Gürcüstanın eks prezidenti, SSRİ-nin keçmiş xarici işlər
naziri Eduard Şevardnadzenin olduqca maraqlı və hətta sensasiya
hesab oluncaq memuarından bəzi hissələri təqdim edirik.
Oxuduqlarınız kiminsə fərziyyəsi yox, yaşadıqları və iştirakçısı
olduğu tarixi hadisələrin heyrətamiz xronologiyasıdır.
Əvvəli
Maltada görüş və incimiş Qorbaçov...
1988-1989-cu illərdə Amerika və Sovet İttifaqı əlaqələri tam
yeni bir mərhələyə daxil oldu. Bu isə, təbii olaraq, bütün dünya
üçün xoş təsirə malik idi. Bu sülh prosesinin inkişafında Buş və
Qorbaçovun əvvəllər baş verən hadisələrin məntiqi inkişafı olan
Malta görüşü (2-3 dekabr 1989-cu il) əhəmiyyətli rola malikdir.
Biz Maltaya bir az tez, böyük bir gəmi ilə getdik və Malta
rəhbərliyi ilə görüşdük. Buş, onu müşayiət edən şəxslərlə hərbi
gəmi - kreyserlə bir az gec gəldi.
Dənizdə fırtına başladı. Amerika prezidentinin sahilə düşməsi
üçün qayıqlar kreyserə çətinliklə yaxınlaşdırıldı. Gözlənilmədən
dəmir pilləkəndə Buşun ayağı sürüşdü və azca yaralandı, amma bizim
gəmiyə qədər gələ bildi. O, gecə Sovet gəmisində qaldı. Görüş də
elə orada keçirildi.
Belə bir şey təsəvvüredilməz idi. Məşhur "Malta müqaviləsi"
burada imzalandı. O zaman iki dövlət başçısı orada bəyan etdi ki,
Amerika və Sovet İttifaqı həmin gündən bir-birinə düşmən kəsilmiş
ölkələr deyil və onlar arasındakı düşmən münasibətlərinə son
qoyuldu.
Burada başqaları üçün nəzərdən yayınmış, amma mənim diqqətimi
cəlb edən, bəlkə də gələcəyi müəyyənləşdirən bir məqam baş
verdi.
Buş və Qorbaçov nəsə bir məlumatla bağlı razılaşa bilmədi.
Qorbaçov səhvi düzəltdi və "Elə deyil", - dedi. Buş isə bununla
razılaşmadı: "Bu məlumat Şevardnadzedən gəlir", - dedi. Qorbaçov
mənə baxdı, Buş isə əlavə etdi: "Biz Şevardnadzeyə inanırıq".
Narahatlıq doğuran vəziyyət yaranmışdı. Qorbaçov heç nə demədi,
amma hiss olundu ki, vəziyyət ona çox pis təsir edib. Buş isə elə
bilirdi ki, mənim üçün yaxşı addım atıb.
Mən hiss edirdim ki, Qorbaçovun mənə olan münasibəti əvvəllər
olduğu kimi deyil. Sanki ürəyi məndən soyudu və uzaqlaşdı. Mənim
yüksələn nüfuzum və adım onu narahat edirdi… Hətta mən vəzifədən
uzaqlaşdıqdan sonra bu, onun öz dilindən çıxdı: "Şevardnadzeni
vitse-prezident təyin etmək istəyirdim", - dedi. Sözün qısası, məni
aktiv siyasətdən uzaqlaşdırmaq istəyirdi. Sovet İttifaqında
vitse-prezidentin nə olacağını hamı bilirdi - heç bir funksiyanı
yerinə yetirməyən biri (sözsüz ki, nisbətən).
Son zamanlar Qorbaçovu tanımaq
olmurdu. İşə birgə başladığı köhnə həmkarları ilə də başqa cür
münasibətdə idi. Məqam gözləyən qüvvələr "perestroyka"ya elə onun
özündə qalib gəlirdilər. Sonradan inkişaf edən hadisələr göstərdi
ki, çevriliş cəhdinə ölkəni bu münasibət sürüklədi.
Mən öz vəzifəmlə Sovet İttifaqının maraqlarını xarici ölkələrdə
dəyərli göstərmək və onu inamla müdafiə etmək üçün əlimdən
gələnləri əsirgəmirdim. Bu isə cavabdehliklə birgə, güclü mənəvi və
fiziki yüklənməni də nəzərə alırdı. Xatırlayıram: 1988-ci ildə 16
ölkədə olmuşdum və dünyanın əsas aparıcı ölkə başçıları ilə
görüşmüşdüm. Elə həmin il Moskvada müxtəlif vaxtlarda təxminən 25
ölkənin xarici işlər naziri və 40-a qədər ölkə səfiri ilə
görüşmüşdüm. Onlar adi görüşlər deyildi. Onların hər birinə
tərəfimdən deyilməli olan sözləri seçməli idim. Bu sözlər isə
ölkəni rifaha aparmalı, düşməni dosta çevirməli idi.
Xarici İşlər naziri olduğum müddətdə öz vəzifəmi necə icra
etdiyimi qoy başqaları desin, amma xarici səhnədə mənim
nailiyyətlərim artdıqca, ölkə daxilində mənə müxalif olanların sayı
da artırdı. Özümü tək müdafiə edirdim. Xarici İşlər naziri
vəzifəsindən istefa verməyimə bir növ bu da təkan verdi. Ən əsası
isə o idi ki, mən, daxili çevriliş kursuna qarşı böyük qarşıdurma
görürdüm və bunu başqalarının da görməsini istəyirdim.
Ardı var...
Moderator.az