Minada zəvvarların kütləvi
ölümü ilə nəticələnən hadisədən sonra Tehran-Ər Riyad
münasibətlərindəki gərginlik pik həddə çatıb.
Axar.az xəbər verir ki, vəziyyət o qədər gərginləşib ki, iki
ölkə arasında hərbi qarşıdurma ehtimalı yaranıb.
Yaxın Şərqin iki güclü ölkəsi arasında yarana biləcək
qarşıdurmanı qiymətləndirən ekspertlər Tehranın başlıca məqsədinin
hərbi əməliyyatlara başlamaq yox, daxildəki etirazı cilovlamaq
olduğunu bildirir. Eyni zamanda Qərb ilə əldə olunan nüvə razılığı,
Rusiyanın Suriyaya girməsi İranın bölgədə daha aktiv mövqe
sərgiləməsinə şərait yaradır.
İranın tanınmış hərbi mütəxəssislərdən olan Əhməd İbrahimi
Tehranın ard-arda Yaxın Şərqdə böyük zərbələr aldığını deyib:
"Tehranın hədəfi Səudiyyə Ərəbistanının bölgədəki fəaliyyətinə
mane olmaqdır. Yəmənə silah daşıyan İran gəmisinin saxlanılması,
İran təyyarələrinin Yəmənə enişinə Səudiyyə liderliyindəki
koalisiya tərəfindən maneə törədilməsi, İran səfirliyinin
Bəhreyndən deportasiya edilməsi və Küveytdə İranla əlaqələri olduğu
deyilən bir neçə şəxsin həbs olunması Tehranı özündən çıxarıb. Bu
hadisələrdən sonra Minadakı hadisə İran üçün yaxşı bəhanə oldu.
İranın Ərəb ölkələrinin Yəmənə hücumundan sonra bölgədəki
hegemoniyası davamlı olaraq geriləyib. Bu müddətdə Tehran İraq,
Bəhreyn, Yəmən və Livanda çox şey itirdiyini hiss edir. Buna görə,
islam ölkəsinin belə reaksiyası əslində təbiidir".
Tehran Universitetinin siyasi elmlər üzrə professoru və sabiq
millət vəkili Cəlal Cəlalzadə İranın Səudiyyə Ərəbistanına qarşı
hücum planının olmadığını deyib:
"İranın hücum niyyəti və gücü yoxdur. Çünki bu hücum bütün İslam
aləminin reaksiyasına səbəb ola bilər. Ayrıca, İran iqtisadi
cəhətdən yaxşı vəziyyətdə deyil. Digər tərəfdən belə bir hücum ABŞ
və Səudiyyə Ərəbistanının müttəfiqlərini adekvat addım atmağa
təhrik edəcək. Bu səbəbdən səslənən təhdidlər daha çox daxili
ictimaiyyətə yönəlib. Rusiyanın bölgəyə gəlməsi hər şeyi dəyişdi.
İran Rusiyanın böyük dəstəyindən sonra sərt bəyanatlar verməyə
başladı. Hazırda heç kim Rusiyanın Suriyada nə qədər qalacağını
bilmir. Buna görə də İran Yəmən, Suriya və İraqdakı hərbi
məğlubiyyətlərindən sonra yeni strategiya hazırlamalıdır".