Tanınmış muğam ifaçısı,
Əməkdar artist Almaz xanımla budəfəki görüşümüz onun yeni ev aldığı
günlərə düşdü. Onun təzə mənzilini çətinliklə də olsa, axtarıb
tapdım. Qapını üzümə oğlu Azər açdı. Mənzilin yüksək zövqlü dizaynı
və mebel dəsti nəzərimdən qaçmadı; təbii ki, bütün bunlar Almaz
xanımın zövqünə uyğun hazırlanıb. Ev sahibəsi məni həmişəki
mehribanlığı ilə qarşıladı.
- Nəhayət ki, ev probleminiz həll olundu!
- Sağ ol, Aynur, bilirsənmi, mənim üçün ən böyük rahatlıq məhz
evin olmasıdır. İnsan ailədən bir cür zövq alır, sevgidən bir cür.
Amma evin və şəraitin yaxşı olması insan üçün ən böyük şərtlərdən
biridir. Yeməyin az, çətinliyin çox ola bilər, amma ev şəraiti
sənin həyatında birinci olmalıdır. İnşallah, yeni evdə yeni
arzularım həyata keçər.
İfadan çox bədən quruluşu...
- Almaz xanım, bu günlərdə Gülüstan sarayında Bakı
Dövlət Universitetinin 95 illik yubileyinə həsr olunmuş ziyafət
gecəsində çıxışınız zamanı fikir verdim ki, masamız ətrafında
nüfuzlu xanımlar sizin ifanızdan çox bədən quruluşunuza diqqət
yetirir.
- Doğrudan? Sən Allah pisləmirdilər ki?
- Tam əksinə. Hər kəs sizin arıqlayaraq son dərəcə əla
görünüş aldığınızdan danışırdı.
- Nə yaxşı!
- Hə, davamlı yemək sifariş verən bu xanımlar deyirdilər
ki, sağ əli bizim başımıza, görəsən nə edib, bu qədər
arıqlayıb?!
- Hə, düz deyirsən, bax, əsas şərt odur ki, özünü yeməkdən
saxlaya biləsən. Onlara demək istəyirəm ki, yeməsinlər, mənim kimi
arıqlayacaqlar. Bildiyiniz kimi, əvvəllər mən də kilolu xanım idim.
Vallah, incəlik sağlamlıqdır. İnanın mənə. Onlara bir sirr açım:
axşam saat yeddidən sonra yemək yeməsinlər, bol-bol ağartıdan
istifadə etsinlər. Ən əsası isə heç kəsə paxıllıq etməsinlər.
Bilirəm, xanım üçün dolu bədənli olmaq ən böyük dərddir, amma
qəlblərində paxıllıq hissi olsa, arıqlaya bilməyəcəklər.
Zamanları ancaq həsəd hissinə ayrılacaq. Amma insanları sevsələr
və onların qarşısına gözəl görkəmdə çıxmağı düşünsələr, bütün
işləri əla olacaq.
Əlbəttə, sevirəm...
- Sevgi demişkən, Almaz xanım sevirmi?
- Əlbəttə, sevir. Sevgisiz yaşamaq mümkün deyil! Almaz xanım da
vətənini, ailəsini, övladını, həyatı sevir. Tamaşaçı olduqca
həssasdır. Əgər biz müğənnilər ifamıza sevgi qatmasaq, tamaşaçı onu
dərhal hiss edəcək.
- Heç tamaşaçılardan sizə eşq elan edəni
olubmu?
- Ay Allah, o qədər olub, sayı-hesabı yoxdur! Amma bu mənə
yalnız əsəb gətirir. Qətiyyən bu halla qürrələnmirəm. Təsəvvür edin
ki, bir insan sənin daxili dünyanı tanımadan ilk dəfə görür və
dərhal sevgisini bəyan edir. Məncə, bu, normal hal deyil!
- Bəlkə bu qəfil sevgi etirafları sənətinizə
vurğunluqdan irəli gəlir?
- O zaman sənətimdən danışsınlar, özümdən yox!
Amma yenə də özümü itirmədim...
- Almaz xanım, sizi hər zaman təmkinli xanım kimi
tanımışam, gerçəkdə eləsinizmi?
- Elə anlar olur ki, həddindən çox əsəbi oluram. Daha əvvəlki
təmkin də qalmayıb. Çox çətin illər yaşadım; əvvəl atamı, sonra
anamı və cavan qardaşmı itirdim. Təbii ki, insan həyatında baş
verən bütün hadisələr onun əsəb sisteminə təsir edir.
- Bəs xoş və ya gülməli hadisələr necə,
olubmu?
- Əlbəttə, olub. Elə götürək iştirak etdiyim universitet
ziyafətində baş verən gülməli əhvalatı. Deməli, duet ortağım Səbuhi
İbayevlə çıxış edirəm. Səbuhinin isə yaddaşı olduqca zəifdir; mahnı
sözlərini yadında saxlaya bilmir. Canlı musiqi səslənir, "İrəvanda
xal qalmadı", ikinci bəndi bərabər ifa etməliyik, amma Səbuhi
mahnını tamam başqa sözlərlə oxumağa başlayır. Çaşıb qaldım. Hələ o
bir kənara, az qala özüm də mahnı sözlərini unutmuşdum. Bir təhər
mahnını sona qədər ifa edib, pərdə arxasına keçdim və o ki var
güldüm.
Qara paltarlı...
- Səhnədən danışdıq. Səhnə geyimləriniz və sizi tanıyan
bir insan kimi deyərdim ki, elə gündəlik geyimlərinizdə də olduqca
ciddi tərzə üstünlük verirsiniz. Ümumiyyətlə, qara rəngə meylinizi
necə izah edərdiniz?
- Qara rəngdə insan incə, arıq görünür. Amma geyimlərə gəldikdə,
ciddi geyimlərə ona görə üstünlük verirəm ki, səhnədə bir qədər
açıq- saçıq paltar geyinsəm, inanın, fikrim qalır paltarımın
yanında. Mahnını ifa edə bilmirəm. Odur ki, hər zaman ciddi və
qapalı geyinməyə çalışıram.
- Bir çox həmkarlarınız açıq-saçıq geyimlərə üstünlük
verir. Onlara məsləhətiniz nədir?
- Onların şəxsi işidir. Əgər yaraşırsa, geyinsinlər. Amma
əndazədən çıxmamaq şərti ilə. Unutmasınlar ki, bizi milyonlarla
insan izləyir.
- Bəs həyatı hansı rəngdə görürsünüz?
- Həyat mənim üçün güllü, çiçəklidir. Çətin anlarımda isə
həyatımı daha çox tünd rənglərdə hiss edirəm. Bəzən o, ağ-qara da
olur; bu hal nostalji xatirələrin üstümə hücum etdiyi vaxt baş
verir. Ümumiyyətlə, rənglərlə bağlı inanclara çox inanıram.
Sizə bir hadisə danışım. Bir qırmızı pul kisəm var idi. Hiss
edirdim ki, çox bərəkətli pul kisəsidir. Elə bir vaxt olmurdu ki,
onun içi boş olsun. Bir gün onun köhnəldiyini hiss etdim və təzə
pul kisəsi ilə əvəz etdim. Və uzun müddət yeni pul kisəmə bir qəpik
belə gəlmədi. Yenidən təzə pul kisəsini bir kənara atıb, köhnə
qırmızı pul kisəsini qaytardım çantama; əvvəlki kimi ruzim
yaxşılaşmağa başladı.
- Yadımdadır, 2002-ci ildə bütün Azərbaycan daha çox
ifanızda səslənən "Dönə-dönə" mahnısını dinləyirdi.
- Bəli, doğrudur. Sözləri İkram Əliyevə, musiqisi Rəvan
Habiloğluna məxsus bu mahnı doğrudan da bir "partlayışa" səbəb
oldu. Hal-hazırda hansı məclisə gedirəm, o mahnı tələb olunur. Bu
yaxınlarda sevilən mahnını Sahib İbrahimoğlunun aranjimanında
yenidən dinləyicilərin ixtiyarına verəcəm.
- Aradan uzun illər keçib. "Dönə-dönə"ni üstələyə
biləcək mahnı olmayıb yəni?
- Yox. O ruhu, o hissləri tapa bilmirəm. Ona görə də ürəyimi
muğamlarla soyuduram.
- Bir çox aktyor və müğənnilərimiz dolanışıqdan şikayət
edərək xaricə üz tutur. Dəvət alsanız, siz də razı
olardınızmı?
- Mən tez- tez xarici səfərlərdə oluram: dəfələrlə Almaniyada,
Norveçdə olmuşam. Almaniya diasporunun rəhbəri Ramin müəllimdən
yenidən konsert çıxışı ilə bağlı dəvət almışıq. İrana həftəlik
"Xanımlar üçün konsert" ziyafət gecəsinə dəvətliyəm. Amma maraqlısı
budur ki, xaricdə uzun müddət qala, Azərbaycansız yaşaya
bilmirəm.
Mənim üçün əsas övladım üçün qoyduğum
addır...
- Hansı ifalar ruhunuza daha yaxındır?
- İfa etdiyim bütün mahnılar ürəyimdən bəhrələnir. Bütün
ifalarım ruhuma yaxındır. Mən səmimiyyətimlə, gözəl ifamla
sevilirəm. Bir çoxları geyim tərzi ilə, yaxşı pul qazanmaqları ilə
gündəmdə olur. Amma mənim üçün əsas hesab edilən övladım üçün
qoyacağım addır. Arzum belədir ki, mən həyatda olmayanda, ifamı
dinləyən insanlar desinlər: "Allah rəhmət eləsin, gözəl
oxuyub".
Var gücümlə çalışıram ki, xalqın əmanəti hesab edilən muğamı
layiqincə insanlara çatdırım.
- Gənc müğənnilərdən kimləri bəyənirsiniz?
- Zamiq Hüseynovu dinləyirəm, Eltonu, Abbas Bağırovu. İlqar
Muradovun ifasını çox sevirəm.
- Bəs yaşlı nəsildən?
- Yaşlı nəsildən müəlliməm, dahi sənətkar Şövkət xanım
Ələkbərovanı, Rübabə Muradova və gözəl sənətkar Arif Babayevi
dinləyirəm.
Oğlum general olacaq...
- Oğlunuzun sənət yolunuzu davam etdirməsini
istərdinizmi?
- Xeyr. Qətiyyən. Bizim sənət psixoloji baxımdan olduqca
ağırdır. Oğlum buna tab gətirə bilməz. Həm də onun öz arzusu var:
general olmaq!