Azərbaycanda milli ədəbiyyatın inkişafına dəstək məqsədi
ilə Hədəf Nəşrlərinin təsis etdiyi "Anamın kitabı" Ədəbi
Mükafatının pyes müsabiqəsi bu il ikinci dəfə
keçiriləcək.
Axar.az xəbər verir ki, layihənin rəhbəri Müşfiq Xanın verdiyi
məlumata görə, bu il ikinci dəfə keçiriləcək müsabiqə fevral-avqust
aylarını əhatə edəcək. Mükafatlandırma isə bu ilin sentyabr ayında
təşkil olunacaq.
Bu il müsabiqənin Təşkilat Komitəsi əsərlərin mətni üçün işarə
sayı məhdudiyyətini də ləğv edib.
Xatırladaq ki, layihənin ideya müəllifi filologiya elmləri üzrə
fəlsəfə doktoru Şəmil Sadiq, müsabiqənin Münsiflər Heyətinin sədri
isə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti,
akademik İsa Həbibbəylidir. Münsiflər Heyətinin digər üzvlərinin
adı isə mükafatlandırma zamanı açıqlanacaq.
"Anamın kitabı" Ədəbi Mükafatının pyes müsabiqəsinə əsərlərin
qəbulu haqqında:
1. Müsabiqəyə yalnız pyes əsərləri qəbul edilir.
2. Əsərlərin mətni üçün işarə və pərdə sayı məhdudiyyəti
yoxdur.
3. Müsabiqədə iştirak etmək üçün maksimum yaş həddi – 40
yaşdır.
4. Mövzu seçimi sərbəstdir. Ədəbi mükafatın ideya və nizamnaməsi
nəzərə alınmalıdır.
5. Əsərlərin qəbulu:
Başlayır: 21 fevral 2015 – Beynəlxalq Ana dili Günü
Bitir: 1 may 2015 (saat 22:00)
6. Ekspertlər Şurası fəaliyyəti
1 may 2015 – 31 may 2015
EŞ-nın seçəcəyi əsərlərin sayına məhdudiyyət yoxdur. Seçilən
əsərlər Onlayn səsverməyə çıxarılmaqla yanaşı, Münsiflər Heyətinə
təqdim olunur. Onlayn səsvermənin nəticələri MH-nin
qiymətləndirməsinə təsir etmir.
7. Münsiflər Heyətinin əsərləri qiymətləndirməsi: 5 iyun 2015 –
5 avqust 2015
8. Onlayn səsvermə: 5 iyun 2015 – 5 avqust 2015 (saat 22:00)
9. Müsabiqəyə yekun vurulması və qaliblərin elan olunması
1 avqust 2015 – Azərbaycan dili və Əlifbası günü
10. Mükafatlandırma 2015-ci ilin sentyabr ayında
keçiriləcək.
Mükafatlar
I yer noutbuk, II yer planşet, III və IV yer netbuk.
Müsabiqə üçün əsərləri [email protected] ünvanına göndərmək
lazımdır. Əsərlər göndərilərkən əlavə bir faylda aşağıda göstərilən
məlumatları mütləq qeyd etmək lazımdır:
a) Müəllifin adı, soyadı, atasının adı
b) Müəllifin telefon nömrələri (mobil və ev), yaşadığı ünvan
c) Müəllifin doğum tarixi
d) Müəllifin e-poçt ünvanı (*varsa, FB ünvanı)
e) Müəllifin ədəbi təxəllüsü (*əgər varsa)
Göstərilən məlumatlardan hər hansı biri qeyd olunmayan əsər
müsabiqəyə buraxılmayacaq.
Əsərlərin məzmunu, redaktə və korrektə xətaları ilə bağlı
məsuliyyəti yalnız müəllif daşıyır.
Təşkilatçılar: AR Mədəniyyət Nazirliyi Dövlət Gənc Tamaşaçılar
Teatrı, Kitabevim.az kitab mağazaları şəbəkəsi
İnformasiya dəstəyi: Senet.az ədəbiyyat və sənət dərgisi
Sponsorlar: Soliton, Hədəf Kursları, Medica Hospital
Rəsmi Feysbuk səhifəsi: www.facebook.com/AnaminKitabi