Azadlığa gedən uzun yol
Yola saldığımız ilin 5 dekabr günü Nelson Mandelanın həyatı
haqqında çəkilən sənədli filmin Londonda premyerası keçirildi. Bu
premyeranın yadda qalmasını təmin edəcək səbəb təkcə filmin uğurlu
olması deyil, həm də acı bir təsadüf oldu. Çünki filmin qəhrəmanı
olan siyasətçinin ölüm xəbərini qonaqlar məhz "Mandela: Azadlığa
gedən uzun yol" adlı filmin nümayişi zamanı eşitdi.
Premyeranın təşkilatçıları film nümayişini yarımçıq dayandırmaq
istəsələr də, Mandelanın qızları iştirakçılara filmə sonadək
baxmağa icazə verdi. Xarici mətbuat orqanlarının verdiyi məlumatda
bildirildi ki, final titrlərdən dərhal sonra siyasətçinin qızları
zalı tərk edib. Filmin prodüsseri olan Anand Sinqx nümayişdən sonra
Mandelanın ölümünü zaldakılara elan edib və onun xatirəsi bir
dəqiqəlik sükutla yad olunub.
Filmin premyerasında xanımı şahzadə Keytlə birlikdə iştirak edən
Britaniya şahzadəsi Uilyams siyasətçinin ölümündən çox
kədərləndiyini bildirərək Nelson Mandelanı "çoxlarını ilhamlandıran
qeyri-adi adam" adlandırıb. Filmdə Nelson Mandelanın obrazını
yaradan İdris Elba isə "Mən bu hadisədən sarsılmışam və dünyadakı
hər kəs kimi matəm içindəyəm. Biz dünyanın ən böyük adamlarından
birini itirdik. Onunla tanışlıq mənim üçün böyük şərəf idi",-
deyib.
Mister Mandela, bu həftə siz ölməyəcəksiz!
Nelson Mandelanın həyatı ilə tanış olarkən onun öz səhhətini
daim nəzarət altında saxlayan biri olduğunu gördük. O, qeydlərinin
birində yazır: "Daimi tibbi müayinəni sevirəm. Adətən həkimlər mənə
belə deyir: "Mister Mandela, bu həftə siz ölməyəcəksiz!"
Görəsən, onun yaşadığı son həftə həkimləri Mandelaya nə demişdi?
Qeyd etdiyimiz kimi "Mandela: Azadlığa gedən uzun yol" adlı filmin
nümayişi zamanı siyasətçinin qızları da Londondakı premyerada
iştirak edirdi. Atalarının ölüm xəbərini almaq onlar üçün
gözlənilməz deyildi. Çünki Mandela uzun müddətdi ki, xəstə idi və
vəziyyəti olduqca pis idi. Premyeradan əvvəl Mandelanın qızı Zindzi
"Atamın vəziyyəti yaxşıdır. Sadəcə, 95 yaşda belə vəziyyət
tipikdir", - deyə, açıqlama vermişdi.
Qeyd edək ki, sabiq prezident son aylarda səhhətində ciddi
problemlərlə üzləşirdi. Onun ağ ciyərində baş verən infeksiyalar
Cənubi Afrika liderinin tez-tez xəstəxanaya müraciət etməsi ilə
nəticələnirdi. Yaşı və xəstəliyi səbəbilə zəifləyən Mandela
həyatının son günlərini doğma Şərqi Keyp vilayətində uşaqlığının
keçdiyi evdə sakitcə yaşamağa üstünlük verirdi. Mandela buranın
onun üçün ən rahat yer olduğunu deyirdi.
Dünyanın ən məşhur məhkumu
Bantu dil qrupuna aid olan kosa dilində danışan Tembu
qəbiləsinin rəhbərinin oğlu olan Mandela 1918-ci il iyulun 18-də
CAR-ın Umtatı əyalətində anadan olub. Orta məktəb təhsilindən sonra
Forta-Herd Universitetinə qəbul olunan Mandela siyasi cərəyanlara
da elə burada qoşulur. 1940-cı ildə tələbə tətilində iştirak
etdiyinə görə oradan qovulur və bundan sonra Yohannesburqda mədən
qarovulçusu, hüquq məntəqəsində işçi kimi çalışır. Amma o,
təhsilini davam etdirməyi qarşısına məqsəd qoymuşdu. 1943-cü ildə
Mandela Vitvatersrand Universitetinə daxil olur. 1948-ci ilə qədər
oxusa da, hüquqşünas diplomu ala bilmir. Sonra o, London
Universitetində təhsil alır, amma oranı da bitirməyə müvəffəq
olmur. Bakalavr dərəcəsini Mandela yalnız 1989-cu ildə - həbsinin
son aylarında ala bilir. Belə ki, həbsdə yata-yata o, Cənubi Afrika
Universitetində qiyabi təhsil alır.
1944-cü ildə Afrika Milli Konqresinin Gənclər Liqasına daxil
olan Mandela qısa müddətdə liderlərdən birinə çevrilib. 1950ci
illərdə aparteidə (irqi ayrıseçkilik) qarşı ən fəal mübarizlərdən
biri olan siyasətçi dəfələrlə həbs olunsa da, o əqidəsindən,
mübarizəsindən geri dönmür. Hətta o, 1956-cı ildə dövlətə xəyanətdə
ittiham olunur, amma 1961-ci ildə bəraət alır.
Mandela, 1961-ci ildə "Xalqın mizrağı" adlanan yeni bir təşkilat
qurur. İngiltərə və Afrika ölkələrini dolaşan Mandela Afrika
ölkələri ilə sosialist ölkələrdən silah və pul yardımı təmin edir.
Onun təşkilatın inkişafı üçün çalışmaq, Cənubi Afrikanın
hüdudlarından kənara səyahət edərək beynəlxalq münasibətlər qurmaq
və dəstək axtarmaq missiyası 1962-ci il avqustun 5-də həbs olunması
ilə nəticələnir. O, insanları qanundankənar nümayişə cəlb etmək və
keçərli sənədə sahib olmadan Cənubi Afrikadan kənara çıxmaq, xalqı
mübarizəyə səsləmək, sabotajlar və sui-qəsdlər təşkil etmək
müddəalarıyla 5 il azadlıqdan məhrum edilir. Mandela İsland
adasında cəzasını çəkərkən 1963-cü ildə polis Afrika Beynəlxalq
Konqresinin yeraltı mərkəzini tutur, nümayiş planını və digər
sənədləri ələ keçirir. Bu hadisədən sonra Mandela və dostları
Cənubi Afrika dövlətini devirmək üçün gizli planlar qurmaq
iddiasıyla "ağ rəhbərlik" tərəfindan ömürlük həbsə məhkum olunur.
O, xalqın tam hissəsinin təmsil edilmədiyi və ağların hakim olduğu
parlamentin çıxardığı qanunlara riayət etmək məcburiyyətində
olmadığını müdafiə edirdi. Bu hərəkəti ilə Mandela irqi
ayrıseçkiliyə qarşı mübarizə aparan afrikalı qaradərililərin rəmzi
simvoluna çevrilir.
Mandela cəzasını öncə Robben adasında, daha sonra Pollsmur
həbsxanasında çəkir. Bu ərəfədə onun azad olunması üçün 1990-cı
ildə, yəni 27 il sonra razılıq veriləcək beynəlxalq kampaniya
təşkil olunur. O, CAR prezidenti Frederik de Klerk tərəfindən heç
bir şərt olmadan sərbəst buraxılır. Dünyanın ən məşhur məhkumu olan
Mandela bu zaman 71 yaşında idi. Onun sərbəstliyinə Cənubi Afrika
qaradərililəri ilə yanaşı, bir çox ağdərili insanlar da
sevinirdi.
Mübarizə mənim həyatımdır
Həbsxanadan çıxdıqdan sonra Afrika Beynəlxalq Konqresinin
rəhbəri olan Mandela avtobioqrafiyasını yazır və dövlət başçısı
Frederik de Klerklə birgə irqi-ayrıseçkiliyə qarşı mübarizəyə
başlayır. Nelson Mandelanın rəhbəri olduğu Afrika Xalq Konqresinin
irqi ayrıseçkiliyə qarşı uzun illər davam edən mübarizəsi, 18 Mart
1992-ci il tarixində nəticəsini göstərir. Belə ki, bu tarixdə
qaralara bərabər vətəndaşlıq haqqı verən və dövlət başçısı De Klerk
tərəfindən planlanan qanun dəyişikliyi xalq səsverməsi ilə qəbul
edilir. Mandela 1994-cü ildə bütün xalqın iştirak etdiyi və Afrika
Beynəlxalq Konqresinin yüksək fərqlə qazandığı seçimin qurulması,
irqi-ayrı seçkiliyin sona çatdırılması üçün görüşlər təşkil
edir.
Ömrünü xalqının yolunda fəda edən, "mübarizə mənim həyatımdır və
həyatımın sonuna qədər qaradərililərin azadlığı üçün mübarizə
aparacağam", - deyən siyasətçi 1994-cü il mayın 10-da Cənubi
Afrikanın ilk qaradərili dövlət başçısı kimi tarixə düşür. Dövlət
başçısı olaraq bir sıra yeniliklərə imza atır. Yeni qanun toplusu
və torpaq islahatı, yoxsulluqla mübarizə və sağlamlıq istiqamətində
qanunlar hazırlanır. Keçmişdə yaşanan insan haqqları ilə bağlı
problemlərin həll edilməsi üçün Doğruluq və Uzlaşma Komissiyasını
təşkil edir. Cənubi Afrika üçün gördüyü bütün işlərə baxmayaraq o,
1999-cu ildə keçirilən prezident seçkisində iştirak etməyi rədd
edir. Bu dəfəki seçkilərdə isə onun köməkçisi Tabo Meki prezident
seçilir. Mandelanın isə həyatının bundan sonrakı dövrü xalq lideri
kimi xeyriyyə işlərində yer alır və daha çox yoxsulluq və AİDS ilə
mübarizə aparır.
Unutmağı bacarmıram, lakin bağışlaya
bilirəm...
Xalqı üçün təsəvvür edə bilməyəcəkləri qədər tarixi işlər görən,
onlara insan kimi, ölkənin hüquqlu vətəndaşı kimi münasibət
göstərilməsini təmin edən Nelson Mandela adı qəlblərdə və
xatirələrdə sevgi və hörmət hissi ilə xatırlanır. Afrikalılar
Mandela olmadan bunun gerçəkləşə bilməyəcəyinə inanır. Cənubi
Afrikada "Xalqın atası" adını qazanan, eyni zamanda məxsus olduğu
qəbilənin böyüklərinin ona verdiyi Madiba adı ilə də xatırlanır.
Azadlıq savaşçısı kimi tanınan Mandela 40 il ərzində 250-dən çox
mükafata layiq görülüb. Bunların içərisində Nobel Sülh Mükafatı
(1993), Amerika Birləşmiş Ştatlarının Rəhbərliyinin Müstəqillik
Medalı, Sovet Lenin ordeni (1962), Nehru Medalı (1979), Bruno Kreys
İnsan Haqları Medalı (1981), UNESCO-nun Simon Bolivar Mükafatı
(1983) da vardı. Qeyd edək ki, siyasətçi Nobel Sülh Mükafatını
1993-cü ildə CAR prezidenti Frederik de Klerklə birgə aparteidlə
mübarizədə xidmətlərinə görə alıb. Onu da deyək ki, Mandela Türkiyə
Cümhuriyyəti tərəfindən ona verilməsi qərarlaşdırılan 1992-ci il
Atatürk Barış mükafatını almağı qəbul etməyib.
2008-ci ildə ABŞ-nın terrorist siyahısından adı çıxarılan
Mandelanın həyatı təkcə siyasi məqamlarla zəngin deyil.
Siyasətçinin həyatında olan maraqlı faktlardan biri adı ilə
bağlıdır. Belə ki, onun əsl adı Cənubi Afrikada "problem yaradan"
mənasını verən "Rolihlahla" idi. "Nelson" adı isə ona ibtidai
təhsil aldığı ilk günlərdə müəllimi tərəfindən verilib. Müəlllimi
tərəfındən hansı səbəbdən bu adın verildiyi isə dəqiq bilinmir.
Rejissor Spayk Linin "Malkolm X, 1992" filmində qısa rol alan
Mandela burada şagirdlərə dərs keçən müəllim rolunda oynayıb.
Siyasətlə yanaşı, Mandelanın maraqlandığı digər sahə boks idi. Özü
boksdakı şiddəti sevmədiyini, lakin bu idman növünün texnikası ilə
daha çox maraqlandığını söyləyirdi. O, yemək məsələsində dünya
siyasi liderlərindən çox fərqli idi. Mandelanın ən çox sevdiyi
xörək heyvan qarnından hazırlanan şorba idi. O, şeiri də çox
sevirdi. Şeir onun ilham mənbəyi idi. Robben adasında həbsdə olduğu
illərdə məhbuslara Uilliam Ernest Henleynin "Yenilməz" adlı şeirini
tez-tez oxuyardı. Ona həsr olunan filmdə isə Mandela olaraq Morqan
Friman deyir: "Mən taleyimin ağasıyam. Ruhumun kapitanıyam".