Qarşıdakı il yarım ərzində biznes sektoruna və kritik əhəmiyyətli infrastruktura qarşı kiberhücumlar davamlı xarakter alacaq, getdikcə daha mürəkkəb üsullarla həyata keçiriləcək və ciddi fasilələrə səbəb olacaq.
Axar.az xəbər verir ki, bu barədə "Axios" nəşri hakimiyyət orqanları, süni intellekt, biznes və kibertəhlükəsizlik sahələri üzrə 50-dən çox nümayəndəyə istinadən məlumat yayıb.
Nəşrin sorğu keçirdiyi mütəxəssislərin sözlərinə görə, 2027-ci il kiber təhdidlərin hava şəraiti kimi adi hala çevriləcəyi il olacaq:
"Kiberhücumlar tez-tez baş verəcək, dağıdıcı nəticələrə səbəb olacaq və bəzən qorxuducu xarakter daşıyacaq. İnsanlar və şirkətlər isə belə şəraitdə yaşamağa və fəaliyyət göstərməyə alışmalı olacaqlar.
Son iki həftə ərzində "Maykrosoft"dan tutmuş ABŞ Federal Aviasiya Administrasiyasına qədər müxtəlif sahələrdə fəaliyyətə mane olan texniki nasazlıqlar baş verib".
Ekspertlərin fikrincə, bu, hələ başlanğıcdır.
Nəşr vurğulayıb ki, son dövrlərdə baş verən nasazlıqların əksəriyyəti, görünür, şirkətlərin və dövlət qurumlarının kompüter sistemlərini və infrastrukturlarını gələcəkdə baş verə biləcək hücumlardan qorumaq cəhdlərinin nəticəsidir:
"Mütəxəssislərin təsvir etdiyi ən yaxşı ssenari müntəzəm texniki nasazlıqların və kiçik insidentlərin baş verməsidir. Bu, hər bir dövlət qurumunun və şirkətin öz sistemlərinin fəaliyyətini təmin etməyə diqqət yetirməsi ilə bağlıdır. Bununla belə, səhvlər qaçılmazdır. Bir çox dövlət qurumları və şirkətlər öz sistemlərini kiberhücumlardan qorumaq üçün lazımi imkanlara malik deyil. Eyni zamanda, iri şirkətlər kibertəhlükəsizlik sahəsində ən yaxşı mütəxəssisləri öz sıralarına cəlb edə bilirlər".