Aqillər deyir üç şey var ki,
onları etmək qeyri-mümkündür: poladı sındırmaq, almazı cızmaq və
həyatın mənasını anlamaq. Bunlardan birincisi hamıya məlumdur,
üçüncüsü isə heç kimə məlum deyil.
Söhbətimiz almazlar haqqındadır. Bu daşlar necə əmələ gəlir,
niyə belə qiymətlidir, harda istifadə edilir?..
Bütün almazlar ultrayüksək (on minlərlə ölçülən) temperatur və
təzyiq nəticəsində yerin altında yaranır və vulkan püskürməsi
nəticəsində yer üzünə çıxır. Bu proses 200-300 kilometr dərinlikdə
baş verir. Almazların əksəriyyəti vulkanik mənşəli kimberlit
adlanan suxurlarda (kimberlit boruları) yaranır və vulkanik
proseslər fəal olan rayonlarda tapılır.
Almazlar daş kömür, karandaşların hazırlandığı adi qrafit kimi
kimyəvi tərkibcə təmiz karbondan ibarətdir. Amma almazda karbonun
atomları kristallik formada - daha sıx və nizamlı ("kubik
sinqoniya" adlanır) yerləşmişdir. Bu da almazın çox sərt və eyni
zamanda şəffaf və parlaq olmasını şərtləndirir. Yeri gəlmişkən,
almaz - təbiətdə rast gəlinən ən sərt maddələrdən biridir. Yəni
almaz şüşəni və başqa maddələri cıza bilir, almazı isə heç bir
başqa maddə ilə cızmaq mümkün deyil. Odur ki, təbii almaz daşlardan
brilyant qaşlar hazırlanarkən onu yalnız almaz tozu ilə
cilalayırlar. Məsələ ondadır ki, almaz suxurların içindən,
doğrudur, düzgün formalı, parlaq, amma adi daş kimi (bax - Küllian)
çıxır. Ondan brilyant hazırlamaq, yəni işığın daha çox sınması -
daşın "alışıb yanması" üçün çoxlu üzlər yaratmaq ("cilalanma") isə
uzun bir prosesdir. Amma almazın təbiətdə ən sərt maddə olması onun
həm də ən bərk maddə olması demək deyil. Yəni almaz poladdan
dəfələrlə sərt olsa da, poladdan kövrəkdir, almaz daşa ağır çəkiclə
güclü zərbə endirilsə, onu sındırmaq olar.
Almaz işığı yüksək dərəcədə sındırdığına, həddindən artıq parlaq
və şəffaf olduğuna, heç vaxt cızılmadığına görə ən qiymətli daş
hesab olunur. Bazar qiymətinə gəlincə, şərti olaraq bir karat
(qramın beşdən biri) təmiz brilyantın qiyməti 100 qram yüksək
əyarlı qızılın qiymətinə bərabər götürülür.
Almazlara təbiətdə rəngsiz, mavi, bənövşəyi, çəhrayı, qızılı və
qara rənglərdə rast gəlinir. Ən qiymətlisi birinci, ən ucuzu isə
axırıncıdır. Rəngsiz şəffaf almazlar eyni ölçüdə zümrüd və
rubinlərdən dəfələrlə qiymətlidir. Amma onlarla karat çəkidə,
dünyaca məşhur (şəkillərə bax) almazlar əntiq şey sayılır və bazar
qiymətləri ümumiyyətlə yoxdur. Onların satış qiyməti, bir qayda
olaraq, məşhur hərraclarda təyin olunur və on milyonlarla dollarla
ölçülür.
Qeyd etmək lazımdır ki, almaz qiymətli daş-qaş olmaqla bərabər,
eyni dərəcədə qiymətli materialdır. Almaz çox sərt olduğuna görə
(yeyilib sıradan çıxmır) ondan dağ-qazma işlərində, məsələn, dərin
neft quyularının qazılması zamanı istifadə olunur, qazma
baltalarının başlığına almaz daşlar vurulur. Bu zaman təbii yox,
süni daşlardan istifadə olunur (Almazları hazırda laborotoriya
şəraitində almaq olur, amma suni almazlar xırda və keyfiyyətsiz
olduğundan, ancaq texniki məqsədlər üçün istifadə edilir).
Yüksək istilik keçirmə qabiliyyətinə malik olan almaz, eyni
zamanda, dielektrikdir, yəni elektriki keçirmir. Bu xassəsi almazı
müasir texnologiyaların (raketdən kompüterə qədər) əvəzsiz
materialına çevirir. Beləliklə, almaz sözün əsil mənasında təbiətin
möcüzəsidir, dünyada ən qiymətli daş olmaqla bərabər, ən dəyərli,
əvəzolunmaz materialdır.
Hazırda dünyada almaz istehsal edən iyirmiyə qədər ölkə
mövcuddur. Məhşur Küllian almazının vətəni Cənubi Afrika bu sırada
dördüncüdür - Botsvana, Rusiya və Kanadadan sonra. İlk beşliyi
Anqola qapayır, Namibiya altıncı, Avstraliya isə yeddincidir.
Almazın tarixi vətəni sayılan Hindistan isə bu sıraya düşmür.
Təsdiq olunmuş məlumatlara görə, 2008-ci ildə almaz istehsalı bütün
dünya üzrə 12,7 milyard dollar təşkil edib.
Məşhur almazlar
Kullian almazı, 1000 karat
1905-ci ildə iş gününün sonunda, Cənub Afrikadakı Premier almaz
mədənində bir mədənçi torpağın içindən parlaq bir daş tapır.
Yanındakı cib bıçaqı ilə onu yerindən çıxarıb mədənin müdirinə
aparır. Həmin vaxt əhəmiyyətsiz kimi görünən bu hadisə tezliklə
dünyanın ən böyük almaz kəşflərindən birinə çevrilir. Müxtəlif
mənbələrin üst-üstə düşən məlumatlarına görə, Küllian almazının
ilkin çəkisi 1000 karatdan (təxminən 200 qram) çox olub. Hazırda
Küllian dünyada tapılan ən böyük almaz hesab edilsə də, təəssüf ki,
ilkin variantını saxlamayıb. Sonradan almaz kəsilib və ondan
cilalanaraq üç iri, onlarla xırda brilyant hazırlanıb.
Kulliandan alınan iri daşlar o qədər keyfiyyətli və qiymətli idi
ki, bu brilyantlar İngiltərə Tacını bəzəyən daş-qaşların sırasına
daxil edilib və bu gün də Londonda saxlanılır.
Kullian-2
Kohi-nur brilyantı, 191 karat
Yer üzündəki heç bir daşın Kohi-nurunku qədər qədim və zəngin
tarixi yoxdur. Hindistanda tapılan almazdan cilalanan bu brilyantın
tarixi onun ilk sahibi Malalı Racaha ilə 1304-cü ildə başlayıb. O
zamanlar belə bir daş-qaşa sahib olmaq bir imperatorluğa sahib
olmaq demək idi. Həqiqətən də Kohi-nura sahib olan adamın dünyaya
hökm edəcəyi deyilirdi. Təbii ki, Kohi-nur uğrunda mübarizə qorxunc
olub, onlarla insan ölüb.
1738-ci ildə Hindistanı işğal edən Nadir Şah bu məşhur daşı əldə
edə bilmişdi. Əfsanəyə görə, Hindistan şahı Məhəmmədin
hərəmlərindən biri Nadir Şaha ərinin bu qiymətli daşı türbanının
içində gizlətdiyini söyləmişdi. Kohi-nur 1850-ci ildə İngiltərə
kraliçası Viktoriyaya hədiyyə edilib və hazırda Londonda
saxlanılır.
Orlov brilyantı, 189 karat
Orlov brilyantı yaşılımtıl-göyümtül rənglərə çalır, hazırda
Rusiyada Almaz fondunda saxlanılır. 1775-ci ildə qraf Orlov
tərəfindən Rusiya imperatriçası II Yekatrinaya hədiyyə olunub.
Hindistan mənşəlidir, Rusiyaya gəlməmişdən əvvəl Nadir Şaha məxsus
olub.
Rəvayətə görə, Napoleon 1812-ci ildə Moskvanı işğal edərkən bu
daşı tapıb, amma naməlum səbəblərdən toxunmayıb və Fransaya
aparmayıb.
Regent (Napoleon) brilyantı, 140 karat
1701-ci ildə Cənubi Hidistanda tapılıb, ilkin çəkisi 410 karat
olub. 1717-ci ildə Fransa regenti II Filipp tərəfindən alınıb.
Fransa inqilabı zamanı oğurlansa da, sonradan tapılıb və 1793-cü
ildə Napoleonun əlinə keçib. Napoleon apardığı çoxsaylı
müharibələrdə bu qiymətli daşdan ordunun təhcizatı üçün girov kimi
istifadə edib. Napoleon Fransa imperatoru elan edilərkən Regent
onun qılıncının qəbzəsini bəzəyib. Sonradan Napoleonun çoxsaylı
arvadlarının əlinə keçən brilyant xoşbəxt bir təsadüf nəticəsində
Parisdə qalıb, Luvr muzeyinə qoyulub.
Regent 1940-1945-ci illər faşist işğalı dövründə də gizlədilib,
müharibədən sonra Luvr muzeyinə qaytarılıb.
Şah almazı, 88 karat
Şah almazı - adından göründüyü kimi, brilyant kimi yonulmayıb,
uzunsov formalıdır, üstündə fars dilində əvvəlki sahiblərinin –
İran şahlarının adları yazılıb. 1829-cu ildə ermənipərəst rusiyalı
diplomat A.Qriboyedov Tehranda qətlə yetirildikdən sonra İran şahı
tərəfindən Rusiya çarına "üzrxahlıq" nişanəsi kimi hədiyyə edilib.
Hazırda Rusiyada Almaz fondunda saxlanılır.
Qara Orlov brilyantı, 67,5 karat
Qara Orlovun mənşəyi, adı və qara-metalı rəngi sirr olaraq
qalır. Təsdiq olunmamış məlumata görə, Hindistan mənşəlidir və
almazın ilkin çəkisi 190 karat olub. Başqa bir məlumata görə isə
məşhur almaz adını sahibəsi, rus knyaginyası Nadejda Orlovanın
adından götürüb. Aparılan araşdırmalar isə Hindisnan mənbələrində
bu almaza rast gəlinmədiyini, Rusiya tarixində isə Nadejda Orlova
adlı knyaginyanın olmadığını göstərir.
Sirli brilliant amerikalı zərgər Uinston tərəfindən platin
haləyə salınıb və 60-cı illərdə Nyu York şəhərində Sotbi hərracında
fantastik qiymətə naməlum şəxsə satılıb.