeyd edim ki, beynəlxalq hüquqa görə, Türkmənçay müqaviləsi ölü müqavilə və ölü imzalara əsaslandığından, hüquqi qüvvəsini çoxdan itirib.

Tarix
2024.11.22 / 07:00
Müəllif
Zaur Əliyev
Digər xəbərlər

İrəvan Bakıya qarşı iddialarını geri götürür?

5 partiyanın səlahiyyətli nümayəndələri qeydə alındı

Hikmət Hacıyev İsrail prezidenti ilə görüşdü

Plastik cərrahların sertifikatları ləğv olunur: Ağır cəza...

Azərbaycanın iki ölkədə səfirliyi fəaliyyət göstərmir

Əsəd rejiminin Azərbaycana münasibətinə baxın - Foto

İlham Əliyev 2 fərman imzaladı

Fransa səfiri dayanmır: yenə sərhədimizə gəldi - Foto

Ərdoğan “bir mən, bir Putin...” sözü ilə nəyə işarə etdi?

Kreml və Tehrana müttəfiq satmaq üçündür! - Şahnazaryan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla