Dünya mediası ABŞ-da prezident seçkilərinin gözlənilməz
nəticəsindən, Respublikaçıların namizədi Donald Trampın
qələbəsindən yazır.
Axar.az xəbər verir ki, "Nyu York Tayms" qəzeti Trampın
qələbəsinin səbəblərini araşdırıb.
Məqalədə cəmi 66 milyon dollar büdcə ilə seçkiləri qalib başa
vurmaq möcüzə adlandırılıb:
"Donald Trampı seçməklə ABŞ xalqı cilovu öz kampaniyasını
dövlətə etimadsızlıq əsasında quran, bütün siyasətçiləri işdən
qovacağını deyən adama verdi. Xalqın arzuları kimi qəzəbini də
yönləndirəcəyinə söz verən, dəyişiklik deyil, vurub-yıxmağı vəd
edən şəxsi prezident seçdi.
Trampın prezidentliyinin sonuclarını ehtimal etmək çətindir.
Çünki Klintona qarşı kampaniyası dövründə bu adamın siyasətindən
çox şəxsiyyəti diqqət çəkirdi. Dedikləri isə minlərlə adamın
küçələrə, etiraz aksiyalarına çıxmasına səbəb olurdu.
Amma Tramp ABŞ-ın "Böyük tənəzzül"dən əziyyət çəkmiş kənd
icmaları və ağdərili işçi qüvvəsinin rəğbətini qazana bilib. Onun
seçilməsi məhz bu zümrə arasında çoxdan uduzulan yarışda qazanılmış
qələbə kimi qarşılandı. Tramp bu kütlənin iş yerlərinin azalması və
miqrantların axınıyla bağlı narahatlığını anladı – o da bu insanlar
kimi liberal mətbuata nifrət etdi, heç bir siyasətçiyə bənzəmədi.
Həqiqəti söyləməyə, qaydaları yenidən yazmağa və yoluna çıxanları
hətta təhqir etməyə hazır görünən maqnatın seçilməsi özünü hər
şeydən kənarda hiss edən kütlənin üsyanı oldu.
Trampın qələbəsi sarsıtdı, çaşdırdı, eyni zamanda sanki Obama
siyasətinə ittiham hökmü oxudu.
Siyasətçilər, iqtisadçılar, hərbçi və diplomatların əksəriyyəti
Trampın verdiyi vədlərin yerinə yetirilməsini mümkünsüz sayır.
Məsələn, onun müsəlmanların ABŞ-a buraxılmamasıyla bağlı təklifi
Vaşinqtondakı demokratları da, respublikaçıları da yerindən
oynadıb. Onun Meksika hökumətini sərhəddə divar çəkməyə məcbur edə
biləcəyinə çox az adam inanır. İraq və Suriyada İŞİD-i bombalamağın
da qəzəbli nitqdən artıq bir şey olub-olmamağını isə bircə Tramp
bilir.
Xalqın Trampın planlarına xeyir-dua verib-vermədiyini göstərən
faktlar da qarışıqdır. Bir tərəfdən, seçicilər Respublikaçıların
çoxunun Senatda qalmasına razılıq veriblər. Digər tərəfdən,
sorğular miqrant məsələsinin seçicilərdən ötrü bir o qədər
əhəmiyyətli olmadığını göstərib. Sorğularda iştirak edənlərin
yarısı Trampın Meksika ilə sərhədə divar çəkdirməyinin əleyhinə
olduğunu söyləyib".
Məqalədə Klintonun uduzmasının FTB ilə əlaqəli olduğu yazılıb.
İddiaya görə, elektron poçt qalmaqalı qəsdən gündəmə gətirilib:
"Federal Təhqiqatlar Bürosunun (FTB) seçkiyə cəmi 11 gün qalmış
Klintonun gizli məlumatları şəxsi elektron poçtundan paylaşması
barədə açıqlaması Demokratların kampaniyasına çox böyük zərbə oldu.
Düzdür, FTB direktoru səsverməyə 2 gün qalmış işi bağladı, Klintonu
təmizə çıxardı. Ancaq artıq gec idi. Erkən seçkilərə qatılan 24
milyona yaxın adam seçimini etmişdi. Bu isə prezidentlik üçün çox
böyük rəqəmdir..."