"İnsan taleyi" layihəsində
- Müəllim, sən heç narahat
olma, otur çay iç, əlimdə bir balaca iş var, qurtarım,
baxaram.
- Olar, - deyirəm və onun göstərdiyi yerdə
otururam.
Başını aşağı salıb işi ilə məşğuldur. Telefonları aramsız zəng
çalır. Divardakı saata baxıb deyir:
- Müəllim, başına dönüm, telefonu aç, bu, filankəs olmalıdır, de
ki, Pərvinin başı qarışıqdır, gəlsin, hər şey hazırdır.
Deyirəm. Növbəti zəngdən sonra yenə də saata baxır və:
- İncimə, bu avara da mayordu, de ki, hələ gətirməyiblər, hazır
olanda özüm zəng edərəm.
Bu komandirdi, evdən zəng edir
Maraq güc gəlir. Axı bu heç telefona da baxmadan kimin zəng
etməsini necə dəqiq bilir? Görünür, dəqiq adamdır və müştəriləri də
bunu bildiyindən deyilən vaxt da zəng edir. Stolun üstündəki digər
telefonun zəngi çalınır. Bu dəfə onun işarəsi olmadan götürmək
istəyirəm. Baxmadan deyir:
- Dəymə, bu komandirdi, evdən zəng edir, - və əlinə keçirdiyi
çirkli əlcəkləri çıxarıb telefonu götürür. Qulaq asır və eləcə:
- Yaxşı, yaxşı, alaram, tez gələcəm, yaxşı, – deyir.
Yenə də işinə davam edir. Yenə də zənglər gəlir. Yenə də onunla
müştəriləri arasında "körpü" rolunu icra edirəm. Artıq 3-cü stəkan
çayımı içirəm. "Demək, adı Pərvindir. Pərvin adı əsasən qız
uşaqlarına qoyulan addır, axı", – fikrimdən keçir:
- Usta niyə sənin adını Pərvin qoyublar?
- Nəyi pisdir ki… Əslində, adımı Pərviz qoyubmuşlar. Metrikamı
almağa gedəndə qonşu arvad qarğış edib, üzünü qağamın ardıyca tutur
deyib ki, görüm o Pərviz balanın ömrü uzun, günü qara olsun, çörəyi
daşdan çıxsın, didərgin olsun, qaldısını biləsiz, özünü görə
bilməyəsiz… Kişi də, - qağamı deyirəm, - hirslənib, metrikaya
düzəliş etdirib. "Z"ni "N" ilə dəyişib ki, qarğışlardan uzaq olum.
Axı o arvad Pərviz deyib…
- Bizim tərəflərdə də çox vaxt ataya qağa deyirlər, -
deyirəm.
Haralı olduğumu soruşur. Məlum olur ki, onunla eyni rayondanıq.
Həmyerli olduğumuz üçün mənim işimi qabağa salacağına söz verir.
Şərikini səsləyir:
- Bəsdir day orda iyləndin, dur, müəllimin maşınına bax…
Tosmabədən şəriki bayaqdan yumduğu gözlərini tənbəl-tənbəl açır,
mənə müraciətlə:
- Bunların tayfasında dəyiş-düyüş çox olur. Dədəsi bunun adının
bir hərfini dəyişincə, gərək elə o vaxtdan dünyasını dəyişəydi, öz
canları da qurtaraydı, bizim də, - deyir.
Bunun dədəsi də bir kişi deyil
Hiss edirəm zarafatları var. İki həmyerli baş-başa verib
çörəklərini qonşu arvadın dediyi kimi daşdan yox, dəmirdən, təkər
disklərinin təmirindən çıxarır.
Arada fasilə verib siqaret çəkirlər. Şəriki Pərvindən canlı da
olsa, əslində, köməkçi kimi görünür.
- Qonşu arvad niyə sənə qarğış edib?
Söhbətə çəkmək istəyimə tosmabədən reaksiya verir:
- Nə bilsin, bu onda 20 günlük olub. Dədəsinin zibilidir, nə
qaynadıbsa, arvad dözməyib qundağdakı uşağa qarğış edib. Əşşi,
bunun dədəsi də bir kişi deyil. Namaz qılır, 6 volt edir. İki dəfə
yatıb qalxır, gala, namaz hazırdır…
Pərvin isə eləcə çiyinlərini çəkir:
- Bilmirəm. Amma o arvad necə deyib, dediyi kimi də oldu. 12 il
bidüzə dədəm üzümü görmədi. İndi də 3 ildir Azərbaycandayam, vaxt
tapıb kişini görməyə gedə bilmirəm. Özü də gəlmir, qoca kişidir də.
Elə o arvadın əmcəyini söyür ki, niyə belə qarğayıb bizi.
Burda da adama deyirlər, dombal…
Məni onun taleyi daha çox özünə çəkir. Yaşı o qədər də çox
olmaz, amma gördüyü, götürdüyü çox olub, düşünürəm. Özü isə
sözarası yaşını da deyir:
- Fevralın 27-də 36 yaşım olacaq. Müharibədən sonra çörək
qazanmaq üçün Qazaxıstana getdim. İlişdim qaldım orda. Sonra da az
qalacaqdım həbs olunam. Axırda məni deportasiya etdilər. Dədəm,
dedi, ay südü belə olmuş, demədimmi getmə? Sonra qaçıb getdim
Rusiyaya. 5 il də Moskvada yaşadım. Axırda gəldim vətənə. Bu da
vətən. Burda da adama deyirlər, dombal, dalına tüpürüm.
Vaxt tapıb yerli məmurlardan da gileylənir:
- Adlarını dəyişib reket desələr, rahat nəfəs alaram, daha
başqa-başqa adla bu qədər də soyğunçuluq olmaz…
Mən onu ötənlərə qaytarmaq istəyirəm:
- Bəs Qazaxıstanda nə etdin ki, səni deportasiya
etdilər?
- Danışsam, gərək işim qala.
- Yox, sən işini də gör, danış da, - marağımı görüb
danışır.
- Müəllim, qazaxlar yaxşı adamdır. Düzdür, bir az paxıllıqları
var, amma düzgün adamlardı. İlan kimidilər də, quyruğumu tapdalama,
çalmayım səni. Mən ora hələ çox cavan idim gedəndə. Müharibəni
saxladılar, atkəskəsdən sonra tərxis olundum. İş yox idi də. Qağam
da qoymadı gedəm tikintiyə. Dedi, o belə-belə olmuş arvad deyib ki,
çörəyin daşdan çıxsın, qoymaram. Bütün gücünü qoymuşdu ki, o
arvadın ağzından çıxanların heç biri olmasın. Büküb-bükmələyib evdə
saxlayırdı ki, gözündən uzaq olmayım. Axırı saqqızını oğurlayıb
getdim Qazaxıstana. Qohum yanına. Orda maşın təkəri təmiri yerində
şəyird kimi işlədim. 3 aydan sonra özüm üçün bir yer kirələdim
başladım tək işləməyə. Müştərilərim çox idi. Əsas da qafqazlılar.
Çeçen, inquş, erməni və sairlər. Ermənilər daha çox gəlirdi. Çoxu
da Bakı ermənisi. Bakıdan ötrü darıxırdılar. "Burnumuzun ucu
göynəyir", - deyirdilər. İşim pis getmirdi. Amma ermənilərlə sonra
mübahisəm düşdü.
Mən heç reketlərə pul vermirdim
- Niyə?
- Yay vaxtı idi, köynəksiz işləyirdim. Bədənimdə güllə yerləri,
qəlpə yerləri vardı. Biri soruşdu ki, bu nədir? Dedim ki, bəs oğraş
ermənilərlə döyüşdə olub. Dedilər, ümumi danışma. Mən də dedim ki,
mən ümumi danışıram. Sizə nə? Bax, bundan sonra mənə qarşı
münasibət dəyişdi. Miqrasiyada bir mayor vardı, erməni idi. Gəldi
yanıma, dedi ki, ayda 500 dollar verməlisən, yoxsa qovduracam səni.
Dedim, vermirəm. Mən heç reketlərə pul vermirdim, indi ona haqq
versə idim, özüm-özümə nə ad qoyardım? Sonra məni dəvət etdilər
həmin idarəyə. Rəisləri qazax idi. Məni söydü, qovacam dedi. Dedim,
günahım nədir? Dedi ki, sən qazaxları söyübsən, təhqir etmisən,
demisən ki, pullarını qazanıb qızları ilə gəzirik. Bildim bunu o
erməni öyrədib. Dedim, söyməmişəm, amma sən məcbur edəcəksən söyəm.
Əsəbiləşdi. Hay-küy qalxdı. "Basdıracam içəri, 24 saata rədd edcəm
səni", - dedi. Dedim birincisi, mənim işçi vizam var və vaxtının
tamam olmasına da hələ çox qalır. İkincisi isə soruş gör niyə söyə
bilərəm…
Pərvin bunu demişdi ki, birdən "uff" deyərək sifətimə baxdı.
Deyəsən barmağı əzildi. Ünvansız yağlı bir söyüş söydü. Əlcəyini
soyundu. Barmağını ağzına tutub üfürdü. Oturdu, əzilən barmağını
yelləməyə başladı.
- Sən də imkan verməzsən işimi görəm, yadıma saldın, əlimi
əzdim.
- Heç nə olmaz, - şəriki dedi. Hardansa bir kartof tapdı.
Ortasını deşib, Pərvinə verdi. Pərvin əzik barmağını kartofun içinə
saldı:
- Bir azdan zoqqultusu keçər, - dedi.
Erməni sonra qazaxları söydü
- Hə, Pərvin, rəis soruşdumu niyə söyə bilərsən? – mən
aranın sakitliyindən istifadə etdim.
- Yox, soruşmadı, amma özüm dedim. Erməni yalandan danışmışdı,
mən də onun yolunu tutdum. Dedim ki, burda bir erməni mayor var,
gəlib məndən 1000 dollar pul istəyir. Dedim, vermirəm. O sizin
adınızdan danışdı, guya sizin üçün yığır pulu. Mən də inanmadım.
Axı sizi rüşvətxor kimi tanımırıq. Nə vaxt işimiz düşüb, qanunla
həll etmisiz. Ona görə də dedim ki, rəis özü çağırsın desin. Siz
məni çağırtdıranda elə zənn etdim ki, bu söhbətdir. Fikirləşdim ki,
yəqin siz 200-300 istərsiz, o isə üstünə pul qoyar. Axı burda
yaşayan ermənilər deyir ki, biz pul yığıb göndəririk Qarabağ
fonduna, silah alıb müharibəyə hazırlaşsınlar. Niyə axı
Qazaxıstandan yığılan pullar din qardaşlarına ölüm gətirsin?
Ağlına batdı, deyəsən. Həm də onun adından pul tələb olunması
ona pis təsir etdi. Dedi get, işlə, özüm araşdıraram. Getmədim.
Dedim o erməni sonra sizə və qazaxlara söydü ki, guya başınız
qarışıb at əti yeməyə, arvad-uşağınızdan xəbəriniz yoxdur.
Əsəbiləşdim, söydüm ki, daş o qazaxların başına ki, sənin kimi
erməniyə şərait yaradırlar, sən də onların arvad-uşağı haqda belə
danışırsan. Bax bizim mübahisəmiz belə yarandı. Hələ, dedim ki, nə
təhər olur, sən adi "Çeşka" sürürsən, o isə bahalı "Cip"? Demək
rüşvətxordu.
Şəriki də maraqla qulaq asır. Pərvin isə söhbətinə ara verir.
Soruşuram:
- Sonra?
- Sonra heç nə, ermənilər başladı mənimlə düz getməməyə. O,
yerli erməni idi. Bakı erməniləri ilə də arası yox idi. Onlara
farsdan dönmə deyirdi. Mən də deyirdim ki, farsın nə dəxli, onların
damarında azərbaycanlı qanı ola bilər, amma fars yox. Nə isə düz
gəlmədim. Axırda da məni deportasiya etdirdilər. Guya vergidən
yayındım və sair.
- Qazax rəis ona inandı?
- Yox, əşşi. Sadəcə, ermənilərlə mənim savaşım çox çəkdi. Amma
borclu qalmadım. Birini vurdum. Hələ uşaqlar vardı, bic balalar,
onlara pul verirdim, deyirdim gedin filankəsin maşının təkərini
çıxardın aparın qoyun filan erməninin həyətinə. Oğurluq təkərləri
həmin ermənilərin həyətindən tapdırırdım. Bəziləri də gətirib mən
təklif edirdilər ki, alım. Mən də hay salırdım ki, bu oğurluqdur.
Düzdü, bu o qədər də effekt vermirdi, amma yenə də qisas alırdım.
Sonra açıq davamız oldu. Mən də bıçaqladım bir ermənini. Qarabağ
ermənisi idi. Bizimkilər qazaxlarla köməkləşib məni həbsdən
qurtardılar.
Atvyorkanı soxdum erməniyə
Pərvin barmağının zoqqultusu kəsənə qədər çox danışdı.
- Moskvada bazarda işlədim. Gördüm, alver mənlik deyil.
Profilaktoriyaların birində yer götürdüm. Təkər təmiri və hava
vurma ilə məşğul oldum. Orda da azərbaycanlılar və ermənilər
mənimlə düz gəlmədi. Haqq istədilər. Dedim, mən faizə işləyirəm,
haqqı "xozeyinə" verirəm, mən fəhləyəm, ondan alın. Dedilər, yox e,
o öz payını verir, sən də içəri "qrev" eləməlisən. Bir dəfə 100
dollar verdim, dedim, içəridəki yaxşı oğlanlar üçün olsun, amma
sonra gəlməyin. Amma gəldilər. Özü də yenə də ermənilərlə birgə.
Dözmədim, atvyorkanı soxdum bir erməniyə. Dedim, adə, mən 4 il
vuruşmuşam e… 1992-dən 96-ya qədər cəbhədə olnuşam, indi erməniyə
pul verim? Sağ olsun yaxşı oğlanlar, özləri məsələni həll etdi.
Qala bilmədim. Deportasiyanın vaxtı qurtarmışdı. Getdim
Qazaxıstana. O zaman mən deportasiya olunanda 9-cu sinifdə oxuyan
bir yarı qazax, yarı özbək qız vardı. Yazışırdım. Sevirdim onu.
Məktəbi də qurtarmışdı artıq. Alma-atıda oxuyurdu. Getdim qiyabiyə
keçirtdim, götürdüm, gətirdim Bakıya. Bir uşağım da var. 5 yaşında.
Atam da məni rayona qoymur. Deyir, gedib at əti yeyəni almısan.
Təzə barışıb. Elə o qonşu arvadın goruna söyməklə məşğuldur…