Rusiyanın Ukraynaya qarşı müharibəsi və ABŞ başda olmaqla Qərb ölkələrinin Ukraynaya yardımları yenidən “Lend-liz” Qanununu gündəmə gətirdi. Hətta bu ayın əvvəlində ABŞ Senatı yekdilliklə bu proqramın yenidən qüvvəyə minməsi üçün Co Baydenə Ukraynaya Rusiya ilə müharibədə silah və digər ləvazimatları daha effektiv şəkildə göndərməyə imkan verəcək qanun layihəsini qəbul edib. Digər tərəfdən qanun çərçivəsində 2023-cü il büdcəsindən Ukraynaya 628 milyon dollar ayırmaq nəzərdə tutulub. Bəs “Lend-liz” Qanunu nədir və niyə qəbul edildi?
Axar.az xəbər verir ki, “Lend-liz” sözünün mənası ingilis dilindən tərcümədə “borc və ya kirayə vermək, müvəqqəti istifadəyə vermək” mənasını verir.
11 mart 1941-ci ildə Franklin Delano Ruzvelt ABŞ Konqresi tərəfindən qəbul edilən “Birləşmiş Ştatların müdafiəsinin təmin olunması haqqında” “Lend-liz” Qanununu təsdiqləyib. Bu qanun prezidentə ABŞ üçün müdafiəsi mühüm əhəmiyyət kəsb edən ölkələrə istənilən qədər yardım etmək səlahiyyəti və hüququ verirdi. 1 oktyabr 1941-ci ildə Moskvada ABŞ, Böyük Britaniya və SSRİ nümayəndələri arasında müqavilə imzalandı. Müqaviləyə görə SSRİ də “Lend-liz” çərçivəsində yardım ediləcək ölkələr siyahısına salındı. Moskvada imzalanan müqavilə aşağıdakı şərtlər ilə SSRİ-yə yardımların edilməsini nəzərdə tuturdu:
- İstifadə edilmiş və döyüşlərdə itirilən materiallara, texnikalara görə heç bir ödəniş tələb olunmayacaq;
- SSRİ yalnız müharibədən sonra geri qalan və mülki sahədə istifadəyə yararlı olan texnikanın dəyərini ödəməli idi. ABŞ borcu ödəmək üçün də uzunmüddətli və faizsiz kreditin verilməsinin təmini ilə bağlı üzərinə öhdəlik götürürdü;
- Hərbi materiallar SSRİ-də qala bilərdi, lakin ABŞ tələb etdiyi təqdirdə geri verməli idi.
Qanun çərçivəsində ABŞ müharibə illərində SSRİ-yə bu yardımları edib:
- Təyyarə - 11 min 400 ədəd,
- Zirehli texnika – 12 min ədəd
- Avtomobil – 427 min 284 ədəd
- Lokomotiv – 1977 ədəd
- Motosiklet - 35 min 170 ədəd
- Tank əleyhinə top – 5 min ədəd
- Avtomat silah – 131 min 633 ədəd
- Tapança - 12 min 997 ədəd
- Tüfəng – 8 min 218 ədəd
- Barıt - 127 min ton
- Partlayıcı maddələr – 345 min 735 ton
- Detonator – 903 min ədəd
- Təmizlənmiş etanol – 331 min litr
- Neft məhsulları – 2,67 milyon ton
- Telefon – 2,5 milyon ədəd
- 1,1 milyard dollar dəyərində maşın və avadanlıq (o dövr üçün həddən artıq böyük məbləğdir)
- Hərbi qulluqçular üçün çəkmə - 15 milyon 417 min
- Adyal – 1,5 milyon ədəd
- Təkər – 3 milyon 786 min ədəd
- Düymə - 257 milyon ədəd
- Kimyəvi məhsullar – 842 min ton
- Dəri – 50 min ton
- Polad – 2,8 milyon ton
- Pambıq – 107 min ton
- Əlvan metal – 802 min ton
- Traktor – 8 min 71 ədəd
- Yük vaqonları – 11 min 75 ədəd
- Radiolokator – 2 min 74 ədəd
- Sualtı qayıq əleyhinə gəmi – 105 ədəd
- Torpeda qayığı – 202 ədəd
- Yük gəmisi – 90 ədəd
- Sualtı gəmi – 4 ədəd
- Metalkəsən dəzgah – 38 min 100 ədəd
- Radiostansiya- 4 min 338 ədəd...
Əlbəttə, yardımlar yalnız bununla bitməyib. Müharibə bütün SSRİ ərazisində ərzaq qıtlığına səbəb olmuşdu. ABŞ-ın yalnız 1944-cü ildə SSRİ-yə etdiyi 3,5 milyard dollar həcmində yardımının 2,37 milyardlıq qismi ərzaq və mülki təyinatlı məhsulları əhatə edib.
ABŞ-ın müharibə dövründə SSRİ-yə etdiyi yardımın həcmi sözügedən dövrün məzənnəsi ilə 10 milyard 800 milyon dollar civarındadır. Hesablamalar nəticəsində inflyasiya və qiymətlər nəzərə alınmaqla bu rəqəm 2015-ci ildə 160 milyard dollara bərabər olub.
ABŞ Senatının bu ayın əvvəlində sözügedən proqramın yenidən aktivləşdirilməsi üçün qəbul edilən qanun layihəsi Nümayəndələr Palatasında da təsdiq olunarsa, tam şəkildə qüvvəyə minə bilər. Əlbəttə ki, hazırda Ukrayna müharibəsində şərtlər və şərait fərqlidir, dünya müharibəsi getmir. Ona görə yardımın həcminin fərqli olması mümkündür. Müharibənin gedişatında vəziyyətin hansı istiqamətdə dəyişməsi yardımların azalmasına və ya çoxalmasına təsir göstərə bilər.
Qeyd: Yazıda Yadigar Sadıqlının “Lend-liz haqqında” adlı məqaləsindən istifadə edilib.