"Nazpəri Dostəliyeva mənim
dövlət tərəfindən verilən statuslarımı saxta adlandırıb, şərəf və
ləyaqətimi alçaldıb. Buna görə də o pulu qəpiyinə qədər
qaytarmalıdır".
Bunu APA-ya xalq artisti İlhamə Quliyeva deyib.
İ. Quliyeva N. Dostəliyevanın məhkəmə qərarını icra etmədiyini
bildirib:
"Sizin vasitənizlə Daxili İşlər nazirinə, Bakı şəhər Baş Polis
İdarəsinin rəisinə, Nərimanov rayon Polis İdarəsinin rəisinə
müraciət edirəm ki, bu işi nəzarətdə saxlasınlar. Nazpəri
Dostəliyeva mənə 20 min manat ödəməlidir. Bununla bağlı Ali Məhkəmə
qərar çıxarıb. Nazpəri Dostəliyeva deyir ki, heç kimdən qorxmur.
Onu yerində oturtmaq lazımdır. O, dilinin bəlasına düşüb, məhkəmədə
mənə uduzub, təzminatı mütləq ödəməlidir. Burda prinsip məsələsi
var".
İ.Quliyeva Pərviz adlı vəkilin onun sənədlərini qaytarmadığını
da bildirib: "Mənim Pərviz adlı vəkilim var idi. Sənədlərimi
istəyirəm qaytarmır, telefonlarımıza cavab vermir".
N. Dostəliyevanın vəkili Səyyad Mirzəyev isə APA-ya bildirib ki,
N. Dostəliyeva məhkəmə qərarlarına hörmətlə yanaşır və icra edir:
"Məhkəmə təkziblə bağlı qərar verib. Nazpəri xanım da ATV
telekanalında təkzib verib. Bundan əlavə, məhkəmənin təzminatla
bağlı qərarı da icra olunur. Nazpəri xanım bir dəfə mənim
iştirakımla beş min manat ödəyib. Sonra iki dəfə Nazpəri xanım özü
ödəniş edib. Lakin nə qədər ödədiyini dəqiq bilmirəm. Yaxın
vaxtlarda məhkəmənin qərarı tamamilə icra olunacaq və həmin pullar
ödəniləcək".
S. Mirzəyev bildirib ki, İlhamə Quliyeva və vəkili əsassız
ittihamlar irəli sürürlər: Məhkəmənin qərarında üzr istəmək
məsələsi yoxdur. Təkzib verilməsi ilə bağlı qərar var: "Həmin qərar
da icra olunub. Lakin onlar deyirlər ki, üzr istəməyib. Axı həmin
qərarda üzr istəmək yoxdur"
Qeyd edək ki, ötən il iyulun 23-də Ali Məhkəmədə xalq artisti
Nazpəri Dostəliyevanın xalq artisti İlhamə Quliyevaya qarşı
kassasiya şikayətinə baxılıb. Məhkəmə N. Dostəliyevanın İ.
Quliyevaya 25 min manat təzminat ödəməsi barədə qərar qəbul
edib.
Xatırladaq ki, İ. Quliyeva N. Dostəliyevaya qarşı iddia ərizəsi
ilə Nəsimi rayon Məhkəməsinə müraciət edib. İddiada İ. Quliyeva N.
Dostəliyeva tərəfindən şərəf və ləyaqətinin alçaldıldığını, işgüzar
nüfuzuna zərər vurulduğunu bildirib. İddiaçı cavabdehdən maddi
zərərə görə 200 min, mənəvi zərərə gör 500 min manat tələb edib.
Məhkəmə iddianı qismən təmin edərək N. Dostəliyevanın 50 min manat
cərimələnməsi və təkzib verməsi barədə qərar çıxarıb. Həmin qərarla
razılaşmayan N. Dostəliyeva isə apellyasiya şikayəti verib. Bakı
Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib. Həmin qərardan N.
Dostəliyevanın vəkili kassasiya şikayəti verib. Ali Məhkəmə isə
təzminatı 25 min manata endirib. Təkzib ilə bağlı məhkəmə qərarı
isə dəyişdirilmədən saxlanılıb.