Həmid Herisçinin istər bədii
mətnləri, istərsə də publisistik məqalələri daim ictimaiyyət
tərəfindən maraqla qarşılanıb. Onun mistikası, hadisələrə, qaranlıq
məqamlara fərqli yanaşması çox vaxt ədəbi cameədə müzakirələrə
səbəb olur.
Axar.az tanınmış yazıçı Həmid Herisçi ilə onun yeni yaradıcılıq
planları haqda söhbət edib.
Mənə "hə" deməyə məhkumsunuz
- Sizi necə təqdim edim? Yazıçı, TV jurnalisti,
mistik... yoxsa?..
- Solaxay kimi. Ötən il çapdan çıxmış eyniadlı romanın
müəllifiyəm. Efirdə mikrofonu həmişə solaxay tutmuşam. Solaxaylıq
bədii istedadımın qaynağı, mənbəyidir... Solaxay olsam da,
yaradıcılığımın əvvəlki dövrü sağ əlli olub. Məktəbdə məndən sağ
əllə yazmaq tələb olunurdu. 2013-cü ildən qayıtdım kəndimə – keçdim
sol əllə yazmağa. Nəticələr göz önündədir. Bütün yazarlarımıza da
məsləhət görərdim ki, sol əllə yazmağa başlasınlar... Möcüzələr,
qeyb aləminə səyahətlər bu nöqtədən başlayır. Necə deyərlər, bundan
sonra Qərib düşür cinlər diyarına. Əsil ədəbiyyat, mistika elə bax
bu mərhələdən sonra başlayır...
Adım "Hə-mid"di
- Daim sirli görünürsünüz...
- Doğru müşahidədir. İnanın, özüm üçün sirrəm. Gec-tez hamı
açdığım meydana, mətbuata atdığım sirlərə "hə" deyəcək. Adım
"Hə-mid"di. Yəni adımı dilinizə gətirsəniz, istər-istəməz əvvəlcə
mənə "hə" deməyə məhkumsunuz.
Qəfildən məni sanki ildırım vurdu
- Gəlin, mücərrəd deyil, real sirlərdən
danışaq.
- Danışaq... Qədim Azərbaycanda bir cür sirli adamlar vardı –
yuxudaykən bir də gördün torpaq altda qalmış bir məscidin,
tikilinin dəqiq coğrafi yerini aşkarladılar. Sonralar bu ünvanlar
xalq tərəfindən qazılır, tapıldıqda pir, ziyarətgah elan
edilirdilər. Xahiş edərdim ki, dediklərim simanızda təbəssüm
yaratmasın. Oxşar təcrübələr digər başqa xalqlarda da mövcuddur.
Qərbdə bu cür oxşar sirli insanlara "stalker" deyilir. Şəxsən mən
də belə yuxu görmüşəm. Ancaq sənətimə, özümə uyğun şəkildə.
- Yəni siz də yuxuda itmiş bir əşyanın, yaxud binanın,
məscidin dəqiq coğrafi koordinatlarını tapmısınız?
- Tapmışam, bəli. Ancaq mənim bu sirli yuxum azca fərqliydi. Bir
gün ANS-in montaj otağında "Şəxsiyyət vəsiqəsi" verilişini özüm
montaj edir, ssenariyə daxil edəcəyim bəzi köhnə kadrları gözdən
keçirirdim. Baxdığım film, həəə, 1969-cu ildə lentə alınmış
möhtəşəm "Sevil" film operası idi... Qəfildən məni sanki ildırım
vurdu, üzərimə yağış yağdı. Filmin beşinci, yaxud altıncı
dəqiqəsində gördüyüm məscid binası məni təəccübləndirdi...
Novxanıdakı indi xaraba qalmış "Şah Sultan Hüseyn" pirinin ilkin,
hələ dağılmamış siması ekrandan üzümə baxırdı... Qeyd edim ki,
vaxtilə Məhəmməd Əmin Rəsulzadənin atası Ələkbər kişi bu məsciddə
axundluq edib. Vaxtilə Stalini də bizim Rəsulzadə bu ünvanda çar
cəlladlarından gizlədib... Neçə vaxtdır ki, heç kim bu abidənin
ilkin görkəmini tapıb bərpa üçün eskizlərini hazırlaya
bilmirdi...
Sizi 9 ay dramatik, əsəbi anlar gözləyir...
- Demək istəyirsiniz ki, siz yuxuda olmasa da, filmdə
həmin məscidin ilkin simasını tapıb, gələcək bərpaçıların işini
xeyli asanlaşdırmısınız?
- Bəli. Nə fərqi var? Biri bunu yuxuda görür, digəri filmdə...
Yaxşı ki, mən bunu filmdə gördüm – yuxuda görsəydim, mənə kimsə
inanmazdı...
- Tarixi şəxsiyyətlərdən kimi özünüzə yaxın və oxşar
hesab edirsiniz?
- Düzü, mən özümü sehrli çırağı tapmış Ələddinə oxşadardım
indi.
- Nəyə görə məhz Ələddin?
- Əvvəla, o da stalkerdi. Yəni itmişləri tapandı. Bu istedadı
özümdə həmişə hiss etmişəm... Tapıntılarım çox olub. Bu səbəbdən
indi "Dəfinələr" adlanan telelayihə üzərində işləyirəm. İstəyirəm
ki, stalker, Ələddin fenomenindən istifadə edərək öz sehrli
çırağımı tapım. Mövzu sadədir – Azərbaycan ərazisindəki dəfinələr,
xəzinələr. Bu barədə xalqın bildikləri, gizlətdikləri. Dəfinələri
axtararkən həm stalker istedadımı işə salacam, həm də qızılaxtaran
cihazları... Qısası, efiri izləyin... Sizi 9 ay dramatik, əsəbi
anlar gözləyir... Verilişin əvvəli səyyardır. Sonra çəkilişlər,
tapıntılar studiyaya gətirilir, ekspert və qonaqların müzakirəsinə,
öhdəsinə buraxılır... Verilişdən verilişə təkrarlanan şüarımız,
sloqanımız budur:
"Dünya malı dünyada qalar. Kimsə özüylə o dünyaya
beş metr bezdən artıq heç nə apara bilməyib. Çingizxanların
xəzinələri, dəniz quldurlarının basdırdığı dəfinələr,
şirvanşahların xəzinəsi haradasa buralarda, lap yaxındadır. Gəlin
bu dəfinələri birlikdə axtaraq".
Sehrli çırağı hamı tapmaq istəyir
- Verilişin ideya müəllifi sizsiniz. Bəs bədii rəhbər
kim olacaq?
- Etibar Babayev – Teleakademiyanın rektoru, peşəkar TV
mütəxəssisi. Sükanı onun ixtiyarına vermişəm. Bədii rəhbərimiz
odur. Layihə çox nəhəng və həm də səyyar olduğuna görə, xüsusi
texniki hazırlıq istəyir. Nəzərə alın ki, verilişin axırlarında
studiya çəkilişləri də olacaq. Tapıntılarımız ekspertlər şurasının
müzakirəsinə təqdim olunacaq.
- Və yuxuda pirləri, ziyarətgahları tapan kəşfi-kəramət
sahiblərinin işini davam etdirəcəksiniz?
- Müəyyən qədər. Mənə uyğun şəkildə. Sehrli çırağı hamı tapmaq
istəyir, amma onu ancaq Ələddin, yəni Stalker – Həmid Herisçi tapa
bilər. Verilişin ssenariləri artıq hazırdır. Səyahətlərimizin
coğrafi marşrutunu cızmışıq. İlk çəkilişlər 1-2 ay vaxtımızı
alacaq. Efirdə ilin axırındayıq.
Şou-biznes ulduzlarının çiyinlərini yerə
vuracam
- Belə başa düşdüm ki, verilişin anonsları tezliklə
efirdə görünə bilər?
- Əlbəttə. Verilişimiz güclü reklam kampaniyası ilə müşayiət
olunacaq. İndiyəcən intellektual verilişlərlə Azərbaycan TV
məkanında ad çıxarmışdım. Bu sahədə özümə rəqib görmürəm. Amma
"Dəfinələr" verilişi ilə mən şou-biznes ulduzlarının çiyinlərini də
yerə vuracam. Şou- biznes dəllallarının geniş auditoriyasını
oğurlayacam. Sübut edəcəm ki, istedadlı insan istəsə, şou-biznes
dünyasını da mum kimi əridə bilər.
- Bu istiqamətdə fəaliyyətiniz bədii yaradıcılığınıza
necə təsir göstərir?
- Bədii yaradıcılığımla TV fəaliyyətim bir-birini tamamlayır.
İndiki dövrün yazıçısı təkcə qələmlə kifayətlənməməlidir. Bütün
digər sahələrdə, o cümlədən, televiziyada milyonlara öz sözünü
deməyi bacarmalıdır. Həm sosial şəbəkələrdə qəhrəmana
çevrilməlidir, həm efirdə, həm saytlarda, həm ağ kağız üzərində.
Bütün bunları cəmləyən istedad qarşısındakı maneələri dəf edib öz
xəzinəsini tapacaq. Ədəbi sahədəki fəaliyyətim belədir. Növbəti
planım hekayələr kitabımı çapa hazırlamaqdır. Bilirsiniz ki, ötən
il 20-dən çox hekayəmi sizin Kult.az saytınızda çap etmişdim. Bir o
qədər də hekayə yazıb kitab halına salacam. İstərdim ki, bir
hekayəmi həftədə bir dərc edəcəyim bir sayt olsun. Bu sizin də sayt
ola bilər, baxır qonorarına.
- Mövzudan bir qədər kənara çıxım: Həyat yoldaşınız
İlhamiyyə xanımın deputatlığa namizədliyini irəli sürməsi
doğrudurmu?
- Bəli. Onun qələbəsinə heç şübhəm yoxdur. Bütün sahələrdə
Azərbaycan qadınları kişilərlə bərabərhüquqlu olmalıdırlar, Milli
Məclis də istisna deyil.