Şair Nazim Əhmədli ilə görüşüb söhbət etmək üçün onu
soraqladım. Uzun müddət AYB-nin Bədii Ədəbiyyatı Təbliğat Bürosuna
rəhbərlik etmiş şairin sorağını almaq çətin olmadı. Elə ilk telefon
zəngimə cavab verdi. Bürodan getdiyini eşitmişdim. Hal-əhval
tutdum, harada olması, nə işlə məşğul olması ilə
maraqlandım.
- İşdəyəm, - dedi.
- Hansı işdə? - soruşdum.
- Öz işimdə, Milli Arxiv İdarəsində.
Budəfəki cavabında bir az təəccüb də vardı. Təəccübünə səbəb ola
biləcək növbəti sualımı verdim:
- Milli Arxivdə səni daha çox nə maraqlandırır? Orda nə
edirsən?
- İşləyirəm.
- Bildim işləməyini, de, arxivimizdə milli adına çox şey
var?
- Təbii. Adından məlum deyil ki? Nədir, müsahibədir bu?
- Hə..
- Belə müsahibə olar? Bunun üçün görüşmək lazımdır.
Razılaşdıq ki, söhbətimizi daha münasib vaxta və yerə təsadüf
edək. Vədələşdiyimiz kimi də etdik. Söhbətə qaldığımız yerdən
başladım:
- Məsələn, əvvəlki iş yerinlə müqayisədə burada daha çox
nəyə görə sərbəst, yaxud rahatsan?
- İş zamanı ancaq işlə məşğul oluram. İş çoxdur. Rahatlığa
gələndə isə əvvəlki işdə də o yox idi. Mən həmişə çox işləmişəm və
rahatlıq üçün vaxt tapa bilməmişəm.
- Əvvəlki iş yerinin adı AYB Bədii Ədəbiyyatı Təbliğ
Bürosu idi. Təbliğ edə bildinizmi ədəbiyyatı?
- İşlədiyim müddətdə çox iş gördüm. Təsərrüfat hesablı idarə
idi. Çoxlu ədəbi görüşlər keçirdik, kitablar nəşr etdik.
Yazıçılarımızın milli-mənəvi dəyərlərə qayıdışı təbliğ edən və
Qarabağ mövzusunda yazdıqları bir çox əsərlərə mükafatlar
verdik.
- Bunun sənə bir xeyri olurdumu? Sədr idin, vurduğun
qaza qazan dolurdumu? Qazancın-zadın olurdu?
- Nə xeyir? Nə qazanc? Demək olar ki, havayı işləmişəm. Qazancım
yox idi. Dolanmaq üçün qəzet reklamı ilə məşğul idim. Cüzi miqdarda
vəsait daxil olurdu, o da hərdən. Dövlətin vergisini verirdik, az
da olsa, qonorar yaza bilirdik.
- Bəs indi?
- İndi dövlətdən maaş alıram. Faiq, bu nə sualdır? Ciddi iş
görənə oxşamırsan, özün də ədəbiyyat adamısan.
Etdiyim işlər üçün qarşılıq gözləmirəm
- Nazim müəllim, sualdır da verirəm. Özün uzun müddətdir
yazıb yaradırsan, bir növ, ədəbiyyatımızın əsgərisən. Səmimi
danışaq, heç bezdiyin vaxt olubmu ki, niyə yaradıcı adam
oldum?
-Yox, bezməmişəm, ədəbiyyat mənim alın yazımdır.
- Bəs bir yazar olaraq, ədəbiyyatımıza etdiyin
təmənnasız xidmətin müqabilində arzuladıqlarına çata bildinmi?
Ədəbiyyat sənə nə verdi?
- Mən etdiyim işlər üçün qarşılıq gözləmirəm, ədəbiyyat mənə
sevgi verdi. Dünyanı, kainatı, insanları, dostluğu, etibarı və
s.
- Hər halda sevgi ilə yanaşı bir dolanışıq, yaşamaq
lazımdır ki, yenə də sevmək mümkün olsun.
- Şükür, dolanıram. Mən qoçaq adamam. Daşdan para çıxartmağı
bacarıram. Hər şeyim var.
- Bu, çox yaxşıdır. Amma sən qələm adamısan, sənin tişən
də qələmindir, daşdan çörək çıxarmaq heç də asan deyil.
Yaradıcılığından dolanışığına təkan oldumu, heç?
- Oldu təbii. Ancaq Sovet dönəmində özün də bilirsən harda nə
çap etdirirdiksə, qonorar alırdıq. O zaman bu suala daha müsbət
cavab vermək olardı.
Heç kimin işlətmədiyi deyim tərzləri ilə...
- Nazim müəllim, ilk qələm təcrübələrin işıq üzü görəndə
ürəyindən nə gəlib keçdi? Arzuladığın gələcək şair taleyin, həyatın
gerçəkləşə bildimi?
- Bəli, gerçəkləşdi. Mənim babalarım başda Aşıq Məşədi Dadaş
olmaqla şair olublar. Oğlum, qardaşım da şairdir. Bir bacım var
idi, onun da bir kitabı qalıb. Atamın da şeirləri var idi. Anam
Koroğlu dastanını əzbər bilirdi.
- Demək, şair olmaq sənin üçün irsidir. Oğlunuzun imzası
necədir? Turaldırmı şair?
-Yox, Tural deyil, o, xaricdə yaşayır. Vüsal Nazimoğlu. Vüsal
rejissordur, həm də AYB üzvüdür.
- Çox gözəl. Mən Turalı tanıyıram. Vüsalla da tanış
olaram. Nazim müəllim, mənim də oğlum AYB üzvü, şairdir. Yazı
üslubumuz da fərqlidir, baxışlarımız da. Sənin Vüsalla fərqliliyin
necədir?
- Allah saxlasın gəncləri. Üslublarımız çox fərqlidir.
Baxışlarımız da eləcə. İndiki gənclərin çoxu modern ədəbiyyata
meyillidirlər. Lakin biz o modern yolu keçmişik, bilirsən. Vüsal
tamam başqa bir duyum tərzi ilə yazır. Kitabını sənə verərəm.
- İnşallah. Heç ədəbi mübahisələriniz olurmu? Gənc
şairin bəyənə bilmədiyi, qəbul etmək istəmədiyi təkliflərinizə
reaksiya necə olur?
- Olub, ancaq Vüsalın üslubunu çox bəyənirəm. O, heç kimin
işlətmədiyi deyim tərzləri ilə gəldi ədəbiyyata. Onun ilk kitabının
100 nüsxəsi Ankarada bir günə satılmışdı.
Münaqişə bizim ədəbi nəsli vurdu
- Nazim müəllim, Vüsala uğurlar arzu edirəm. De, sən
özünü ədəbiyyatımızın hansı pilləsində görürsən? Bu, səni qane
edirmi?
- Onu mən deyə bilmərəm. Bircə onu bilirəm ki, müharibə deyilən
bu son münaqişə bizim ədəbi nəsli vurdu. Ancaq biz xalqımızın bu
dönəminə də laqeyd qalmadıq. Müharibə ədəbiyyatı yaratdıq, yəni onu
yaşadıq. Mən özüm də müharibənin zabit kimi iştirakçısı oldum,
hərbi jurnalist kimi fəaliyyət göstərdim, bu mövzuda bir povest və
çoxlu şeirlər yazdım.
- Necədir vəziyyət, Azərbaycan yazarı müsəlləh əsgər ola
bildimi?
- Elə yazarlar hamısı müsəlləh əsgərdir də. Qələm həm də
silahdır. Necə yazmaq, kimə atəş açmaq başqa məsələdir.
- Deyirsən, heç yazarlarımızdan müharibədən qorxub
xəstəlik kağızı düzəltdirən, yaxud oğlunu gizlədən
olmadı?
- Nə bilim, onu deyə bilmərəm, bəlkə də olub.
- Bəs müharibə ədəbiyyatı dedin, hansı yazarımızın əsəri
insanlarımızı səfərbərlik etmək gücündə yazıldı?
- Çoxdur belə əsərlər. 30-a yaxın əsəri elə biz
mükafatlandırdıq.
- Amma adama elə gəlir ki, heç yazılmayıb və
tirajlanmayıb.
- Bəli. Belədir. Ancaq bizim yazıçıların elə əsərləri var ki,
hətta Nobel mükafatına layiqdir. Ancaq ədəbiyyata yiyə çıxan biri
olmalıdır.
- Məsələn, ədəbiyyata yiyə çıxan dedikdə, nəyi başa
düşək?
- Məsələn, müstəqil nəşriyyatlar olmalıdır ki,( var, ancaq hələ
qaneedici deyil, işləri nəzərə çarpmır) gözəl əsərləri tərcümə edib
yaysın. Əsərlərimiz dilimizdən birbaşa xarici dillərə tərcümə
edilib, yayılsın. Təbliğat olsun. Həm dövlət, həm də qeyri-dövlət
nəşriyyatları, qurumları tərəfindən. Bax, o zaman bizim yazarlar
tanınar.
İstedadsız adam min dəfə çap olunsa da...
- Dövlətin qayğısı necə, yetərincədir?
- İndi dövlətimizin başı Qarabağ münaqişəsinə qarışıb. Yəqin ki,
gələcəkdə yaxşı olar. Bir şeyi də qeyd edim ki, televiziyalarımız
şou-biznesdən bir az da ədəbiyyat şousuna varsalar, ədəbiyyatla
məşğul olan QHT-lər də ədəbiyyatımızı xaricdə təbliğ etsələr, yaxşı
olar. Bir də deməsəm olmaz, kimlərsə vasitəçiliklə, tanışlıqla öz
əsərini xaricdə haradasa çap elətdirir, ancaq bu bir nəticə vermir.
İstedadsız adam min dəfə çap olunsa da, onu heç kim oxumayacaq.
- Yaxşı, Nazim müəllim, sənin fikrincə, bizim
ədəbiyyatımız dünya ədəbiyyatı ilə sıralamada hansı yerdə
olar?
- Bunu deməyə çətinlik çəkirəm. Məndən olsa, lap birinci yerdə
olar. Bunu səmimi deyirəm.
- AYB-yə qarşı hücumlar səngimir, sənin buna münasibətin
necədir?
- Bilirsən, bu, həmişə olub. 20 ildən çox AYB-də işləmişəm.
Həmişə olub, indi də var. Adamlar müxtəlifdir. Əvvəllər orada
repressiyalar olurdu. 50-60 il qabaq.
- 20 il AYB funksioneri olmusan, bu müddət ərzində heç
bir incikliyin olmayıb?
- Qətiyyən. Olmayıb.
- Bax, dövlət başçısı yazıçıların mənzil şəraitini
yaxşılaşdırmaq üçün 2008-ci ildən Xətai rayonunda torpaq ayırıb ki,
ev tikilsin. Amma sədr müavini olan Nazim İbrahimov bütün
imkanlarından istifadə edib bunu ləngidir. O, komissiya sədridir.
Hətta bir dəfə bu sahəni hansısa MTK-ya satıldığı da aşkarlandı və
geri qaytarıldı. Bütün bunlar səncə, AYB-yə qarşı inamsızlıq
yaratmır ki?
- Bunu AYB rəhbərliyi qiymətləndirməlidir. Əgər bu iş
N.İbrahimova tapşırılıbsa, o, bu işi yerinə yetirməli idi. Qabil
müəllimim şeiri yadıma düşdü.
Paralel dünyalarla yadplanetlilər...
- Bax, Nazim müəllim, sənin fikrini hamı deyir, amma o
hələ də ordadır. Qabil belələri üçün deməyibmi ki: "Müsibət oluruq
biz, səhv düşəndə yerimiz".
- Hələ elə yerlərdə oturan çox adamlar var. Tək AYB-də yox, hər
yerdə var.
- Nazim müəllim, sən poeziyadan əlavə deyəsən, kainatın
öyrənilməsi, tədqiqi ilə də məşğulsan, bir neçə kəlmə bu haqda da
danışaq.
- Mən uzun illərdir ufologiya ilə də məşğulam. Yəni kainatdakı
başqa aləmlər və paralel dünyalar, yadplanetlilər və s.
- Və bu məşğulluq sənə, oxucuya nə verir?
- Mən özüm üçün məşğul oluram. Dostlarla da paylaşıram. Bir neçə
müsahibə alıblar məndən bu mövzuda.
- Yadplanetlilər deyirsən, onlarla hansısa təmasın
olubmu?
- Yox. Moskvada oxuyanda müəllimim Georgi İvanoviç Kunitsın (o,
ufoloq idi) bizi aparmışdı bir rəssamla görüşə. O rəssamı
yadplanetlilər 8 gün müddətinə oğurlamışdılar. Sonra da qaytarıb
apardıqları yerə qoymuşdular. O deyirdi ki, bu 3 gün onların süni
planetində oldum. Orada da təxminən 30 dəqiqə qalmışam və bu 30
dəqiqə 3 günü əvəz edib.
- Belə sürətli keçir vaxtları?
- 3 gün 30 dəqiqəni əvəz edib yəqin, onlar başqa ölçülü
zamandadır.
Onlar buradadırlar...
- Bəs sən nəyi öyrənirsən? Onlarla bağlı qənaətin
nədir?
- Faiq, bu iş çox dərin bir söhbətin mövzusudur. İstərsən, bunu
ayrı bir gündə müzakirə edək və mən sənə ömründə insan ağlının dərk
etmədiyi şeyləri danışaram. İndi bu mövzuya girsək, oradan çətin
çıxa bilək.
- Bəs onlarla dostluq etmək, xahiş etmək olar, yoxsa,
yox?
- Onlarla dostluq edənlər var. Onlar buradadırlar. Yanımızda,
dənizlərin, okeanların, dağların, yerin altında... Biz onları dərk
eləmirik, ancaq müəyyən dövlətlərin onlarla əlaqəsi var. Məsələn,
ABŞ-ın...
- Bax, biz onlarla dost olsaq, desək ki, Qarabağ
problemində yardımçı olun, olarlar? Yoxsa siyasət onlarlıq
deyil?
- Onlar Yer kürəsində bəşəriyyətin işinə qarışmırlar. Sadəcə,
kamilləşmə prosesini izləyirlər. Yer kürəsi onlar üçün bir
eksperimentdir və Günəş sistemi də eləcə.
- Olar, amma bir sorum da var, məsələn, kamilləşmə
deyirsən, onlarla ünsiyyətdən sonra yaradıcılığında, həyata
baxışında səndə nə dəyişdi?
- Çox şey.
Rusiya dağılıb viran olacaq
- Bəs sənin yaradıcılığın hansı vəziyyətdədir, gənclik
illərinin təbi qalıbmı?
- Qalıb. Bir az da üstünə gəlib…
- Nazim müəllim, milli arxivin əməkdaşısan, tarixi
araşdırmalar, sənədlər əlinin altında. Özün də Laçında doğulmusan.
Qorxmursan ki, vaxt gələr Laçını da arxivlərdən, xatirələrdən
tanıya bilək?
- Onsuz da indi Laçın xatirələrdədir. Ancaq mən inanıram ki,
tezliklə Laçın bizim olacaq. Hər şey Rusiyanın sonu ilə bağlıdır.
Bu sona da az qalıb. Ziya Göyalp demişkən, Rusiya dağılıb viran
olacaq, Türkiyə böyüyüb Turan olacaq.
- Bəs, sənin xatirələrində necə qalıb Laçın? Yoxsa
kainat elmi ilə ilgilənməyin az da olsa, sənə o yurdu unutdurmayıb
ki?
- Laçın mənim xatirələrimdə yox, ürəyimin içindədir.
- Ürəyinə eşq olsun deyirəm, şair. Son olaraq soruşmaq
istəyirəm, həyatda nəyi arzuladın və o hələ də arzu olaraq qaldı,
gerçəkləşmədi?
- Vətənimizi bütöv görmək istəyirəm.