Rusiya Prezidenti Vladimir Putin İtaliyaya səfəri
ərəfəsində bu ölkənin "Corriera Della Sera" qəzetinə geniş müsahibə
verib.
Putin ABŞ-la Rusiya arasında getdikcə qızışan çəkişmədən,
Ukraynadan və digər məsələlərdən danışıb.
"Belə fikirlər dolaşır ki, Rusiya özünü Avropa tərəfindən
atılmış məşuq kimi hiss edir, sanki məşuqə öz məşuqunu atıb. Bu gün
münasibətlərdə nə baş verir? Siz hesab edirsiniz ki, Ukrayna
böhranında Avropa Birləşmiş Ştatlardan həddən artıq asılı
oldu?"-jurnalist sual edib.
"Biz heç vaxt Avropaya məşuqə kimi baxmamışıq. Mən indi bunu
tamamilə ciddi deyirəm"-Putin cavab verib. Rusiya prezidenti əlavə
edib ki, onlar avropalılara həmişə ciddi münasibət təklif ediblər.
İndi isə belə təəsürat yaranır ki, Avropa Rusiya ilə
münasibətlərini ancaq maddi əsasda qururdu, özü də öz xeyrinə.
"Bura bizim postsovet məkanında inteqrasion birliklərə dair
hərəkətlərimizə göstərilən reaksiyalar da daxildir. Mən indi
Avrasiya İttifaqına çevrilmiş Gömrük İttifaqını nəzərdə tuturam.
Avropa inteqrasiya edəndə bu normal olur, ancaq biz postsovet
məkanında həmin şeyi etməyə çalışsaq bunu Rusiyanın hansısa
imperiyanı bərpa etmək səyləri ilə izah edirlər. Niyə belə
yanaşmadır, mən anlamıram" - Putin deyib.
Rusiya prezidenti Ukrayna ətrafında böhranın da məhz bu səbəbdən
başladığını xatırladıb. Deyib ki, keçmiş prezident Yanukoviç Avropa
İttifaqı ilə sazişin imzalanmasını təxirə salan kimi ABŞ və
Avropanın fəal dəstəyi ilə onu devirdilər. "Yeni hakimiyyət Avropa
ilə sazişi imzaladı, ancaq dərhal onu 2016-cı ilin yanvarına qədər
təxirə saldı. Sual yaranır: o zaman çevriliş nəyə lazım idi? Nəyə
görə ölkəni vətəndaş müharibəsinə sürüklədilər? Axı nəticə eyni
oldu" - Putin bildirib.
Rusiya prezidenti deyib ki, onun ölkəsi ancaq təhdidlərə cavab
verməyə çalışır. Özü heç kimi təhdid etmir. O, ABŞ-ın dünyada ən
böyük hərbi güc olduğunu xatırladıb. Deyib ki, ABŞ-ın hərbi
xərcləri dünyanın bütün qalan ölkələrinin hərbi xərclərinin
cəmindən çoxdur. NATO-nun hərbi xərcləri isə Rusiyanın hərbi
xərclərini 10 dəfə üstələyir. Rusiyanın xaricdə hərbi bazaları
praktiki olaraq yoxdur. ABŞ-ın isə dünyanın az qala hər yerində
bazaları var.
"Mənə hərdən sual verirlər ki, sizin təyyarələriniz niyə
haradasa uzaqlarda uçur. Strateji təyinatlı təyyarələrlə patrul
uçuşlarını ancaq iki ölkə - ABŞ və SSRİ həyata keçirirdi. Hələ
soyuq müharibə dövründən. Biz 90-cı illərin əvvəllərindən bu
uçuşları dayandırdıq. Bizim amerikalı dostlarımız isə sərhədlərimiz
boyu uçmaqda davam etdilər. Niyə? Bir neçə il əvvəl biz də bu
uçuşları bərpa etdik. Və indi siz demək istəyirsiniz ki, biz
özümüzü aqressiv aparırıq?"- Putin bildirib.