2013-cü ilin aprelin 15-də Boston marafonunun finiş
xəttində baş verən və üç nəfərin ölümü, onlarla insanın yaralanması
ilə nəticələnən terror aktının təşkilində və planlaşdırılmasında
müqəssir bilinən Coxar Sarnayev haqqında ölüm hökmü çıxarılan
məhkəmədə hakim qarşısında çıxış edib. Çeçen məhkum qısa nitqində
günahını etiraf edib və "aldığı canlara, verdiyi əzab-əziyyətə
görə" üzr istəyib.
Axar.az xəbər verir ki, Coxar Sarnayev zahirən soyuqqanlı bir
sima ilə, yalnız əsəbi halda barmaqlarını "qıraraq", ayaqüstə altı
maddədən ibarət ölüm, on maddədən ibarət ömürlük həbs cəzası
hökmünü dinləyib. Massaçusets ştatının federal hakimi Con O`Tullun
elan etdiyi yerdə qalan maddələr üzrə cəza müddətinin artıq heç kim
üçün heç bir əhəmiyyəti yox idi.
Əslində, ölüm hökmünün elan olunması yalnız bir prosedur idi:
məhkəmə iclasçıları lap əvvəldən yekdilliklə Coxar Sarnayevi baş
verən olayda təqsirli bilirdi.
Terror aktında ölənlərin və partlayışdan, qospitallardan,
günlərlə davam edən iztirablardan, gecə qarabasmalarından keçən
yaralıların doğmaları məhkəməyə gəlmişdilər. Tünd boz kostyum geyən
Coxar Sarnayev onların söylədiklərini diqqətlə dinləyirdi. Lakin
onun üzü adətən məhkəmə prosesinin sürdüyü ötən həftələr və aylar
ərzində olduğu kimi ifadəsiz idi. Şahidlər yaşananlara yenidən
qayıdarkən çox həyəcanlı idilər.
"Mən ömrümün sonunadək qadınımın yerinə qucağıma uşaq götürdüyüm
günü unutmayacağam", - Maykl Çeyz qollarını irəli uzadaraq
xəstəxana çarpayısından ayaqları amputasiya olunmuş arvadını necə
qaldırdığını göstərdi. O, etiraf edib ki, baş verənlərdən sonra
səsdən diksinir, fişəngə baxa bilmir. Lakin hər şeydən çox onu
incidən hiss budur ki, arvadını qoruya bilməyib.
Zalda qaçış iştirakçısı Kerol Dauni hıçqıraraq danışıb: "Axı mən
niyə öz uşaqlarımı marafona gətirdim?! Özümü bağışlaya bilmirəm!"
Məhkəmədə söz alan qızı Erika isə yalnız protezini göstərir. O, 21
əməliyyat keçirib, bununla belə yenə amputasiya təhlükəsi
qarşısındadır.
Coxar Sarnayev, nəhayət, günahını etiraf edib, ancaq şahidlərə
nisbətən daha təmkinlə danışıb: "Mən həlak olanlardan və zərər
çəkənlərdən üzr istəyirəm. Mən aldığım canlara və verdiyim ağrılara
görə üzr istəyirəm. Şübhəsiz, mən günahkaram".
Onun söylədiyi bu son söz, əslində, həm də ilk sözü idi. Çeçen
məhkim idiyədək danışmamış və özünü müqəssir bilməmişdi.
Məhkəmə gedən zaman ölüm hökmünün əleyhdarları "Edam sizin
ağrılarınızı yüngülləşdirməyəcək" – şüarları ilə çıxış
edirdilər.
Coxar Sarnayevi tezliklə Oklaxoma, sonra isə İndianaya
göndərəcəklər. Federal cinayətlər üzrə ölüm hökmləri İndiana
ştatının xüsusi Terre-Xot türməsində yerinə yetirilir. Ölüm hökmünə
məhkum edilmişlər üçün şöbənin kiçik dəmir-beton korpusu 1480 adam
üçün hesablanb. 1943-1944-cü illərdə burada Müdafiə Nazirliyinin
göstərişi ilə süzənəyin müalicəsi üzrə eksperiment aparılıb.
Dustaqlar 100 dollar qarşılığında könüllü olaraq peyvənd yolu ilə
xəstəliyə yoluxurdular.
Müttəhimə cəza olaraq üç iynə yazılır: ilk olaraq ağrıkəsici və
relaksiyaedici yeridilir. Sonra onu iflic vəziyyətinə salacaq
pankronium brom, sonda isə ürəyi dayandırmaq üçün kalium-xlorid
vurulur. Kornell Universitetinin əməkdaşları qeyd edirlər ki, insan
bütün hallarda ağrını hiss edir, sadəcə iflic olduğu üçün bunu
ifadə edə bilmir.
Qeyd edək ki, bu il ABŞ-da 20 nəfər ölüm hökmünə məhkum edilib,
lakin onlardan 17-sinin icrası müxtəlif instansiyalardakı
apelyasiya səbəbindən təxirə salınb.