Suriyadakı "Xorasan qrup"u terroru Qərbə keçirmək
istəyir; amerikalı terrorçu: "Cənnətin ətrini duyuram"; Suriya
müharibəsinə 100 nəfərə qədər ABŞ vətəndaşı qatılıb.
CNN çağdaş dünyanın əsas bəlalarından biri olan terrorla bağlı
geniş yazı hazırlayıb. Televiziyanın milli təhlükəsizlik üzrə
mütəxəssisi Peter Bergen həm də Yeni Amerika Fondunun direktorudur.
O, bin Ladenlə bağlı bestseller hesab olunan kitabın da
müəllifidir.
Terrorla bağlı geniş bilgiləri olan belə bir sanballı
mütəxəssisin qələmindən çıxan yazını kiçik ixtisarla təqdim
edirik...
****
...Bir azdan o, yük maşınını partladacaqdı. Nəticədə özü və
suriyalı əsgərlər öləcəkdi. Patlayışa saniyələr qalmış terrorçu
radio vasitəsilə "əl-Qaidə" mücahidləri ilə əlaqə saxlayır. 22
yaşlı Məhəmməd Əbu Salha deyir: "Mən cənnəti görürəm və cənnətin
ətrini duymağa başladım"...
Əlbəttə, terrorçular arasında belə söhbətlər qeyri-adi hesab
oluna bilməz. Amma 2 ay öncə baş vermiş bu hadisədə qeyri-adi olan
odur ki, bu terror aktını amerikalı həyata keçirib.
Məhəmməd Əbu Salhanın atası fələstinlidir, anası isə italyan
əsilli amerikalıdır. O, Floridada böyüyüb. Orada məktəbə gedib,
məktəbin futbol komandasında oynayıb...
Və o, Suriyada terror həyata keçirərkən ölən ilk amerikalıdır.
Onun ölümündən sonra "əl-Qaidə" onun yarım saat davam edən
videomüraciətini yayımladı. Həmin müraciətdə o, terror missiyasının
səbəblərini izah edir...
"Əl-Qaidə" belə videomüraciətlərdən sıralarını genişləndirmək
üçün məharətlə istifadə edir. Suriyada artıq 4 ildir ki, davam edən
müharibədə yer alan terror təşkilatı Qərbdə yaşayan gənclərə xüsusi
maraq göstərir. Ortada ciddi nəticə də var. Bəzi hesablamalara
görə, 2 min gənc məhz belə təbliğatın nəticəsində "əl-Qaidəyə"
qoşulub.
Videoda gənc Məhəmməd ABŞ pasportunu cırıb ocağa atır. Daha
sonra o, şəhid kəmərini əyninə keçirir və AK-47 avtomatı ilə
silahlanır. Bütün bunlar lentə alınır...
Kəskin Amerika ləhcəsində danışan Məhəmməd ABŞ və Britaniyadakı
gəncləri mücahidlərə qoşulmağa səsləyir. Bildirir ki, "əl-Qaidə"yə
qoşulmaq elə də mürəkkəb iş deyil: "Mən Suriyaya gələndə cibimdə
cəmi 20 dollar vardı. Allah bu səfəri mənim üçün çox asan etdi.
Çətinlik çəkmədən mücahidlərə qoşuldum. Amerikadan Türkiyəyə uçdum,
oradansa Suriyaya keçdim".
O, Amerikadakı həyatı ilə mücahid həyatını müqayisə edir:
"Sadəcə, 5 dəqiqə mücahidlərlə oturub bir fincan çay içmək
Amerikadakı bütün həyatımdan daha dəyərlidir. Mən Amerikada
yaşamışam! Mən o həyatdan yaxşı xəbərdaram. Sizin orada gözəl
parklarınız var, restoranlarınız var, yaxşı yeməyiniz var, bahalı
maşınlarınız var və bütün bunların əslində qara qəpik qədər dəyəri
yoxdur. Siz isə zənn edirsiz ki, xoşbəxtsiz. Yox, siz xoşbəxt
deyilsiz. Siz heç vaxt xoşbəxt olmamısız da. Mən də xoşbəxt
deyildim. Həmişə məyus və əsəbi idim. Həyat məni limon kimi
sıxırdı... Siz "xoşbəxt" olmaq üçün həftədə 40, 50, 60 saat
çalışırdız "...
Məhəmməd qara geyimə bürünərək avtomatdan atəş açan xanımı
göstərərək deyir ki, bu qadın Pakistanda əl-Qaidənin terror aktları
həyata keçirməsini təmin edir: " O, min kişiyə bərabərdir. Sizin
kimi evdə oturan kişilərdən çox-çox üstündür"...
Müəllif vurğulayır ki, gənclərə o fikir aşılanır ki, əgər siz
cihada qoşulmaq üçün, "əl-Qaidə"ni aramırsızsa, deməli, siz həqiqi
müsəlman deyilsiz.
Əbi-Salha cənnətlə bağlı təsəvvürlərini də tamaşaçılarla
bölüşür. Suriyada döyüşərək ölən mücahidlərin məhz cənnətə
gedəcəyini iddia edir: "Orada ağaclarda şirin meyvələr asılıb.
Əlini atıb dərmən yetər. Oradakı qadınlar da çox gözəldir. Bu
gözəlliyin içində əriyib yox olarsız"...
Videomüraciətdə Məhəmməd Floridada yaşayan ailəsinə də müraciət
edir: "Mən səni sevirəm, ana... Mənim qardaşım, sən də mənə çox
əzizsən. Bizim bacımıza və kiçik qardaşımıza qayğı göstər"...
Sonra isə "əl-Qaidə"nin qara rəngli bayrağı nümayiş etdirilir.
Və uzaqdan lentə alınmış dəhşətli partlayış göstərilir...
Terror üzrə mütəxəssis deyir ki, Suriya müharibəsinə 100 nəfərə
qədər amerikalı qatılıb. Onların heç də hamısı "əl-Qaidə"yə
qoşulmayıb. Amma çoxu onlarla birlikdə vuruşmağa qərar verib.
Yazıda "The New York Times"a istinadən bildirilir ki, Məhəmməd
Suriyada müəyyən təlimlər keçdikdən sonra yenidən Amerikaya
qayıdıb. Bir neçə ay ailəsi ilə birlikdə qalıb. Və son missiyasını
yerinə yetirmək üçün Suriyaya geri dönüb...
Yeni Amerika Fondunun hesablamasına görə, indiyə qədər 9
amerikalı Suriyadakı cihad tərəfdarları ilə əlaqələrə görə ittiham
olunub və məhkəmə qarşısında dayanıb. Belə nümunələrdən biri 23
yaşlı Mixail Tod Volfe ilə bağlıdır. O, Hyuston hava limanında həbs
olunub və "əl-Qaidə"yə qoşulmağa cəhd göstərməkdə ittiham
olunub...
Müəllif yazır ki, Suriya cihad xəyalında olanlar üçün daha
cəlbedici yerdir. Çünki buraya sünni mücahidlər toplaşıblar.
Prezident Bəşir əl-Əsəd ələvidir və bu təriqət sünnilər tərəfindən
kafir kimi qəbul olunur. Ölkəni dünyəvi qaydalarla idarə etməsi də
onu xain hesab edənlərə əlavə arqumentlər verir. Sünni çoxluğa
qarşı vuruşduğundan sünni mücahidlər onu məhv etməyə
hazırdır...
Nəticədə Suriyada Qərbdən getmiş yüzlərlə "xarici mücahid" var.
Fransadan 700, Böyük Britaniyadan 450, Almaniyadan 270 və
Skandinaviya ölkələrindən onlarla gənc mücahidlərlə bir
yerdədir.
ABŞ rəsmiləri bəyan edirlər ki, Suriyada cəmləşmiş mücahidlər
terror aktlarını artıq Amerikaya və Avropaya keçirməyi
planlaşdırırlar. Amerika rəsmilərindən biri bəyan edib ki,
cihadçılar Qərbdə tərəfdarlar tapmaq üçün ciddi iş aparırlar.
Düşünürlər ki, belə gənclərlə hazırlıq keçdikdən sonra Qərbdə
partlayışlara başlamaq olar.
Böyük Britaniyanın terrora qarşı mübarizə idarəsi və ABŞ kəşfiyyatı
bildirir ki, Pakistandan gələn "əl-Qaidə"nin rəhbərləri Suriyadakı
əməliyyatlara şəxsən nəzarət edirlər. Həmin şəxslər daha çox
Xorasan qrupu kimi tanınır. Müəllif vurğulayır ki, Xorasan qədim
İslam xilafətində önəmli rol oynayıb və hazırda Əfqanıstanın
ərazisində yerləşir...
Bəs nə etmək lazımdır?
Qərb ölkələri heç də mücahidlərlə əlaqədə olan və ya onlara
maraq göstərən gəncləri etibarlı nəzarətdə saxlaya bilmir. Məsələn,
Mehdi Nemmoce ötən ilin mayında Belçikanın paytaxtı Brüsseldə dörd
nəfəri qətlə yetirdi. Hadisə yəhudi muzeyində olmuşdu. Mehdinin
Suriyada mücahidlərin yanında təlim alması bəlli faktdır...
Hazırda Qərb ölkələri Suriyaya gedib-gələn şəxslərə nəzarəti
gücləndirmək üçün əməkdaşlığa xüsusi önəm verirlər. Bu istiqamətdə
intensiv şəkildə informasiya mübadiləsi aparılır...
Musavat.com