Yuxarı

“Mehmanəni alan kimi yandırdım...”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Cəbhə xətti"mizdə Fəxrəddin Mətləb oğlu Səfərovdur.

Əvvəli burada

- Ən uğurlu əməliyyatlarınız hansı olub?

- Şuşada döyüşlər gedəndə hücum edib Kərkicahanı azad elədik. Demək, səngərdəki ermənilər bizə atəş açır. Habil rəhmətlik də yanımdadır...

Amma onu da deyim ki, adətən biz atanda bir maqazini tamam atırdıq. Yəni təcrübəmiz az idi. Ermənilər ona görə bir güllə atıb otururdu ki, onları müharibəyə hazırlamışdılar. Həm taktiki, həm fiziki cəhətdən. Onlarda döyüşənlərin əksəriyyəti Beyrutdan, Livandan, Suriyadan gələn muzdlular idi. Dekabrın 29-da Kərkicahanda tutduğumuz erməni əsgər nə ermənicə bilirdi, nə də bizim dili.

Döyüşürdük. Kamil var idi. Güləşçi idi. Durmuşduq, hardansa atdıqlarını görürdük. Elə oldu ki, mən eməni qəbiristanlığının yanı ilə sürünə-sürünə gedəndə, gördüm boş səngər var. Özümü atdım ora. Arxadan səs gəldi. Baxdım ki, bir oğlan qaça-qaça özünü atdı səngərə. Dedim, hansı batalyondansan? Dedi, Bakı batalyonu. Tanımırdım. Hündür, arıq oğlan idi. Patronu soruşdum, dedi, var. Gördüm irəli səngərdən 3 erməni mən əvvəl durduğum yerə 3-4 güllə atıb oturdu. Onlardan yuxarıda olsam da, ata bilmirdim. Gözlədim, amma səngərdən çıxmadılar. Yağlıtəpədən də bizi vururdular. Qəfildən səngərə atəş açdım. Yenə gizləndim. Başımı saxladım çöldə. Həmişə də başımın qabağına daş qoyurdum. Həmin səngərdən üç nəfər tullanıb qaçdı. Mən də qaçıb həmin səngərə girəndə gördüm, bir nəfər düz qaşının üstündən vurulub, elə oturduğu yerdə qalıb. Atdığım güllə dəyibmiş başına. Bakılı oğlanla bunun meyitini atdıq səngərdən bayıra. Orda yer qazmaq üçün 8 dənə bel var idi. Konservlər, popiroslar hamısı ərəb dilində, mənim bildiyim əski əlifba ilə yazılmış qutular idi. Həmin səngərdən qaçan 3 nəfər uzağa gedə bilməzdilər. Çünki atılıb qaçdıqları yer də bizim əsgərlərin nəzarətində idi. Rəhmətlik Əhliman, Nizami və Mütəllim bizə köməyə gəldilər. Mən elə onlardan qumbara alıb görmədən həmin istiqamətdə tulladım. Sonra uşaqlar onların meyitlərini tapıb yandırmışdılar. Həmin dövrdə Yaşar Məhərrəmov, Çingiz, Cahid Ələkbərov bir yerdə döyüşdüyüm yerdə az qala Xankəndinə içəriyə girirdilər. Hücumlarımızdan birində əsil hərbçi olan Azay Kərimov (sonralar ANS-də işləyirdi, indi təqaüddədir) bir neçə rus zabitini əsir götürmüşdü. Bizim üçün bayram idi.

Gizli şifrələr

- Tutduğunuz əsirləri dəyişirdiniz?

- O, dövlətin işi idi. Biz o işlərə qarışmırdıq. Mən özüm də Mill Qəhrəmanımız Ramiz yaralanan gün - 1992-ci il aprel ayının 29-da erməni əsiri tutmuşdum. Familiyası da Osepyan idi. Kamil Bəşirov döyüşdə əsir düşmək anında özü-özünü güllə ilə vurmuşdu. Çünki rabitəçi idi. Gizli şifrələri ağzında çeynəyib atmışdı kolun dibinə. Biz Kamilin meyitini ordan götürəndə onu tapıb götürmüşdüm. Yoldaşıma vermişdim ki, muzey-zad olanda verərik. Şuşada evimizdə qalmışdı. Kamilin özü-özünü vurmağının bir əlaməti də üzünün, dodağının zədəsiz olması idi. Güllə boynunun ardından çıxmışdı. Rabitədə də son sözü "bizi qırdılar, mühasirədəyik" olmuşdu. Biz həmin yerə hücum edib 12 erməni öldürdük.

Şuşada ayın 8-də ağır döyüş gedirdi. Bir var, Şuşaya sevgin, istəyin ola. Bir də var Şuşanı dəlicəsinə sevəsən, onu hər gün fikirləşəsən. Batalyonda müxtəlif zabitlərim var idi. Amil Əhmədov, Əvəz Məmmədov, Əvəz Nəsirov, Xudayar Mirzəyev, İlham Əşrəfov. Bunlar hamısı təhsilli və zabit olduqları üçün dəvət etdim batalyona. Amil Əhmədov idman müəllimi idi. Çox soyuqqanlı və döyüş vaxtı çox güclü müşahidəçi ola bilən insan idi. Dəfələrlə məni ölümdən qurtarıb. İtələyib yıxıb, güllədən yayına bilmişəm. Sonra həmin ermənini biz vurmuşuq. Briqada komandiri Elbrus Orucov və yerdə qalan zabitlərlə birgə ayın 8-də axşam Şuşa İcra Hakimiyyətinin binasında iclas idi. Düzgün deyilmir məslələr. Biz bilmirdik həmin gün Şuşaya hücum olacaq. Çünki yalan məlumatlar çox olurdu. Əvvəllər də olmuşdu belə aldadıcı hücum xəbərdarlıqları. Amma faktiki olaraq biz hücum olacağını bilmirdik. Hücum günü Oğuzdan gələn samboçu Tofiq Oğuz mənə zəng elədi, soruşdu ki, komandir, neynirsən? May ayının 8–i səhər saat 5 idi. Əmr gözlədiyimi dedim. Şuşa yanırdı. Artilleriya atəşi hər gün olurdu. Amma bu dəfə başqa idi. Sağdan-soldan açılan atəşlərdən çölə çıxmaq olmurdu. Hər batalyonun mövqeyi var idi. Tez-tez əlaqə saxlayırdıq. Xankəndi ilə Şuşanın arasında ən çətin yerdə Qaybalı kəndi var idi...

Dağlar qırmızı görünürdü

Tofiq dedi ki, Fəxrəddin, təcili Tar sexinə! Dedim, komandir, axı mənim ərazim Qaybalı kəndidir. Dedi ki, ermənilər aşağı postları götürüblər, uşaqları da öldürüblər, təcili Tar sexinə getməlisən. Onda bütün batalyonun nə qədər silahı varsa, götürüb Tar sexinə hücuma keçdik. Həmin vaxt mənim 70-dən çox əsgərim postda idi. 30-dan çox əsgərim də digər postda. Həmin post Xəlfəli kəndinin üstündə Hacı talası deyilən yerdəydi, Öküzuçan deyilən yerdəsə, 100-ə yaxın əsgərim var idi. Tofiq Oğuz özü orda həlak oldu. Hələ də bilinmir ki, o, ermənilərə əsir düşdü, ya öldü. Çünki sonrakı istintaq prosesində iki polis şahid dedi ki, biz onun yanında olanda ağır yaralı idi. Bizi göndərdi ki, siz birtəhər çıxın, mən tərpənə bilmirəm. Ermənilər Tar sexi tərəfindən yolu bağlayıb ikinci Xocalı törətmək istəyirdi. Səhər tezdən Tar sexinə çıxdıq. Ermənilərlə zaman fərqimiz çox az oldu. Onlar Xankəndi tərəfdən, şimaldan gəlirdilər. Biz isə Şuşadan gedirdik. Onlar çıxdığı tərəfdə tikinti materialları, bloklar var idi. Biz çıxdığımız tərəf isə çılpaq dağ idi. Əgər onlar bizdən tez çatsaydı, birimiz də sağ qalmayacaqdıq. Çünki gizlənməyə yer də yox idi. Mövqeyə qalxan kimi də batalyonu zəncirvari düzülməsinə istiqamət verdim. Məndə pulemyot var idi. Atəşə başladıq. Fasiləsiz saat yarım, iki saat döyüşdük. Birdən rota komandirim Amil Əhmədov məndən qarşı mövqeyə keçməyə icazə istədi. Mən də binanın divarına söykənib atəş açırdım. Bir nəfər də mülki uşaq var idi. Vaqif Kərimovun oğlu idi. Təsadüfə bax ki, o uşaq indi yaşayır. Orta məktəb şagirdi idi. Qaçıb gəlmişdi bizdə döyüşən qardaşı Zaur Kərimovun yanına. Mənə kömək edir, lenti doldururdu. Həmin gün mənə çox kömək elədi. Amil Əhmədov öz yerindən çıxdı, düşmənə tərəf getməyə. O yerindən çıxan kimi tank mərmisi həmin yerə düşdü. 6 nəfər əsgərim tikə-tikə oldu. Həmin anda dağlar qırmızı görünürdü mənə. Bir anlıq ayılandan sonra yaxınlaşdım ki, birinin yarısını aparıb mərmi, tutub əllərimdən deyir: "Komandir, mən axı ölürəm". Əlindən də heç nə gəlmir adamın. Mən də dedim ki, sevin ki, qanın bu torpağa axır. Bu mənim öz şəxsi fikrimdir. Evdə uzanıb ölməkdənsə, kişi kimi qanın torpağa qarışsın öl, bu, daha şərəflidir. Şuşadan sonra biz Ağdərədə döyüşəndə bakılı Ramiz adında oğlanın qarnını mərmi dağıtmışdı. Rəhmətlik Əhliman da Ağdərədə şəhid oldu. İndiki müasir müharibədə bir az fərqlidir.

Biz döyüşmədən Şuşanı təslim etmişik?

Jurnalistlər sual verəndə də, cavab alanda da ehtiyatlı olsunlar. Bir dəfə qırmızı qalstuk bağlayıb, üzü təmiz qırxılmış, kostyum geyinən bir cavan oğlan Şuşanın işğalı günü televiziyaya müsahibə vermişdi ki, Ağa Məhəmməd Şah Qacarın ala bilmədiyi Şuşanı necə işğal etdilər? Deməli, biz döyüşmədən Şuşanı təslim etmişik.

Əvvəla, Ağa Məhəmməd Şah Şuşanı işğal etmişdi. Nə yolnan girmişdisə də, Şuşada öldürüldü. İkincisi də, Ağa Məhəmməd Şahın dövründə düşmən düşmənə zərbə vurmaq üçün qılınc məsafəsi qədər yaxınlaşmalı idi. İndi müasir müharibədə 20 km.-dən göydən mərmi gəlir. Tankın, topun və yaxud da Qradın mərmisi ulaya-ulaya gəlir. O kimin üstünə düşdü, düşdü də. Burda söhbət qəhrəmanlıqdan gedə bilməz...

...14 tank minası çıxartdıq o ərazidən. Minaları gətirib yığmışdı hərbi hissəyə. Rəhmətlik Almayısla Fəqani "Ural"la kəndə endilər. O vəziyyətdə risk idi bu. Bir də qayıdıb ərzaq götürməyə gələndə maşın minaya düşdü. Sən demə, minanın biri qalıbmış. Mənim arxamca da Elbrus Orucovun "Zil 131"-i gəlirdi. Bizim "Ural" enib, onlar azca sol tərəfə çıxıblar. Orda qırmızı daşın içində mina olub, bilməmişik. Partlayanda bizim də maşını tulladı, amma o uşaqlar tikə-tikə olmuşdular. Kabinanın düz içinə düşmüşdü. Mən də zədələnmişdim. Amma qayıdıb yenə də döyüşürdüm.

İnək sağırdım ki, uşağım ac qalmasın

Üçüncü dəfə minaya Ağdərədən gəlib Mərzili istiqamətində döyüşəndə düşdüm. 1993-cü ildə tərxis oldum. Əslində, mən döyüş qabiliyyətimi itirməmişdim. Sadəcə, Şuşa ilə Laçının işğalı ilə bağlı Əbülfəz Elçibəy qərar vermişdi. İstintaq prosesində mən həbs olundum. Laçın batalyonunun komandirini sonra həbs etdilər. Cəbhə gedəndən sonra. Mənim də həbs olunmağımın bir səbəbi Cəbhəyə yaxın getməməyim idi. O dövrdə bu tendensiya da var idi. Milli Qəhrəman olmaq üçün cəbhəçi olmalıydın. Yaxud nəsə titul almaq üçün cəbhəçi olmalıydın. Həbs olunandan bir müddət sonra Şuşa camaatı, ağsaqqalları xahiş edib buraxdırmışdılar məni. Bir il olmadı heç. Azad olan kimi yenidən döyüşə qayıtdım. Əslində, zaminə buraxılmışdım. Amma dayana bilməyib döyüşə gəldim.

Mən hərbidə olduğumdan ailəmin köçkün kimi Şuşadan çıxmağını da ancaq xəbərlə bilirdim. Soruşurdum, deyirdilər, mən doğulduğum kənddədilər. Sonra o kənd də işğal olunanda yoldaşım, uşaqlarım gəldilər Şüvəlana. Ət-süd pansionatında məskunlaşmışdılar. Ordan gələndən sonra çox çətin yaşadıq. Müəllim kimi az maaşa qane olmalıydıq. Elə çətin vəziyyət oldu ki, mən bəyənmədiyim işlərlə məşğul oldum. Yəni bu neqativ hal deyil əslində. Məsələn, həyətdə inək belə saxladıq. Sadəcə, çətin günləri ötürmək xatirinə. Mən özüm inək sağırdım ki, uşağım ac qalmasın. Yoldaşım şəhər qızı, inək görməyən adam idi. Amma o günlərimizə də qürurla baxıram. Torpağa namus deyirik. Namusundan adam pul qazanmır. Batalyon komandiri idim. Hamı elə bilirdi batalyonda səlahiyyətimdən dolayı Milli Bankdan istədiyim qədər pul götürmək imkanım var. Çünki imzam bankda təsdiqlənmişdi, əlimdə də çek kitabçam var idi. Bir adam deyə bilməz ki, Fəxrəddin on manat artıq pul götürüb.

İnternetlə Şuşadakı evimə bağlandılar

1998-də oğlum öldü. Ondan iki il sonra ard-arda qızlarım ailə qurdu. Bir dəfə Gürcüstan tərəfdən gəlmişdilər müsahibəyə. Həyəti-filan çəkdilər. Sonra internetlə bağlandılar Şuşadakı evimə. Ordakı evimdə ermənilər yaşayır. 3 mərtəbəli ev tikdirmişdim. Həyətimdəki ağaclar böyüyüb. Mənə dedilər ki , orda da evin var, burda da. Amma mənə bura yox, Şuşadakı evim lazımdır.

Elbrus Orucov, Rövşən Əkbərov, Ramaldanov...

Köhnə döyüşçü kimi istəyərəm ki, birinci Qarabağ savaşından sağ qalan yaxşı, döyüşkən zabitlərimiz, bu gün hətta Müdafiə Nazirliyində işləyən zabitlərimiz də - Elbrus Orucov, Rövşən Əkbərov, Ramaldanov, Altay Mehdiyev, Elxan Orucov, Dadaş Rzayev və unutduğum, xatırlamadığım hər kəsin iştirakı ilə bir müşavirə keçirilə və o döyüşü uduzmağımızın, geri çəkilməyimizin səbəbləri də hərbçi kimi müzakirə oluna. Eyni zamanda da yenidən müharibəyə başlasaq, hansı tərəfdən hücum etsək, daha tez mövqeni vura biləcəyimizi də müzakirə edək. Ağdərədən, Ağdamdan və ya Fizulidən hücuma keçsək, necə müvəfəqiyyət əldə edə bilərik? Çünki o yerləri, o şəraiti tanıyan adamlar daha rahat deyə bilərlər ki, məsələn, birinci həmlədə filan yeri aldın, deməli, Xankəndinin arxasındasan. Bir dəfə də olsa köhnə döyüşçüləri belə yığsalar, biz də bilərik ki, kiminsə diqqətindəyik.

Prezidentə teleqram da vurmuşduq

Mənə lazım olan Şuşadır. Hazırda Müdafiə naziri köhnə döyüşçüləri çağırsın, ən birinci mən gedərəm. İçimdə o qədər yanğı var! Hətta uşaqlarıma da demişəm ki, əgər maşınla yol getsəm belə, eşitsəm səfərbərlikdir, onda evə dönmədən birbaşa ora gedəcəm. Hətta bu yaxınlarda Laçın batalyonun komandiri Arif Paşayev və o biri komandirlərlə prezidentə teleqram da vurmuşduq. Onsuz da cavanlarımız çox qırılıblar. Qoy cavanlar qalsın, 5-3 bala tərbiyə edib böyütsün sabahımız üçün. Bizim kimi yaşlılar isə nə Arifin, nə Salehin (Qubadlı batalyonu komandiri) bundan sonra ailə qurub uşaq dünyaya gətirən vaxtımız deyil. Qoy can borcumuzu verək. Gənclər həm yaşasın, həm də görsün ki, bu 23 ildə biz nələr çəkmişik.

Orda 12 erməni öldürdük

Əlbəyaxa döyüşlərimiz də olurdu. Üzümdəki iz əlbəyaxa döyüşdə olub. Bir dəfə rəhmətlik Çingiz, Mehman, Sahib və mən Öküzuçan deyilən bir dikə çıxmalıydıq. O mövqedən ermənilər Xəlfəli kəndini vururdu. Çıxanda gördük ki, erməni ağ paltarda durub. Lap səngərin yaxınlığına qumbaranı tulladım. Qumbaranı atanda baxdım ki, sol tərəfimdə Qəqəni, Çingiz, bir də Kərkicahandan olan Əli dayı varmış. Mən "qumbara" deyib, qışqırdım. Çingizlə Qəqəni uzandılar, amma Əli dayı uzanana kimi mən atan qumbara onun üzünü kəsib apardı. Təsəvvür edin ki, azca sağa meyillənsəydi, kişinin başını qoparacaqdı qumbara. Orda mən erməni ilə əlbəyaxa oldum. Pulemyotu götürdüm. Ayın 8-də döyüşəndə həmin pulemyotla da döyüşürdük. Orda 12 erməni öldürdük. 2-si zabit idi. Silahlarını da götürmüşdük. Birini əlbəyaxa döyüşdə öldürdük. Yerdə qalanlarını vurduq. Bircə Əli dayının üzündən qan kəsmirdi. Kişiylə zarafat elədim ki, əşi, elə bil, üzünü qırxanda kəsmisən. O sözlə Əli dayı şokdan çıxdı. Mənə təşəkkür elədi.

Dedim, elə bil, it tutub da səni

Bir uşaq var idi, özünə Rembo deyirdi. Yaxşı döyüşkən oğlan idi. 1992-ci ildə dizindən güllə dəymişdi. Qılçası əsirdi. Gəldim, ərklə şapalaq vurdum ona. Dedim, elə bil, it tutub da səni. Ayıldı. Elə deyəndə şokdan çıxırdı adam. Rəhmətlik Ramiz yaralanan günü eşitdim ki, 3 meyit var qabaqda, batalyon geri çəkilib. Mən başqa istiqamətdə - cənubda idim, onlar şimalda. Əlimdəki PK pulemyotu tullayıb əsgərdən avtomatı almışam. Heç xəzinəsində güllə olub-olmadığını da yoxlamadan çığıra-çığıra tək gedirdim. Meyitin yanına tez çatmaq istəyirdim ki, həm uşaqlar ürəklənsinlər, həm də ermənilər təhqir etməsinlər meyitləri. Götürsələr, verməyəcəkdilər. Həmin vaxtı Amil Əhmədov özünü mənə çatdırıb yerə yıxdı. Dedi, ermənilər meyitin üstündə durublar. Bizi birbaşa vurarlar. Hara gedirsən? Baxdım ki, erməni oturub meyitin böyründə. Həmin ermənini vurmuşuq. Onun yanında da birini. Daha sonra 6 erməni də vurduq. Meyitləri çıxartdıq. Orda rəhmətlik Pənah idi, Göyçaydan Elton idi...

Orda cəsədləri qalan oğlanlar hanı?

1992-ci il may ayının 8-də ermənilər şiddətli hücuma keçdilər. Mən şəhərdən kənarda Tar sexində döyüşürdüm. Briqada komandirinin maşını ilə bir neçə dəfə şəhərə getdim, qayıtdım. Dayandığım yerdən yüksəklikdən baxanda şəhərin 20 yerdən artilleriya atəşinə tutulduğunu görürdüm.

- Rus ordusu idi?

- Əlbəttə. Ayrı kim olacaqdı? Dağlıq Qarabağın silah düzəltməyə imkanı var idi, ambarı var idi bəyəm? Bizim qarşılıq verməyə gücümüz zəif idi. Bu məlumat televiziyada da gedib. Mən də bir neçə müsahibədə demişəm. Şuşada 3 tank olub. 2 Qrad qurğusu. Tanklardan biri Kir mövqeyinə çıxarılmışdı. Həmin mövqeyə də gecə ermənilər hücum edəndə tankı buraxmışdılar aşağı ki, ermənilərin əlinə keçməsin. Qradı da ordan atmışdılar. 1992-ci il may ayının 3-də güclü qar yağdı. Elə qar ki, yollar bağlanmışdı. Uşaqlara çörək də aparmaq mümkün deyildi. Həmin vaxtı iki tank qalmışdı şəhərdə. Biri şəhərin Laçın istiqamətində, Daşaltı tərəfində olan mövqeyində dayanmışdı. O biri də Xankəndindən gələn istiqamətdə. Xankəndindən gələn Milli Qəhrəmanımız Albert Aqarunovun istifadə etdiyi tank idi.

Yayda Albert Aqarunovun qəbrini ziyarət edəndə orda yığılan döyüşçü dostlardan soruşdum ki, Albert şəhid olandan sonra tankı kim istifadə edib? Çünki Albert səhər tezdən şəhid olmuşdu. Amma günorta o tank artıq yerini dəyişmişdi. Tanka haranı vursun deyə, mən göstəriş verirdim. Bir də ANS-də bəzən xoşagəlməz məlumatlar yayımlanır. Bəzən elə məlumatlar verirlər ki, bizi narahat edir. Şuşa işğal olunan günü 196 əsgər şəhid olub. O əsgərlərdən birinin adı çəkilmir, ancaq Albertin adı çəkilir. Albertin yanında olan ekipaj ki var idi, 4 nəfər, bax o uşaqların da adı çəkilsin də. Bəs orda cəsədləri qalan oğlanlar hanı? Albertin tankı ermənilərin tankını vurandan sonra özü şəhid olub. Geri qayındanda onu sürən oğlanlar çıxsınlar, mənim səsimə səs versinlər. Zəncirin üstündə olan üzlüyün arasında ikimi, üçmü meyit var idi. Tank şəhərin girişində bulağın yanında dayandı. Onda meyitlər sürüşüb düşdü. Biz komandir Əhədlə qaçıb meyitləri götürdük. Qanı, üst-başımıza töküldü. Axı Şuşanın işğalı günü ancaq Alberti şəhid verməmişik.

Albert səhər həbsxananın yanında erməni tankını vurur, sonra tankı sürür qaz idarəsi tərəfdən geriyə. Onda yolda görür meyitlər var. Düşüb meyitləri götürəndə vurmuşdular Alberti. Tankdan düşməsə, vurmazdılar. Amma meyitləri yolun ortasında da qoymaq olmazdı. Tank dönüb geri qayıdanda mən tankı gördüm.

Dedim, Şamil, ta Şuşadan çıxırıq, heç olmasa...

Ayın 8-də Elbrus Orucov Kosalar kəndindən gələndə saat on birə işləyirdi. Amil Əhmədov mənə briqada komandirinin gəlişini dedi. Görüşdüm. Durduğu yer elə idi ki, onu vura bilərdilər. Yeni gəlmişdi. Zabit olsa da, döyüş təcrübəsi yox idi. Mən onu ordan çəkdim. Orda onun maşını ilə şəhəri gəzib Qrad qurğularımızı axtardıq. Qrad qurğusunun biri getmişdi. Digəri isə səhər tezdən Turşsudan bütün ehtiyatını atdı kəndə. Mən həmin müddətdə əsgərim Kərimov Mehmanı təcili göndərdim ki, Qrad atana denən, Fəxrəddin müəllim deyir, Zeynalın obyekti ilə Kələt saxlanılan yeri vursun. Çünki erməninin əsgəri "Kamaz"la gəlib ora tökülürdü. Görürdüm. Orda 200-300 əsgər yığılmışdı. Ondan sonra biz Qradı axşama kimi tapa bilmədik. Axşam biz Şuşadan geri çəkiləndə, Şamil adlı oğlan var idi, zabit idi, - deyirdi, SSRİ-də 2-3 Qrad atan varsa, biri də mənəm. Mütəxəssisəm. Bu Qradı mənə verin. Qrad isə mənim səlahiyyətimdə deyildi. Mən Şamili 23 ildir görmürəm. Çox istəyirəm tapım. O, tapılsa, bu faktları bir yerdə qoyarıq ortaya. O, qaça-qaça gəldi ki, Qrad burdadır. Nəsibov Kamil Qradı sürdü gətirdi haça yola. Şamil pusqu qurdu. Mən dediyim mövqeləri vurdu. Dedim, Şamil, ta Şuşadan çıxırıq, heç olmasa o yerləri vur.

Ağdərədə Mehmanə kəndində hücum elədik. Gecəynən briqada komandiri Elxan Orucovun əmri ilə batalyon Mehmanə kəndi istiqamətində hücuma hazırlaşdı. Batalyon döyüşə gedəndə maşını bəzəmişdilər. Ağac budaqları ilə maşın tamam görünməz olmuşdu. Bizim məskunlaşdığımız yer Əfətli kəndi idi. 816 nömrəli hərbi hissə. Şuşa könüllü özünümüdafiə batalyonuna say vermişdilər. Bizim əməliyyata 116 əsgər lazım idi. Ağdamın içindən gedəndə rəhmətlik Fred Asiflə rastlaşdıq. Mən onu tanımırdım. Yanacaq məntəqəsində görüşdük. Dedi ki, eşitmişəm gəlmisiniz. Əsgərlərin döyüşə toy-bayram kimi getməyinə baxdı, qürur duydu. Mehmanə kəndində Altay Mehdiyevlə əməliyyat quruldu. Orda rəhmətlik general Bərşad da məni rabitəyə çağırdı. Dedi, şuşalı balası, Mehmanəni səndən istəyirəm. Bizə qədər Mehmanəni ala bilməmişdilər. 20 Yanvar batalyonu da ala bilməmişdi. BMP-ləri düşmüşdü, tikə-tikə olmuşdular. O döyüşdən qalan meyitləri də biz götürdük. Hətta Qazaxdan bir uşaq şəhid olmuşdu. Nişanlısına məktubu elə cibində qalmışdı. Bir şəhid, bir neçə yaralı ilə də Mehmanəni ala bildik. Mehmanəni alan kimi də yandırdım...

Tarix
2015.09.29 / 09:55
Müəllif
Nihad Cəbrayıl
Şərhlər
Digər xəbərlər

Belousovun təyinatında şok detal: Ərdoğan faktoru…

Xameneinin nəvəsinin Nyu Yorkda geyimi şok etdi - Video

Ermənilər bizə görə İlhan Aşkını cəzalandırır: Onu tək qoymayın!

Rusiya sərhədimizdəki 11 postu ləğv edir

Paşinyandan sülh açıqlaması: Vaxtı çatdı

Uraloğlu: Zəngəzur dəhlizi bizim üçün çox önəmlidir

Ermənistan və İran Araz üzərində 2-ci körpünü tikə bilər

Keşiş Baqrat “Nikolu devirmək” əmrini kimdən alıb?

İran mediası Azərbaycanı hədələdi: Növbə sizdədir!

Borq İrəvanda “olmaz” dedi, Bakıda Əliyevi dəstəklədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla