Moskva yaxınlığında müasir Rusiya qırıcısı Su-57 qəzaya uğradıqdan sonra Rusiya hərbi rəhbərliyi ciddi sarsıntı keçirir. Belə ki, təyyarənin böyük ehtimalla öz hava hücumundan müdafiə (HHM) sistemi tərəfindən vurulduğu ehtimal edilir. Lakin hadisənin Ukrayna kəşfiyyatının sistemə müdaxiləsi nəticəsində baş verib-vermədiyi hələ də açıq sual olaraq qalır.
Axar.az xəbər verir ki, bu sözləri Böyük britaniyalı polkovnik Hemiş de Bretton-Qordon bildirib.
O xatırladıb ki, bu hadisə Ukraynanın Xəzər dənizində İran tankerinə endirdiyi zərbə ilə eyni vaxta təsadüf edib. Prezident Vladimir Zelenskinin sözlərinə görə, həmin gəmi Yaxın Şərqdə Amerika hərbçilərinə qarşı İranın əməliyyatlarını gücləndirmək üçün nəzərdə tutulmuş Rusiya silahlarını daşıyırdı.
"Məsələnin bütün detalları sonradan təsdiqlənsə də, təsdiqlənməsə də, bu iki hadisə birlikdə bu müharibədə dönüş nöqtəsinə çevrilə bilər", – o vurğulayıb.
Onun sözlərinə görə, hərb tarixində kəşfiyyat sahəsində üstünlük çox vaxt atəş gücündəki üstünlükdən daha həlledici rol oynayıb. "Hörümçək toru" əməliyyatından sonra artıq hamıya aydın oldu ki, Ukrayna Rusiya ərazisində mürəkkəb əməliyyatlar həyata keçirmək qabiliyyətinə malikdir.
"Əgər Ukrayna Rusiyanın İrana silah tədarükünün pozulmasına da cavabdehdirsə, bunun nəticələri artıq Avropanın hüdudlarından çox uzağa gedir”, - polkovnik əlavə edib.