Rusiya Çinə qızıl ixracını kəskin şəkildə artırıb, ölkənin qızıl ehtiyatları isə son illərdə rekord həddə düşüb.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Xarici Kəşfiyyat Xidmətinin məlumatında deyilir.
Bildirilib ki, Rusiya 2025-ci ildə Çinə 25,3 ton qızıl tədarük edib ki, bu da 2024-cü ildəkindən doqquz dəfə çoxdur. Pul baxımından ixracat bir il əvvəl cəmi 223 milyon dollarla müqayisədə 3,29 milyard dollara yüksəlib.
Çatdırılmalar qeyri-bərabər olub, pik həcmlər fevral-mart və oktyabr-dekabr aylarında baş verib.
Təkcə dekabrda 10 ton - 1,35 milyard dollar dəyərində qızıl göndərilib. Qızıl külçələr əsas ixrac forması olub və bu da aktivlərin sürətli şəkildə pula çevrilməsinə imkan verib.
İxracda bu kəskin artım daxili ehtiyatların sürətlə azalması fonunda baş verib.
Belə ki, 2026-cı il yanvarın 1-nə olan məlumata görə, Rusiya Milli Sərvət Fondunda cəmi 160,2 ton qızıl qalıb, 2022-ci ilin may ayında isə bu rəqəm 554,9 ton olub.
Sanksiyalar təzyiqi və Qərb bazarlarına çıxışın itirilməsi səbəbindən Rusiya qızıl ehtiyatlarını Asiyaya, ilk növbədə Çinə yönəltməyə məcburdur.
Ekspertlər hesab edirlər ki, bu, büdcə boşluqlarını doldurmaq üçün müvəqqəti maliyyə manevridir və strateji ehtiyatların əhəmiyyətli dərəcədə tükənməsi bahasına başa gəlir.