Kənan Hacı ilə söhbət etmək,
onun alın yazısının bir sətrini, taleyini oxumaq, oxutmaq istədim.
Səhhəti imkan vermədi, narahat da etmək istəmirdim. Çoxdanın dostu
olmağımız imkan verirdi ki, onu "İnsan taleyi" layihəsində
danışdırmağa ərk edim. Amma hər salamlaşdıqdan sonra gözümün
qarşısında olan Kənan Hacı ilə söhbətimi təxirə salırdım. İllərin
ardında qalan tanışlığın dostluğa qədər irəliləyən yollarında
mübahisələrimiz də az olmamışdı.
Onu acıladığım anlarda sifətinin ifadəsi o qədər məsum olurdu
ki… Qəribə təbəssümü vardı və indi də o təbəssüm Kənanın sifətinə
içindən çilənir. Haqlı olduğu vaxtlarda belə, tanımayan adam elə
başa düşər ki, günah sahibi odur. Günahı isə doğrudan da var, kim
günahsızdır ki?..
Axır ki, rahat bir vaxt tapıb söhbət edəsi oldum. Gileylə
başladım söhbətimizə:
- Kənan, bu nədir, son vaxtlar camaatın ürəyini yaman
üzürsən, hiss edirsən ki, hələ çox yaşayacaqsan?
Bax, yuxarıda bəhs etdiyim həmin məsum, "günah dolu" təbəssüm
sifətinə, romanın adı tək - "Yağ kimi", yayıldı, boynunu sol
çiyninə tərəf qısdı:
- Çox vaxt düşünürəm ki, kifayət qədər yaşamışam, bundan o yana
nə yaşasam, qənimətdir. Bəlkə də bu, çətin bir həyat yaşamağımdan
irəli gələn haldır. Amma sənə deyim ki, mən bu həyatdan heç zərrə
qədər də gileyli deyiləm. Hər insanın bir taleyi var, mən fatalist
olmasam da, taleyə, alın yazısına inanan adamam. Sənə bir sirri də
açım. Çünki sən mənim ailə qurmağımda birbaşa iştirak etmiş bir
adamsan, elçiliyimi edənlərdən biri də sən idin. Biz yoldaşımla
nişanlanandan sonra mən xəstələndim. Həkimə gedəndən sonra məndə
həmin bu qaraciyər xəstəliyi aşkar olundu.
- Bilə-bilə müalicə də olunmadın...
- Bilirsən, səkkiz il bunu hamıdan, ən yaxın dostlarımdan da
gizlətmişəm. Amma son vaxtlar gördüm ki, daha gizlətmək mümkün
deyil. İndi özümə söz vermişəm ki, bir daha xəstəliyim haqqında
danışmayım.
Mən də onun xəstə olmasının üstündən keçdim, mövzunu
dəyişdim:
- Ətrafında az adam yoxdur. Oxunursan, tanınırsan, de
görüm, səncə, dostların çoxdur, yoxsa bədxahların?
- İnanmıram ki, bədxahlarım olsun. Çünki mən kinli adam deyiləm,
mənə pislik edən insana qarşı da ürəyimdə zərrə qədər inciklik
olmayıb. Pisliyi çox tez unutmağa çalışıram, bağışlayıram.
Düşünürəm ki, bəlkə bu pislik üçün özüm əsas vermişəm. Axı səbəbsiz
yerə mənə niyə pislik etsinlər ki?
- Kənan, dərd elədir ki, istəmədən gəlib adamın
yaxasından yapışır, sevinci yaşamaq üçün əzab çəkirsən, sənin
əzabların çox olub, hansı əzabından sonra həzz
yaşamısan?
- Ailə qurandan sonra bir ara yazmadım. Uzun
müddət öz həyatım haqqında düşündüm, zərərli vərdişlərdən
uzaqlaşmaq üçün özümdə güc axtarırdım. Mənim həyatım rejimsizliyin
ən parlaq nümunəsidir. Bütün həyatım boyu rejimsiz, düzənsiz
yaşamışam. Uzun müddət tənha yaşamaq, bir-birinin ardınca yaşadığım
itkilər məni sanki bu dünyadan qoparmışdı.
- İtiyi olmaq, doğmaları itirmək, əzaba hamilə qalmaq,
dərdə sarılmaq qədərdir...
- Erkən yaşımdan atamı itirdim, yaşlı anamı tək qoyub əsgərliyə
getməli oldum. Əsgərlikdən qayıdandan sonra onu xəstə vəziyyətdə
gördüm, uzun müddət xəstə yatdı. Bütün əsəblərim pozulmuşdu.
- O zaman da demək olar ki, dost yox, üz tutası kimsən
yox..
- Yaxşı adamlardan xali olmadım. Həmin dövrdə mənə Aqil Abbas
dayaq oldu. Rəhmətlik Tofiq Abdin məni nəşriyyata gətirdi, Aqil
Abbasa dedi ki, sən Allah, buna qəzetdə bir iş ver, qoy işləsin,
məhv olub gedəcək. Aqil müəllim heç bir sorğu-sualsız qayıtdı ki, a
bala, səhər çıx işə. Bax, beləcə, məni uçurumdan xilas elədi. Aqil
müəllim anam xəstəxanada yatanda da mənə çox böyük köməklik
göstərdi. Allah Tofiq Abdinə rəhmət eləsin! Mənim xeyirxahlarım bu
insanlar olub. Amma ailə qurana qədər yenə də avara həyat tərzi
keçirirdim. Qəzetlərə köşə yazıb beş-üç manat alırdım, günümüz
kafelərdə keçirdi. Ailə məni bu həyat tərzindən ayırdı, ağrılarımı,
əzablarımı azaltdı. Tədricən normal həyat tərzinə qayıtdım.
- Əvvəldən elə qəribə taleyin vardı. Müxtəlif yerlərdə
olurdun, bu yerlər ciddi ədəbiyyat adamlarının olmadığı toplum idi.
Amma indi tamam başqadır. Necə başqalaşdın?
- Bu suala qismən cavab verdim. Demək, mən iki mühitin arasında
qalmışdım. Şəhər və kənd mühiti. Şəhər mühitində yazıçılar,
şairlər, kənd mühitində "pijonlar". Elə restoran, elə kafe yox idi
ki, ora borcum olmasın. Bir dəfə taksidə pasportumu girov qoydum,
bir kafedə iş vəsiqəsini borcuma görə almışdılar. Bir dəfə də
mağazada telefonumu qoyub sonuncu dəfə ərzaq aldım və bir daha o
mağazaya qayıtmadım, telefon da getdi işinə. Hansını deyim e, Faiq?
Birdir, ikidir bəyəm?
Onun dəyişməsində həyat yoldaşının da xüsusi əməyi var. Bilirik
bunu, özündən də eşitmək istəyirəm:
- İlhamə xanım səndə nələri dəyişə bildi?
- Çox şeyi. Özümü dəyişdi. Dəyişib tamam başqa adam oldum. İlk
vaxtlar inana bilmirdim ki, mən normal həyata qayıda bilərəm, işdən
çıxıb evə gəlmək anlayışı mənə yad idi. Evə gecə saat 2-də, 3-də
gedirdim. İndi düşünürəm ki, o cür vəziyyətdə necə yazırdım? Ağlıma
sığışdıra bilmirəm. Səhər kənddən şəhərə elektriçkada gəlirdim,
yazılarımı elektriçkada, dizimin üstündə yazırdım. Camaat da qəribə
baxırdı. O vaxtlarda yazdığım yazıları da indi heç oxumuram. Amma
arxivimdə hamısını saxlamışam.
- Çox vaxt, incimə, boynu qısıq olardın, sanki
utanırdın, ya da çəkinirdin kimdənsə. İşsizlik də bir yandan. İndi
yaxında olanlar deyəsən o zaman yox idi yanında.
- Utanmaq deyəndə ki, mənim xarakterimdə yekəxanalıq yoxdur.
Məsələn, Ələkbər Salahzadə, Səyavuş Sərxanlı, Aqil Abbas, Arif
Əmrahoğlu, Vaqif Yusifli kimi söz adamlarını mən mətbuatdan
tanıyırdım. Sonra elə oldu ki, onlarla daimi ünsiyyətdə oldum, mən
onlara Allah kimi baxırdım. Çəkinmək bu mənada idi, danışanda da
ehtiyat edirdim ki, birdən nəsə elə bir söz deyərəm ki, onların
gözündən düşərəm. Rəhmətlik Ələkbər Salahzadə bilirsən necə insan
idi? Bir dəfə eşidəndə ki ad günümdür, dedi, gedək, bu günü qeyd
edək. Həyəcandan bilmədim nə deyim. O boyda böyük şair mənə gör nə
deyirdi? Getdik oturduq, mən onun sadəliyinə heyrət elədim. İnsanın
böyüklüyü onun sadəliyindədir. Mən belə insanlardan çox şey
öyrəndim. Xoşbəxt adamam ki, taleyimdə bu cür insanlar olub. Gücümü
bu insanlardan alırdım. Bir dəfə rəhmətlik Arif Əmrahoğlu ilə
söhbət edirdik, söhbət Orxan Pamukdan düşdü, dedim ki, onun "Gizli
üz" ssenarisini tərcümə edirəm. Arif müəllim dedi ki, mən onu
tərcümə eləmişəm, gəl sənə verim, bax, redaktə elə, tərcüməçi kimi
ikimizin adı getsin. Matım-qutum qurudu. İmzasını heç kim tanımayan
bir gəncə Arif Əmrahoğlu görün nə deyirdi? Mən onları indi də
minnətdarlıq hissilə xatırlayıram. O ki qaldı indi yanımda
olanların o vaxt olmamağına, vallah, heç kimdən incikliyim yoxdur.
Allah hamının canını sağ eləsin.
- Necə yollaşırsan bu mühitlə, dostların vardı ki, sənin
yanında idi, niyə indi sənin yazıçı kimi parladığın bir zamanda
onlardan uzaq oldun?
- İndi mütaliəyə, yazı-pozuya daha çox vaxt ayırıram.
Xəstəliyimə görə normal işləyə bilmirəm. Türkiyədə də, burdakı
həkimim də demişdi ki, mümkün qədər zehni işdən uzaq ol, sənə
istirahət lazımdır. Amma mümkün deyil, hər gün yazmasam da mütləq
nəsə oxumalıyam. Bu mənə hava kimi, su kimi gərək olan bir şeydir.
Son illər həddən artıq məhsuldar işləmişəm. Esselər, tərcümələr,
hekayələr, nəsr və şeir kitabları və sair. Dostları isə heç zaman
unutmuram. Yaxşı dostlarım var, arada görüşüb çay içirik, söhbət
edirik...
Söhbəti burada bitirdik. Çay içdik. Bundan o tərəfə etdiyimiz
söhbəti nə mən istəmədim oxucular oxuya, nə də o istəməzdi kimsə
bilə...