Üçüncü Reyxin ən məşhur
generallarından biri, Adolf Hitlerə etiraz edə bilən yeganə marşal
Erix fon Manşteyn dünya hərb tarixində özünəməxsus iz
qoyub.
Axar.az xəbər verir ki, o, Millətçi Sosialist Alman Fəhlə
Partiyasının üzvü olmadığı halda II Dünya müharibəsində marşal
rütbəsinə qədər yüksələ bilən yeganə insandır.
Manşteyn 24 noyabr 1887-ci ildə Berlində, prussiyalı aristokrat
olan topçu general Eduard fon Levinskinin ailəsində doğulub. Kiçik
xalası general-mayor Georg fon Manşteyn ilə evliydi və övladları
olmurdu. Bu səbəbdən balaca Manşteyn dünyaya gələndən sonra
xalasına övladlığa verilir. Manşteynin doğma atası və himayəsində
böyüdüyü şəxs - hər ikisi general olduğu kimi, babaları və dayısı
da Purissiya generalları olub. Ayrıca onun Almaniya Prezidenti Paul
fon Hindenburq ilə qohumluğu da var idi.
***
Yuxarıda sadalanan səbəblərə görə, Manşteynin hərb kariyerası
çox erkən yaşlardan Purissiya ordusunda başladı. 1907-ci ildə
leytenant rütbəsi alan Manşteyn 1913-cü ildə Hərbi Akademiyaya
daxil olur. O, I Dünya müharibəsində Almaniyanın həm Qərb
Cəbhəsində, həm də Şərq Cəbhəsində döyüşür. 1914-cü ildə Polşada
ağır yaralansa da, bir il sonra yenidən döyüşlərdə iştirak
edir.
I Dünya müharibəsindən sonra orduda qalan Manşteyn yeni ordu
quruculuğuna qoşulur.
***
1920-ci ildə bölük, 1922-ci ildə tabor komandiri olur. 1927-ci
ildə mayor rütbəsinə namizəd göstərilir və Baş Qərargahda xidmətinə
davam edir. Bu müddətdə o, digər ölkələrin orduları haqda bilgi
əldə etmək üçün xeyli xarici səfərlərdə olur.
1933-cü ildə hakimiyyətə gələn Millətçi Sosialist Alman Fəhlə
Partiyası (NSDAP) Versal razılığını ləğv edərək yenidən ordunu
genişləndirməyə başlayır.
Manşteyn 1936-cı ildə Baş Qərargah rəisi, general Lüdviq Bekin
yanında çalışır. Onlar ordu üzərində getdikcə artan faşist
nəzarətinin əleyhinə idilər. Yeni yaradılan Vermaxt Ali Şurasında
quru qoşunlarının digər komandanlıqlarda daha vacib olduğunu
müdafiə etdiyi üçün Hava Qüvvələri komandanı Hermann Göring ilə
dəfələrlə mübahisə etmişdi. Qismən bu hadisələr, qismən də
millətçi-sosialist olmadığı üçün Hitler tərəfindən cəzalandırılır
və Sileziyadakı 18-ci piyada taboruna göndərilir.
***
18 avqust 1939-cu ildə, Polşanın işğalı ərəfəsində Gerd fon
Rundştedtin Cənub Ordu Qrupuna Qərargah rəisi təyin olunur. O,
burada Rundştedtin əməliyyat komandiri Günter Blumentritt ilə birgə
əməliyyat planı hazırlayır.
Rundştedt zirehli birliklərin əksər hissəsini Valter fon
Reyxenaunun 10-cu ordusuna birləşdirərək, sürətli hücum nəticəsində
Vistül çayının qərbindəki Polşa birliklərinin mühasirəyə alınmasını
nəzərdə tutan Manşteyn planını bəyənir. Manşteyn planına görə,
Cənub Ordu Qrupunun iki ordusu, Vilhelm Listin 14-cü Ordusu və
Yohan Blaskoviçin 8-ci Ordusu Reyxenaunun Varşavaya doğru zirehli
texnika ilə hücumunun qanadlarını qoruyacaqdı. Əslində, Manşteyn
Polşaya hücum etmək istəmirdi. O, Polşanın Sovet İttifaqı ilə
Almaniya arasında bufer zona kimi istifadə edilməsinin tərəfdarı
idi. Üstəlik, Polşanın istilası başlayınca müttəfiqlərin qərbdən
hücum edəcəyini, Almaniyanın ilk gündən iki cəbhədə birdən
döyüşəcəyini düşünürdü.
***
Sentyabrın 1-də işğal çox uğurla başladı. Cənub Ordu Qrupunun
cavabdeh olduğu bölgədə 10-cu Ordunun zirehli birlikləri
polşalıları qovaraq müdafiə xətti yaratmasına imkan vermədi,
qanaddakı 8-ci Ordu Polşa birliklərinin Lodz, Radom ve Poznanda
toplanaraq daha güclü müdafiə yaratmasının qarşısını aldı.
Beləliklə, Manşteyn planı uğurla həyata keçdi və qısa müddət
ərzində Polşa işğal olundu.
***
Oktyabrın sonlarına doğru Almaniya ordusunun böyük bir qismi
qərbə göndərilmişdi. Manşteyn Qərbi Almaniyadakı Rundştedtin
rəhbərliyi ilə yaradılan A Ordu Qrupunun Qərargah rəisi təyin
olundu. Həmin vaxtlarda Fransanın istilası üçün Şliffen planı
hazırlanmışdı. Ordunun bir çox gənc zabiti kimi, Manşteyn də planı
yaradıcılıq baxımından kasad olduğu qənaətində idi. Ayrıca, zirehli
birliklərin müdaxiləsini və Haynts Vilhelm Quderianın ortaya atdığı
sürətli hücum planını başa düşmürdü. O, Şliffen planının Belçikada
təkrarlanacağını, bu səbəbdən müttəfiqlərin daha güclü şəkildə
qarşılarına çıxacağını deyirdi. Manşteyn hücum vaxtının da düzgün
seçilmədiyini, yazda alman ordusunun daha üstün olacağını
düşünürdü.
Manşteyn qısa müddət ərzində Fransanın işğalı üçün təkbaşına
plan hazırladı. Təklifi belə idi: tank birlikləri heç kimin
gözləmədiyi halda Ardennes meşələrindən keçərək Maas çayı
üzərindəki körpüləri ələ keçirməli, yenidən toparlanıb cənub
istiqamətində hücuma keçmədən öncə La-Manş kanalına qədər
irəliləməli, beləliklə, Majino xəttini keçərək Belçika və
Flandersdəki müttəfiq qüvvələrin Fransanın əsas qüvvəsi ilə
əlaqəsini kəsməliydi. Vermaxt Ali Komandanlığı planı rədd etdi və
bu səbəbdən Halder Manşteyni Rundştedtin Qərargahından azad edərək,
38-ci komandanlığa göndərdi. Ancaq yeniliyi sevən Hitler Manşteynin
təklifini azca dəyişdirilmiş formasını qəbul etdi.
Hücum planı tarixdə Manşteyn planı, yaxud Sedan planı adı ilə
tanınır.
***
Manşteynin birlikləri Fransa müharibəsində Günter fon Klyuqenin
4-cü Ordusunun tərkibində döyüşürdü. Manşteyn yenə də Amienin
şərqində müdafiə xəttinin yarılmasında yardımçı oldu və Sena çayını
ilk olaraq keçdi.
İşğal fövqəladə bir uğurla başa çatdı. Manşteyn hazırladığı
plana görə Dəmir Xaç aldı və generallığa namizəd göstərildi.
***
1941-ci ilin fevralında Manşteyn 56-cı Tank Birliyinin komandanı
oldu.
Barbarossa əməliyyatında general Erix Hoepnerin əmri ilə hərəkət
edirdi. 22 iyun 1941-ci ildə SSRİ-yə başlayan hücumda Manşteyn iki
günə 160 kilometrdən çox irəliləyərək Dvinsk çayı üzərində iki
həyati əhəmiyyətli körpünü ələ keçirdi. Bir ay sonra Demyansk ve
Torjok şəhərlərini tutdu. Manşteyn 1941-ci ilin sentyabrında 11-ci
Ordunun komandanı təyin olundu və Krımın işğalı ona tapşırıldı.
Lakin Qızıl Ordu Sevastopolu müdafiə etdi və önəmli Qara dəniz
limanı 1942-ci ilin iyununa qədər tutulmadı. İyulun 1-də marşal
rütbəsinə namizəd göstərilən Manşteyn Leninqrad Cəbhəsinə
göndərildi.
***
Hitler 15 sentyabrda başlaması planlaşdırılan hücumun ciddi
miqdarda topçu dəstəyi və yeni "Tiger" tankı hesabına Sovet
müdafiəsinə son zərbəni vuracağından əmin idi. Ancaq Manşteyn
narahat idi və tam qələbə üçün finlərin də şimaldan eyni vaxtda
hücuma keçməsini istəyirdi. Ancaq avqustun 27-də Sovet qoşunları
Laqoda gölünün qərbində möhkəmlənən Georg Lindemannın 18-ci
ordusuna hücum təşkil etdi. Manşteyn hücumun qarşısını almaq üçün
qüvvələrini ikiyə bölmək məcburiyyətində qaldı. Bir neçə ay davam
edən çətin döyüşlərdə o, 60 min əsgər itkisinin qarşısını ala
bilmədi.
***
21 noyabr 1942-ci ildə Hitler Manşteyni yeni yaradılan Don Ordu
Qrupunun komandanı təyin etdi. Bu ordu yorğun əsgərlərdən təşkil
olunmuşdu və təchizat olduqca zəif idi. Ayrıca Herman Hotun 4-cü
Panzer Ordusu və yardımçı rumın birlikləri ilə bərabər mühasirədə
olan Fridrix Paulusun 6-cı Ordusunu azad etmək tapşırığı
verilmişdi. (Vinterqevitter əməliyyatı). Dekabrın 12-i başlayan
əməliyyat əvvəlcə uğurlu alındı – Manşteynin birlikləri 20 dekabrda
şəhərin 50 kilometrliyinə qədər irəliləyə bilmişdi. Ancaq alman
ordusu Aksay çayında güclü rus müdafiəsi ilə qarşılaşdı. Bu
vəziyyətdə Manşteyn 6-ci ordunun müdafiəni yarma əməliyyatına
başlamasını istədi. Lakin Hitler bunu qəbul etmədi, əksinə,
Paulusun son gülləyə, son əsgərə qədər Stalinqradı müdafiə etməsini
əmr etdi. Məhz Hitlerin 6-cı ordunun şəhərdə qalması ilə bağlı
yanlış əmrinin Stalinqrad müharibəsində həlledici olduğu
deyilir.
***
Sovet ordusu Rostovu geri almaq və beləcə geri çəkilməyə çalışan
A Ordu Qrupunun qaçış yolunu bağlamaq istədikdə Manşteyn ordunun
tamamilə yox olmaması üçün qüvvələrini bölməyə məcbur oldu (Bu da
sonralar bütün cəbhənin çökməsi ilə nəticələndi – red). Fevralın
əvvəllərində alman ordusu yenidən qurulmağa başladı və Don Qrupu
ilə B Ordu Qrupu birləşdirilərək, Manşteynin ixtiyarına verildi. O,
21 fevralda həddindən çox açılmış Sovet qoşunlarına cinahlardan
hücum etməyə başladı. Hücum çox uğurlu alındı və irəliləyən Sovet
qoşunlarının bütün hücum əməliyyatlarının dayandırılmasına səbəb
oldu.
Martın 2-də Hotun 4-cü Panzer Ordusu və Kempf Ordu Qrupu
birləşərək cənub-qərb cəbhəsində böyük torpaqları tutdular.
Manşteyn hücumu davam etdirdi və 14 martda Xarkovu geri aldı. 7 gün
sonra 2-ci Ordu Belqradı tutdu. Bu vaxt Manşteyn Hitlerə məktub
yazaraq Rostovdakı Qızıl Ordunu Azov dənizindən mühasirəyə almağı
təklif etdi. Lakin Hitler bu dəfə də Manşteynlə razılaşmadı və
Kursk döyüşünü dəstəklədi.
***
Kursk döyüşündə Manşteyn cəbhənin cənub qoluna rəhbərlik edirdi.
Lakin çox güclü müdafiə xətti qarşısında sona qədər uğurlu ola
bilmədi. Kurskdakı Sovet müdafiəsinə rəhbərlik edən marşal Georgi
Jukov xatirələrində Manşteyni tərifləyərək onun olduqca peşəkar
davrandığını etiraf etmişdi.
***
Şimal qolun uğursuz olması, piyada çatışmazlığı və müttəfiqlərin
İtaliyanı işğal etməsi (Siciliya əməliyyatı) Hitlerin hücumu
dayandırma əmri verməsinə səbəb oldu. Manşteyn buna sərt etiraz
edərək qələbənin çox yaxında olduğunu, bölgədə üstünlüyü ələ
keçirdiyini və əlavə birliklər gəlmədən Sovet ordusunu məğlub edə
biləcəyini desə də, Hitler bununla razılaşmadı. Bu qərar
müharibənin taleyini həll etdi.
***
1943-cü ilin sentyabrında Manşteyn Dnepr çayının qərbində
müqavimət göstərirdi. 1943-cü ilin oktyabrından 1944-cü ilin
yanvarınadək cəbhədə vəziyyəti sabit saxlamağı bacardı. Lakin Sovet
qoşunları Kiyevdə dəhliz yaratmağı bacardılar və strateji Jitomir
şəhərinə yaxınlaşdılar. Manşteyn Şərq Cəbhəsindəki durumla bağlı
Hitlerlə tez-tez mübahisə edirdi. O, hərəkətli müdafiə taktikasını
təklif edirdi – torpaq itirilməsini gözə alaraq Sovet qoşunlarının
ya çox incə xətt almasını, ya da həddindən artıq irəliləyərək
qanadlardan mühasirəyə alınmasını təklif edirdi. Bu cür
mübahisələrdən birində Manşteyn Hitlerə əmr səlahiyyətini peşəkar
hərbçilərə təhvil verməsini və Şərq Cəbhəsi Baş Komandanlığı adında
bir vəzifə yaradaraq, işə başlaya biləcəyini açıq-aşkar dedi.
Hitler gücünün zəifləyəcəyindən qorxaraq bu təklifi dəfələrlə rədd
etdi. Bu mübahisələr Hitlerin yaxın adamları - Göring və Himmleri
narahat edirdi. Hər ikisi səlahiyyətlərinin azaldılmasından
qorxurdu. Bu səbəbdən Himmler Manşteyni ittiham edərək komandanlıq
üçün zəif bir hərbçi olduğunu iddia etdi. Manşteynin davamlı
etirazları və günahlandırmaların nəticəsində Hitler 1944-cü ildə
onu vəzifədən azad etdi və yerinə Kurs döyüşündə məğlubiyyətin əsas
səbəbkarlarından biri olan Valter Modeli təyin etdi. Ancaq yenə də
Manşteyn Dəmir Xaçına qılınclar əlavə edilərək mükafatlandırıldı.
Bu, Almaniyanın ən yüksək ikinci şərəf medalı idi.
***
Vəzifədən uzaqlaşdırıldıqdan sonra Breslavdakı göz klinikasında
müalicə alan Manşteyn bir müddət sonra təqaüdə çıxır. 1944-cü ilin
iyununda Hitlerə qarşı təşkil olunan sui-qəsdə qatılmır. (1943-cü
ildə də bənzər təklif olmuşdu. Lakin dəyişikliyin tərəfdarı olsa
belə, Hitlerə qarşı sui-qəsddən imtina etmişdi – red). O özünü bir
Prussiya marşalı olaraq görürdü və "Prussiya marşalları üsyan
etməz" prinsipinə sadiq qalırdı.
Manşteyn Hitlerin ona yeni bir vəzifəyə vermədiyini görüb,
1944-cü ildə Şərqi Pomeraniyada bir ərazi alır. Lakin Sovet
qüvvələri bölgəni tutduqdan sonra oranı tərk etməyə məcbur olur.
Bir müddət paytaxt Berlində dostlarının evində qalan Manşteyn daha
sonra ailəsini Qərbi Almaniyaya köçürür.
Sağ gözündə xəstəlik getdikcə şiddətlənir. 23 avqust 1945-ci
ildə ingilislərə təslim olur və 3 gün xəstəxanada müalicə alır.
Avqustun 26-da isə Luneburqdakı əsir düşərgəsinə göndərilir.
***
Manşteyn 1945-ci ilin oktyabrında Nürnberqə aparılır. 1946-cı
ildə Nürnberqdə mühakimə olunarkən 132 səhifəlik müdafiə sənədi
hazırlayır. İngilislər Manşteyni müharibə cinayətləri iddiası ilə
dəfələrlə mühakimə etmişdi. Bir tərəfdən də Moskva Manşteynin Sovet
İttifaqında mühakimə olunmasını tələb edirdi. Məhz bu səbəbdən
1949-cu ildə İngiltərə bir az da SSRİ-nin təzyiqi nəticəsində
Manşteyni mühakimə etdi və müharibə zamanı verdiyi bir əmrə görə 18
il azadlıqdan məhrum edildi.
Baş nazir Çörçill və marşal Montqomeri başda olmaqla,
İngiltərədə Manşteynə rəğbət bəsləyən xeyli adam var idi. Hətta
Çörçill onun məhkəmə xərclərini belə ödəmişdi. Buna görə, həbs
cəzası elan olunandan sonra qərara sərt etiraz edildi. Məhkəmə daha
sonra cəzanı 12 ilə endirdi.
Çörçill mövcud hökuməti Sovet İttifaqını məmnun etmək üçün
Manşteyni həbs etməklə ittiham edirdi.
***
Manşteyn 4 il sonra – 1953-cü ildə səhhətində yaranan
problemlərə görə azadlığa buraxıldı. 66 yaşlı marşal Almaniya
kansleri Konrad Adenauerin xahişi ilə bir müddət Federal ordunun
qurulmasında iştirak etdi. 20 iyun 1953-cü ildə Bundestaqda çıxış
edən Manşteyn strateji güc düşüncələrini analiz edərək ölkənin
müdafiə sistemi ilə bağlı peşəkar orduya ehtiyacı olub-olmadığını
şərh edib. O, hərbi xidmət müddətini 18 aydan 24 aya çatdırılmasını
istəyirdi. Sonralar Manşteynin bu təklifi və orduda ehtiyat qüvvə
yaradılması fikri tətbiq olundu.
Onun xatirələri 1955-ci ildə alman, 1958-ci ildə isə ingilis
dilinə tərcümə olunaraq "İtirilmiş zəfərlər" (Lost Victories) adı
ilə çap olunub. Kitabında Manşteyn müharibə strategiyasını Hitler
yox, generallar yaratsaydı, Şərq Cəbhəsində qalib gələcəklərini
iddia etmişdi. Ayrıca o, Hitler və onun liderlik tərzini sərt
tənqid edirdi.
***
Manşteyn 2 iyun 1973-cü ildə, 85 yaşında iflic keçirərək vəfat
edib. O, həyatda qalan son alman marşalı kimi bütün rütbələrdən
olan yüzlərlə hərbçinin iştirakı ilə təntənəli şəkildə dəfn edildi.
"Tayms" nəşrinin 13 iyun 1973-cü ildə çıxan sayında Manşteyn belə
xatırlanıb:
"Onun gücü və nüfuzu, əsgərlərin üzərindəki təzyiqi avtoritar
xüsusiyyətindən yox, zəkanın gücündən və bilginin dərinliyindən
irəli gəlirdi".
Alman hərbçiləri deyirdi: "O, sadəcə, ən yaxşı strateqimiz
deyildi. Eyni zamanda, çox yaxşı siyasi analiz qabiliyyəti var idi.
Dəfələrlə generalların yanında Hitlerlə mübahisə edir, hətta onun
dediklərini axmaqlıq adlandırırdı".