Zaur Əmiraslanov gənc olmasına baxmayaraq, bir çox
nailiyyətlərə imza atmış istedadlı müğənnilərdəndir. Zaur bəy
bizimlə söhbət zamanı çoxlarının bilmədiyi gizli məqamlara aydınlıq
gətirdi.
Axar.az əməkdar artist Zaur Əmiraslanovla müsahibəni
təqdim edir:
Sadə Azərbaycan vətəndaşı...
- Zaur bəy, özünüz haqda qısa məlumat
verərdiniz.
- Zaur Əmiraslanov – təvazökar, hədsiz dərəcədə xalqını sevən
sadə Azərbaycan vətəndaşı.
- Bəs ətraflı təqdim etsəniz?
- Daha ətraflı desək, Azərbaycan Respublikasının əməkdar
artisti, DİN daxili qoşunlarının hərbi orkestrinin dirijoru, baş
leytenant rütbəli hərbçi, dünya üzrə klassik şedevr əsərlərin
peşəkar ifaçısı və ən əsası Azərbaycanda zövqlü musiqinin
təbliğatçısı Zaur Əmiraslanov.
- Yəqin ki, sadaladığınız nailiyyətlərə imza atana qədər
başqa uğurlarınız olub.
- Bəli, 2008-ci ildə Moskvada Böyük Vətən Müharibəsinin
ildönümünə həsr edilən müsabiqədə birinci yerə layiq görüldüm.
Sonra doğma Bakımızda keçirilən "Sülh şəfəqləri" müsabiqəsində
ikinci yer tutdum. 2001-ci ildə isə Bakıda keçirilən "Bakı payızı"
yarışmasında birinci yeri əldə etdim. AzTV-nin keçirdiyi "Yaşıl
yarpaq" müsabiqəsində ikinci yerə layiq görüldüm. Qeyd edim ki,
həmin yarışmada bir çox tanınmış estrada ulduzları da ilk dəfə
iştirak edirdilər. 2012-ci ildə 16 türkdilli dövlətlər arasında
"Şarkı yarışması"nda birinci yer əldə etdim.
İfa zamanı qonaqlar hovuza atıldı...
- Zaur bəy, son zamanlar sizin iştirakınızla maraqlı bir
çarx izlənmə rekordu qırıb. Siz toyda mahnı ifa edərkən qəfildən
orada iştirak edən qonaqlar hovuza atılır və üzməyə başlayır.
Düşünmürsünüz ki, bu sizin ifanıza qarşı
hörmətsizlikdir?
- Əlbəttə, bu, qeyri-etik davranışdır. Amma italyan, alman,
ingilis qonaqların etdiyi hərəkət birinci növbədə ev yiyəsinə olan
hörmətsizlikdir. Nəzərə alsaq ki, onlar xaricdən təşrif buyurublar
və öz "sərbəstlik cədvəllərinə" uyğun hərəkət edirlər, o zaman heç
bu haqda danışmağa dəyməz. Toy sahibi olduqca nüfuzlu və hörmətli
şəxs olduğundan mənə yaxınlaşdı və onun nə qədər həyəcan
keçirdiyinin həmin an canlı şahidi oldum. Biz heç birimiz bu cür
münasibətlə qarşılaşacağımızı gözləmirdik.
- Bu cür qeyri-etik hərəkətləri yalnız əcnəbilərdən
görürsünüz, ya milli toy şənliklərində də sizin əsəblərinizi tarıma
çəkənlər tapılır?
- İnandırım sizi, ürəyiniz istəyən qədər olur belə şeylər! Bir
də görürsünüz ki, not haqqında anlayışı olmayan insan peşəkar
musiqi ilə on il məşğul olan konservatoriya məzunu Zaur
Əmiraslanova yaxınlaşır və elə bir iddia irəli sürür ki, burada
gülməmək mümkün deyil.
Kölgəlikdə elə insanlar yaşayır...
- Necə düşünürsünüz, bu, nə ilə
əlaqədardır?
- Mən öz-özlüyümdə düşünüb bu qərara gəlmişəm ki, məşhur deyimdə
deyildiyi kimi, "böyük insanların böyük problemləri olur"
prinsipinə uyğun olaraq, insan kəşf edildikcə və tanındıqca onun
problemləri də böyüyür. Ümumiyyətlə, Bakı kimi meqapolisdə yaşamaq
psixoloji cəhətdən çətindir. Bəzən baxırsan ki, Bakıdan kənarda
maraqlı və həssas musiqi duyumuna malik insanlar yaşayır!
- Məni və musiqi sahəsindən anlayışı olan bir çox insanı
düşündürən, narahat edən ziddiyyətli bir məqam var. Zaur
Əmiraslanov kimi digər istedadlı və eyni zamanda nadir səsə malik
müğənnilərimizi çox vaxt toy əhli qarşısında bada vermirik
ki?
- Gözəl sualdır. Əslində, deyirlər ki, toy məktəbdir. Mən
deyərdim ki, birinci məktəb konservatoriyadır. Opera və Balet
Teatrının solisti, əməkdar artist, mərhum müəllimim Ağakərim
Kərimovun mənim üzərimdə hədsiz zəhməti olub. Allah ona qəni-qəni
rəhmət eləsin.
Toyda insanlarla ünsiyyəti öyrənmək mümkündür və heç kəs sənə
oxumağı öyrədə bilməz. Nəzərə alsaq ki, müğənnilərin qazancı yalnız
toylardan çıxır, o zaman bizi anlamaq elə də çətin olmaz.
Mədəniyyət nazirimiz...
- İstərdim bu barədə təfərrüatı ilə danışasınız. Yəni
mən bir dinləyici kimi Zaur Əmiraslanovu dinləmək üçün yəqin ki,
toya getməməliyəm, elədir?
- Əlbəttə. Dünya klassik musiqinin şedevr incilərini dinləmək
üçün konsert təşkil olunmalıdır.
- Elə isə niyə olunmur?
- Müğənni konsert təşkil etmir. Bunu Mədəniyyət və Turizm
Nazirliyinin idarə bölmələri həyata keçirir. Mən Mədəniyyət və
Turizm naziri Əbülfəs Qarayevlə bu məsələ ilə bağlı görüşmüşəm.
İnandırım sizi, olduqca kübar və musiqiyə, sənətə dəyər verən
insandır. O, mənə xoş sözlərini bildirdi, dedi ki, Zaur, sənin
yaradıcılığını, səs tembrini bəyənirəm. Daha sonra müvafiq
aidiyyəti bölmələrə göndərdi ki, orada mənim konsertimin
təşkilatçılığı ilə məşğul olsunlar.
- Siz müraciət etdinizmi?
- Əlbəttə. Lakin nazirin göstərişi ilə müraciət etdiyim xanım
mənə bildirdi ki, Heydər Əliyev sarayında konsert keçirmək və ya
təşkil etmək bizim işimiz deyil, ora təsərrüfat hesablıdır. Gedin,
15 min manat tapın və konsertinizi keçirin!
Bir diskim belə yoxdur...
- Əgər müğənni olmasaydınız, hansı sahəni
seçərdiniz?
- Mənim xarici dillərə hədsiz dərəcədə meylim var. Anam ingilis
dili müəlliməsi, atam mühəndisdir. Ailədə üç qardaşıq. Çox güman
ki, mən ingilis dili üzrə tərcüməçi olardım.
- Ailənizdən kimsə yaradıcılıqla
məşğuldurmu?
- Yox, bu sahə ilə bir tək mən məşğulam.
Çoxluqda Allah belə unudulur
- Yəqin ki, istiqamətləndirmə olmadan peşə seçmək
çətindir.
- Deməzdim. Əksinə, inanın ki, o zaman uğurlara daha tez imza
atırsan. Çünki tək olduğun üçün artıq sənin planlarını heç kəs
bilmir və heç kəs sənin işinə mane olmur. Psixoloji olaraq təfəkkür
də bu cür qaydaya uyğun inkişaf edir. Çoxluqda Allah belə unudulur.
İnsan yalnız təkliyə çəkildikdə özü ilə Allah arasındakı təması
duymuş olur.
- Zaur bəy, eşitdiyimizə görə, gözəl səsi qorumaq üçün
hökmən içkidən, siqaretdən uzaq durmaq gərəkdir. Başqa hansı
şərtlərə əməl etmək lazımdır ki, səs hər zaman qaydasında olsun və
öz məlahətini itirməsin?
- Zamanında bu barədə çox danışmışam. Özüm haqqında əvvəlcə onu
qeyd edim ki, içmirəm. Həcc ziyarətinə getdiyim andan içkini
tərgitmişəm. Arada siqaret çəkməyim isə bir o qədər də səsimə zərə
vurmur. O ki qaldı səsi qorumağa, müğənnilər vaxtında yatmalıdır və
beyinləri də yorğun olmamalıdır ki, səsləri daim qaydasında
olsun.
"Sevgi" sözünü sevmirəm...
- Allaha qovuşmaq haqqında fikirlərinizdən ibadət əhli
olduğunuzu anladım. Sizcə, insanın Allahdan başqa himayədarı və
köməyi ola bilərmi?
- Yalnız Allahın istəyi ilə ola bilər. Çünki o himayədarı belə
Allah özü göndərir. Mənim şəxsən adını çəkmək istəmədiyim bir
himayədarım var ki, ona hədsiz minnətdaram.
- Görəsən, sizin "Məktublar" və "Yağış" mahnınızı
kölgədə qoya biləcək yeni ifanız olacaqmı?
- (Gülür) Olmayacaq. Çünki o mahnılar artıq öz möhürünü vurub.
Yenisi ola bilər, maraqlı və fərqli.
- Zaur bəy özü yağışlı gündə qumlar üstündə məktub
yazıbmı kiməsə?
- Cavanlıqda olub. İndi artıq ailəliyəm, iki yaşında balaca
qızım var.
- "Sevgi" sözünə münasibətiniz necədir?
- Sevgi sözünü heç sevmirəm. AFFA transkripsiyasında iki FF kar
samitlərində pozuntu olduğu kimi, orada da ahəng qanunu pozulub.
Elə F-ləri silərdilər, qalaydı A-lar. "Vg" hərf birləşməsi orada
olduqca kobud səslənir. Mən Allaha, həyata, insana və bütün
bəşəriyyətə olan sevginin özünü bəyənirəm.