Ermənistanda iqtisadiyyatın ən gəlirli sahələri Serj
Sərkisyanın və sabiq dövlət başçısı Röbert Köçəryanın rəhbərlik
etdiyi iki qruplaşma arasında bölünüb.
S.Sərkisyanın prezidentlik müddətində ona yaxın olan biznes
dairələrinin mövqeləri daha da güclənib və hətta bir sıra
istiqamətlərdə R.Köçəryanın dairəsinə yaxın olan iş adamlarının
malik olduqları imkanlar tədricən mənimsənilib. Bu prosesin
S.Sərkisyanın növbəti prezidentlik müddətində daha da güclənəcəyi
iddia edilir.
Levon Ter-Petrosyanın hakimiyyətdən getməsinə baxmayaraq 2008-ci
ilə qədər onunla əlaqəsi olan bəzi biznes dairələrinə, xüsusilə
"SİL" qrupunun rəhbəri Xaçatur Sukiasyana (təxəllüsü "Qrzo")
işgüzar fəaliyyətlərini davam etdirməyə imkan verilirdi. Amma
2008-ci il prezident seçkilərində L.Ter-Petrosyana göstərdiyi açıq
dəstəkdən sonra "SİL" qrupu saxta məhkəmə prosesi vasitəsilə
mənimsənilərək S.Sərkisyana aid olan biznes dairəsinin tam nəzarəti
altına keçib.
S.Sərkisyan və R.Köçəryanın nəzarətində olan biznes
imperiyasından kənarda Ermənistanda ciddi işgüzar fəaliyyətlə
məşğul olmaq mümkün deyil. Amma son dövrlərdə Ermənistanın işgüzar
dairələrində Rusiya oliqarxları, hərbi və təhlükəsizlik
sistemindəki nüfuzlu şəxslər arasında özlərinə dayaq tapmaq
meylləri özünü göstərir. S.Sərkisyan və onun ailəsinin biznes
imperiyası onu deməyə əsas verir ki, Ermənistanda siyasi
hakimiyyət, güc strukturları, kriminal aləm, kilsə və oliqarx iş
adamlarını birləşdirən siyasi-iqtisadi amirlik sistemi formalaşıb.
Başda S.Sərkisyan olmaqla bu siyasi-kriminal-oliqarx sistemi
ölkənin siyasi, iqtisadi və biznes həyatını tam şəkildə öz
inhisarına alıb.
S.Sərkisyanın inhisarçı kriminal biznes imperiyasına aşağıdakı
sahələr daxildir:
- "Flash" şirkətinin aktivləri (şirkətin rəsmi olaraq
mülkiyyətçisi Barseq Bəyləryandır). Şirkətin əsas fəaliyyəti benzin
və dizel yanacağının topdan və pərakəndə satışıdır;
- Yanacaqdoldurma stansiyaları şəbəkəsi;
- Dağlıq Qarabağ ərazisində üç şərabçılıq zavodu, o cümlədən
"Mika" araq istehsalı zavodu;
- "Ararat" bankı;
- "Ararat" restoranlar şəbəkəsi (30-dan artıq restoran);
- "Armavia" hava şirkəti;
- "Mika Group" şirkətinin aktivləri Qrup vasitəsilə idarə olunan
"Hadrut şərab zavodu"; (şirkətin rəhbəri əslən Bakı ermənisi olan
Mixail Bağdasarovdur). Şirkətin fəaliyyətinə daşınmaz əmlak və
tikinti, maliyyə brokerliyi, informasiya-kommunikasiya
texnologiyaları, buğda emalı və un təchizatı daxildir.
Bununla belə, "Mika Group"un əsas fəaliyyətini yanacaq, benzin,
aviakerosin və dizel yanacağının xaricdən idxalı təşkil edir. Bu
istiqamətlər üzrə ölkəyə idxal edilən məhsullarda "Mika Group" tam
şəkildə inhisarçılığa malikdir. "Mika cement" (Hrazdanda yerləşir)
və "Mika House" alt-şirkətləri isə tikinti və tikinti materialları
sahəsində əsas inhisarçılardır. "Mika House" tərəfindən İrəvanın
mərkəzi hissəsində elit tipli 5 yaşayış kompleksi tikilib. Bu
şirkətə məxsus olan "Mika" futbol klubunun dəyərinin 40-50 milyon
dollardan artıq olduğu bildirilir. "Mika-Karabakh" Azərbaycanın
işğal olunmuş ərazilərində zərgərlik məmulatlarının istehsalı ilə
məşğuldur;
- Moskvada mehmanxana-restoran kompleksi;
- Londonda şəxsi iqamətgah;
- "ВТБ Bank-Armenia". Bu bankın Ermənistan filialını 300.000 ABŞ
- "Mika Group" vasitəsilə "Армсбербанк"ın səhmlərinin 50 faizi;
- "Jazzve" qəhvəxanalar şəbəkəsi;
- Vasitəçi şəxslər və kürəkəni Mixail Minasyan vasitəsilə
"ArmenAkob" və müdafiə naziri olduğu dövrdə Bolqarıstandan yüngül
və atıcı silahlar distributorluğu. Bu şəbəkə kürəkəni M.Minasyan
tərəfindən idarə olunur;
- "Ay-TV" şəbəkələri;
- Silahların alınması və üçüncü dünya ölkələrinə ötürülməsi üzrə
vasitəçi silah ticarəti şirkəti;
- "Global-Contact" offşor şirkəti.
S.Sərkisyanın biznes imperiyasına daxil olan əsas şəxslər "Mika
Group Limited" şirkətinin rəhbəri Mixail Bağdasarov və "Flash"
şirkətinin başçısı B.Bəyləryandır. Bağdasarovla Bəyləryan
S.Sərkisyanın ən yaxın və etibarlı adamları hesab olunurlar.
M.Bağdasarov 1959-cu ildə Bakıda anadan olub. M.Bağdasarov
vasitəsilə "Mika Group" holdinqinə sahib olan S.Sərkisyan ölkə üzrə
sürtkü və yanacaq məhsullarının idxalını, topdan və pərakəndə
satışını tam şəkildə öz inhisarına alıb. Hələ döyüşlərin aktiv
dövründə ordunun yanacaqla təchiz edilməsi Müdafiə Nazirliyi
qarşısında duran başlıca problemlərdən biri olduğu üçün Ermənistan
Müdafiə Nazirliyi yanacaq məhsullarının qanuni və qeyri-leqal
yollarla idxalına bilavasitə cəlb olunmuşdu.
S.Sərkisyan müdafiə naziri təyin olunandan sonra "milli
təhlükəsizlik və milli müdafiə" tələbatı adı altında bu sahəni
inhisarda saxlamağa və özünə yaxın olan biznes dairələri vasitəsilə
"qanuni" kommersiya xəttinə keçirməyə müvəffəq olmuşdu. İddia
olunur ki, Ermənistan neft məhsullarını əsasən Rumıniya, Rusiya və
Bolqarıstan şirkətləri vasitəsilə əldə edir və ölkə bazarında
inhisarçı olan "Mika Group" və "Flash" bazarda qiymətləri diktə
edirlər. Son dövrlərdə bu şirkətlərin Qazaxıstandan dizel yanacağı
almaları barəsində də məlumat verilir.
2009-cu ilə aid WikiLeaks sənədlərində ABŞ-ın İrəvanda
səfirliyinin müvəqqəti işlər vəkili ilə söhbətində M.Bağdasarov
Türkiyə-Ermənistan protokollarını dəstəklədiyini, Ermənistanın
nazirlərinin əksəriyyətinin peşəkar deyil, həvəskar olduqlarını
bildirmiş və ABŞ-da olan erməni diasporunu saxta millətçilikdə
ittiham etmişdi. M.Bağdasarovun sözlərinə görə, S.Sərkisyanın yaxın
çevrəsinə çox az adam daxildir və vacib siyasi qərarların
verilməsində o, heç kimin məsləhətinə qulaq asmır. Ona nədəsə irad
tutmaq da çox çətindir və heç kim buna cürət etmir. ABŞ diplomatı
ilə danışıqda M.Bağdasarov hökumətin beynəlxalq təşkilatlardan borc
almaq, onları Ermənistan banklarına istiqamətləndirmək və süni
olaraq dramın məzənnəsinin yuxarı saxlamaq siyasətini kəskin
şəkildə tənqid etmişdi. Onun qənaətinə görə, alınan borclar
infrastruktur layihələrinə yönəldilməlidir.
M.Bağdasarovun qənaətinə görə, baş nazir Tigran Sərkisyan
menecer deyil, baş nazir kimi çox səriştəsizdir və bank işindən
əlavə ümumi idarəçiliyi bacarmır. B.Bəyləryan "Flash" şirkətinin
rəhbəri olaraq "Mika Group"dan sonra ikinci şirkət qismində yanacaq
məhsullarının idxalı ilə məşğuldur. Ölkə boyunca "Flash" şirkətinə
məxsus çoxsaylı yanacaqdoldurma stansiyaları vardır. "Ararat" bank
da bu şəxsə məxsusdur.
Samvel Aleksanyan (təxəllüsü "Lfik Samo") Köçəryanın qrupundan
Sərkisyan tərəfə keçmiş oliqarxlardan hesab olunur. Onun nəzarətinə
taxıl, un, şəkər və toyuq məhsullarının idxalının inhisarçılığı
daxildir. "Yerevan city" supermarketlər şəbəkəsinə də malik olan
S.Aleksanyan Ermənistana idxal edilən əczaçılıq məhsullarının 50
faizinə nəzarət edir.
Keçmiş baş prokuror Aqvan Hovsepiyanla da yaxın əlaqələrə malik
olan S.Aleksanyan 2008-ci il prezident seçkilərində İrəvanın
Malatia-Sebestia rayonunda rəhbərlik etdiyi kriminal-bandit
dəstələri ilə S.Sərkisyanın xeyrinə seçki prosesinə müdaxilə edərək
namizədlərin və seçicilərin təhdid edilməsini həyata
keçirmişdi.
M.Minasyan (Mişa) S.Sərkisyanın kürəkəni olaraq "Jazzve"
qəhvəxana şəbəkəsinə və "Philip Morris"in rəsmi distributoru olaraq
"Pares Armenia" şirkətinə sahibdir. 2013-cü ilin martında
Ermənistanın Vatikanda səfiri təyin edilib. Qeyd olunmalıdır ki,
"Pares Armenia" 2008-ci il prezident seçkilərində Levon
Ter-Petrosyanı dəstəkləyən "SİL" qrupunun rəhbəri Xaçatur
Sukiasyandan alınaraq M.Minasyana verilib.
Aleksandr Sərkisyan (Saşik) Serj Sərkisyanın problemli və
ziddiyyətli qardaşıdır. Hər hansısa böyük biznesdə tam sahibkarlığı
olmasa da müxtəlif biznes sahələrində əli var və ölkədə böyük
bizneslə məşğul olan şəxslər onun "payı"nı verməlidir. Ermənistanda
hüquq-mühafizə orqanları və vergi ilə ciddi problemi olan şəxslər
pul müqabilində Saşiki ən asan həll yolu kimi görürlər. Saşik
Ermənistanda və Dağlıq Qarabağda icra başçısı, polis rəisi, vergi
departamentinin rəisi və sair bu kimi gəlirli vəzifələrə təyinat
məsələlərini də həll edir.
Saşik Sarkisyan Qarabağda avtobus sürücüsü və qaz ustası olub.
1998-ci ildə ölkənin bütün yanacaqdoldurma stansiyaları
Sərkisyan-Köçəryan qruplaşmasının əlinə keçdikdən sonra Saşik
yanacaqdoldurma biznesində fəaliyyətə başlayıb. Ermənistan
parlamentinin üzvü olmuş Saşik parlamentin iclaslarına qatılmırdı.
O, jurnalistlər tərəfindən daha çox sərxoş halı xatırlanır. Vaxtını
əsasən İrəvanın bahalı restoranlarında keçirən Saşik tərəfindən
dava salınması və silah işlədilməsi halları da qeydə alınıb. Son
belə hadisələrdən biri Moskvada baş vermişdi. Saşik onda
döyülmüşdü. Bu yaxınlarda isə İrəvandakı restoranlarının birində
oxuyan müğənni Spitakçi Aykoya mahnı sifariş verən Saşik onun
sifarişinin gecikdirilməsindən əsəbiləşmiş və hamının gözü
qarşısında müğənninin ayağının altına güllə atmağa başlamışdı.
Hal-hazırda biznesinin dairəsini genişləndirən Saşik
Kaliforniyada və bəzi Avropa ölkələrində daşınmaz əmlaka və
şirkətlərə malikdir. Son səfərlərinin birində o, ABŞ gömrük
qaydalarını pozduğu üçün ABŞ ərazisinə buraxılmamışdı. Belə ki,
üzərində 30 milyon dollar nağd pul aparırmış. O, bu faktı İrəvanda
jurnalistlərə açıq şəkildə etiraf etməkdən çəkinməmiş və bu pulu
biznes yolu ilə qazandığını bildirmişdi. Jurnalist isə
"qanunvericiliyə uyğun olaraq millət vəkilləri bizneslə məşğul ola
bilməz" sualını verəndə Saşik əsəbiləşmiş və onu söyməyə
başlamışdı. O, Los-Ancelesdə (Tarzan city, 4935 Avenida Oriente,
Tarzana, CA 91356- 4632) təqribən 3 milyon ABŞ dollarına 2005-ci
ildə növbəti villasını almış və onun təmirinə 300.000 ABŞ dolları
xərcləmişdi.
Saşik Sərkisyanın nəzarət etdiyi sahələrdən biri də əsasən
paytaxt İrəvan olmaqla yol hərəkəti qaydalarının pozulmasından
yığılan cərimələrdir. Saşikə aid olan şirkət tərəfindən ölkəyə
sürət artımını və digər yol hərəkət qaydalarının pozulmasını qeydə
alan cihazlar gətirilib. Ermənistanın müxalifət qəzetlərinin
hesablamalarına görə, gündəlik əsasda yığılan cərimələrin həcmi 50
milyon dramdan artıqdır ki, bu da Saşik vasitəsilə Sərkisyan
ailəsinin büdcəsinə daxil olur.
Sərkisyan ailəsi ona məxsus "Global-Contact" offşor şirkəti
vasitəsilə Ermənistanın enerji sistemində mühüm rol oynayan Dzora
su elektrik stansiyasının alınmasından sonra Vorotan SES-i də ələ
keçirib. 25 meqavat gücü olan Dzora stansiyası cəmi 3 milyon
dollara Sərkisyan ailəsinə satılıb. Bu sövdələşməyə qədər Dzora
stansiyası elektrikin kilovatını 6 drama satırdı, bundan sonra
Sərkisyanın qardaşı Saşik və kürəkəni M.Manisyan elektrikin
kilovatını 12 drama satmağa başladılar.
Vorotan SES-in dəyəri 250 milyon ABŞ dolları civarında
qiymətləndirilir. 400 meqavat gücündə olan bu stansiya 1965-ci
ildən başlayaraq 12 il ərzində tikilib. Bu stansiyada ələ
keçirildikdən sonra Sərkisyan ailəsinin elektrikin kilovatının 16
drama satacağı gözlənilir.
Ruben Hayrapetyan (təxəllüsü "Nemes Rubo") ən çox kriminallaşmış
oliqarxlardan hesab olunur. Deyilənlərə görə, rusiyalı avtoritet
"Yaponçik"in çevrəsinə yaxın şəxslərdən olub. Ermənistan Futbol
Federasiyasının sədri olan Rubo "Grand Candy/Grand Tobacco"
şirkətlərində böyük paya sahibdir. Amma S.Sərkisyanın təzyiqi ilə
oradakı payının bir hissəsini Hrant Vartanyana verib. Ermənistan
İnkişaf Bankında səhmlərə malik olan Rubonun Rusiyada kazinosu var.
Deyilənlərə görə, qumar oyunlarının xüsusi həvəskarı olan
S.Sərkisyan üçün kazinoda xüsusi oyun gecələrinin təşkilatçısı
Rubodur.
Digər bir məlumata görə, Sərkisyan 2003-cü ildə Monte-Karlo
kazinosunda böyük məbləğdə pul uduzub. Bu pul Rubo kimi oliqarxlar
və o zaman Milli Bankın sədri olan Tiqran Sərkisyan tərəfindən
ödənilib. T.Sərkisyan pulu bank möhtəkirliyinə yol verərək ölkənin
Milli bankından çıxarıb.
Bundan əlavə Rubonun məşğul olduğu əsas biznes sahəsi narkotik
maddələrin ticarətidir. İstisna deyil ki, işğal olunmuş
ərazilər-Gürcüstan- Bolqarıstan, işğal olunmuş ərazilər-Gürcüstan-
Ukrayna və ya işğal olunmuş ərazilər-Gürcüstan-Rumıniya
narkoticarət xəttinə Rubo rəhbərlik edir. S.Sərkisyan bu sahəni də
yaxın dostu olan Rubo vasitəsilə öz nəzarətində saxlayır.
Ermənistan Müdafiə Nazirliyinin qarnizon hospitalının bir neçə
hərbi həkimi Ermənistan parlamentinin deputatı olan Rubonun
"Arsnakar" adlı restoran kompleksində 17 iyun tarixində vəhşicəsinə
döyülmüş və nəticədə tibb xidmətinin əməkdaşı Vaqe Avetyan ölmüşdü.
Rubo öz cangüdənləri və bandit dəstəsi ilə bu şəxslərin
döyülməsində şəxsən iştirak etmişdi. Bu məsələ böyük ictimai
rezonans doğurduqdan sonra Rubo millət vəkili statusundan imtina
etdi.
Hrant Vartanyan öz oğulları və biznes tərəfdaşı və millət vəkili
"Mikhail" ilə Ermənistanın ən varlı adamlarından hesab olunur.
"Grand" və "Masis" tütün şirkətləri ona məxsusdur. Eyni zamanda
Rubodan alınan "Grand Candy" şirkəti də onun nəzarətinə verilib.
Əsasən İranla ticarətə cəlb olunmuş H.Vartanyan İran tədqiqatları
ilə məşğul olan Arya Universitetini maliyyələşdirir. O, əvvəllər
R.Köçəryanın çevrəsinə daxil olsa da sonradan S.Sərkisyan tərəfə
keçib.(Musavat.com)