"Hardtalk" proqramının aparıcısı Stefan Sakur BBC
studiyasında Gürcüstanın keçmiş prezidenti, hazırda isə Ukraynada
Odessa vilayətinin qubernatoru olan Mixail Saakaşvili ilə
görüşüb.
Musavat.com xəbər verir ki, Ukrayna iqtisadi və hərbi
problemlərlə üzləşib. Ölkənin yeni siyasətçilər nəslinə kəskin
ehtiyacı yaranıb. Görəsən, Ukraynanın siyasi səhnəsinə Mixail
Saakaşvilinin gətirilməsinin səbəbi nədir? O, Gürcüstan misalında
Vladimir Putininin davranışına yaxşı bələd olub, lakin görəsən,
prezident Pyotr Poroşenko onu bu mühüm vəzifəyə nə məqsədlə təyin
edib?
- Cənab Saakaşvili, siz bir ölkədə prezident olmusunuz,
indi isə tamam başqa bir ölkənin vilayətinin qubernatorusunuz. Bunu
necə izah etmək olar?
- Əslində nəyi arzulamışdımsa, nəyin uğrunda mübarizə
aparmışdımsa, bunların hamısı indi məhz Ukraynada baş verir.
Ukraynanın taleyi isə məhz Odessada həll olunur, çünki ölkənin
şərqində olduğu kimi, burada da ən mühüm hadisələr baş
verməkdədir.
Hazırkı dövr qeyri-standart qərarlar tələb edir - prezident
Poroşenko kimi mən də buna getməyə qərara verdim.
- Bəs ukraynalılar sizə gözlənilmədən çağırılmış bir
qonaq kimi yanaşmırlarmı?
- Əslində ukraynalılar mənə böyük dəstək verməkdədir. Mənim
gəlişimi müxtəlif sosial və etnik qrupların təmsilçiləri
alqışlamışdı. Söhbət yalnız məndən getmir - Ukrayna polisinin
başçısı mənim komandamı təmsil edən gürcü xanımdır. Korrupsiya ilə
mübarizə aparan ölkənin aparıcı prokurorlarından biri də mənim
komandamdan olan gürcüdür. Başqaları da var - Ədliyyə Nazirliyində,
korrupsiya ilə mübarizə aparan strukturlarda. Onlar çox fəal
şəxslərdir. Səs-soraqları daim xəbər buraxılışlarından gəlir,
Ukraynanda özlərini evdəki kimi hiss edirlər.
- Sizin siyasi opponentiniz, keçmiş baş nazir İvanişvili
yazır: "Ukraynalı dostlarımıza yazığım gəlir. Saakaşvilinin
təyinatı Ukrayna üçün faciəyə çevrilə bilər".
- Mənim üçün bu adamın dediyinin heç bir əhəmiyyəti yoxdur.
Ukraynalılar da buna əhəmiyyət vermir. Ukraynaya dəvət olunmağımı
izah edim. Buradakıların Gürcüstanda mənim prezidentlik etdiyim
dövrdə nə işlərin görüldüyündən yaxşı xəbəri var. Ukraynanılar
hesab edir ki, onların ölkəsinə məhz belə dəyişikliklər
lazımdır.
- Siz Ukraynada korrupsiya ilə mübarizədə, ölkə
iqtisadiyyatının canlandırılması işində iştirak etdiyinizi
deyirsiniz. Eyni zamanda doğma ölkənizdə sizi ciddi dövlət
cinayətləri törətməkdə ittiham edirlər...
- Siz bu ittihamları ciddi adlandırırsınız, əslində isə
Gürcüstanda bunlara heç kim ciddi yanaşmır. Ötən ilin dekabrında
mən fəxri qonaq kimi Avropa Parlamentinin iclasına dəvət
olunmuşdum. Avropa Parlamenti mənə qarşı ittihamları siyasi motivli
olduğundan pisləmişdi.
- Belə olan halda Tiflisə niyə qayıtmayasınız ki?
Gürcüstan məhkəməsi qarşısında çıxış edib haqlı olduğnuzu niyə də
sübut etməyəsiniz?
- Bunu etmək niyyətində deyiləm, çünki misal üçün, ATƏT-in
məlumatına görə, Gürcüstanda istintaq altında olanların haqqı
pozulur. Oradakı həbsxanalarda mənim komandamın bir qrup üzvü artıq
hərəsi il yarımdır ki, saxlanılır. Qanunla isə istintaq altında heç
kimi 9 aydan çox saxlamaq olmaz.
Özümü Rusiya "Qazpromu"nun ən iri özəl səhmdarı olan
İvanişvilinin qurbanına çevirmək həvəsim yoxdur. Bu rusiyalı
oliqarxı Gürcüstana məni və komandamın üzvərini təqib etmək üçün
göndəriblər.
- Lakin Gürcüstan prokurorluğu bu ittihamları
səsləndirməzdən əvvəl dünyanın aparıcı hüquqşünasları ilə
məsləhətləşib...
- Mən özüm də hüquqşünasam və bilirəm ki, istənilən hüquqşünası
pulla alıb onu istənilən fikri dedirtmək olar...
- Hər halda siz özünüzün təmiz olduğunu dediyiniz,
Odessanı korrupsiya və mütəşəkkil cinayətkarlıqdan təmizləmək
istəyində olduğunuz halda Gürcüstanın keçmiş müdafiə naziri sizin
vaxtilə ondan qətl törətmək tələb etdiyinizi
bildirir...
- Onlar çox şey deyirlər, amma faktlardan qaçmaq mükün deyil.
Bu, faktdır ki, mənə qədər Gürcüstan ölkədə biznes qurmağın
asanlığı əmsalına görə dünyada 137-ci yeri tuturdu, mənim
prezidentlik etdiyim dövrdə isə 8-ci yerə qalxdı. Heç bir keçmiş
sovet respublikası Avropa ölkələri arasında birinci onluğa daxil
ola bilməyib. Gürcüstan dünyanın ən korrupsiyalaşmamış və
təhlükəsiz ölkələrindən birinə çevrildi. Mənim hakimiyyətim
dövründə Gürcüstanın büdcəsi 11 dəfə artıb, vergilərin cəmi isə 6
dəfə azaldılıb. Gürcüstan iqtisadiyyatda və dövlət aparatında
islahat keçirilməsi nümunəsinə çevrildi.
- Amma bu da faktdır ki, gürcü seçiciləri sizə etimad
göstərmədi, yenidən prezident seçmədilər...
- Belə hadisələr vaxtaşırı baş verir - hətta ən müvəffəqiyyətli
hökumətlər də bəzən seçilmir. Sinqapurun prezidenti Li Kuan Yeu
deyirdi ki, hər 10 ildən bir insanlar hökumətdən yorularaq islahat
tələb etməyə başlayırlar. Mən buna hazır idim. Hökümətlər müxtəlif
olur - islahatçı, revanşıst və bəzən Gürcüstanın hazırkı hökuməti
kimi, sərsəm. Dünyada yalnız iki ölkəyə səfər edə bilmirəm -
Gürcüstan və Rusiyaya. Qalan ölkələr mənim üçün açıqdır.
Hazırda mən Ukraynada çalışıram, Gürcüstan barədə isə heç
düşünməyə belə vaxtım yoxdur.
İndi Ukraynada yaranmış vəziyyət mənim Gürcüstanda hakimiyyətə
gəlişimdən əvvəlki dövrə olduqca bənzəyir.
Gürcüstan 4 il ərzində biznes üçün ən təhlükəsiz ölkələr
siyahısında ön cərgələrdə yer tutub. Buna yalnız mütəşəkkil
cinayətkarlıqla mübarizə aparılması sayəsində nail olmaq mümkündür.
Ukraynada hazırda belə bir dövr başlayıb, məhz buna görə bizi bura
islahat keçirməyə dəvət ediblər.
- Bir çox Qərb müşahidəçiləri hesab edirlər ki,
prezident Poroşenko sizi Putinlə qarşıdurma təcrübəsinə malik
olduğunuza görə dəvət edib. Əslində siz prezident Putinin əsas
düşmənlərindən birisiniz. Nə vaxtsa o, sizi bir yerinizdən asmaq
istədiyini dilə gətirmişdi...
- Hə, hərdən onu mənim orqanizmimin müxtəlif hissələri
maraqlandırır... İş bunda deyil. Gəlin baxaq, Ukraynanın mövcudluğu
bu gün nədən asılıdır. Onun müdafiə edilməsi məsələsi mühüm olsa da
söhbət heç də Rusiyanı hərbi məğlubiyyətə məruz qoymaqdan
getmir.
- Moskvada iddia edirlər ki, sizin aparatınızın bir çox
üzvləri Amerika hökuməti tərəfindən maliyyələşdirilir. Gerçəkdən
sizə pulu kim ayırır?
- Bu, sirr deyil. Korrupsiya ilə mübarizə proqramlarımızı ABŞ
hökuməti maliyyələşdirir, bizə texniki dəstək verir. Məsələn,
sənədlərin tərtibatı mərkəzinin yaradılması işində. Ola bilsin ki,
yeni gömrük xidmətinin yaradılmasını da ABŞ maliyyələşdirsin,
məsləhətçi və ekspertlərini bura göndərsin. Ukrayna polisində
islahatlar keçirilməsində ABŞ polisi ilə əməkdaşlıq edirik.
- Elə Moskva da sizi məhz ABŞ-ın Ukraynanın işlərinə
müdaxiləsinin rəmzinə çevrilməyinizdə ittiham edir...
- Ukrayna hökumətinin tərkibində iştirak edən xaricilərə gələndə
burada ən çox sayda məhz mənim komandamdan olan gürcülərdir.
İkincisi, Ukrayna hökumətində aparıcı vəzifələrdə ukraynalılar
çalışır. Ukraynanın gerçək reformatoru isə prezident Poroşenkodur.
Məhz o, ehtiyac duyulan təcrübəyə malik xariciləri dəvət edir.
Mən bura müharibənin qarşısı almağa kömək etmək üçün gəlmişəm.
Bu ölkə indiki kimi yoxsul, korrupsiyalaşmış, dağılan
infrastrukturu və Avropada ən pis yolları olan ölkə vəziyyətində
qalmaqda davam etsə, burada etnik zəmində iğtişaş və zorakılıq
törətmək asan olacaq. Putin məhz bunda olduqca maraqlıdır.
Amma əgər korrupsiyanın öhdəsindən gəlsək, məhkəmə orqanlarını
təmizləsək, yeni poils sistemi qursaq, yeni yollar çəksək,
infrastruktur yaratsaq, regionda gərginliyi azaldarıq. Məhz bu,
Putini daha çox özündən çıxarır.
- Lakin siz Qərb jurnalistlərindən birinin dediyi kimi,
rus öküzünü cırnadan qırmızı parça rolunu oynayırsınız. Siz
Rusiyaya meydan oxuyursunuz...
- Mənim prezidentlik illərimdə Gürcüstan bütövlükdə Rusiyanı
cırnadırdı. Çünki Rusiya vətəndaşları suallar qaldırırdılar kı,
necə oldu, kiçik Gürcüstan özünü düzəldə bildi, Rusiyanın həsəd
apara biləcəyi yollar tikdi, yeni polis yaratdı, korrupsiyanın
axırına çıxdı?! Eyni iş indi Odessada da görülür. Odessa Rusiya
tarixi və mədəniyyəti üçün də mühüm şəhərdir, orada çoxlu sayda
ruslar, yəhudilər yaşayır.
- Digər tərəfdən siz deyirsiniz ki, Odessa Rusiya ilə
qarşıdurmanın ön cəbhəsində yerləşir...
- Hazırda Odessa sakit bir şəhərdir, düzdür, şəhərdən 400-500 km
məzafədə şiddətli müharibə davam edir. Amma gəlin baxaq söhbət necə
müharibədən gedir. Ukrayna itkilərini gizlətmir - Rusiya gizlədir.
Ukraynada müharibənin necə getdiyi geniş müzakirə olunduğu halda
Rusiya hətta ordusunun Ukrayna ərazisinə müdaxilə etdiyini də
boynuna almır.
Ukrayna parlamenti müharibəyə ayrılan maliyyəni parlamentin
baxılmasına çıxarır, Putin isə gizli fondlardan istifadə edir. Fərq
məhz bundadır - biz demokratik ölkəyik, çətinlikləri inkişaf və
islahat yolu ilə adlamaq istəyirik.
- Bir çox ukraynalılar hesab edir ki, günlərin bir günü
siz prezident Poroşenkonun hökumətində baş nazir vəzifəsinə keçmək
istəyərsiniz. Sizin belə ambisiyalarınız varmı?
- Yox, mən indiki işimi davam etdirmək niyyətindəyəm. Prezident
Poroşenko mənə baş nazirin birinci müavini vəzifəsini təklif
etmişdi, lakin mən imtina etdim. Kiyevdə kabinetdə oturmaq ürəyimcə
deyil, hərəkət, can tələb edən işə üstünlük verirəm.
- Gəlin baxaq, Ukrayna indi nə vəziyyətdədir. Məgər
Putinin istədiyi kimi, Ukrayna da Gürcüstan və Moldovaya bənzər
dondurulmuş konflikti olan ölkələr sırasına
qoşulmayacaqmı?
- Yox, Ukrayna ilə bağlı mən nikbin ruhdayam. İlk əvvəl qeyd
edim ki, Ukrayna Rusiyaya müvəffəqiyyətlə müqavimət göstərə bilir.
Mən dəfələrlə şəxsən cəbhə xəttinə baş çəkmişəm, orada
ukraynalılarla çiyin-çiyinə döyüşən gürcü zabitlərilə söhbət
etmişəm. Və mən bilirəm ki, döyüş meydanında ukraynalılar möcüzə
yaratmağa qadirdirlər.
- Bəs separatçılar axı hazırda Hollandiyaya bərabər
əraziyə nəzarət etməkdədir...
- Əbəs yerə onları elə adlandırırsınız. Söhbət Rusiya
müdaxiləsindən gedir, orada Rusiya ordusu yerləşir, bəzi yerli
sakinlər isə onlara dəstək verir. Gəlin təkcə müharibədən
danışmayaq. İslahatlarımız nəticə versə, korrupsiyanın axırına
çıxsaq, işlək iqtisadi mexanizm yarada bilsək, onda Rusiya
vətəndaşlarına deyə bilərik ki, bizdən nümunə götürün. Çünki biz
bütün bunlara Rusiyanın müqavimətinə baxmayaraq nail ola bilmişik,
repressiv hökumətinizin əsarətindən özünüzü azad edin.
- Prezident Obamanın Ukrayna və Gürcüstan məsələsinə
yanaşmasında məyusluq hissi keçirmirsinizmi? Axı o, bu ölkələri
NATO-ya qəbul etməyə razılıq vermir, Kiyevi ağır silahlarla təchiz
etmək istəmir. Sizə elə gəlmirmi ki, Vaşinqtondakı dostlarınız sizi
dar ayaqda tərk edib?
- Bu yaxınlarda prezident Poroşenko kimi, mən də ABŞ-a səfər
etmişdim. Mən onun orada necə qarşılandığının şahidi oldum...
Mənim Vaşinqtona səfərimin məqsədi Ukraynaya ağır silahların
təchizatı məsələsində lobbiçilik etmək idi. Biz həmin silahları
əldə edə bilməmişik, lakin hər şey hələ qabağdadır.
Yox, prezident Obamanın mövqeyi məni məyus etməyib. Sanksiyalar
öz nəticəsini verir, ABŞ bizə real yardım göstərir. Baxmayaraq kı,
hərbi sahədə hələ xeyli işlər görmək mümkündür. Hesab edirəm ki, bu
münaqişəyə Ukrayna tab gətirəcək, biz bütün çətinliklərin
öhdəsindən gələrək Putini məğlub edəcəyik.