Dörd il öncə Ukraynaya qarşı cinayətkar müharibəyə başlarkən Rusiya qısa müddətdə qalib gələcəyinə əmin idi. Kremlin müharibə niyyətini dəqiqliklə müəyyən edə bilən Amerika və Britaniya kəşfiyyat orqanları da Rusiyanın imkanlarını şişirdərək, Ukraynanın müqavimət qabiliyyətini aşağı qiymətləndirdilər. Mİ6 istisna olmaqla, Qərbin kəşfiyyat orqanları Kiyevin müqavimətinin qısa çəkəcəyinə, Rusiyanın bir neçə gün ərzində Ukraynanın Şərqi və Mərkəzi əyalətlərini ələ keçirəcəyinə inanırdılar. Ona görə bəzi Qərb dövlətləri hərbi əməliyyatların ilk saatlarından başlayaraq Kiyevdəki səfirliklərini Ukraynanın qərb bölgəsinə, bəziləri isə ümumiyyətlə Polşaya köçürməyə başladılar.
Axar.az xəbər verir ki, bu sözləri politoloq Xaqani Cəfərli qeyd edib.
O bildirib ki, Bayden adminstrasiyası Ukrayna hakimiyyət orqanlarının paytaxtdan təxliyəsini də təkid edirdi:
“Ukrayna Prezidenti Vladimir Zelenski bu təklifləri rədd edərək paytaxtda qaldı və bununla da tarixin axarını dəyişmək istəyən Rusiyanın planlarını pozdu. Prezident Zelenskinin işğala qarşı ümumxalq müqavimətinin təşkili ilə bağlı qərarı, Böyük Britaniyanın Baş naziri, çağdaş dünya siyasətinin canlı əfsanəsi Boris Consonun vaxtında prosesə müdaxiləsi yalnız Ukraynanı deyil, yeni-yeni milli dövlət quruculuğu prosesinə qədəm qoyan postsovet ölkələrini də böyük bir fəlakətdən xilas etdi.
Rusiya 24 fevral 2022-ci ildə genişmiqyaslı müharibəyə başlarkən məqsədi yalnız Ukraynanı işğal etməkdən ibarət deyildi. Moskvanın planına görə, 14 gün ərzində Ukrayna tamamilə ələ keçirilməli, Kiyevdə Putinin kirvəsi Viktor Medvedçukun başçılığı altında Kremlə tam bağlı hökumət qurulmalı idi. Bu planın gerçəkləşcəyinə inanan Moskva Moldovanın işğalına bir gün, Mərkəzi Asiya və Cənubi Qafqazın hər birinin işğalına müfaviq olaraq bir həftə vaxt ayırmışdı. Moskvanın planına görə, 24 fevraldan etibarən bir ay ərzində bütün bu dövlətlər Moskvanın idarəçiliyi altına qaytarılmalı və şərti adı “SSRİ 2.0” olan yeni hərbi-siyasi ittifaq yaradılmalı idi.
Prezident Zelenskinin dirəniş qərarı, Boris Consonun Ukraynaya tərəddüdsüz və birmənalı dəstəyi Rusiyanın “SSRİ 2.0” planını pozdu. Ukrayna xalqının rəşadətli müqaviməti isə ümumiyyətlə Putinin bədnam “SSRİ 2.0” planını əbədilik məhv etdi”.
Politoloq vurğulayıb ki, Rusiyanın Cənubi Qafqaz və Mərkəzi Asiyaya təhdidinin, təhlükəsinin son 200 ildə ən aşağı səviyyəyə düşməsində Ukrayna xalqının rus işğalına qarşı rəşadətli müqavimətinin müstəsna rolu var:
“Dörd ildir ki, Rusiya xüsusi xidmət orqanlarının nəzarətində olan media, casus şəbəkəsi hər kəsi inandırmağa çalışır ki, müharibənin səbəbi Qərb, xüsusilə də “anqlo-sakslar”dır. Hitler Almaniyasının təbliğat naziri Yozef Göbbelsin “kəşfi” olan “anqlo-sakslar” ifadəsi Kreml tərəfindən təsadüfən yenidən canlandırılmayıb. Kreml bu ifadəni siyasi leksikona qaytarmaqla və nəhəng təbliğat maşını vasitəsilə şüurlara yeritməklə diqqətləri Rusiyada bərqərar olmuş raşizmdən yayındırmağa çalışır. Rusiyanın müstəmləkəçi siyasətinə qarşı mübarizə aparanların vəzifəsi isə raşizmin daha çox ifşa edilməsi olmalıdır. Rusiyanın müstəmləkəçi siyasətinin ifşasının ən doğru yolu budur. Bunun qarşısını almaq üçün də Kremlin nəhəng təbliğat maşını “anqlo-sakslar” ifadəsinin gündəmdən çıxmasına imkan verməməyə çalışır”.