Latviyanın "Otkrıtıy qorod" jurnalının noyabr nömrəsində
baş redaktor Tatyana Fastın "Mersi, Bakı!" adlı məqaləsi dərc
olunub.
Azərbaycan səfirliyində müvəqqəti işlər vəkili Gəray Muradov və
AzərTac-ın xüsusi
müxbiri N.Hüseynova ilə görüşü zamanı Tatyana Fast vəd etmişdi ki,
V Bakı Beynəlxalq Humanitar Forumu haqqında Latviya oxucusuna
məlumat verəcək və Azərbaycan paytaxtına dair təəssüratlarını
bölüşəcək. O, vədinə sadiq qaldı.
T.Fast qeyd edir ki, Azərbaycan paytaxtının küçələrində
gənclərin çoxluğu diqqətini çəkib. Onlar cüt, yaxud qrup halında ya
ali məktəblərə, ya da işə tələsirdilər. Jurnalın baş redaktoru
yazır: "Elə bizim forum da gənclərin iştirakı ilə keçdi. Tələbələr
və gənc mütəxəssislər bütün iclaslarda və panellərdə iştirak
edirdilər. Dərhal görünürdü ki, Azərbaycanda demoqrafiya və
varislik məsələsində hər şey qaydasındadır. Yeri gəlmişkən, burada
gənclərin təhsilinə xüsusi diqqət yetirirlər. İstedadlı uşaqların
dövlət hesabına xaricdə təhsil almaq imkanı var".
Baş redaktor əmindir: Bakı öz rəngarəngliyi ilə fəxr edə bilər.
Ölkədə multikulturalizm dövlət siyasəti səviyyəsinə yüksəldilib.
Əsrlər boyu ölkədə məskunlaşmış polyaklar, almanlar, ruslar
haqqında Azərbaycanda danışmağı xoşlayırlar.
Müəllif qeyd edir ki, mədəniyyətlərin yanaşı yaşaması V Bakı
Beynəlxalq Humanitar Forumunda əsas mövzu oldu. Forumun ideyası
2010-cu ildə Prezident İlham Əliyev tərəfindən irəli sürülüb. O
vaxtdan dövlət başçısı və xanımı Mehriban Əliyeva tədbirin müntəzəm
iştirakçılarıdır. Forumda cari və sabiq dövlət başçıları, Nobel
mükafatı laureatları, alimlər, tanınmış jurnalistlər və beynəlxalq
münasibətlər sahəsində ekspertlər bir araya gəlir. Dünyada müəyyən
dövriliklə planetar miqyaslı intellektualların təxminən on iclası
keçirilir. Bakı Beynəlxalq Humanitar Forumu onlardan biridir.
T.Fast yazır ki, Humanitar Forumda jurnalistikanın
transformasiyası və münaqişəli dünyada onun roluna xüsusi müzakirə
həsr olunmuşdu. Müzakirədə dünya agentlikləri, Yaponiya,
Azərbaycan, İran, Xorvatiya, Türkiyə, Slovakiyanı təmsil edən
televiziya şirkətləri və nəşriyyatlar evlərinin rəhbərləri iştirak
edirdilər. Ekspertlər vahid mövqedən çıxış edərək bildirirdilər ki,
müasir jurnalistikanın taleyi tətbiqi yox, qlobal mövzudur.
İnformasiya dünyanı idarə edir. İnformasiya müharibələri dönməz
proseslərə səbəb ola və hətta real qarşıdurmalara gətirib çıxara
bilər.
Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) baş direktoru Aslan Aslanovun fikrincə,
"jurnalistikanın dramatik transformasiyası" baş verib. Onun
sözlərinə görə, texnologiya və gacetlər ənənəvi KİV-lərin
mahiyyətini radikal şəkildə dəyişib, şəbəkə jurnalistikası bu
sahədə getdikcə daha çox yer tutur. Peşəkar reportyor və
redaktorlar bu şəbəkənin yalnız həlqəsidir. T.Fast vurğulayır ki,
bununla belə, agentliyin rəhbəri hadisələrin dramatikləşdirilməsi
ilə razılaşmır. Onun fikrincə, şəbəkə jurnalistikasına mətbuatın
müstəqilliyinə və keyfiyyətinə təhlükə mənbəyi kimi yox, əksinə,
sərt korporativ nəzarətdən qurtuluş imkanı kimi baxmaq gərəkdir.
A.Aslanov əmindir ki, yeni trendlərə əhəmiyyət verməmək, onları
diqqətdən kənarda qoymaq olmaz, bu trendlərə yeni reallıq kimi
yanaşmaq və ondan peşəkar fəaliyyətdə istifadə etmək lazımdır.
"Otkrıtıy qorod" jurnalının baş redaktoru Azərbaycan paytaxtının
sakinlərini belə səciyyələndirir: "Bakılılar mehriban, ünsiyyətcil
və gülərüzdürlər. Görünür, buna səbəb günəşli ölkənin təbiətidir:
xoşbəxtlik hormonu olan serotonin riqalılarla müqayisədə
bakılılarda daha çoxdur. Yəqin ki, serotoninin yetərli olmasının
nəticəsidir ki, bütün şəhər əfsanələri məhəbbət hekayətləri ilə
bağlıdır. İçərişəhərin incisi olan Qız Qalasının tarixi "love
story"dir (məhəbbət hekayətidir). Əgər bir xeyriyyəçi əcnəbi opera
ulduzuna aşiq olmasaydı, möhtəşəm gözəlliyi ilə seçilən Bakı Opera
və Balet Teatrının binası da mövcud olmazdı. Elə müasir Bakının
küçələrində də tıxac yaradan toy kortejlərinə tez-tez rast gəlinir.
Amma bakılılar deyinmir: "Azərbaycanda ailə müqəddəsdir".
Tatyana Fast Bakı barədə təəssüratlarını bölüşərək yazır ki,
sentyabrın sonunda Dənizkənarı Bulvarın yaşıllığı hələ də yayı
xatırladırdı, halbuki şəhər payızın işgüzar həyatı ilə yaşayırdı.
Deyirlər, Bakıda o qədər tikinti gedir ki, hər il bura gələndə
şəhəri tanımaqda çətinik çəkirsən. "Mən Bakıya 13 il əvvəl
gəlmişdim və əlbəttə şəhəri tanımadım. 2003-cü ildə yarımçıq
çoxmərtəbəli binalarda hələ də qaçqınlar məskunlaşırdı, yollar isə
çala-çuxur idi. Bu səfərim zamanı isə binalar səliqəsi, küçələr
təmizliyi, göydələnlər inanılmaz ölçüləri və konstruksiyası ilə
Birləşmiş Ərəb Əmirliklərindən, şıq otel və avtomobillər istənilən
Avropa paytaxtından geri qalmırdı", - Tatyana Fast belə yazır.