Bakı Qarabağ savaşının ilk
raundunu udub.
Axar.az xəbər verir ki, bu sözlər rusiyalı hərbi ekspert Pavel
Felgenhauerin "Novaya qazeta"da dərc olunan məqaləsində yer
alıb.
Onun sözlərinə görə, Azərbaycan indiyə qədər öz ordusunu
gücləndirməyi bacarıb:
"1994-cü ildə ermənilər Qarabağ müharibəsini qələbə ilə başa
çatdırdılar. Bir müddət öncə Ermənistanda və Rusiyada çoxları
qələbədən, azərbaycanlıların qaçacağından əmin idilər. Hər şey
başqa cür oldu. Təmas xəttində toqquşmalar bir il ərzində artıb.
Aprelin 2-də Azərbaycan ordusu qəti hücuma keçməyi qərara aldı və
döyüşlərlə möhkəmləndirilmiş ön mövqeləri ələ keçirdi, ermənilərin
qarnizonunu məhv etdi. Ermənilər öz güclərini toplayaraq,
əks-hücuma keçməyə çalışsalar da, bu alınmadı. Aydın oldu ki, sülh
və neft gəlirlərinin bol olduğu dövrdə Azərbaycan öz ordusunu
silahlandırmağı və ciddi üstünlüyə nail olmağı bacarıb. Kağız
üzərində ermənilərlə (Dağlıq Qarabağ+Ermənistan – müəllif)
azərbaycanlılar eyni görünür. Hər bir tərəfin 60 minlik ordusu, bir
neçə yüz tankı və zirehli maşını, artilleriyası, raket sistemi var.
Ən maraqlısı da orasıdır ki, ermənilər müasir ordu qurmağı
bacarmayıblar, amma onlar hər dəfə ermənilərin döyüşkən ruhunun bu
balansı bərpa etməyə yardımçı olacağını bildirirdilər. Məsələ təkcə
Bakının yeni T-90C tankları alması, Qarabağda isə köhnə T-72 və
T-55 tanklarının olması deyil. Azərbaycan ordusunda T-72 tankları
da çoxdur, amma onların çoxu israillilər tərəfindən
modernləşdirilib. Məhz Gürcüstan-Rusiya müharibəsindən sonra həmin
israillilər Moskvanın istəyi ilə Tiflislə əməkdaşlığı
dayandırdılar. Daha sonra isə öz fəaliyyətlərini Bakıya doğru
yönəltdilər".
O, Azərbaycanın İsraildən aldığı bir çox silahların Qarabağda
ona üstünlük gətirdiyini bildirib:
"İsrail Azərbaycana idarəolunan zenit və tank əleyhinə
komplekslər, yüksək texnologiyalı 300 millimetrlik raketlərlə (150
kilometr məsafəni vurur – red.) təchiz edilmiş "Lynx" sistemlərini
göndərib. Bu isə istənilən sovet və Rusiya istehsalı olan reaktiv
yaylım atəşi sistemlərini dəqiqliklə məhv etməyə qadirdir. Tel-Əviv
həmçinin Azərbaycana kəşfiyyat və zərbə endirmək xarakterli "Heron"
və "Searcher" pilotsuz aparatları da verib. Üstəlik, İsraildən olan
mütəxəssislər azərbaycanlılara erməni mövqelərinin dərinliklərinə
yüksək dəqiqliyə malik zərbələrin endirilməsinin yeni imkanlarını
öyrədiblər. Azərbaycan ordusunun pilotsuz aparatları bu gün təkcə
bir neçə kustar aparatı olan ermənilərdən yox, hətta Rusiyadan da
üstündür".
Hərbi ekspert ermənilərin istənilən cəhdlərinə rəğmən, Qarabağda
qazanılmış üstünlüyü ələ keçirə bilməyəcəyini deyib:
"Konfliktin gedişatı zamanı tərəflər ənənəvi olaraq düşmənin
itkilərini artırmaqla, özünkünü azaldırlar. Amma bir şey aydındır
ki, Azərbaycan ordusunun ilk zərbəsi erməniləri sarsıtdı.
Möhkəmləndirilmiş ön mövqelər ələ keçirildi, onlarla erməni itkin
düşdü. Komandanlıq isə onları ölü hesab edir, amma onların düşmənin
ələ keçirdiyi mövqelərdə qaldığını bilmirlər. Azərbaycanın hücumu
bir neçə saata bitdi. İntensiv atışmalar və ermənilərin əks-hücum
cəhdi başladı, amma aydın oldu ki, qüvvələr bərabər deyil.
Ermənilərin əks-hücumu məhv oldu. Ermənilər üçün stasionar müharibə
aparmaq bu gün özünəqəsd kimi bir şeydir.
Əlbəttə, ermənilərin istifadə olunmayan rezervləri var. Məsələn,
300 kilometr məsafəni vura bilən R-17 (Scud-B) operativ ballistik
raketlər. Əgər raketi Ağdərədə yerləşdirsən və əgər qarşı tərəfin
pilotsuz aparatları bunu müəyyən edib vurmasa, o zaman həmin
raketlər Bakıya çata bilər. Lakin Azərbaycanın cavab vermək üçün
çox şeyi var və bu döyüş meydanında qüvvələr balansını
dəyişməyəcək.
İrəvan sülhə razılaşmaq məcburiyyətində qalıb. Ermənilərin
yeganə ümidi Moskvadan təcili olaraq müasir texnika xahiş
etməsidir. Bakı ilk raundu udub və ermənilərdən öz ordularını
torpaqların bir hissəsindən çıxartmaq tələbini irəli sürməklə bağlı
güclü mövqe əldə edib. Rusiya isə kifayət qədər çətin situasiyaya
düşüb. Regionda total dominantlığı qorumaq üçün Bakı və İrəvan
arasında yürüdülən ənənəvi balanslı siyasət ciddi çatlar
verib".