90-cı illərdə Cövhər Dudayev
tərəfindən yaradılmış İçkeriya Çeçen Respublikası sonralar Rusiyaya
məğlub oldu. Əsas liderlərinin öldürülməsindən sonra azadlıqsevər
çeçenlər Türkiyə və Qərbə mühacirət etdilər. Lakin burada da nə
onlar, nə də Moskvadakılar sakit dayandı.
Ukrayna konflikti Şimali Qafqazda yaşayan bu kiçik xalqın
yenidən aktivləşməsinə səbəb oldu. Lakin bu dəfə fərqli tərzdə.
Artıq onlar iki yerə ayrılaraq Çeçenistanda yox, Ukraynada
savaşırdılar. General Munayevin ölümü isə mühacirətdəki bütün
çeçenlər arasında fəallaşmanı artırdı.
Axar.az bu məsələlərə aydınlıq gətirmək və onlarla bağlı
söylənən bütün iddiaları aydınlaşdırmaqdan ötrü müraciət etdiyi
"İçkeriya Çeçen Respublikasının Fransadakı nümayəndəsi", hüquq
müdafiəçisi Musa Tayipova ilə müsahibəni təqdim edir.
General Munayevin ölümü
- Cənab Tayibov, general Munayevin ölümü ilə bağlı
ortaya çox iddialar atılıb. Sizcə, onun ölümünü kim törədə
bilərdi?
- Ukraynada müharibə gedir. Ona Rusiya tərəfindən aqressiya
həyata keçirilib. Müharibədə isə öldürürlər. Artıq bu gün Ukrayna
özünün minlərlə ən ləyaqətli oğul və qızını itirib. Bu qurbanların
yerini onların qohumları, yaxınları üçün heç kim doldura bilməz.
Biz də, siz də anlayırıq ki, müharibədə hər zaman ən yaxşılar
ölür.
General İsa Munayev öz ürəyinin səsi ilə Çeçenistan
Respublikasının birinci prezidenti Cövhər Dudayevin adına batalyon
yaradıb, qardaş Ukrayna xalqına köməyə getdi və qəhrəmanların
sırasına düşdü. Ukrayna ərazisində onun vətənpərvər oğulları və
buraya köməyə gələn insanların ölümünü aqressor tərəfindən ölkəyə
göndərilən işğalçı qüvvələr, terrorçu qruplar həyata keçirir. İndi
biz ölkənin böyük bir hissəsinin işğal edildiyini və genişmiqyaslı
müharibənin getdiyini görürük. General Munayevin ölümü Ukrayna
xalqının faciəsinin təkcə bir hissəsidir. Ukraynanın tərəfində
keçmiş SSRİ-dən olan bütün millətlərin nümayəndələri vuruşur, çünki
bu tip faciəli hadisələr gələcəkdə hər bir xalqın başına gələ
bilər.
Kreml bütün dünya üçün...
- Amerika ilə Rusiya arasında iqtisadi savaş gedir. Bəs
bu, Çeçenistana müəyyən mənada yardımçı olacaqmı?
- İstənilən ölkə öz dövlət və xalqının maraqlarına uyğun olaraq
müxtəlif subyektlər arasında beynəlxalq hüquqla bağlı yaranmış
fikir ayrılıqlarından istifadə etməyi bacarmalıdır. Siyasət və
reallıq budur. Lakin mənim fikrimcə, bu zaman heç kim müasir
zamanda əhəmiyyətli dərəcədə itirilmiş mənəvi-etik kriteriyaların
sərhədini keçməməlidir. "Real-politik"in nəticələri kimi qəbul
edilən siyasətdəki abırsızlığı bu dəqiqə dünya xalqları geniş
mənada öz üzərlərində hiss edirlər. Biz beynəlxalq ictimaiyyətin
bir hissəsi kimi öz dövlət və xalqımızın maraqlarını qorumaq
məcburiyyətindəyik. Rusiya və ABŞ arasında anlaşılmazlıq hər zaman
olub. Məncə, bu, Rusiya cəmiyyətində və dövlət xəttində müəyyən
dəyişmələrə yol açacaq ki, bu da bizim xeyrimizə işləyəcək. Bu,
nəinki bizim, həm də SSRİ-nin parçalanması zamanı azadlıq əldə
etmiş dövlətlərin də işinə yarayacaq. Ümid edirəm ki, Qərb,
xüsusilə ABŞ Kremldən bütün dünya ictimaiyyətinə gələn təhlükəni
anlayır. Dünya ölkələri rəhbərlərinin son bəyanatları və
hərəkətləri bu ümidi verir. Bununla bərabər, bizim məqsədimiz
beynəlxalq hüququn müxtəlif subyektləri arasındakı konfliktləri
gözləmədən öz milli maraqlarımızı qorumaqdan ötrü yeni imkanlar
axtarmaqdır. Onlar bu gün savaşa, sabah barışa bilərlər. Axı biz öz
xalqımızın gələcəyini dünyanın güclülərinin əhvalından asılı duruma
sala bilmərik. Bu cür sağlam praqmatizmdən çıxış edərək deyə
bilərəm ki, bizim məqsədimiz sadaladığımız anları tutmağı
bacarmaqdır. Bu, təkcə bizim yox, həmçinin SSRİ-nin dağılması
zamanı müstəqillik əldə etmiş digər ölkələrin də vəzifələridir. Bu
gün Kreml bütün dünya sivilizasiyası üçün təhlükə olaraq qalır.
Düşünürəm ki, dünya siyasətini həyata keçirən güclər bunu
anlayacaqlar.
Mübarizə davam edir
- Bəs Çeçenistan necə? O da sizin dediyiniz kimi
müstəqil olmaq istəyir?
- Bizim ölkəni İçkeriya Çeçen Respublikası adlandırsanız, daha
doğru olardı. "Çeçnya" rus müstəmləkəçiləri tərəfindən bizə
verilmiş ləqəbdir. Daha bir düzəliş etmək istərdim. Biz müstəqil
olmaq istəmirik. Biz Azərbaycan və keçmiş SSRİ-nin digər ölkələri
kimi suveren, müstəqil dövlətik. Müstəqilliyi əldə etmək üçün
Rusiya və ya digər ölkələrin muxtariyyətləri, o cümlədən Rusiyanın
köməkliyi ilə Ermənistanın qeyri-qanuni olaraq işğal etdiyi
Azərbaycanın separat regionu çalışa bilər. Çeçen xalqı bizim
ölkənin rus işğalından azad olmasına çalışır. Birinci Rus-Çeçen
Müharibəsi zamanı biz işğalçıları öz ərazilərimizdən qovmağı
bacarmışdıq və ulu yaradanın köməkliyi ilə ikinci dəfə öz ölkəmizi
azad etməyə nail olacağıq. Mübarizə davam edir. Müstəqillik üçün
çalışmaq və işğaldan azad olmaq tamamilə ayrı-ayrı anlayışlardır.
Çeçen xalqının iradəsinin qarşısı alınmayıb və alına da bilməz.
Bunu tarixi təcrübə və müasir reallıq göstərir. İşğalçı qüvvələrin
çox sayda olmasına baxmayaraq, çeçen xalqı öz ölkəsinin azadlığı
üçün mübarizə aparır. Nəzər yetirsəniz görərsiniz ki, burada
başqalarına da kömək edilir. Bizim xalqın potensialı böyükdür.
Diri-diri başının dərisini soymuşdular
- Amma gəlin, belə deyək. Müsahibələrinin birində
İçkeriya Çeçen Respublikasının mühacirətdəki lideri Əhməd Zakayev
Şamil Basayevin Rusiyanın Federal Təhlükəsizlik Xidmətinə (FSB)
işlədiyini demişdi. Bu, nə dərəcədə doğrudur?
- Bu vətəndaşın dediyi sözləri şərh etmək çətin olardı. Onun
versiyasına görə hər kəs FSB agentidir. Amma gəlin, adi məntiqə
müraciət edək. Özümüzə adi sual verək ki, niyə "FSB agenti"nin
yaxın qohumlarını işğalçılar öldürür? Həmin Şamil Basayevin atasını
rus işğalçıları nəinki öldürmüşdülər, hətta onun ölümündən öncə,
diri-diri başının dərisini soymuşdular. Mənim hesablamalarıma görə,
Şamil Basayevin 40 qohumunu öldürmüşdülər. Təkcə Birinci Rus-Çeçen
Müharibəsində onun 11 qohumu qətlə yetirilmişdi. Bunların
içərisində qadınlar və uşaqlar da var idi.
İndi təsəvvür edin ki, əgər Şamil "FSB agenti" idisə niyə onun
yaxın qohumlarını öldürürdülər? Əgər Şamil agent idisə, onun
qohumlarını sakit və etibarlı şəkildə qorumalı deyildilərmi? Bizdə
indi də mübarizə aparan döyüşçülərin qohumlarını öldürüb onların
özlərinə göndərirlər. Həmin şəxslər repressiyalara məruz qalır və
hətta mövcud olmaq üçün gərək olan bütün elementar vasitələrdən
məhrum edilirlər. Amma kimi ki, "FSB agent"ləri adlandırırlarsa
onlar rahat, heç bir problem görmədən yaşayırlar. Sizcə bu
məntiqlidir? "Agent"lərlə və onun yaxın qohumları ilə bu cür
münasibətdən sonra kim Rusiyaya xidmət etmək istəyər? Belə olsaydı,
FSB burada agenturasız qalardı. Elə deyilmi? Mən düşünmürəm ki,
FSB-yə ancaq axmaqlar xidmət edirlər. Deyilənlər mənim kiməsə ölüm
və xoş bir şey arzu etməyim mənasına gəlmir. Lakin biz hər şeyi
müqayisə və analiz etməliyik. Ən azından buna məcburuq.
Bundan başqa vətəndaş Zakayev artıq fərdi şəxsdir. 2007-ci ildən
bu yana onun bizim dövlətə heç bir aidiyyəti yoxdur. Həmçinin
ölkəmiz işğaldan azad olunandan sonra o, antiçeçen fəaliyyətinə
görə məhkəmə qarşısında durmalı olacaq. Mən sizin vasitənizlə
digərlərinə də çatdırmaq istəyirəm ki, bizim ölkənin
Konstitusiyasına əsasən, ayrıca Baş nazir vəzifəsi yoxdur. Hökumətə
ölkənin prezidenti rəhbərlik edir. Təəssüf ki, Rusiya öz KİV-ləri
və Qərbdə bəzi satılmış jurnalistlərin hesabına onu mühacirətdə
olan hökumət rəhbəri kimi reklam etdirməyi bacarır. Onun Şamil və
digər qardaşlarımız haqqında böhtanına gəlincə isə onu deyə bilərəm
ki, Şamil Basayev öz xalqının əsl oğlu və səmimi müsəlman idi.
Sözsüz ki, Basayevin də digər canlı insanlar kimi səhvləri olmuşdu.
Bunlara görə o, Allah qarşısında cavab verəcək. Onun səmimiliyi və
çeçen xalqına sadiq olmasında heç vaxt şübhəm olmayıb. Mən Allaha
yalvarıram ki, azadlıq uğrunda canından keçmiş Basayev və digər
qardaşlarımıza şəhidlik nəsib etsin. Sağlığında həmin bədxahlar
onun və digərlərinin ünvanlarına bir söz belə deməyə cəsarət
etmirdilər. Onun ölümündən sonra artıq cəsarətləniblər.
Ardı var...