Gecikmişdik. Telefonda bir az da gözləməyi xahiş etdim.
Fotoqrafımız İsmi ilə az qala qaça-qaça Azərbaycan Akademik Dövlət
Dram Teatrına daxil olanda Mehriban xanım bizi qonaq otağında
gözləyirdi. Qeydiyyatdan keçib, müsahibimizə yaxınlaşdıq. Özünə
məxsus şən əhval-ruhiyyə ilə dilləndi:
- A balam, di gəlin çıxın daa... Mən axı hələ verilişə də
çatmalıyam!
Yubandığımız üçün üzrxahlıq etdim və dərhal müsahibəyə
başladıq:
Deyirlər ki, toy olacaq
- Mehriban xanım, son zamanlar saytlarda şəxsi
həyatınızla bağlı yayılan məlumatlara açıqlama gətirmək niyyətində
olduğunuzu demişdiniz. Yazılanlar doğrudurmu? Deyirlər ki, toy
olacaq! Olacaqmı?
- Ay balam, nə toy? Toy-filan gözlənilmir! Sadəcə, sözdü də,
reytinqləri olsun deyə yazıblar. Amma istəyirəm ki, sizin
vasitənizlə bir etiraf edəm: sevgi də ola bilər, ailə də. Mənim də
sevmək haqqım var. Hər bir insan istəyər ki, evə döndüyündə öz isti
yuvası ilə qarşılaşsın. Amma bu istək hələ ki arzu olaraq mənim
ürəyimdədir. Gerçəkləşəndə elə birinci siz biləcəksiniz. Reklam
xətrinə isə hisslərimlə oynamaq lazım deyil. Mən də insanam. Öz
işləri getsin deyə, xəbərləri oxunsun deyə, adımı hallandırırlar,
mən də qalıram pis vəziyyətdə.
Nənə olsa da, gənc nənə
- Amma atalar deyirlər ki, od olmasa, tüstüsü çıxmaz.
Əgər yadınızdadırsa, sizi təbrik edənlər sırasında mən də olmuşam.
Açığı, inanmışdım xəbərin doğru olduğuna.
- Xəbər doğru da ola bilərdi. Mehriban Xanlarova nənə olsa da,
gənc nənədir! Odur ki, mən bu xəbərin gerçək olmasını istərdim də!
Amma həqiqət tam başqadır.
- Bəs necə oldu ki, evlilik xəbəriniz yayıldı? Bəlkə
müsahibələrdən birində ağzınızdan nəsə qaçırıbsınız?
- Açığı, bu yaxınlarda bir alış-veriş mərkəzində idim. Yerli
sayt əməkdaşlarından biri yaxınlaşaraq, hal-əhval tutdu. Mən də
onunla bir qədər söhbət etdim. Ailə qurmağım haqqında söhbət
olmadı. Yalnız soruşdu ki, yaxşı bir insanla ailə qurmağa
hazırammı? Mən də cavabımda: "Yaxşı insan olsa, fikirləşərəm", -
demişdim.
Hələ ki sirr qalsın
- Düşünürsünüz ki, elə bütün dedi-qodular bununla
bağlıdır?
- Əlbəttə, həm də ki məni sevməyən qüvvələr çoxdur. Onlar hətta
xaricdə çəkilişlərdə iştirak etməyimə də mane olurlar.
- "Sevməyən qüvvə" dedikdə kimləri nəzərdə
tutursunuz?
- Gəl, bu məsələyə toxunmayaq, hələ ki sirr qalsın, amma yaxın
zamanlarda söz verirəm ki, Axar.az-a bu haqda açıqlama verəcəyəm.
Amma sizə bir eksklüziv açıqlama etmək istərdim: "Bu təzyiqlər
davam edərsə, Azərbaycanı tərk edəcəyəm!" Bir çox səbəblər var bu
addımı atmağa, onlardan biri də məhz media işçilərinin mənə qarşı
yalan məlumatlar yaymasıdır. Ailə quranda quracam! Heç kəs narahat
olmasın! Misal üçün, mən Xoşqədəm Hidayətqızının addımını
dəstəkləyirəm və fikrinə hörmətlə yanaşıram; o, efirdə bəyan etdi
ki, ailə qurur və tezliklə də türk müğənnisi Doğuşla evləndi. Mən
də o cür hərəkət edəcəm. Toy-filan olmasa da, kəbin və rəsmi nikah
mənim üçün mütləqdir.
Lənət şeytana
- Mehriban xanım, bu yaxınlarda "Generalın son əmri"
premyera-tamaşasını izlədim. Orada yer aldığınız "nəvə" obrazını
çox bəyəndim. Amma tamaşada bir məqam gözümdən qaçmadı: müəllif
Vaqif Səmədoğlu əsərə o qədər bol yumor qatıb ki, hətta siz aktyor
heyəti olaraq tamaşa oynanılan zaman gülürdünüz.
- Hə, doğrudur. Quruluşçu rejissor Ramiz Həsənoğlunun rəhbərliyi
ilə ərsəyə gələn bu tamaşa həqiqətən də uğurlu alınıb. Baş rollarda
tərəf müqabillərim general obrazını canlandıran Cəfər Namiq Kamal
və "qardaşım" rolununu oynayan Sabir Məmmədovla çox gözəl anlayırıq
bir birimizi. Hətta tamaşada bir məqam da var ki, baba öz
sevgisindən danışır. O zaman mən "nəvə" cavab verirəm ki, baba
qocadır, o evlənə bilməz! Həmin an bütün zal gülməyə başlayır və
mən də özümü saxlaya bilməyib, qoşuluram onlara. Lənət şeytana,
yenə gəldik çıxdıq evlənmək söhbətinə!
Nəticədə pul gəlib bizə çatmır
- Nə əcəb filmlərə çəkilmirsiniz? Dəvət yoxdur, yoxsa
ürəyinizə yatan obraz tapa bilmirsiniz?
- Çox sağ ol ki, bu sualı verdin. Yaralı yerimə toxunursan
əslində. Bəzi dırnaqarası rejissorlar küçədən keçənləri filmə
çəkirlər, biz peşəkarlar qalırıq kənarda. İstəyirəm ki, mütləq bu
fikrimi qeyd edəsiniz: dövlət başçımız qayğımızı çox çəkir, sağ
olsun, fond hesabına pul da ayırır bizə. Amma nəticədə pul gəlib
bizə çatmır. Nə ortada normal serial çəkilişi olur, nə də ki,
aktyor heyəti qonorar əldə edir. Mən çox istərdim ki, dövlət
qurumları tərəfindən bu məsələylə məşğul olmaq üçün bir komitəyə
tapşırıq verilsin və serial çəkilişi üçün vəsaitin əslində haraya
xərcləndiyi ortaya çıxsın.
- Bu yaxınlarda veriliş açmaq niyyətində olduğunuzu
dediniz. Bəs nə üçün irəliləyiş olmadı? Yenə mane olanlar
tapıldı?
- Yox, bu dəfə maddi çətinliklərlə qarşılaşdım. Əvvəl yerli
kanallardan birində öz şəxsi verilişim olub. Amma öz səhlənkarlığım
ucbatından bağlandı. İndi yenidən bu haqda düşünürəm, vəsait
olarsa, yenidən veriliş açmağı düşünürəm.