Könül Nazim qızı ilə çoxdan tanışıq. Tez-tez
qarşılaşdığımız veriliş və tədbirlərdə yüksək mədəniyyət, zövq və
təmkinliliyi ilə hər zaman rəğbətimi qazanan xanım bu dəfə yenidən
diqqət mərkəzindədir. İyirmidən çox kitab müəllifi olan Könül
xanımın şeirlərinə yüzdən artıq mahnı bəstələnib. Xanım- şairə yeni
xəbəri ilə bütün sevənlərini sevindirdi; onun bu yaxınlarda yeni
şerlər diski işıq üzü gördü. Elə bu xəbəri eşidən kimi, Könül
xanımla görüşə tələsdim.
- Könül xanım, ilk olaraq, yeni şerlər diskinizi təbrik
edirəm. Necə oldu ki, 20 kitab müəllifi çap müəssisəsinə deyil,
qəfil səsyazma studiyasına üz tutdu?
- Aynur, təbrikə görə çox sağ ol. Amma onu da qeyd edim ki,
mənim artıq bir diskim işıq üzü görüb. Bu diski isə sırf
dostlarımın arzu və istəklərini nəzərə alaraq yazdırdım. Elə diskin
adı da onların istəyinə uyğundur: "Yarımçıq qalmış xatirələr".
- Könül xanım, adətən arzular yarımçıq qalır və ya
ümumiyyətlə, heç həyata keçmir. Görəsən, yaşanan xatirələr yarımçıq
qala bilərmi?
- Əlbəttə, qala bilər. Misal üçün, gözəl sevgi yaşayırsan və
qəfildən bütün yaşadıqlarının yalan olduğunu öyrənirsən. Nəticədə,
arzular da yarımçıq qalır, elə xatirələr də. Sevdiyin insanı heç
xatırlamaq belə istəmirsən.
- Çoxlarımız üçün bu vəziyyət yad deyil. Həyat varsa,
sevgi də var. Sevgidə isə xəyanətlə də qarşılaşırıq, yalanla da.
Həyatda bu cür vəziyyətlə qarşılaşmısınızmı?
- Dəfələrlə. Mən sevgi məfhumunu tək qadınla kişi arasında
görmürəm. Dostluqda da sevgi ola bilər, amma çox vaxt yanılmışam
dostlarımda. Düzdür, yaxşı sirdaşlarım çoxdur, amma zərbə aldığım
insanlar da az deyil.
- Olduqca xoş, qamətli xanımsınız. Təbii ki, sizi
sevənlər də az deyil! İlk ailə uğursuzluğundan sonra yenidən ailə
qurmağı düşünürsünüzmü?
- Ay Allah, çox çətin sualdır! Təbii ki, mənimlə ailə qurmaq
istəyən bəylərin sayı çoxdur, amma tərəddüd edirəm. Mənə elə gəlir
ki, bir dəfə səhvə yol vermişəm, ikinci dəfə də uğursuzluqla
nəticələnə bilər. Odur ki, hələ bu haqda düşünmürəm. Hələ ki
yaradıcılığımla, öz kiçik biznesim var - onunla məşğulam.
- Biznes dediniz. Bir zamanlar maddi baxımdan bir çox
kasıb ailələrə kömək göstərdiyinizi bilirəm. Hətta kimsəsizləri
dəfn etməyə köməklik göstərir, onların qəbirüstü abidələrini də
hazırlatdırırdınız.
- İnan Allaha, ətrafımda elə bir insan olmayıb ki, mən ona çətin
məqamda yardım etməyim. Dəfələrlə olub ki, qarşılığında adi "çox
sağ ol" belə deməyiblər. Hal-hazırda maddi durumum nisbətən
zəifdir. Ona görə də, xeyriyyə işlərimi həyata keçirə bilmirəm.
Gələcəkdə elə bir qurum yaratmaq istəyirəm ki, didərgin və yiyəsiz
uşaqlara köməklik göstərə biləm. Elə bir cəmiyyətdə yaşayırıq ki,
bir birimizə köməklik göstərməliyik. Necə deyərlər, əl tutmaq
Əlidən qalıb! Mən bütün yaxşılığı Allah rizası üçün edirəm!
- Şeirlərinizdə tez- tez Allah adını çəkirsiniz. Faiq
Ağayevin ifasında səslənən "Allahı sevirsən, ayrılma məndən"
şeirinizi çox sevirəm. Tanınmış yerli müğənnilərlə iş birliyiniz
olub. Xaricdə də nəsə etmək fikrin varmı?
- Aynur, mən Azərbaycansız yaşaya bilmirəm. Təbii ki, təkliflər
də olub, iş birlikləri də. Amma mən heç bir zaman ölkəmdən
getmərəm. 2001-ci ildə Amerikaya, 2006-cı ildə Almaniyaya ssenarist
kimi dəvət aldım, lakin vətənimdən uzaqlaşa bilmədim. Amma səyahət
etməyi çox sevirəm. Yay aylarında Türkiyədə istirahət etdim, çoxdan
arzusunda olduğum Venesiyaya üz tutdum, San-Marinoda gözəl günlər
keçirdim.
- Könül xanım, dəfələrlə müsahibələrinizdə
vurğrlamısınız ki, hər yeni yazdığınız şeir sizin yeni doğulan
"övladınızdır." Hansı "övladınızı" daha çox
sevirsiniz?
- Çox gözəl sualdır. Bütün kitablarım mənə əzizdir, onlar gərgin
əməyim, yuxusuz gecələrimin bəhrəsidir. Lakin mənə daha doğma olan
türk dünyasının əsrlərlə işğal olunmuş torpaqlarından bəhs edən
"Böyük işğal" romanımdır. Bu əsər 2001-ci ildə işıq üzü görüb və
artıq dörd dildə (Azərbaycan, türk, rus, ingilis) dərc edilib.
- Bu yaxınlarda aparıcı kimi özünüzü sınamaq istəyinizi
eşitdim.
- Hə, amma bu istəyim mən tam arıqlayana qədər baş tutmayacaq!
Düzdür, bir qədər arıqlamışam, amma efir incəliyi sevir. İdman
zalına üz tuturam, pəhriz saxlayıram ki, bu arzumu gerçəkləşdirə
bilim.