Dünya müharibələrin, hərbi təxribatların və böyük güclər arasında rəqabətin qlobal təhlükəsizliyə təsirinin getdikcə artdığı beynəlxalq qeyri-sabitlik dövrünə daxil olur. Bütün bunlar dünyanın qlobal silahlı münaqişəyə sürüklənməsi ilə bağlı xəyali deyil, real təhlükələr yaradır.
Axar.az xəbər verir ki, bu barədə beynəlxalq şərhçi Gideon Rəhman "Faynənşl Tayms" üçün yazdığı məqaləsində bildirib.
Müəllif xatırladıb ki, Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya qarşı başlatdığı genişmiqyaslı müharibə Avropada təhlükəsizlik anlayışına münasibətdə dönüş nöqtəsi oldu:
"Münhen Təhlükəsizlik Konfransında Qərb kəşfiyyat xidmətləri artıq Kiyevə hücuma hazırlıq barədə xəbərdarlıq etmişdilər. Lakin bəzi avropalı siyasətçilər müasir Avropada genişmiqyaslı müharibənin mümkün olduğuna inanmaq istəmirdilər. Beynəlxalq Böhran Qrupunun məlumatına əsasən, hazırda dünyada 65 silahlı münaqişə davam edir. Bu, İkinci Dünya müharibəsinin başa çatmasından bəri qeydə alınan ən yüksək göstəricidir. Rusiya-Ukrayna müharibəsi ilə yanaşı, Qəzzada və Sudanda gedən döyüşlər də ciddi insan tələfatına səbəb olur. Eyni zamanda, Yaxın Şərqdəki münaqişələr əvvəllər nisbətən sabit hesab edilən Fars körfəzi ölkələrinin təhlükəsizliyini təhdid altına alıb.
Müharibələr getdikcə daha çox bir-biri ilə əlaqələnir: Şimali Koreya Rusiyaya dəstək vermək üçün hərbçilərini göndərib, Ukrayna isə Fars körfəzi ölkələrinə pilotsuz uçuş aparatlarına qarşı mübarizə təcrübəsini təklif edib. Moskva, Pekin, Tehran və Pxenyan da əməkdaşlığı genişləndirir, bu da Qərb kəşfiyyat xidmətlərinin narahatlığını artırır. Qeyri-sabitliyin səbəblərindən biri kimi qlobal güc balansının dəyişməsini göstərmək olar. 1989-cu ildə “Böyük yeddilik” ölkələrinin payına dünya iqtisadi istehsalının təxminən üçdə ikisi düşürdüsə, 2022-ci ildə bu göstərici təxminən 43%-ə qədər azalıb. Bu, mövcud beynəlxalq nizamı dəyişməyə çalışan dövlətlər üçün daha geniş imkanlar yaradıb. Əlavə amillərdən biri də beynəlxalq qaydalardansa gücə üstünlük verən liderlərin siyasətidir. Rusiya, Çin və İran qonşularına qarşı hərbi təzyiqi artırır. Trampın Qrenlandiya və Kanada ilə bağlı bəyanatları isə hətta ABŞ-ın müttəfiqləri arasında da ərazi bütövlüyünün toxunulmazlığına dair ənənəvi təsəvvürləri şübhə altına alıb".