Ana səhifə Planet |
2018.08.18 19:43
Rusiya Prezidenti Vladimir Putin avqustun 18-də Avstriyaya qısamüddətli səfər edib.
Axar.az xəbər verir ki, səfərin əsas məqsədi Avstriyanın Xarici İşlər naziri Karin Knayslın toy mərasimində iştirak etmək olub. Avstriyanın Ştiriya əyalətindəki Qamlits qəsəbəsində baş tutan mərasimə, həmçinin bu ölkənin federal kansleri Sebastyan Kurts, vitse-kansler Haynts-Kristian Ştraxe, ölkənin müdafiə və nəqliyyat nazirləri, OPEK-in baş katibi Məhəmməd Sanusi Barkindo və digər rəsmi şəxslər, eləcə də müxtəlif ölkələrdən qonaqlar qatılıblar.
Rusiyanın dövlət başçısının avstriyalı biznesmen Volfqanq Maylinqer ilə nikah bağlayan Karin Knayslın toy mərasimində iştirakı Avstriyada və digər Avropa ölkələrində birmənalı qarşılanmayıb. Rusiyaya qarşı sanksiyaların mövcud olduğu dövrdə Avstriya hökumətinin əsas üzvlərindən birinin şəxsi mərasiminə V.Putinin dəvət olunmasını tənqid edənlər, Avstriyanı ümumavropa mövqeyini pozmaqda və Avropada Rusiya Prezidenti üçün dayaq nöqtəsinə çevrilməkdə ittiham ediblər. Toy mərasimində iştirak edən Avstriyanın müdafiə naziri Marion Kunasek ittihamlara cavab olaraq bildirib ki, V.Putinin şəxsi dəvət əsasında toy mərasiminə qatılması Avstriyanın xarici işlər nazirinə verilən yüksək dəyərin təcəssümüdür və səsləndirilən tənqidlərin heç bir əsası yoxdur. Ənənəvi olaraq Avstriyanın bütün tərəf müqabilləri ilə ünsiyyəti qorumağı bacardığını qeyd edən M.Kunasek xarici siyasət idarəsinin rəhbəri K.Knayslın öz peşə fəaliyyəti çərçivəsində bu diplomatiyanı həyata keçirdiyini qeyd edib.
Avstriya Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada da Rusiya Prezidentinin toy mərasimində iştirakının şəxsi xarakter daşıdığı və K.Knayslın şəxsi qonağı kimi dəvət olunduğu vurğulanıb.
Toy mərasimində iştirakdan sonra V.Putin Almaniyanın kansleri Angela Merkel ilə danışıqlar üçün Berlinə yola düşüb.
***
Avstriya Xarici İşlər naziri xanım Karin Knayslın toy mərasimində iştirak edən Rusiya Prezidenti Vladimir Putin təzə evlənənlərə kənd mənzərəsinin əks olunduğu rəsm əsəri, qədim yağçəkən və Tula samovarı hədiyyə edib.
Bunu jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Onun sözlərinə görə, Rusiya tərəfinin daha bir hədiyyəsi Kuban kazak xorunun çıxışı olub. Putin, həmçinin, Avstriya kansleri Sebastyan Kurts ilə qısa söhbət edib.
Mətbuat katibi bildirib ki, tam sərbəst və səmimi mühitdə keçən toy mərasimində Putin alman dilində geniş sağlıq söyləyib. Ona qonaqpərvər Avstriyaya gəlməsinə yaradılan imkana görə məmnunluğunu bildirib.
Prezident cütlüyün nikah mərasiminə qatılıb.
Tarix
2018.08.19 / 12:42
|
Müəllif
Axar.az
|