Qərb terrorizmlə mübarizədə
Rusiyanın hərbi yardımını qəbul etsə belə, bu, Əsəd rejimini xilas
etməyəcək.
Axar.az xəbər verir ki, bunu "Novaya qazeta"ya müsahibəsində
Pavel Felgenhauer söyləyib. Onun sözlərinə görə, Rusiyanın Suriyada
savaşa girməsi dünya nizamı üçün yeni qaydaların
müəyyənləşdirilməsinə səbəb olmayacaq:
"Moskva var gücü ilə özünün Suriyaya hücuma hazırlaşdığını
göstərməyə çalışır. Bu hücum vətəndaş müharibəsinin gedişində Bəşər
Əsəd rejimini və onun şiə müttəfiqlərini uğursuzluq zolağından
çıxarmalıdır. Rusiyanın Suriyada hərbi texnika yerləşdirməsi ilə
bağlı informasiyalar qəsdən təşkil edilib. Bütün bunlar Rusiyanın
keçmiş müttəfiqini xilas etməyə hesablanıb. Eyni zamanda həmin
informasiyalar Qərblə ümumi qarşıdurma səviyyəsini aşağı
salmalıdır. Rusiyanın Suriyaya girməsi ilə bağlı xəbərlər ABŞ
Administrasiyasında ciddi fikir ayrılığına səbəb oldu. Hələlik
Obama tərəfindən dəstəklənən Kerrinin nöqteyi-nəzəri bu
qarşıdurmalarda qalib gəlir. Amerikanın bölgədəki siyasəti artıq
dalana dirənib. Vaşinqton isə Obamanın strategiyasının
iradəsizliyindən narazıdır. Putin də öz növbəsində İŞİD-ə qarşı
geniş koalisiya yaratmağı təklif edir. Kreml bununla da Qərblə
Rusiya arasındakı konflikti söndürməyi planlaşdırır. Qısası, Rusiya
yeni Yalta müqaviləsi imzalamağa çalışır. İŞİD, suriyalı
qaçqınların Avropaya axını Rusiyanı hələlik öz məqsədlərinə sürətlə
yaxınlaşdırır. Əgər Yaxın Şərqdəki konflikt ocaqları söndürülməzsə,
onun əhatə dairəsi genişlənəcək".
Xatırladaq ki, Yalta konfransı 1945-ci ilin fevralında baş
tutub. Konfransda dövrün mühüm lideri SSRİ rəhbəri Stalin, Böyük
Britaniya Baş naziri Çörçil və ABŞ Prezidenti Ruzvelt iştirak edib.
Konfransda tərəflər Polşa, Almaniyanın bölüşdürülməsi və SSRİ-nin
Yaponiya İmperatorluğuna qarşı savaş elan etməsini
müəyyənləşdirmişdilər. Məhz bu konfrans və orada qəbul edilən qərar
II Dünya müharibəsindən sonra qlobal güclər arasında balansı
müəyyən edən əsas amillərdən biri olmuşdu.