Son zamanlar televiziya kanallarının birində onun adı
tez- tez hallanır. Guya anası peyda olub, oğlunu indi tanıyıb və s.
və i.a.
Mənim üçün də maraqlı oldu. Əgər xalq artisti Arif
Quliyevin anası doğrudan da tapılarsa, uzun illər uşaq evində
valideyn nəvazişindən məhrum olan aktyorumuz onu bağışlaya
biləcəkmi?
Bu məqsədlə Arif müəllimə zəng etdim. Hal-əhval tutub,
görüş məkanında müsahibə vaxtını qeyd etdik. Ertəsi gün mən sevimli
xalq artistinin qonağı idim.
- Arif müəllim, həmişəki kimi gülərüzsünüz.
- Siz nə düşünürdünüz? Mən əlimə dəsmal alıb ağlamalıyam?
- Yox, amma bir yaşlı qadının illər sonra gəlib "oğlum
Arif Quliyevdir" deməsi istər-istəməz xoşagəlməz
haldır.
- Deməzdim ki, xoşagəlməzdir. Əslində, mən hər zaman
vurğulamışam ki, Azərbaycanda bütün analar mənim anamdır.
- O zaman sözünüzdən belə anlamaq olar ki, bir zaman
sizi atan valideyninizi heç nə olmamış kimi qəbul edə
bilərsiniz?
- Mən veriliş zamanı da vurğuladım və indi də bildirirəm: mənə
valideyn tək qaldığım əziyyətli illərdə, həyatımın çətin
məqamlarında lazım idi. İndi artıq yaşa dolmuşam. Babayam.
Övladlarım, gözəl ailəm var. Və qəfildən bir qadının qarşıma çıxıb
öz analıq haqqından mənə danışması təəccüblü görünsə də, bir o
qədər də həyatıma mane olmur.
Hər halda bu ayın sonuna qədər bütün məsələlərə aydınlıq
gətirələcək.
- Niyə məhz ayın sonuna qədər?
- Mənim anam olduğunu iddia edən qadından və
məndən DNK testi üçün analiz götürülüb və yaxın günlərdə bu
məsələlərlə bağlı bütün həqiqət aşkarlanacaq.
- Arif müəllim, siz elə gəlmirmi televiziya kanallarında
yayımlanan və insanların şəxsi həyatında müəyyən "axtarışlar"
aparan verilişlər, əslində, insan həyatı və psixologiyasına mənfi
təsir edir?
- Əgər məni nəzərdə tutursunuzsa, deyərdim ki, bu da bir
taledir. Ömrü boyu özünü tək hiss etmək və qəfil valideyn "tapmaq"
özü də bir taledir. Amma verilişlə bağlı onu demək istəyirəm ki,
biz verilişi təhlil etmirik. Hazırda söhbət məhz mən və
valideynimlə bağlıdır.
- Amma bir qədər öncə özünüz dediniz ki, valideyn sizə
vaxtında gərək idi. Tənha və çətin anlarınızda.
- Doğrudur. Bilirsinizmi, indi mən artıq yaşlanmışam. Sənətimlə
zirvəni fəth edərək, o zirvənin kölgəsində dincəlmək arzum var.
Valideynlə bağlı məsələdə isə çalışacam ki, ədalətli qərar
verəm.
- Dünyasını gənc yaşında dəyişən oğlunuzu uzun illər
bağışlamamsınız. Maraqlıdır ki, illər boyu sizi kimsəsizlər evinə
atan valideyni bağışlaya biləcəksinizmi?
- Doğrudur, övladımı bir vaxtlar bağışlamamışdım. Buna əsaslı
səbəblər vardı. Amma valideynin də məni atmağa hansısa səbəbi ola
bilərdi. Hansısa məcburiyyət və ya çıxılmaz vəziyyət qarşısında o
bu addımı ata bilər. Hər halda, biz bu haqda analıq testinin
təsdiqindən sonra danışa bilərik. Amma əvvəlcədən onu da qeyd edim
ki, istənilən halda mən valideynlərimi bağışlayacam.
Nəriman Həsənzadənin çox sevdiyim bir şeiri var:
Dünya bir nərdivandır,
Qalxanda mehribandır
Enəndə nə yamandır.
İnsan övladı hər şeyi zamanında istəyir: qayğı, sevgi, hörmət və
məhəbbət hər vaxt zamanında olmalıdır. Tale oxşarlığımız olsa da,
biz insanların müxtəlif qisməti var.
Amma valideynə, xüsusi ilə də anaya insan hər zaman möhtacdır.
Mən çox vaxt düşünürdüm ki, hər kəsin valideyni var, hər kəsin dar
günündə bağrına basıb isti nəfəsi ilə qızdıran "ana" adlı bir ilahi
varlığı var. Mən bu istiliyi neçə il gözləmişəm. Ana mənim dünənin
tənhalığında, kəşməkəşli qaranlığında işıq kimi lazım idi. İndi
artıq gecdir.
Amma bir danılmaz həqiqət var: mənə qışın boranında, qarında,
tamamilə tanımadığım insanlar atalıq, analıq ediblər. Mənə edilən
bu yaxşılıqları unutmağa ixtiyarım yoxdur.
Qəribədir, Allah məni valideyn sevgisindən məhrum edib, amma
"milyonlarla valideyn" bəxş edib. Mən öz sənətimlə milyonlarla
insanın sevgisini qazandım, onların mənəvi övladına, doğmasına
çevirildim. Mənim anam – Vətənim olub.
- Hazırkı həyatınızdan razısınızmı və əgər ötən illərə
qayıtmaq olasaydı, sizin fikrinizcə, nəyi dəyişmək
olardı?
- Heç bir dəyişikliyə ehtiyac yoxdur. Nə olmalıydısa, o da oldu.
Həyatımdan da məmnunan, Allaha and olsun ki, hər şey gözəldir.
- Xoşbəxtsinizmi?
- Bir insan həyatdan köçəcəyini bilə-bilə necə xoşbəxt ola
bilər? İstənilən zirvəni fəth edə bilər, istənilən vəzifə və ya pul
sahibi ola bilər. Amma bu dünyaya gələn bir gün getməlidir. Ona
görə də biz insanları xoşbəxt hesab etmək olmaz. Əksinə, bəlkə də
biz dünyanın ən bədbəxt varlıqlarıyıq.
- Həyatdan kam ala bildinizmi? Hansı arzunuzda
nakamsınız?
- Hardasa nakamam. Xoşbəxtlik hissi mənim
həyatımda anlarla, bəzən saniyələrlə olub. Misal üçün, vaxtı ilə
oxuduğum internat məktəbindən qaçdım ki, hansısa bir peşə məktəbinə
daxil olum. O zaman bir yaşlı kişi mənə atalıq etdi, texnikuma
qəbul olunmağıma yardımçı oldu. Bax, bu əsl xoşbəxtlik hissi idi.
Bir neçə anlıq davam edən sevinc idi mənim üçün.
Və ya götürək 1993-cü ildə layiq görüldüyüm "Humay" mükafatını.
Bu mükafat mənə yaradıcılığımla bağlı deyil, sırf internat
məktəblərində və uşaq evlərində təşkil etdiyim xeyriyyə
konsertlərinə görə təqdim edilib. Çox sevinirdim. Həyatımın ən
xoşbəxt anları idi o zaman. Hətta pul mükafatından imtina edərək,
məbləği uşaq evlərindən birinə göndərdim. Fikirləşdim ki, onların
buna daha çox ehtiyacları var.
- Söylədiniz ki, nakamsınız. Amma məşhur mahnıda deyilir
ki, arif olan nakam köçməz bu dünyadan.
- Yox, mən bu fikirlə qətiyyən razı deyiləm. Bu
sözlər yalnız mahnıda səslənə bilər. Həqiqətdə isə, həyat tam
başqadır. Biz şeir və mahnılarda bir çox duyğularımızı vəsf edə
bilərik. Onları dinləyicinin nəzərinə abstrakt şəkildə, tam rəngli
olaraq çatdırırıq. Real dünyada isə həyatın öz amansız və qəddar
qanunları var. Və biz insanlar özümüzdən asılı olmayaraq, amansız
həyatın qanunlarına tabe olmaq məcburiyyətindəyik.
- Bayaq söylədiniz ki, ən böyük ananız vətəniniz olub.
Ananız vətənin borcunu qaytara bilmisinizmi?
- Mən aktyorluq peşəsini ona görə seçdim ki, məhz bu peşəylə
insanların qəlbinə yol tapa bilim, ölkəmə olan sevgimi obrazlarımla
canlandırım.
Bu faktı heç yerdə açıqlamamışam, amma vaxtı ilə əsgərlik
illərimdə məni Tatarstanda yerləşən Kaminski adına zavodda
mədəniyyət evinin müdiri vəzifəsinə təyin etmək istəyirdilər.
Administrasiya rəhbərliyi məni yanına çağırtdırıb, heç kimimin
olmadığını yadıma saldı. Dedi ki, onsuz da səni heç qarşılayan belə
olmayacaq. Orada qalıb işləməyi təklif etdi, işıqlı gələcəyimi vəd
etdi. Mən vətənimə borclu olduğumu dedim və məni boya- başa
çatdıran müəllimlərimin yolunu gözlədiyini dedim. Azərbaycana
dönməyə bilməzdim. Çalışdım ki, vətənimin borcunu qaytara biləm.
Mənə elə gəlir ki, qismən də olsa bu istəyimi həyata keçirə
bilmişəm.
- Hazırda yaradıcılığınız nə yerdədir?
- Səhhətimlə bağlı teatrdan uzaqlaşmışam, amma hazırda üç əsər
üzrə dəvət almışam. Rejissoru Şahin Zəkizadə, ssenaristləri Fərid
Rzayev və İlqar Fəhmi olan "100 kağız" filmində Əzmalı roluna dəvət
almışam.
İkinci film "Biznesmen" adlanır. Orada mən deputat Şahmalı
rolunu canlandıracam.
Üçüncü film isə artıq istehsala çıxıb, yaxın günlərdə
tamaşaçıların ixtiyarına buraxılacaq. Fikrət Əliyev və İlqar
Fəhminin ssenarisi üzrə çəkilən "Axırıncı dayanacaq" filminin
quruluşçu rejissoru əməkdar incəsənət xadimi Arif Musayevdir.
- Axır vaxtlar bütün filmlərdə biznesmen və ya deputat
obrazlarına dəvət alırsınız. Allah axırını xeyir
eləsin.
- Hə, filmdə olar. (Gülür) Bu kino ki var, çox
qəlizdir. Həm qəlizdir, həm maraqlı.
- Sizin bir vaxtlar ev dustağı olmağınızla bağlı
xəbərlər doğru idimi? İstəməsəniz cavab verməyə
bilərsiniz.
- Xeyr. Mən o qədər də axmaq deyiləm ki, min
bir əziyyətlə əldə etdiyim nüfuz və hörməti bir anada yerə
vurum.
- Və sonda bütün müsahiblərimə ünvanladığım ənənəvi
sualla sizə də müraciət edirəm. Əgər rəssam olsaydınız, hazırkı
həyatınızı tabloda hansı rənglərlə əks etdirərdiniz?
- Daha çox indiki həyatımı açıq hava rəngləri
ilə çəkərdim. Elə bir rəngdə ki, insan o rənglərə baxarkən, yalnız
dincələ bilsin, mənəvi rahatlıq tapsın. Ümumiyyətlə isə həyatımız
ağ və qara rənglərdən ibarətdir. Ağ - səhərin, qara rəng isə
zülmətin əlamətidir. Həyatımız ağlı-qaralı, sevincli-kədərli, bəzən
zülmət dolu sabaha bol işıq vəd edən gecələrdən ibarətdir...