Ətrafa yayılan zəhərli maddələr dünyada təxminən 200
milyon insanın həyatını təhlükə altında saxlayır. Torpaqdakı civə,
havaya qarışan kimyəvi maddələr və çay sularına atılan zəhərli
elektronik zibillər…
Bunlar, mərkəzi İsveçrədə yerləşən "Green Cross"un hazırladığı
hesabatdan yalnız bir neçə nümunədir:
Qanadakı tullantı sahəsi
Qananın dəmir-dümür toplandığı Aqboqbloşi bölgəsində
saysız-hesabsız köhnə çanaqlı peyk və xarab televiziyalar üst-üstə
yığılmış vəziyyətdədir. Kabellərin içərisindən mis çıxarmaq
məqsədilə onların yandırılması insan sağlamlığı üçün böyük bir
təhlükədən xəbər verir.
İndoneziyadakı Citarum çayı
İndoneziyadakı Cava Adasındakı Citarum çayının suyu adi içilən
sudan təxminən min qat daha çirklidir.
Suda yüksək nisbətdə alüminium və dəmir var. Bu da təsadüfi bir
nəticə deyil. İki minə yaxın fabrik Citarum çayını başlıca su
qaynağı olaraq istifadə edir və sənaye tullantılarını da bu çayın
sularına buraxır. Bu isə əhali üçün fəlakət deməkdir. Çünki çay
onlar üçün ən əhəmiyyətli bir həyat qaynağıdır.
Dzerjinsk sənaye bölgəsi
Dzerjinsk Rusiyanın ən əhəmiyyətli kimya sənayesi mərkəzlərindən
biri hesab olunur. 1930-1998-ci illər arasında təxminən 300 min ton
kimyəvi tullantı, bu bölgədə yanlış bir şəkildə məhv edilib. Bunun
nəticəsi olaraq bir çox kimyəvi elementlər yeraltı sulara və havaya
qarışıb. Bu bölgədə qadınlar orta hesabla 47, kişilər isə 42 il
yaşayır.
Ukraynadakı Çernobil AES
Çernobil tarixin ən dəhşətli nüvə reaktor qəzalarından biridir.
25 aprel 1986-cı ildə nüvə stansiyasında aparılan bir təcrübə
əsnasında ölümcül nəticələrə gətirib çıxaran qəza baş verdi. Qəza
tarixindən etibarən stansiyanın 30 kilometr ətrafında heç kim
yaşamır.
Hazaribağdakı dəri fabrikləri
Hazaribağ Banqladeşdə dəri fabriklərinin bir araya gəldiyi
bölgədir. Buradakı bir çox fabrik iş prosesində köhnə metodlardan
istifadə edir. Paytaxt Dəkkənin ən əhəmiyyətli çayı və ana su
qaynağı olan Buriqanqa çayına hər gün təxminən 22 min litr zəhərli
tullantı buraxılır.
Kabvedəki civə mədənləri
Zambiyanın böyük şəhərlərindən biri olan Kabvedə yaşayan
uşaqların qanında yüksək nisbətdə civəyə rast gəlinir. Şəhərdə
təxminən yüz ildən bəri civə çıxarılır. Əritmə əməliyyatı üzündən
ağır metallar toz parçacıqları halına çevrilərək ətrafda
qarışır.
Kalimantandakı qızıl mədənləri
Kalimantan, Borneo adasının İndoneziyaya bağlı olan qismidir. Bu
yer təbiətin talan edilməsiylə əlaqədar məşhur bir bölgədir.
Kalimantandakı qızıl mədənləri, zəhərli civə metalının ortaya
çıxmasına səbəb olur. İldə təxminən 1000 ton civə həm təbiətə, həm
də yeraltı sulara qarışır.
Matanza-Riaçuelo çayı
Argentinada 15 minə yaxın fabrik tullantı sularını
Matanza-Riaçuelo çayına boşaldır. "Green Cross"un hesabatına görə,
kimyəvi maddə istehsalçıları çaydakı çirklilikdən 3/1 nisbətində
məsuldur. Çay suyunda yüksək miqdarda sink, civə, mis, nikel və
digər ağır metallar var. Yerli əhali xüsusilə bağırsaq və tənəffüs
yolu xəstəliklərindən şikayətçidir.
Niger deltası
Niger deltası sıx əhalisi ilə Nigeriyadakı ümumi əhalinin
təxminən yüzdə səkkiz hissəsini təşkil edir. Bölgədəki yeraltı
sular və torpaq, neft hidrokarbon səbəbindən çirklənir. Ərazidəki
neft istehsalına görə ildə təxminən 240 min vedrə neft təbiətə
qarışır. Bunun başlıca səbəbləri isə qəzalar və neft
oğurluqlarıdır.
Sənaye şəhəri Norilsk
Rusiyanın Norilsk şəhərində ildə təxminən 500 ton mis və nikel
oksidə əlavə olur, 2 milyon ton kükürd-dioksid havaya qarışır.
Çirkliliyin nisbəti o qədər yüksəkdir ki, fabrik işçilərinin ömrü
Rusiyadakı əhalinin orta ömründən 10 il azdır.