"Lex Kaçinskini Putin öldürüb, məqsədi Ukraynaya hücum
etmək olub".
Axar.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, belə
bəyanatla Polşanın sabiq Xarici İşlər naziri, sözügedən ölkənin
Əks-kəşfiyyat Xidmətinin keçmiş rəhbəri və Smolenskdə Polşa
Prezidenti Lex Kaçinskinin ölümü ilə nəticələnən təyyarə qəzasının
araşdırılması üzrə Parlament Komissiyasının sədri Antoni Maçereviç
çıxış edib.
Onun sözlərinə görə, vaxtında Polşanın mərhum prezidenti Lex
Kaçinskinin dediklərinə qulaq asıb, əməl edilsəydi, indi dünya
Ukrayna konflikti ilə üz-üzə qalmazdı. O, Rıbnik şəhərindəki
çıxışında 10 aprel 2010-cu il tarixində Smolensk yaxınlığında
qəzaya uğrayan təyyarə ilə bağlı bəzi qaranlıq məqamlara da
aydınlıq gətirib:
"Rusiyanın işğalçı hərəkətləri heç kimi təəccübləndirməməlidir.
Smolenskdə Polşa elitası ona görə məhv edildi ki, Putin Ukraynaya
hücuma hazırlaşırdı. Təəssüf ki, bizim bəzi siyasətçilər bunu
görmürlər. "Kaçinski işi"ni dəstəkləmək əvəzinə, onlar hətta
qəzanın araşdırılmasını da "qayğıkeş" KQB zabitinin (Putin nəzərdə
tutulur – Red.) əlinə verdilər. Əminəm ki, vaxtında Kaçinskinin
dediklərinə diqqət yetirilsəydi, dünya Ukraynada baş verənlərə
şahidlik etməzdi. Ukrayna kontekstindən baxsaq, Polşanın hazırkı
iqtidarının həyata keçirdiyi siyasət ölkənin mövcudluğuna ciddi
təhlükə yaradır".
Maçereviç daha sonra Rusiyanın "Ria Novosti" informasiya
agentliyi tərəfindən hazırlanan və qəza günü efirə verilmiş
video-süjeti də nümayiş etdirərək, Putinin niyyətlərinə aydınlıq
gətirib:
"Dəfələrlə eşitmişik ki, təyyarə qəzası zamanı hər hansı
partlayış olmayıb, pilotlar özlərini və prezidentlərini öldürmək
istəyiblər. Bu videonu mənə yarım il əvvəl təqdim ediblər. İki ay
bundan öncə isə Putin nəhəng "Ria-Novosti" informasiya agentliyini
buraxdı və 2 min əməkdaşı işdən qovdu. Düşünürəm ki, bu mənə görə
baş vermədi. Hər halda, yəqin onun bu addımı müəyyən mətləblərdən
xəbər verir".