Bu gün Srebrenitsa
soyqırımının 21 ili tamam olur.
Axar.az xəbər verir ki, məhz 1995-ci ildə Serbiya ordusunun
Bosniya və Hersoqovinaya hücumu nəticəsində minlərlə müsəlman qətlə
yetirilib. Şəhərə hücum edən qoşunlara general Ratko Mladiç
rəhbərlik edib.
Qətliamın başlanması
Serbiya 1992-ci ilə Bosniya-Hersoqovinaya qarşı əməliyyatlara
başladı. Bundan dərhal sonra BMT ölkədəki 6 bölgəni özünün
müdafiəsi altına almağa məcbur oldu. Srebrenitsa da məhz bu
bölgələr sırasına daxil idi.
Serbiya ilə aparılan müharibə ucbatından şəhərdəki vəziyyət çox
pisləşmişdi. Müharibəyə qədərki dövrdə 24 min əhalisi olan şəhərə
kütləvi şəkildə qaçqınların axınından sonra say 60 minə çatmışdı.
Üstəlik, Srebrenitsada kütləvi şəkildə yolxucu xəstəliklər
yayılmağa başlamışdı. Maraqlı məqam ondan ibarətdir ki, müdafiəsi
çətinləşən bir ölkədə BMT-nin Srebrenitsaya göndərdiyi 400
hollandiyalı sülhməramlı məhz Bosniya müsəlmanlarının silahlarını
toplamışdı.
Müsəlman soyqırımı
Ratko Mladiçin tabeçiliyində olan serb dəstələri Srebrenitsaya
hücumlarını intensivləşdirdikdən sonra müsəlmanlar onlardan alınan
silahların geri qaytarılması üçün BMT sülhməramlılarına müraciət
etdilər. Amma bu, bir fayda vermədi. Hollandiyalı sülhməramlıların
rəhbəri Tom Karremans boşnakların istəyini rədd etdi. Digər maraqlı
məqam isə Mladiçin çoxsaylı ordusunu BMT sülhməramlılarının yalnız
iki F-16 təyyarəni havaya qaldırmaqla qorxutmaq istəməsi idi.
Mladiçin ordusu Srebrenitsaya daxil olarkən BMT sülhməramlıları
heç bir izahat vermədən şəhərdən çıxdılar. Nəticədə çarəsiz qalan
müsəlmanların kütləvi qırğını başladı. Beş gün davam edən qətliamda
8372 nəfər qətlə yetirildi.
O zamanlar qeydə alınan kadrlardan birində Mladiç Srebnitsadakı
müsəlmanları göstərərək, "türklərdən qisas alacağıq" ifadələrini
işlədir:
"Artıq 11 iyul 1995-ci ildir və biz Serb şəhəri
Srebrenitsadayıq. Böyük bir serb bayramı ərəfəsində bu şəhəri serb
millətinə ərmağan edirik. Nəhayət ki, yeniçərilərə qarşı
üsyanımızdan sonra bu topraqlarda türklərdən intiqam almağımızın
vaxtı çatdı".
Nəticə
Srebrenitsa soyqırımı İkinci Dünya savaşından sonra Avropada baş
verən ən böyük qətliam oldu. Hələ indiyə qədər bu şəhərin müxtəlif
yerlərindən kütləvi məzarlıqlar aşkar edilir. Serbiya 2010-cu ildə
rəsmən Bosniyadan törədilən soyqırıma görə üzr istədi. Üstəlik,
Avropa Birliyi də iyulun 11-nin Srebrenitsa soyqırımının anma günü
olması haqqında qərar qəbul etdi.
Srebrenitsa soyqırımının əsas günahkarı Ratko Mladiç uzun müddət
gizlənməyi bacardı. Ona bu işdə Serbiya rəhbərliyindəki bir sıra
şəxslər də yardım etdilər. 2010-cu ilə qədər Serbiya hökuməti
Mladiçin ölkə ərazisində olmadığını qeyd etsə də, sonradan bu
iddiasını dayandırdı. Rəsmi Belqrad 2011-ci ildə Mladiçi həbs
edərək Haaqa məhkəməsinə təhvil verdi.