Bilal Ərdoganın Qəbələdəki "Qafqaz" Hoteldə qaldığına
dair iddialar var.
Türkiyənin bir sıra internet saytlarında ölkənin baş naziri
Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğanın bir müddətdir
Qəbələdəki "Qafqaz" Hoteldə qalması haqqında xəbərlər yayılıb.
Azərbaycanda olan qaynaqlara istinadən yayılan xəbərlərdə
bildirilir ki, baş nazir Ərdoğan 17 dekabr Böyük Rüşvət
əməliyyatından sonrakı dalğada oğlunun həbsi təhlükəsi yarandığı
üçün onu ölkədən çıxarmaq qərarına gəlib. Bilal Ərdoğan üçün ən
etibarlı məkan kimi isə Azərbaycan seçilib.
Yada salaq ki, Türkiyənin hakim partiyasına korrupsiya və rüşvət
əməliyyatı ilə vurulan zərbə baş nazir Rəcəb Tayyib Ərdoğanın
ailəsinə qədər gedib çıxmış, ilk günlər istintaqı aparan Müammer
Akkaş Bilal Ərdoğanın istintaqa çağırılması haqqında order
imzalamışdı. Orderdə istintaqa Bilal Ərdoğanın şübhəli qismində
çağırılma səbəbi kimi gəlir məqsədi ilə qanunsuz dəstə yaratmaq,
qurulan dəstəyə üzv olmaq göstərilirdi. Ancaq bu olaydan bir neçə
gün sonra Muammer Akkaş istintaq prosesindən kənarlaşdırıldı. Akkaş
mediaya açıqlamasında bu məsələnin baş nazirin xüsusi təlimatı ilə
həyata keçirildiyini bildirdi. Akkaş iddia edirdi ki, 100 milyard
dollarlıq daha bir korrupsiya faktının izinə düşüb və AKP bu
məsələdə 7 dekabr Böyük Rüşvət əməliyyatından daha böyük ziyan
çəkəcək. Prokuror Akkaş işdə şübhəli şəxs qismində keçən şəxslərin
də adını mediaya təqdim etmişdi. Onların arasında Bilal Ərdoğanın
Səudiyyə Ərəbistanında olan iki ortağı da vardı. Yerli qaynaqlar
siyahı açıqlanandan sonra hər iki iş adamının özəl uçaqla tələsik
Türkiyəni tərk etdiyini yazırdı.
Türkiyənin "Hürriyyet" qəzetinin yaydığı xəbərdə isə
bildirilirdi ki, 17 dekabrda həbs edilən İstanbulun Fateh Bələdiyyə
başqanı bir neçə hektarlıq torpaq sahəsində dövlət vəsaiti hesabına
tikilən binanı baş nazir Ərdoğanın ailə üzvlərinə məxsus TÜRGEV
vəqfinə 25 illiyinə bağışladığı üçün istintaqa cəlb edilib.
TÜRGEV-in İdarə Heyətinin üzvü olan Bilal Ərdoğanla bərabər Ərdoğan
ailəsinin daha 11 üzvü vəqfin təsisçiləri sırasındadır. Əməliyyatın
ilk günlərində noyabr ayında bəlli olmayan qaynağın TÜRGEV-ə 3
milyon lirə vəsait köçürməsi haqqında da xəbər yayılmışdı.
Bunun ardınca yerli media baş nazirin kiçik oğlu olan gənc Bilal
Ərdoğanın qısa zamanda Türkiyənin ən zəngin şəxsləri sırasına
yüksəlməsinin tarixçəsi haqqında ard-arda məqalələr dərc etdi; iş
həyatına qida sənayesi ilə başlayan Bilal Ərdoğanın bir neçə il
içərisində tekstik, kosmetika, tikinti, gəmiçilik sektoruna daxil
olduğu, iri uluslararası layihələr həyata keçirdiyi xəbərləri
gündəmə gətirildi.
Müxalifətin və sosial media vasitəsi ilə vətəndaşların son
dərəcə sərt tonda təpkilərinə baş nazir Ərdoğan özünə xas olmayan
həyəcanlı bir tərzdə cavab verdi. Baş nazir 30 mart bələdiyyə
seçkilərində namizədlərinin müəyyən edilməsi məqsədilə AKP-nin
regionlarda düzənlədiyi mitinqlərdəki çıxışında TÜRKEV-in
xeyriyyəçiliklə məşğul olmasını vurğuladı: "Mən çox fəxr edirəm ki,
ailə üzvlərim belə xeyirxah işlərlə məşğuldur. Fateh bələdiyyəsinin
TÜRGEV-ə 25 illik istifadə üçün verdiyi bina aspirantlar üçün
yataqxanadır. Bu, Bilal Ərdoğanın oteli deyil ki... TÜRGEV-dən
başlayaraq mənə gəlib çatmaq istəyirlər".
Türkiyədəki bir sıra qaynaqlar onu da iddia edir ki, Bilal
Ərdoğan atasının hakimiyyəti üçün gərgin günlərdə ölkədən çıxaraq
Qəbələdə öz təşəbbüsü ilə yerləşib. Azərbaycan hakimiyyət
orqanlarının bu məsələdə AKP ilə eyni səfdə dayandığı da bəllidir.
Ən azından ona görə ki, 17 dekabr Böyük Rüşvət əməliyyatına görə
həbs edilənlərdən biri Sədərək Gömrük Keçid Məntəqəsinin rəhbəri
Mirməhəmməd Seyidovdur. ("Musavat.com")