ABŞ-ın "B-2 Spirit" bombardmançısının düşmən ərazisi üzərində vurulması təkcə ekipajın xilas edilməsi əməliyyatı deyil, həm də ABŞ-ın milli təhlükəsizliyi üçün ciddi fövqəladə vəziyyət olardı. Səbəb isə təyyarənin unikal texnologiyalarının qarşı tərəf üçün böyük kəşfiyyat marağı yarada bilməsidir.
Axar.az xəbər verir ki, bu barədə” Wionews” nəşri yazıb.
Nəşr qeyd edir ki, B-2-nin ekipajı cəmi iki pilotdan ibarətdir. Lakin təyyarənin qəzaya uğraması halında ABŞ hərbçiləri eyni vaxtda iki problemi həll etməli olacaqdılar: pilotları tapıb təxliyə etmək və təyyarənin qalıqlarının ələ keçirilməsinin qarşısını almaq:
“Digər ABŞ döyüş təyyarələrinin ekipajları kimi, B-2 pilotlarının da düşmən ərazisində sağ qalmaq və fəaliyyət göstərmək üçün xüsusi avadanlıqları var. Buraya şifrələnmiş rabitə vasitələri və qəza siqnal cihazları daxildir.
Qəza baş verdiyi təqdirdə döyüş axtarış-xilasetmə qüvvələrindən istifadə edilə bilər. Lakin əməliyyatın mürəkkəbliyi təyyarənin təhlükəsiz ərazidən nə qədər uzaqda düşməsindən və həmin əraziyə rəqibin nə dərəcədə nəzarət etməsindən asılı olacaq.
B-2-nin katapult sistemi “ACES II” tipli oturacaqlardan istifadə edir. İki pilotun hər biri ayrı-ayrılıqda katapult edilə bilər. Bundan sonra sistem paraşütün açılmasını və qəza zamanı istifadə olunan avadanlıqların işə salınmasını təmin edir.
Ən böyük problem pilotlar deyil, təyyarənin qalıqlarıdır. B-2-nin vurulması ABŞ üçün xüsusi problem yaradardı. Çünki qəza yerində çox sayda məxfi texnologiya qala bilər.
Təyyarənin qalıqlarında radarlar tərəfindən aşkarlanmanı çətinləşdirən xüsusi örtüyün elementləri, avionika komponentləri, radioelektron mübarizə sistemləri və müasir hava hücumundan müdafiə sistemlərini keçmək üçün hazırlanmış digər texnologiyalar ola bilər.
Məhz buna görə ABŞ hərbçilərinin məxfi texnologiyalar daşıyan təyyarələrin qalıqları ilə davranış üçün məxfiləşdirilmiş prosedurları mövcuddur. B-2-nin düşmən tərəfindən ələ keçirilməsi təhlükəsi yaranarsa, mümkün variantlardan biri onun məhv edilməsi ola bilər.
Bu, son dərəcə bahalı qərar olardı: bir B-2 bombardmançısının qiyməti təxminən 2,1 milyard dollar qiymətləndirilir. Lakin məxfi texnologiyaların rəqibin əlinə keçməsi təhlükəsi olduğu halda, təyyarənin qorunub saxlanılması artıq əsas prioritet sayılmır.
Bu günə qədər itirilmiş yeganə B-2 bombardmançısı “Spirit of Kansas” olub. Təyyarə 2008-ci ildə Quamdakı ABŞ-ın Andersen hərbi bazasından havaya qalxarkən qəzaya uğrayıb.
Qəza ABŞ-ın nəzarətində olan ərazidə baş verdiyi üçün Amerika hərbçiləri dərhal təyyarənin qalıqlarına çıxış əldə ediblər. Məxfi komponentlər çıxarılıb və nəzarət olunan şəraitdə utilizasiya edilib”.