Yəqin ki, Türkiyə və Azərbaycanda məşhur olan "Üsyan"
mahnısını hər kəs xatırlayır. Tanınmış müğənnilərin ifasında
səslənən bu mahnıya simli alət ifaçıları da müraciət etdilər. Lakin
onların çox az qismi sevildi. Ancaq "Üsyan"ın ifasını Aşıq
Səbuhinin sazla müşayiətində ayrı bir üsyan oldu. Bu yaxınlarda isə
onun daha bir yeni uğura imza atdığını eşitdik. Odur ki, bu yeni
xəbəri Axar.az-ın oxucuları ilə bölüşməyə qərar
verdim.
- Səbuhi bəy, yeni "Toy eyləyək" mahnınız işıq üzü
görüb. Dinlədim və çox bəyəndim. Əslində, adı toyla bağlı olsa da,
özü sevgidən bəhs edir.
- Təşəkkür edirəm. Elə sevginin təməli ailədir. Bu mahnı da
sevənlər üçündür. Şən əhval-ruhiyyəyə köklənən bir mahnıdır. Yəni,
əsl toy üçündür.
- Şən əhval-ruhiyyə demişkən, lirik mahnı janrına da
toxunursunuz hərdən. Misal üçün, məşhur "Üsyan"...
- Hə, "Üsyan" gözəl olduğu qədər də qəliz mahnıdır. Musiqisi
Halil Sezaiyə, aranjimanı isə Nail Yusifova məxsus bu mahnı mənim
ifamda həqiqətən də çox bəyənildi.
- Bu gün Azərbaycanda kifayət qədər tanınan aşıqlar
çoxdur. Səbuhi bəy, Azərbaycanda aşıq yaradıcılığında kimi birinci
görürsünüz?
- Aynur xanım, suala görə sizə dərin təşəkkürümü bildirirəm.
Axar.az saytı hər bir zaman mənim yaradıcılığımla yaxından
maraqlanıb, sizə və kollektivinizə işlərinizdə uğurlar arzulayıram.
Mən Azərbaycan aşıq yaradıcılığında ustad Aşıq Kamandarı özümə
ideal və müəllim seçmişəm. O şəxs mənim üçün aşıq yaradıcılığında
birincidir.
- Müasir sənət incilərinin tükəndiyi bir məqamda
aşıqların aşıq sənətinə bayağı yanaşması düzgündürmü?
- Qətiyyən bu fikirlə razı deyiləm. Zaman inkişaf edir və hər
bir sahə inkişaf etdikcə öz intibah dövrünü yaşayır. Məncə, aşıq
yaradıcılığının da inkişafı təqdirə layiqdir. Amma təəssüflər olsun
ki, hər bir sahədə olduğu kimi, bizim sənətdə də bayağı ifalar var.
Biz onların düzəlişi üçün əlimizdən gələni edirik. Bir məsələ də
var ki, bu bayağılığın yaranmasında əsas səbəb cəmiyyətimizdə bir
təbəqə insanın tələb və istəkləridir. Efiri açırsan və elə
səviyyəsiz insan və ifalar görürsən ki, sadəcə olaraq həmin an
kanalı digəri ilə əvəz etməkdən başqa əlindən bir şey gəlmir. Amma
diqqətli olsaq, görəcəyik ki, o ifaçıların tamaşaçıları da elə
özləri kimi zövqsüzdür. Mən belə durumun qəti şəkildə əleyhinəyəm.
Bizim kifayət qədər səviyyəli və savadlı ifaçılarımız var. Allah bu
ağır və çətin yolda onlara yar olsun. Çünki bu sənət bizim gənc
aşıqların sayəsində yaşayır və nəsildən-nəslə ötürülür. Bu danılmaz
bir faktdır və biz bu həqiqəti istəsək belə, inkar edə
bilmərik.
- Sənət qazanc üçündür, yoxsa burada əsas yaradıcılıq
nəzərdə tutulur?
- Əslində, yaxşı sənət hər bir zaman sənətçiyə maddi qazanc
gətirib. Çünki həmin sənətçi sənəti üçün can yandırıb. Bir daha
qeyd edirəm ki, hər bir sahədə belədir; əgər sənətini sevərək
təqdim edirsənsə, o zaman sənət də səni yaşadacaq. Amma təəssüflər
olsun ki, bu gün sənətə ancaq maddiyyat əldə etmək üçün yiyələnmək
istəyənlər də az deyil. Çox pis haldır ki, bu gün saz sənətinə
yiyələnmək istəyən gənclərin çoxunun düşüncəsi məhz belədir. Təbii
ki, hamı eyni deyil və sənətin dərinliyini mənimsəmək istəyən
qabiliyyətli gənclərimiz də var. Valideynlərin də bu vəziyyətin
günahı çoxdur. Əgər valideyn övladını saz məktəbinə yazdıranda: "Ay
bala, sazı pula görə yox, sənətə görə öyrən" desə, o zaman nəticə
də mükəmməl olar.
- Sənətinizdə nə kimi yeniliklər var?
- Sənətimdə çox yeniliklər var; bu yaxınlarda "Üsyan" adlı
musiqimə çəkilən klipi tamaşaçıların ixtiyarına verdim. Məni
sevənlərin qarşısına tam yeni janrda olan bir ifa ilə çıxdım və
şükürlər olsun rəbbimə, çox gözəl qarşılandı. Eyni zamanda, yeni
"Toy eyləyək" adlı mahnımı təqdim etdim. Hamı məni instrumental saz
ifaçısı kimi tanıyır, lakin bu dəfə pərəstişkarlarım müğənniliyimin
də şahidi oldu. Aşıq havalarını el məclislərində oxuyurdum, amma bu
dəfə bəstəkar mahnısını sınaqdan keçirdim. Qeyd edim ki, təqdim
etdiyim mahnının musiqisi özümə, sözləri gənc şair Fuad Əhmədə,
aranjimanı isə "Sevən ürəklər" qrupunun solisti Nail Yusifova
məxsusdur. Hal-hazırda albom üzərində çalışıram.
- Sənətlə neçə ildir məşğulsunuz?
- Uşaqlıqdan bu sənətdəyəm və 21 il desəm, yanılmaram. Ustad
məktəbini bitirdikdən sonra, artıq professional səhnəyə çıxdım.
Allahın izni ilə də sənətimi davam etdirirəm. Müəllimim Gədəbəy
aşıq məktəbinin tanınmış aşıqlarından sayılan ustad Aşıq Zirəddin
Hüseynov olub. Yəni mənim saz məktəbim qərb aşıq saz məktəbi hesab
edilir.
- Sizin fikrinizcə, əhval-ruhiyyədən asılı olmayaraq,
istənilən vaxt gözəl saz havası ifa etmək olarmı?
- Bəli, təbii ki, olar. Niyə də yox? Günü bu gün mən sazda öz
aşıq havalarımızla yanaşı bəstəkar mahnıları, öz bəstələdiyim
musiqiləri də ifa edirəm. Və bu ifalarım həyatımın kədərli və ya
sevincli anlarında baş verə bilər. Və əbəs yerə mahnılarım dünyanın
tanınmış radiolarında radio-hit paradlarında ilk yerləri tutmur. Bu
mənim və Azərbaycan aşıq yaradıcılığının uğurudur. Azərbaycanda
sazı ilk dəfə müasir tərzdə sintez edən məhz mən olmuşam və bununla
da fəxr edirəm.
- Bu gün Azərbaycanda aşıq sənəti üçün xüsusi məktəb
varmı?
- Bəli var. Əyalətlərdə və paytaxtımızda belə məktəblər çoxdur.
Elə mənim özüm də Sumqayıt şəhərində "Dastan" adlı saz məktəbi
yaratdım ki, tələbələrim olsun, saz alətinin sehrinə onlar da
yiyələnə bilsinlər. Sumqayıt şəhərində saz-söz həvəskarları
yetərincədir. Mənim məktəbimdə təhsil alan bu cür gənclər çoxdur.
Tələbələrimlə fərdi şəkildə şəxsən məşğul olurdum, lakin sonradan
qərara gəldim ki, rəsmi şəkildə bir məktəb yaradım. İnşallah, yaxın
zamanlarda tələbələrimlə birgə yeni layihələrimi izləyə
biləcəksiniz.