97 yaşında – yatağında, qəfildən öləcəyini demişdi.
Babasının ölüm yaşında.
Bir müddətdir əziyyət çəkdiyi xərçəng xəstəliyi aman vermədi. Ancaq
türk kinosu tarixinə adını yaza bildi. Özü də böyük hərflərlə!
Tarık Akan 1949-cu ilin 13 dekabrında, İstanbulda dünyaya göz açıb.
Üçuşaqlı ailənin ən kiçiyidir. Əsl adı isə Tahsin Tarık
Üreyildir.
Zabit atası Yaşar bəyin ordudakı vəzifəsinə görə Ərzurumda
başladığı ibtidai sinifi Kayseridə başa vurur, atası təqaüdə
çıxdıqdan sonra İstanbula köçürlər. Mühəndislik və jurnalistlik
təhsili alır.
Kino karyerasına qədər Bakırköy çimərliklərində xilasedicilik və
xırda-xuruş satıcılığı ilə məşğul olur.
1970-ci ildə kino aktyorluğu müsabiqəsinin qalibi olur və 1971-ci
ildə "Solan bir yaprak gibi" filmiylə kinoya ilk addımını atır. Bu
tarixdən sonra da Tarık Akan adından istifadə edir və bu adla
tanınır. O, ömrünün sonuna kimi 111 filmə çəkilir.
Tarık Akan Əziz Nesin Vəqfinin rəhbəri olur, kinonun vəziyyətinin
çətin olduğu 1975-80-ci illərdə taksi sürücülüyü ilə pul
qazanır.
Siyasi hadisələrin yaşandığı 12 Sentyabrda 12 il həbs cəzası alır,
ancaq 1 il yarım həbsdə qaldıqdan sonra azad edilir.
2002-ci ildə "Anne, kafamda bit var" adlı kitab çap etdirir və bu
kitabda 12 Sentyabr çevrilişindən sonra yaşadıqlarını qələmə
alır.
Şəxsi həyatı sarsıntılı keçən aktyor 1986-cı il avqustun 6-da
Yasemin Erkutla evlənir və bu evlilikdən üç uşağı olur. Ancaq üç
ildən sonra boşanır, sonra yenidən ailə qurur. Ötən il xərçəng
xəstəliyi tapan Tarık Akan həyatının son illərini Bodrumdakı
bağında yaşayır və ömrünü burda baş vurur.
Teleqraf.com
aktyorun Türkiyə mətbuatına verdiyi müsahibələrdən birini təqdim
edir:
– Kino karyeranıza "Yeşilçam" filmlərinin əsas kişi aktyoru
olaraq başlamısınız. Ancaq daha sonra yolunuz dəyişdi və "Mədən",
"Sürü", "Yol" filmlərində çəkildiniz. Bu dəyişmə necə
oldu?
– 1970-cı ildə kinoya gələndə ancaq yaraşığıma görə salon
filmlərində oynadım. O vaxt aktyorluğun, sənətin nə olduğunu
bilmirdim. Hər il təxminən 12 filmə çəkilirdim. Aradan dörd il
keçəndən sonra öz-özümə fikirləşməyə başladım: varlı ailənin uşağı
rolunu oynayıram, ancaq mən elə deyiləm axı. Elə böyüməmişəm də.
Varlı sinfinə bələd deyiləm. Bütün bunları içimdə sorğu-sual
edəndən sonra narahat olmağa başladım. Həyatımı dəyişdirən
adamlardan biri də Vasif Öngörəndir. O, Brexti ən yaxşı bilən,
sosialist adam idi. Gecəm-gündüzüm onunla keçməyə başladı. Hər şeyi
ondan öyrəndim.
"Yeşilçam"ın yeddi böyük şirkəti mənə etiraz etdi. Salon filmləri
çəkmək istəmədiyim üçün Ertem Eyilmez ("Hababam sınfı"nın
rejissoru) mənə qadağa qoydu, "Ac qalıb, mənim dediyimi edəcəksən",
– dedi. Ancaq mən inad elədim. Heç bir film təklifi gəlmirdi. Bir
il boyunca yığdığım pulları da xərcləyib qurtardım. Elə bu vaxt
"Mədən " filminin təklifi gəldi, böyük bir iş bacardıq və mənə
embarqo qoyan şirkətlərin ağzı açıq qaldı.
– Gülşən Bibikoğluyla bir-birinizə yaraşırdınız. Ona aşiq
olmamışdınız ki?
– Salon filmləriylə yolu ayırandan sonra Gülşənlə eyni filmlərdə
qarşılaşmadım. Çünki ondan bir kənd qızı, Anadoluda yaşayan bir
qadın tipi yaratmaq çətiniydi. Ona görə də əlaqələrimiz qopdu. Aşiq
olsam da, olmasam da bunu deyə bilmərəm. Sevgi həyatımdan danışmaq
mənə yaraşmaz. Sevmədən heç nə gözəl olmur. Sevgin çoxalanda eşq
başlayır. Bir insanın içində nə qədər çox sevgi varsa, o qədər çox
xoşbəxt yaşayar.
– Yaxşı, gündəmdə daha çox canınızı sıxan
nədir?
– Hər gün şəhid xəbəri almaq məni çox üzür...
– Sizi ən çox nə narahat edir?
– İnanc məsələsinin bu qədər siyasətin içində olması. Dünyəvilik
olmadan demokratiya olmaz. Dünyanın heç bir konstitusiyası da bu
iki şeyin bir yerdə olmasına, bu qədər açıq ifadə edilməsinə icazə
vermir. Qadağandır. Heç kimdə günah yoxdur. Hamısı ABŞ-ın və Avropa
Birliyinin ölkəmizdə rahat şəkildə at oynatmağından irəli
gəlir.
– Yəni?..
– İnanc məhrəm bir şeydir.
– Sizi inanclı insan hesab etmək olar?
– Anam gündə 5 dəfə namaz qılar, eyni zamanda, makiyaj edər, saçını
boyayardı. Nənəm də eləydi. Bacım da namaz qılardı. Mən belə bir
ailədə yetişmişəm. Bütün inanclı insanlara hörmət edirəm. Amma
siyasətin içinə qarışdığı an ona qarşı çıxıram. Təkcə islam üçün
demirəm, xristianlıq da olsa reaksiyam eyni cür olar.
Mən də inanclıyam, amma bunu hər kəsin bilməyinə ehtiyac yoxdur.
İnsan münasibətlərində və siyasətdə mənim inancımın yeri
yoxdur.
– Bu yolda başınıza gələcəklərdən
qorxmursunuz?
– Xeyr. Heç vaxt heç nədən qorxmamışam. Hər şey bu ölkə üçün.
Yılmaz abi (Rejissor Yılmaz Güneyi nəzərdə tutur) və mənim kimilər
bu yolda başımıza nə gələcəyini bilirdik. Gedərəm yaxşı da içəridə
yataram, nə olacaq ki?
– Yaşadıqlarınızdan nə öyrənmisiniz?
– Mənim öz həqiqətlərim var və onlardan heç vaxt dönmərəm. Bu günə
kimi nə etmək istəmişəmsə, etmişəm.
– İçinizdə qalan arzu varmı?
– İçimdə bir ağrı var. Hər yaşın özünə görə bir hədəfi, bir başqa
qaçış sahəsi və başqa rəngi var. Mən indi nöqtəni qoymaq
üzrəyəm.
Həqiqətləri dərk edəndən bu günə qədər həmişə özümü sorğulamışam.
Özünü sorğulayan bir xarakterə sahibəm. Əvvəlcə özümü, sonra
başqasını günahlandırıram. Doğru deyilən bir şey yoxdur, o, hər an
dəyişə bilər. Ancaq mən heç vaxt dəyişmərəm.