ABŞ-ın tələbləri ağırdır və bu, İran üçün müharibəni daha qəbul edilə bilən duruma gətirir. Çünki ABŞ əslində İrandan təkcə nüvə potensialından imtina etməyi deyil, həm də genişlənməyə yönəlmiş və təhdidedici doktrinasını çökdürməsini tələb edir.
Bu sözləri Axar.az-a açıqlamasında türkiyəli hərbi ekspert Abdullah Ağar ABŞ-İran gərginliyini şərh edərkən deyib.
Ekspertin sözlərinə görə, bu tələblərin bir neçə görünən tərəfi var:
“Uranın zənginləşdirilməsinin dayandırılması və zənginləşdirilmiş uranın İrandan çıxarılması;
- Ballistik raket istehsalının məhdudlaşdırılması;
- Proksi qüvvələrə verilən dəstəyin dayandırılması;
- Proksi qüvvələr vasitəsilə həyata keçirilən və saysız-hesabsız təhdid yaradan şiə doktrinasına son verilməsi;
- Dəniz partizan hərbi doktrinasından imtina edilməsi;
- Azadlıq adı altında İrana xas olan “İran baharı”nın baş verməsi.
Bütün bunlar əslində İrandakı siyasi şiə islamçılığı, təhlükəsizlik baxımından “varlıq-doktrina-iddia” sisteminin çökməsi anlamına gəlir.
Qeyd edim ki, ABŞ və İsrail İrandan qaynaqlanan təhdidi ya tamamilə aradan qaldırmaq, ya da onun səviyyəsini tam aşağı salmaq istəyir. Hətta Trampın yanaşması standartdır: ya razılaşmanı qəbul et, ya da daha pisinə hazır ol!
Amma çətin olacaq. Çünki İran hər formada müqavimət göstərəcək, ABŞ-ın tələblərinə asanlıqla boyun əyməyəcək. Bilir ki, bu tələblər rejiminin ləğvi və yeni bir sistemin qurulması ilə nəticələnəcək. Yəni İran üçün bu, yalnız silahların məhdudlaşdırılması deyil, inqilabın təhlükəsizlik alqoritminin sıfırlanması deməkdir. Ona görə də İran üçün müharibə seçim deyil. Amma doktrinanın ləğvi zorla qəbul etdirilərsə, danışıqlardan çox münaqişəni gözdən keçirmə ehtimalı artır”.
Ekspertin fikrincə, İranın ABŞ-la danışıqları Omana daşımaq istəyi emosional bir məsələ deyil:
“Çünki İran danışıqların keçirilməsi üçün məkan seçərkən adətən üç məqama baxır: Qavrayış əmsalı, görünüş, regional rəqabət parametri.
İran rəqabətdə olduğu Türkiyənin geosiyasi-diplomatik qavrayış əmsalını artırmaq istəmir. Həmçinin İran Türkiyədəki çoxtərəfli danışıqlar mühitində nüfuzu və çəkisi yüksək olan türk və ərəb güclərin təzyiqi ilə üzləşmək niyyətində deyil.
Nəticə olaraq, İran diqqətdən kənarda olan bir sahəni üstün tutur. Çünki əgər güzəşt edəcəksə, bu, Türkiyədə daha çox diqqətdə və səs-küylü olacaq. Oman isə səssiz, İranla böhran yaratmayan, sünni-şiə rəqabətində tərəf olmayan bir məkandır. Hətta İranın bu prosesdə Türkiyəni tərəfsiz yox, tərəf kimi gördüyünü də düşünə bilərik”.
Ağar əlavə edib ki, belə bir vəziyyətdə ABŞ-ın nə istədiyi ilə bağlı bəzi suallar yaranır:
“İsrailin tam olaraq istəyi İranın regional şəbəkələrini dağıtmaq və tam basdırmaqdır. Ancaq ABŞ-ın daxili siyasəti ilə İsrailin təhlükəsizlik doktrinası hər zaman tam üst-üstə düşmür. ABŞ-ın Çin, Ukrayna, daxili siyasi parçalanma və seçki təzyiqi ilə üzləşdiyi bir vaxtda İranda rejimi çökdürməyə çalışması ağır nəticələnə bilər.
ABŞ və İranın diplomatik yollarla bir nəticəyə gəlməsi də çətindir. Çünki bu məsələdə zaman qazanma taktikaları, hədəf uyğunsuzluğu, İsraillə İran arasındakı gərginlik, həmçinin böyük bir təhdid və xaos var.
Bundan sonra baş verə biləcəklərə nəzər salsaq, deyə bilərəm ki, yüksək səviyyədə bir manipulyasiya və ya bütün hesabları alt-üst edən bir qırılma nöqtəsi olmasa, nə tam razılaşma, nə də tam müharibə olacaq.
Uzadılmış, nəzarətli, gözə görünməyən bir strateji gərginlik də ola bilər. Çünki hər iki tərəf yekun qırılmanın maliyyətini bilir”.