Dərbənd şəhərinin meri, Dağıstanda Azərbaycan
diasporunun lideri Qurban Qurbanovun həbs edilməsi ilə bağlı
müxtəlif versiyalar səslənməkdədir.
Axar.az xəbər verir ki, son bir neçə ay ərzində Dağıstan
Prezidenti Ramazan Abdulatipov və Dərbəndin meri Qurban Qurbanov
arasında düşmənçilik nəticə etibarilə ikincinin həbsini labüd etdi.
Bu düşmənçilik isə bir müddət öncə prezidentin Qurbanovun vəzifədən
getməsi barədə etdiyi çıxış və bunun birmənalı qarşılanmaması ilə
başlamışdı. Dərbənd azərbaycanlıları arasında xüsusi nüfuz sahibi
olan və bir neçə seçkidə rəqiblərinə qalib gələrək, mer seçilən
Qurban Qurbanova qarşı prezidentin tutduğu mövqe azərbaycanlıların
ciddi əks-reaksiyasına səbəb oldu. Yüzlərlə azərbaycanlı mitinqə
çıxaraq, Prezident Abdulatipovun "hesab edirəm ki, Qurbanov
vəzifədən getməlidir" açıqlamasına etiraz etdi.
Bunun ardınca isə 16 sentyabr 2014-cü il tarixində Qurbanov
barəsində Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 286-cı
maddəsinin 2-ci hissəsi ilə (vəzifə səlahiyyətlərinin aşılması)
Rusiyanın Dağıstan üzrə İstintaq komitəsinin İstintaq İdarəsinin
rəhbəri tərəfindən cinayət işi açıldı. Nəticədə səlahiyyət
müddətinin bitməməsinə baxmayaraq, istefaya göndərilməsinə cəhd
edilən Q.Qurbanov həbsə məhkum oldu.
Bu ardıcıllığı Echo.az saytına şərh edən Siyasi İnnovasiyalar və
Texnologiyalar Mərkəzinin (SİTM) rəhbəri Mübariz Əhmədoğlunun
sözlərinə görə, Qurban Qurbanovun həbsi Azərbaycan və Dağıstan
arasındakı münasibətlərə özünün mənfi təsirini göstərəcək:
"Çox təəssüf ki, Ramazan Abdulatipov Azərbaycan rəhbərliyi ilə
münasibətlərində hər zaman azərbaycanlılar haqqında yalnız ən
müsbət fikirləri ifadə edir, hətta Dağıstanın inkişafı üçün
ölkəmizin dəstək verdiyini bildirir, ancaq reallıqda Dağıstan
azərbaycanlılarına qarşı obıvatel səviyyəsində intriqalar qurur.
Abdulatipov yenicə hakimiyyətə gələndə də Dağıstanın digər
şəhərinin icra başçısına qarşı eyni münasibət sərgiləmişdi. İndi
isə görünür ki, növbə artıq Qurban Qurbanova çatıb. İnanıram ki,
rəsmi Moskva Qurbanovun həbsinə aşkar və ya gizli formada
münasibətini bildirəcək və vəziyyət sabitləşəcək".
Ekspertin sözlərinə görə, Abdulatipov Dağıstanda
ləzgi-azərbaycanlı qarşıdurması ilə müəyyən siyasi perspektivlər
qurmaq niyyətindədir. Avar millətindən olan prezident qarşıdurma
yaratmaqla avarların strateji postlara təyin olunmasına zəmin
hazırlamaq istəyir. Dərbənd azərbaycanlıların qədim şəhəridir və
bütün ənənəsi ilə azərbaycanlılara məxsusdur. Bu fakt Prezident
Putin tərəfindən də müsbət qarşılanır və Dərbəndin mərkəzi
küçəsinin Azərbaycanın milli lideri Heydər Əliyevin adını daşıması
təsadüfü deyil: bu, Rusiya prezidentinin Dərbənd azərbaycanlılarına
və Azərbaycan dövlətinə münasibətinin göstəricisidir. Abdulatipov
da bu münasibəti həzm edə bilmir və müxtəlif vasitələrlə
azərbaycanlıların mövqelərini zəiflətməyə çalışır.
Azərbaycanlıların buna qarşı etirazına isə əks-reaksiya
göstərilir.
Xatırladaq ki, Dərbənd azərbaycanlılarının prezidentin
təzyiqlərinə qarşı etiraz aksiyası avqust ayında "Azərbaycan
Dünyası" jurnalının rəhbərliyi tərəfindən Beynəlxalq Mətbuat
Mərkəzində təşkil edilmiş mətbuat konfransında
ictimailəşdirilmişdi. Jurnalın redaktoru Eldar İsmayıl bildirmişdi
ki, etirazın başlıca səbəbi etnik azərbaycanlı Qurban Qurbanovun
Dərbəndin icra başçısı postundan uzaqlaşdırmaq cəhdinə
qarşıdır.
Qurbanovun səlahiyyətləri 2015-ci ilin may ayında bitməli idi. O,
seçicilərin mandatına malik olduğunu səbəb gətirərək, öz
vəzifəsindən getməkdən imtina etdi. Amma Abdulatipov etnik
tabasaranlı olan keçmiş Ədliyyə naziri Azadi Rəhimovu Dərbəndin
icra başçısı təyin etmək niyyətindədir – baxmayaraq ki, Qurbanovun
vəzifədən gedəcəyi halda onun yerinə azərbaycanlının seçilməsində
maraqlı olduğunu dilə gətirmişdi. Mətbuat konfransı təşkilatçıları
hesab edirlər ki, bütün bunlar yüzlərlə hektar məhsuldar torpağın
azərbaycanlıların əlindən alınması məqsədinə xidmət edir.
Azərbaycanlıların Dağıstanda qoruyub saxladıqları son qalanı,
Dərbəndi onların əlindən almaq istəyirlər.
Xüsusilə vurğulayaq ki, Dərbəndin sosial-iqtisadi inkişafı üçün
rəsmi Bakı 30 milyon manat vəsait ayırıb. Bundan əlavə, Dərbənddə
Azərbaycan Teatrının yeni binasının və Olimpiya Kompleksinin
tikintisi, həmçinin Nizami adına parkın abadlaşdırılması nəzərdə
tutulur. Bütün bunlar isə azərbaycanlıların Dərbənddə mövqelərinin
möhkəmələndirilməsi deməkdir ki, bu da Mahaçqalada bir sıra
qüvvələrin maraqlarını təmin etmir. "Bununla əlaqədar Dağıstan
azərbaycanlıları rəsmi Bakını öz diqqətini Dərbənddəki vəziyyətə
yönəltməyə çağırırlar", - Eldar İsmayıl Contact.az-a bildirib.
Qurban Qurbanov 1998-ci ildən bu rayona rəhbərlik edir. Ondan
öncə Q.Qurbanovun atası təxminən 25 il Dərbəndə rəhbərlik edib.