Xalq aritsti İlhamə
Quliyevanın həmkarı Flora Kərimova haqda səsləndirdiyi fikirlər
mətbuatın əsas müzakirə mövzularından birinə çevrildi. Ardınca
Flora Kərimova açıqlama verdi və şübhəsiz ki, bu da səs-küysüz
ötüşmədi. Amma bu müsahibədə sənətkar təkcə sözügedən məsələ barədə
danışmayıb. Nazpəri Dostəliyeva ilə məhkəmə çəkişməsinə də toxunub,
vaxtilə deputatlığa namizədliyini verməsindən də, ona qarşı edilən
haqsızlıqlardan da...
Ölkə.az xalq artisti İlhamə Quliyeva ilə qısa müsahibəni təqdim
edir.
- İlhamə xanım, bir neçə gün öncə həmkarınız Flora
Kərimova barədə səsləndirdiyiniz fikirlər qarşı tərəfdən birmənalı
qəbul olunmadı...
- Mənimçün bu həyatda Flora adlı adam yoxdur. Sadəcə, mənim
mədəniyyətimdən, böyüklüyümdən irəli gəlib ki, verilişin
aparıcısının suallarına cavab vermişəm. Öz mədəniyyətimi,
böyüklüyümü göstərmişəm. Amma yer üzündə bir Flora qala, bir mən,
ömründə barışıq söhbəti ola bilməz. Çünki biz başqa-başqa
qurumların adamlarıyıq. Mən öz qurumumun şəxsiyyətiyəm, onun da öz
dəstəsi var. Bu insan ömründə dönüb ağıllı adam ola bilməz.
- Flora xanım açıqlamasında bildirib ki, siz bir
zamanlar onun övladları barədə nəsə demisiniz. Belə bir şey
olubmu?
- Dünyada anamın ruhu kimi müqəddəs heç nə yoxdur. Allahıma,
anamın ruhuna and olsun, heç nə deməmişəm. O, şər-böhtan atır. Heç
vaxt heç kimin övladına heç nə deməmişəm, demərəm də. Ananın nankor
olmağının övlada heç bir aidiyyatı yoxdur. Flora unutmasın ki, o,
mənə böyük bir məhkəməni uduzub və üç min manat cərimə olunub.
Fikrimdə tutmuşdum ki, o cəriməni bağışlayım.
- Fikrinizdən daşındınız?
- Bəli, indi qəpiyinə kimi həmin məbləği ondan alacam, hələ onun
canını da alacağam, gözünü də çıxardacağam. Övlad söhbəti bir
bəhanədir. Flora getsin, ağlına dua yazdırsın.
- Bəs Nazpəri Dostəliyevanın hazırda sizə nə qədər borcu
var?
- Mərəzəli Nazpəri? Yalandan deyir ki, şamaxılıyam, amma
mərəzəlidir, dilənçilik edir. Mənim onun beş-üç qəpiyinə ehtiyacım
yoxdur. Nazpərinin mənə 15 min borcu qalıb. Həmin məbləği gözləyən
yetim-yesirlər var.
- Yerdə qalan 15 min manatı bağışlamağınız mümkün
deyil?
- Onun kimi adamlara bir qəpik də bağışlamaram. Bir adamın
canını almaq istəyirsənsə, onun əlindən pulunu al. O bir parça
dilini rahat qoysaydı, bu məsələlər də ortaya çıxmazdı. Nə onu, nə
Floranı bağışlamıram. Günahları var, cərimələri var, qəpiyinədək
alacağam. Nazpəri mənə bütün məhkəmə instansiyalarını uduzub. Bu
adam Ali Məhkəmənin qərarını saymır. O nə karədir ki, Azərbaycanda
yaşaya-yaşaya dövlətin qanunlarını saymır? Məgər bu ölkədə
dərəbəylikdir? Necə olur ki, Novxanıda üçmərətəbli bağ tikdirə
bilir? Pulu yoxdursa, necə tikdirir? Hansı məşuqu o bağı
tikdirirsə, cəriməni də o ödəsin. Qurtardı.
- Bəlkə barışıq...
- (sözümü kəsir - İ.V) Bu qədər söz-söhbətdənsə, alçalmaqdansa,
gətirib pulu ödəsin. Məşuqu Sakit adlı adamdır. Əgər məşuqu o
pulları ödəməsə, bu adam haqqında prezidentə izahat verəcəyəm.
İşlər çox xarab ola bilər. Hələ susuram. Mənim pulum qəpiyinədək
ödənməsə, yuxarılarda onun məşuqunun adını çəkəcəyəm.
- İlhamə xanım, mən bilən Nazpəri Dostəliyevanın villası
var idi.
- Hazırda o villada tikinti gedir. O villanı sökdürəcəyəm. Çünki
həmin villa Nazpəriyə qanunsuz tikilir.
- Açıqlamalarınızdan bildirmişdiniz ki, artıq
taclarımdan imtina etmişəm. Bu nə ilə bağlıdır?
- O taclar mənə rəsmi şəkildə təqdim olunub. Mən həmin tacları
rəsmi tədbirlərdə taxmalıyam. Amma indi taxmıram, qoy taxanlar
taxsın, ya da gedib hərə öz papağını başına qoysun. Tac da
mənimdir, kreslo da. Hələ ki taclarımı taxmayacağam. Həmin mükafatı
dövlət tərəfindən aldığıma görə, borcumdur ki, rəsmi tədbirdə
taxım.
- Bir çox sənətkarlarımız var ki, həm də deputatdırlar.
Məsələn, Zeynəb Xanlarova hazırda Milli Məclisin üzvüdür. Bu il
növbəti parlament seçkiləri olacaq...
- Mən arzu edirəm ki, Zeynəb xanım bir daha millət vəkili
seçilsin, ömrünün sonunadək millət vəkili olsun. O, dəyəli və böyük
sənətkardı, özünə də, sənətinə də hörmətim sonsuzdur. Biz dostuq,
bir-birimizin xətrini çox istəyirik, dövlət tədbirlərində tez-tez
görüşürük, telefon ünsiyyətimiz də var. O, mənim dostumdur, hər
adamla dostluq edə bilməz.
- Siz də namizədliyinizi verəcəksiniz?
- Heç vaxt. Onsuz da millətin nümayəndəsiyəm, bəzi millət
vəkilləri mənim gördüyüm işləri görə bilmirlər. Mən onsuz da millət
vəkili səviyyəsində olan insanam. Öz layihələrim var. 4-5 il əvvəl
cənab prezident mənə demişdi ki, sənədlərini hazırla, millət
vəkilliyinə namizədliyini ver. Dedim çox sağ olun böyük insan, sizə
çox minnətdaram. Bir dəfə namizədliyimi verdim, keçdim də, mənə
qurğu qurdular da, cəzasını çəkdilər də. Adam bir dəfə palçığa
batar. Mən xalqımın millət vəkiliyəm. Birinci dəfə millət vəkili
seçildim və onun mandatı indiyədək mənim evimdədir.
- Namizədliyinizi haradan vermişdiniz?
- 2000-ci ildə seçkilərə qatıldım. Günorta saat üçdə artıq
deputat seçilməyim dəqiqləşmişdi. Sadəcə nankor, haram insanlar
axşam saat 7-də mənim bülletenlərimi yandırdılar. Səhərədək
yazıb-pozub, özlərinə iş qurdular və cəzanını da çəkdilər. Haramı
yemək olmur ki.
- Hansı dairə idi?
- Yasamal rayonunundan namizədliyini vermişdim, bu rayonun
sakiniyəm. Hamı da bilir ki, beş nəfər namizəddən ən çox səs
toplayanı mən idim. Onsaz da millət vəkillərinin görə bilmədiyi
işləri mən görürəm.